ABŞ-ın İrəvana “qoğal və qamçı” siyasətinin –Səbəbi
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz səfəri bir neçə gündür gündəmi zəbt edib.
Yenixeber.org: Məsələ ilə bağlı millət vəkili Elman Nəsirovun Axar.az-a müsahibəsini təqdim edirik:
- ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqazda ilk olaraq Azərbaycana baş çəkməsi təsadüf idimi?
- Boltonun Azərbaycana və Ermənistana səfərinin müqayisəli təhlilinə baxaq. Bir daha aydın olur ki, Con Bolton Cənubi Qafqaz regionunun lider dövlətinin məhz Azərbaycan olduğunun fərqindədir. Onun apardığı müzakirələrdə Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi töhfələr verdiyini, Əfqanıstanda sülhməramlı proseslərdə fəal iştirakını, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu qeyd etməsi bir daha təsdiqləyir ki, ABŞ Azərbaycanın təhlükəsizlik sahəsində çox ciddi fiqura çevrildiyini yaxşı başa düşür. Boltonun bu məsələlərə xüsusi qiymət verməsi onun vəzifəsi ilə də bağlıdır. Azərbaycan bu sferada lokal və regional səviyyəni aşır, hətta bu gün ölkəmiz qlobal sülh və təhlükəsizlik məsələlərinə böyük töhfə verir. Xüsusilə beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərində Azərbaycanın oynadığı rolu ABŞ yüksək qiymətləndirir. Boltonun mövqeyində bu, xüsusi qeyd edildi. Digər tərəfdən, Bolton Azərbaycanın müstəqil daxili və xarici siyasət həyata keçirdiyini bilir. Ona görə də Azərbaycan Prezidenti ilə apardığı danışıqlarda bu məsələ öz rolunu oynadı.
- Ermənistana münasibətdə irəli sürülən şərtlər və təkliflərin heç biri Azərbaycana aid edilmədi...
- ABŞ əslində Ermənistanda baş verən prosesləri diqqətlə izləməkdədir. ABŞ yaxşı başa düşür ki, Ermənistan eyni vaxtda iki stulda əyləşmək siyasəti həyata keçirir. Həm Qərbə, həm də Şərqə baxır. Ermənistanın müstəqil daxili və xarici siyasət yürütməsindən söhbət gedə bilməz. Ermənistanın siyasətində qeyri-müəyyənlik var. Bolton kimi təcrübəli və qətiyyətli siyasətçi çox gözəl bilir ki, xarici siyasətdə ən pis amil qeyri-müəyyənlikdir. Ona görə də Con Bolton Azərbaycandan fərqli olaraq, Ermənistanla apardığı danışıqlarda İrəvanı konkret, aydın siyasət aparmağa dəvət etdi. Bu dəvətdə ilk növbədə xarici təsirlərdən yayınmaq tezisi ana xətt təşkil edir. Düzdür, orada xarici təsirlərdən yayınmaq dedikdə, konkret olaraq, Rusiya vurğulanmır. Lakin bu, gün kimi hər kəsə bəllidir ki, Boltonun çıxışının əsas qayəsi Ermənistanın Rusiyanın təsirindən çıxması və müstəqil siyasət həyata keçirməli olması ilə bağlı idi. Müstəqil siyasət həyata keçirmək konteksində eyni zamanda Bolton Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunur. Onun çıxışının ümumi fəlsəfəsi onu təşkil edir ki, Ermənistanın gələcəyi, təhlükəsizliyi, inkişafı onun müstəqil siyasət yeritməyindən, xarici təsirlərdən uzaqlaşmasından və münaqişə ilə bağlı konstruktiv mövqe ortalığa qoymasından asılıdır. Yəni bir az da açıq desək, əslində Bolton Ermənistan rəhbərliyinə başa salır ki, Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Onun vaxtı gəlib çatıb. Bolton burada “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” ifadəsini açıq şəkildə söyləmədi. Amma Bolton çox gözəl bilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Bu yaxınlarda ABŞ-ın Ermənistandakı sabiq səfiri Riçard Mills bu fikri açıq şəkildə söyləmişdi və Ermənistanın işğal altındakı torpaqları Azərbaycana geri qaytarmalı olduğunu çəkinmədən bəyan etmişdi. Bu, həm də ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun fikri kimi qiymətləndirilə bilər. Çünki Millsin açıqlamaları da Ağ Evdən gəlir. Ağ Evdə də Trampa ən yaxın insan məhz Con Boltondur. Bütün bunlardan belə qənaətə gələ bilərik ki, əslində ABŞ regionda hansı dövlətin həlledici rol oynadığının fərqindədir.
- İrana qarşı tətbiq ediləcək sanksiyalar məsələsində də Boltonun Ermənistana və Azərbaycana münasibəti eyni olmadı...
- Doğrudur. Bolton Azərbaycanla bu məsələdə təzyiq dili ilə danışmadı. çünki Bakı müstəqil siyasət yürüdür. Lakin onun Ermənistanla təzyiq dili ilə danışdığının şahidi olduq. Faktiki olaraq, Bolton Ermənistana xəbərdarlıq etdi ki, bu məsələlərdə aydın mövqe ortaya qoysun və İranla ticarət əlaqələrini dayandırsın. Əvəzində isə Bolton Azərbaycanın milli maraqlarına toxunmayan optimal variantlar üzərində iş getdiyini xatırlatdi. Hər kəsə bəllidir ki, rəsmi Vaşinqton Azərbaycanın regiondakı siyasətinin mahiyyətini və fəlsəfəsini çox gözəl bilir. Bilir ki, Azərbaycanın xarici siyasətində ilk növbədə qonşu dövlətlərlə münasibətlər prioritet istiqamət təşkil edir. Azərbaycan İran və Rusiya ilə mehriban qonşuluq siyasətinə sadiqdir. Azərbaycanın İran və Rusiya ilə münasibətləri heç bir halda ABŞ əleyhinə deyil. Bunu rəsmi Vaşinqton başa düşür. Eyni zamanda, Azərbaycanın ABŞ-la münasibətləri inkişaf etdirməsi də heç bir halda rəsmi Tehran və Moskva əleyhinə yönəlməyib. Bu da hər kəsə məlumdur. Ona görə də Boltonun regiona səfəri göstərdi ki, ABŞ Azərbaycan ilə əlaqələrdə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə üstünlük verir. Lakin Ermənistana gəldikdə isə onun asılı, qeyri-səmimi, qeyri-müəyyən siyasət apardığını bilir. Ermənistana etibarlı tərəfdaş kimi yanaşmır. Bu səbəbdən də ABŞ-ın Ermənistanla daha çox “qoğal və qamçı siyasəti” apardığını söyləmək mümkündür.