Təvazökarlıqdan uzaq olsa da, yazacağam: bu gün baş verənləri 10 il əvvəl proqnozlaşdırmışdım. Ona görə yox ki, siyasətçilərlə çox oturub-durmuşam, çox müsahibə almışam. Ona görə ki, məmurlarımızın iştahına bələdəm, onların iki quzunu bir gündə həzmi-rabedən keçirə biləcəklərinə zərrə qədər də şübhəm yoxdur.
Yenixeber.org: Təxminən 10-12 il əvvəl “Reytinq” qəzetində belə yazmışdım: “Elə bilməyin ki, Şuşa işğaldan azad olunan kimi uşaqlarımızın əlindən tutub Cıdır düzündə çiçək dərəcəyik”.
Qızmar avqust günlərində Şuşanın şehli çəmənlərində ayaqyalın gəzmək istəyən sadəlövh azərbaycanlıları da xəyal qırıqlığına uğratmışdım: “Qəbələdə dincəldiyiniz kimi Şuşada da dincələrsiniz”.
Bu, həmin vaxt idi ki, acgöz məmurlar təkcə Xəzərin qumlu sahillərini deyil, uzaq Şəkini, cənnət Qəbələni də qamarlamışdılar. Heç kimə sirr deyil ki, Azərbaycanın gəzməli-görməli, yaşamalı yerləri, səfalı yaylaqları oliqarx-məmurlar arasında dədə malı kimi bölüşdürülüb. Yayda dibinə gün düşməyən meşələrimizə, göz yaşı kimi dupduru suyu olan bulaqlarımıza həsrət qalmışıq. İndi həmin ərazilərdə Kəmaləddin Heydərovun, Ziya Məmmədovun, Etibar Pirverdiyevin, Cahangir Əsgərovun, Elçin Quliyevin və başqa oliqarxların obyektləri ucalır. Yayda təkcə bülbülün deyil, həm də gülün dil açıb cəh-cəh vurduğu o gözəl yaylaqlarımızda tamahkar məmurların qoyun sürüləri bəslənir. Qoyunların yeyib-yatdığı, atların şahə qalxdığı o gözəl yerləri biz ancaq yuxularımızda görə bilirik…
Azərbaycan xalqı ən böyük arzusuna çatdı, doğma Qarabağ erməni işğalından azad olundu. Biz cənnət Qarabağımızı indi təkcə televiziya ekranlarında görmürük. Azərbaycanın mədəniyyət paytaxtı olan əziz Şuşa da, səmasında qartalların uçduğu gözəl Laçın da, cənnətin bir parçası olan ucsuz-bucaqsız Kəlbəcər də, alimlər diyarı doğma Cəbrayıl da, barlı-bəhrəli Qarbağımızın digər bölgələri də əsirlikdən xilas oldu. İndi fəxrlə deyirik: Qarabağ Azərbaycandır!
Amma qorxduğumuz yenə başımıza gəldi: yığdıqları var-dövləti, sayı-hesabı olmayan sərvəti özləri ilə o biri dünyaya aparacaqlarına ümid edən acgöz məmurlarımız indi də Şuşanı öz aralarında bölüşdürmək istəyirlər. Dünən Cənab Prezident açıqladı. Və mən əmin oldum ki, dövlətimizin başçısının sərt mövqeyi olmasa, şuşalılar doğma yurdlarında nəinki ev-eşik, heç toyuq hini də tikə bilməyəcəklər. “Dəmir yumruq” onların başının üstündə dolaşmasa, şuşalılar ha eləyib Şuşaya qayıdana kimi Prezidentin dünən adlarını çəkdiyi məmurlar onların ata yurdunu öz aralarında pay-püşk edib, üstündən də İsa bulağının buz kimi suyundan bir fincan içib işlərinin dalınca gedəcəkdilər…
Prezident dünən həm də ictimai nəzarət mexanizminin vacibliyindən danışdı. Bilirsiniz, bu nə deməkdir? Prezident demək istədi ki, hamılıqla ayıq-sayıq olaq, erməni işğalından azad etdiyimiz yurdlarımızı bu dəfə məmurların işğal etməsinə imkan verməyək…
Oxucu dost, məni eşidirsən?
Gözlərini dörd aç…
(yenisabah.az)