Milli Şura Rusiyanın layihəsi adlandırıldı
“Mən ilk gündən dedim ki, bu proje Şimalın projesidir, Rüstəm İbrahimbəyov Şimalın (Rusiyanın) adamıdır...”
"xeberinfo.com" sabiq daxili işlər naziri İsgəndər Həmidovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:
İ.Həmidov gündəmdə olan bir sıra məsələlərə toxunub, onun adıyla bağlı mətbuatda yanlış təqdim olunan məsələlərə aydınlıq gətirib, baş verən hadisələrə, gedən proseslərə dair öz mövqeyini bildirib. İsgəndər Həmidovun olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin birinci hissəsini təqdim edirik.
- Sizinlə ölkədəki, müxalifət düşərgəsindəki vəziyyətdən danışmaq, sizin baxışlarınızı öyrənmək istəyirik. Amma öncə sizin partiyadan başlamaq niyyətimiz var. Boz Qurd Partiyasında hazırda nə baş verir? Bilirik ki, qurultaya hazırlaşırsınız, partiyanın strukturlarının buna görə buraxıldığı və təşkilat komitəsi yaradıldığı barədə məlumatlar yayıldı. Proses nə yerdədir?
- Öncə məni redaksiyaya dəvət etdiyinizə görə təşəkkürümü bildirirəm. Mən həmişə “Yeni Müsavat”a qonaq kimi yox, buraya doğma olan, bu qəzeti doğma hesab edən şəxs kimi gəlirəm. Həmişə hər yerdə demişəm və deyirəm ki, 10 il müxalifət düşərgəsi iki qəzetin - “Yeni Müsavat”ın və “Azadlıq”ın çiyinləri üzərində dayanıb. Bu, türmədən daha aydın bilinirdi.
Partiyamıza gəlincə, ötən il partiyanın yubileyi olanda dostlarımız gəldi və məni zorla yubileyə apardılar. Bundan sonra Qələndər Muxtarlının sədrliyi ilə partiyanın Siyasi Şurasının iclası olub. İclasda qərar verilib ki, partiyanın adından Qələndər Muxtarlının danışmağa ixtiyarı yoxdur. O zaman hələ Milli Şura yox idi. Siyasi Şuranın həmin qərarı barədə informasiyanı yaymaq üçün “Yeni Müsavat”a göndərmişdilər. Digər bir-iki qəzetə də göndəriblər. Ancaq həmin informasiya dərc olunmayıb. Sonra partiyanın Məclisinin sessiyası keçirildi. Məclisdə partiyanın bütün seçkili orqanlarının səlahiyyətləri dayandırıldı, qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradıldı və səlahiyyətlər təşkilat komitəsinə verildi. Nizamnamənin tələbinə görə bu cür qərar verildi. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin tərkibi formalaşanda Qələndər Muxtarlı öz namizədliyini geri götürdü. Qələndər bəy mənə dedi ki, elmi işlə məşğul olduğu üçün təşkilat komitəsində olmamağı məqsədəuyğundur. Bunu dedi, öpüşdük-görüşdük, getdi. Bir həftədən sonra mətbuatda açıqlamalar verməyə başlayanda mən ona dedim ki, kiminsə diktəsi ilə hərəkət eləmə, öz ağlınla hərəkət et. Kəndirbaz ipdə hərəkət edəndə kosaları aşağıda oynadırdılar. Kosa olmaq olmaz, adam kosanı oynadan olar.
- Qələndər Muxtarlı isə hələ də partiyanın sədri olduğunu deyir...
“Mən partiya sədrliyindən gedəndə Rauf Arifoğluna təklif etdim ki, gəlsin, partiyamıza sədr olsun”
- Qələndər bəy partiyanın qurucularından olub, onu sədrliyə gətirmişik. Ancaq artıq yuxarıda xatırlatdığım qərardan sonra partiyanın adından danışmağa hüququ yoxdur. 11 nəfərdən ibarət qurultaya hazırlıq üzrə təşkilat komitəsi partiyanın adından danışmaq səlahiyyətini İlyas Abdullayevə həvalə edib. Təşkilat komitəsinin sədri isə mən seçilmişəm. Partiyanın bütün seçkili orqanlarının, o cümlədən sədrinin səlahiyyətlərinin dayandırılması və səlahiyyətlərin qurultaya hazırlıq üzrə təşkilat komitəsinə verilməsinə Qələndər bəy özü də səs verib. İndi özünü sədr kimi təqdim edirsə, başqa nə deyim? Qələndər bəy bizim üçün əzizdir, çünki bir yerdə çox fəaliyyət göstərmişik. Ancaq yenə də deyirəm, partiyanın adından ancaq İlyas Abdullayev danışa bilər.
- “Azadlıq” qəzetində sizin adınızdan belə bir açıqlama dərc olunub ki, Qələndər Muxtarlı sizin uşaqlıq dostunuzdur...
