“Əhali “qara gün“ üçün yığdığı pulu çoxdan xərcləyib qurtarıb“ -İqtisadçı
Məlum olduğu kimi, Azərbaycan mart ayından etibarən koronavirus pandemiyası ilə mübarizə aparır. Bu günədək ölkədə bir neçə dəfə həm xüsusi, həm də sərt karantin rejimi tətbiq olunub. Növbəti sərt karantin rejiminin tətbiqinə isə dekabrın 14-dən başlanılacaq. 2021-ci il yanvar ayının 18-dək həyati əhəmiyyət daşıyan müəssisələr istisna olmaqla bütün qurumların fəaliyyəti dayandırılacaq. Şəhərlərə giriş-çıxış qadağan ediləcək və 3 saatlıq icazə rejimi ilə hərəkət ediləcək.
Yenixeber.org: Maraqlıdır, karantin qaydalarının sərtləşdirilməsi iqtisadiyyata necə təsir edəcək?
Məsələ ətrafında danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, virusla əlaqədar Azərbaycan iqtisadiyyatında çox dərin yaralar yaranır:
“Bu, artıq mart ayından başlayaraq dalğavari bir proses halını alıb. Arada çox kiçik fasilələrin olması biznes üçün yetərli deyildi. Hərbi vəziyyətin yaranması və tez qapanmaların məcburi olması da məsələyə müəyyən qədər təsir elədi. Son zamanlar onsuz da şənbə və bazar günləri kafe və restoranlar işləmirdi. Ümumilikdə msələlərə ayrı-ayrı baxdıqda görürük ki, Azərbaycan iqtisadiyyatında çox dərin yaralar yaranır. Əsasən də ictimai iaşə sahəsində, qeyri-ərzaq ticarətində kifayət qədər ciddi problemlər var. Çünki mart-aprel aylarında fundamental problemlərin həlli ilə bağlı qaldırılmış məsələlər təəssüf ki, öz həllini tapmadı. O zaman israrla deyildi ki, kiçik və orta sahibkarlar üçün daha böyük dəstək paktlərinin hazırlanmasına və bunun ardıcıl olmasına ehtiyac var. Çünki qısa zamanlı dəstək paketləri ciddi effekt verməyəcəkdi. İndi isə görürük ki, kiçik və orta sahibkarlıq həddən artıq bərbad vəziyyətdədir. Hazırda dərin böhran yaşayır. Bu sahə ona görə önəmlidir ki, burada çoxlu sayda iş yerləri yaranır”.
Ekspert vurğulayıb ki, kiçik və orta sahibkarlığın iqtisadi, makroiqtisadi göstəricilərdə o qədər də böyük payı olmasa da, əmək bazarında həlledici amildir:
“Çünki günəmuzddan tutmuş uzunmüddətli rəsmi işləri özündə ehtiva edən çoxsaylı iş yerləri yaranmasında mühüm əhəmiyyət kəsb edir. Burada yaranmış böhranlı vəziyyət onu deməyə əsas verir ki, bu gün böhranla üzləşən şirkətlərin böyük bir qismi hətta gələn il belə ayaqda qala bilməyəcək. Vizual olaraq da bu görünür. Şəhərin mərkəzi və mərkəzə yaxın küçələrində son 2-3 ayda icarə elanları kəskin şəkildə artıb. Bu, onu göstərir ki, artıq icarə haqlarını ödəyə bilmirlər, bu da kifayət qədər böyük problemlərə gətirib çıxarır”.
İqtisadçı karantin rejimi ilə əlaqədar olaraq işsiz olan vətəndaşlara ediləcək birdəfəlik 190 manat yardım məsələsinə də münasibət bildirib:
“Mart-aprel aylarında 600 min insan qeydiyyatdan keçdi və 190 manat ödənişlər oldu. Bəs niyə buna rəqəmsal olaraq məhdudiyyət qoyuldu, niyə məhz 600 min nəfərə kömək edildi? Çünki 600 mindən əlavə buna haqqı çatan, doğrudan da işsiz olan insanlar var idi, hansı ki indi sosial məhdudiyyət olduğuna görə kənarda qalıblar. Dünən açıqlanan qərarda yenə deyildi ki, yardım ilkin etapda qeydiyyatdan keçənlərə veriləcək. Axı onun üzərindən 6 aydan çox vaxt keçib. Ondan sonrakı dövrdə işini itirənlər var. Onların şansı yoxdur ki, o 190 manata müraciət etsinlər. Bu, doğru yanaşma deyil. Biznesə hansı dəstək olunacağı da hələ açıqlanmır. Mart-aprel təcrübəsini götürsək, çox dar çərçivəli bir dəstək paketi oldu, qısazamanlı idi və bu da biznesə kömək ola bilmədi. Ona görə də mən düşünürəm ki, indi daha ağır bir vəziyyətdir. Çünki o zaman həm biznesin, həm əhalinin təhlükəsizlik yastığı, yəni "qara gün" üçün yığdığı vəsait vardı. Amma onu çoxdan xərcləyib qurtarıb. Borclanma artır. Fikrimcə, hazırda daha böyük təşviq paketərinə ehtiyac yaranıb. Amma 2021-ci ilin büdcə müzakirələri hələ başlamayıb. Həmin müzakirələrdə ümid edirəm ki, daha böyük təşviq paketlərinin olması öz əksini tapcaq”.