- Mənim adımdan verilmiş o fikirlər çox gülməlidir. Çünki mən Qələndər bəyin atasından iki yaş böyüyəm. Mənim adımdan qəzetdə o cür fikirlərin verildiyi mənə deyiləndə təəccübləndim və güldüm. Heç olmasa məntiqli nə isə yazmayıblar. Biz axı Qələndərlə uşaqlıq dostu ola bilmərik. Mənim uşaqlıq dostlarım var, onlarla orta məktəbdə bir yerdə oxumuşuq.
- Qələndər Muxtarlı heç vaxt partiyadan qovulmaq kimi bir halının olmadığını da deyib...
- Mən partiyadan getmə ərəfəsində artıq Qələndər Muxtarlı partiyada deyildi. Mən həbsdə olanda Qələndər bəyi tutdular. Çıxdım ki, onu partiyadan uzaqlaşdırıblar. Qaytardım partiyaya, lakin bir də uzaqlaşdırdılar. Sonra o, Ümid Partiyası Məclisinin sədri oldu.
“Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm”
- Sizin partiyanın üzvləri dəfələrlə Qələndər bəy haqda qərar çıxarıb “Yeni Müsavat”a təqdim ediblər. Biz çap etməmişik. Amma Qələndər Muxtarlı indi “Yeni Müsavat”ın baş redaktorunu ittiham altına alıb ki, bütün işləri edən Rauf Arifoğludur. Cəmiyyətdə hər kəs bilir ki, Boz Qurd Partiyasının babası, “dərin” Boz Qurd Sizsiniz. Həmin partiyada Rauf Arifoğlunun hansısa rolu var?
- (Rauf Arifoğluna üzünü tutaraq) Bəli, Qələndər bəy barədə çıxarılan qərarları çap etməkdən imtina etmisiniz. Hətta mənə çatan məlumata görə, o dövrdə demisiniz ki, mən Qələndər Muxtarlı ilə İctimai Palatada iclasda yan-yana otururam, onun barəsində informasiyanı çap etməyəcəyəm. Verməmisiniz də. Bu, sizin böyüklüyünüzdür. Qələndər bəy mənim üçün əzizdir. Amma onun bu gün tutduğu yolu təqdir etmirəm. Mən ona dedim ki, sən bu döyüşə qarışma, alətə çevrilmə. Mən Səfər Hümbətova da bu döyüşə qarışmamasını demişəm. Qələndər bəy də, Əli Kərimli də mənə əzizdir. Ancaq mənim dostlarımın çoxu Müsavatdadır, “Yeni Müsavat” qəzetindədir. Heç bir zaman mənim dilimdən “Yeni Müsavat”a və Rauf bəyə qarşı söz çıxmaz. Mənim adımdan mənim demədiyim fikirləri yazıblar. Məni tanıyırsınız ki, qorxaq və yaltaq adam deyiləm. Mənim hansısa iradım, narazılığım olsa, Rauf bəy, sənin özünə deyərəm. Lap bir milyon adamın içində olsa da deyərəm. Amma heç kəsin ixtiyarı yoxdur ki, mənim adımdan nəsə desin və yazsın. Kabinetinizdə müqəddəs Quran görmüşdüm, indi elə bil əlimi basıb and içirəm. Kim nə yazır, özü bilər. Bu gün Raufu, Müsavatı qılınclamaq özü müxalifətin dağılmasına xidmətdir. Lakin bilmək lazımdır ki, kimsə başqasının bədbəxtliyi üzərində xoşbəxtliyini qurmaq istəyirsə, özü bədbəxtliyə gedəcək. Mənə elə gəlir ki, sizi qəsdən çəkdilər provokasiyaya, sizin ünvanınıza böhtanlar, hətta təhqirləri qəsdən yazdılar və bununla sizi provokasiyaya çəkdilər. Bu gün Rauf Arifoğlunun, İsa Qəmbərin, Əli Kərimlinin, elə Qələndər bəyin özünün də zəhmətinin üstündən xətt çəkməməlidir. Ancaq bəziləri özləri məcbur edirlər.
- Partiya sədrliyinə namizədliyinizi verəcəksiniz?
- Mən hazırda qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədriyəm. Sualınıza ayrı cür cavab versəm qeyri-səmimilik etmiş olaram. Qurultay nümayəndələrinin hər birinin sədrliyə namizədliyini irəli sürməyə hüququ var. Kim istəyir namizədliyini versin. Seçim isə qurultaydan asılı olacaq. Sözsüz ki, mənim də namizədliyim veriləcək. Sözsüz ki, sədr seçiləcəyəm. Mən desəm ki, namizəd olsam başqa namizəd seçiləcək, qeyri-səmimi danışmış olaram.
“Qərar verilib ki, partiyanın adından Qələndər Muxtarlının danışmağa ixtiyarı yoxdur”
- Qələndər Muxtarlı ittihamlarının birində deyib ki, İsgəndər Həmidov AMDP-ni raufçulardan təmizləmədi, mən yenidən sədr seçilib təmizləyəcəyəm. Bu fikrə münasibətinizi bilmək istərdik.
- Bax, Rauf Arifoğlu ilə qarşı-qarşıya oturmuşuq. Rauf bəy xatırlayar ki, mən partiya sədrliyindən gedəndə Rauf bəyə təklif etdim ki, gəlsin, partiyamıza sədr olsun. Mən Rauf bəyə bu təklifi təsadüfən etməmişdim. Rauf Arifoğlu başdan-ayağa millətçidir, türkçüdür. Dediyim odur ki, Rauf Arifoğluna AMDP-yə sədrlik təklif olunub, Rauf bəyə nə ehtiyac var idi partiyaya öz adamlarını yerləşdirsin? Ona görə Qələndər bəyin həmin fikirlərinin yanlış olduğunu əminliklə qeyd edirəm. Onu da deyim ki, Rauf Arifoğlu təklifimizi qəbul etməyəndən sonra mən Müsavat Partiyasında olan ikinci bir millətçiyə-türkçüyə - Nəsib Nəsibliyə sədrliyə gəlməsini təklif etdim... Allah elə edə, Rauf Arifoğlu bizim partiyaya bir-iki min adam yerləşdirə. Çünki o, millətçidir və adamları da millətçi olacaq. Qələndər Muxtarlı Səfər Hümbətovu nəzərdə tutub danışıbsa, Səfər bəy partiyanın yaradıcılarından biridir, böyük zəhməti, mübarizəsi olub. 1990-cı ildən “Boz qurd” emblemi kürəyində, avtomat çiynində vətəni, müxalifəti müdafiə edib. Onu Raufun və ya başqa kiminsə adamı adlandırmaq doğru yanaşma deyil. Dostluqla adamı olmağı fərqləndirmək lazımdır. Əgər Səfər bəy Rauf bəylə dostluq edirsə, mən bunu alqışlayıram. Bu gün mən sən Etibar Seyidağa ilə dostluq edirəmsə, məgər mən “Yeni Müsavat”ı dağıtmaq istəyirəm? Bizi ideologiya birləşdirməlidir. Şəxsi münasibətlər onsuz da şəxsi münasibətlərdir.
- İndi müxalifət bir-birinə, anadolular demiş, girmiş durumdadır, bir-birini çeynəyib didir. Siz də bu vəziyyətə baxırsınız və inanırıq ki, ürək ağrısı keçirirsiniz. Amma biz bir şeyi müşahidə etdik-ortada bir ağsaqqal missiyasını həyata keçirəcək, bu mandatı daşıyacaq insanlar yox imiş.
- Ortalıqda ağsaqqallıq edib “durun, bir-birinizi qırmayın” deyən yoxdur. Amma böyük məbləğdə pul buraxan və müxalifət düşərgəsini bir-birinə tutaşdıran var. Ona görə də biz min dəfə ağsaqqal kimi gedib desək də ki, dayanın, dayanmayan dayanmayacaq.
- Deyirsiniz ki, bu prosesdə pulların, maddi marağın rolu var?
“Dostlarımın çoxu Müsavatdadır, “Yeni Müsavat” qəzetindədir”
- Gəlin bir az əvvələ nəzər salaq. Milli Şura yaranan vaxt birinci iclasında mən çıxış eləmişəm. Mən dedim ki, bu proje Şimalın projesidir, Rüstəm İbrahimbəyov Şimalın (Rusiyanın) adamıdır, buraya yığışanların isə bir hissəsi elə insanlardır ki, illərlə bizim əleyhimizə danışıblar. İclasda səsvermə zamanı da Rüstəm İbrahimbəyovun əleyhinə yalnız mən səs vermişəm. Hətta bu addımıma görə oradakılar mənə birtəhər baxırdılar. İclasdan çıxanda məni gözləyən dostlarım Səfər Hümbətova, Mübariz bəyə, Eldar bəyə dedim ki, bu, Rüstəm İbrahimbəyovun sədr seçilməyi yox, bəri başdan Milli Şuranın fatihəsi oldu. Sonra belə məsləhətləşildi və ümumi birlik xatirinə mən susdum. Sonra da iclasların gedişində partiya sədrləri bir-birilərinə əzələ göstərdilər. Bu, çıxış edir, aşağıdan buna əl çalırlar, o birisi çıxış edir, o biriləri ona əl çalırlar. Partiya sədrləri Milli Şuranı döndərdilər özlərinin əl çalma alətinə. Milli Şuranın iflasa getdiyi görünürdü. Bu, göz qabağındaydı. Sonra bir məsələ ortalığa çıxdı ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır. Kim desə ki, biz bilmirdik Rüstəm müəllim Rusiya vətəndaşıdır, həmin insan yalan deyir. Hamı əvvəldən bilirdi ki, Rüstəm İbrahmbəyov Rusiya vətəndaşıdır. Milli Şuranın üçüncü iclasında mən məsələ qaldırdım ki, Rüstəm İbrahimbəyov konkret nə vaxt Bakıya qayıdacağını rəsmən desin. Onun isə Azərbaycana qayıtmağı məsələsi bitmişdi. Ona görə ki, Vladimir Putin Bakıya gəldi və istədiyinə nail oldu.