“Eldar Namazov həmişə müxalifətə qarşı amansız olub”
"xeberinfo.com" Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədr müavini Ramil Hüseynovun AzNews.az-a müsahibəsini təqdim edir
-Ramil müəllim, müxalifət düşərgəsində təmsil olunan bəzi partiyalar sizin qurumu iqtidarla yaxınlıqda ittiham edən fikirlər səsləndirirlər. Bu ittihamlara cavabınız isə çox vaxt siyasi polemika səviyyəsindən çıxaraq məişət söhbəti səviyyəsinə enir...
-Bu adamlar, bu ittihamları səsləndirənlər özləri bütün əxlaq çərçivələrini yırtıb keçiblər. Buna görə də onlarla başqa cür danışmaq olmur. Bizim partiya haqqında müxtəlif fikirlər səslənir. Bəziləri iddia edir ki, VİP iqtidara işləyir, müxalifətə zərbə vurur.
Bunu bizim partiyanı zərərsizləşdirmək məqsədilə deyirlər. Əslində isə hər bir partiyaya qiymət verərkən onun fəaliyyəti gözdən keçirmək lazımdır. Gəlin, buna qısaca ekskursiya edək. 2005-ci ildə Əli Əliyev AMİP-in rəhbərliyindən bu partiyanın parlament seçkilərdəki mövqeyi ilə razılaşmadığına görə gedib.
Onunla bərabər buna etiraz edənlərlə birlikdə Vətəndaş və İnkişaf Partiyasını təsis ediblər. Bundan sonra keçirilən bütün seçkilərdə VİP müxalifət partiyası kimi ən kəskin mövqeyini bildirib. 2008-də prezident seçkilərinin, 2009-cu ildə təmsil olunduğumuz Qarabağ Uğrunda Hərəkatla birlikdə Referendumun nəticələrini tanımamışıq.
2010-cu ilin parlament və 2013-cü il prezident seçkilərinin nəticələri də partiyamız tərəfindən birmənalı olaraq, qəbul olunmayıb. Nədənsə, son zamanlar partiyamıza qarşı qeyd etdiyiniz ittihamlar səslənir. Hətta bəzi qərəzli şəxslər VİP-i iqtidaryönlü partiya adlandırırlar. Buradan bildirmək istəyirəm ki, VİP üçün heç bir kəs tərəfindən çəkilən siyasi baryer və çərçivə yoxdur. Partiyamız müstəqil, heç bir daxili və xarici maraqlı qüvvələr tərəfindən də maliyyələşmir. Həmçinin, heç bir qurum qarşısında asılılığımız yoxdur.
-Belə olan təqdirdə, sizin partiyaya qarşı ittihamlar nədən qaynaqlanır? VİP-ə qarşı qərəz nədən olsun ki?
-Bu, bizim uğurlarımızla bağlıdır. Çünki 6 il əvvəl yaranan VİP son illərdə kiçik dövr üçün təqdirolunası təşkilatlanma işinə imza atıb. Bu uğurlarımıza sevinməyən müəyyən qüvvələr bizə təzyiqi artırıblar. Həmin təşkilatlar müxalifəti öz monopoliyasına alıblar.
O qüvvələr VİP-in bu şəkildə inkişafına müəyyən vasitələrlə maneələr törədirlər. Bütün bunlar da VİP-in inkişafının qarşısını almaq məqsədi daşıyır. Son zamanlar mediada gedən açıqlamalar və yazılar da bununla bağlıdır. Amma biz hesab edirik ki, onlar bizi nə mövqeyimizə, nə siyasi xəttimizə, nə də partiyanın inkişafına maneə ola bilməzlər. Çünki biz düz yoldayıq. Biz heç bir blokda təmsil olunmamaq siyasətini yürütdük və sonuncu prezident seçkilərində partiya olaraq iştirak etdik.
Seçki prosesinin ilkin mərhələsini keçmək üçün partiyamız kifayət qədər əmək sərf etdi. Partiyanın prezidentliyə namizədinin qeydiyyata alınması üçün lazım olan 45 min imzanı partiya olaraq, öz imkanımız sayəsində toplamışıq. Məlum olduğu kimi namizədimiz qeydə alınmadı. Bəlkə də bu bizim xeyrimizə oldu. Çünki seçki kampaniyası zamanı televiziya debatlarında baş verənlər bizə bunu deməyə əsas verir.
Artıq orada özümüzü görmək istəmədik. Əlbəttə, bütün bunlara baxmayaraq, partiyanın təbliğatı baxımından seçkidə iştirak etməkdə israrlıydıq. VİP sədri Əli Əliyevin prezidentliyə namizədi qeydə alınmadı. Lakin bu gün bizi iqtidara işləməkdə ittiham edən təşkilatların namizədi seçkidə iştirak etməsinə məhdudiyyət qoyulmadı.
-Sizin iddia etdiyiniz kampaniya nə vaxtdan başlayıb?
-Əvvəlcə onu deyim ki, ötən ilin əvvəllərində müxalifət düşərgəsində konsolidasiya prosesinə start verilən zaman VİP bu müzakirələrdə iştirak etsə də, sonradan bəlli oldu ki, bu formatda bizi görmək istəməyən qüvvələr var. Bundan başqa Milli Şuranın yaradılmazdan əvvəl burada Rusiyanın marağı çərçivəsinə daxil olan proseslərin gedəcəyi bu ölkənin Azərbaycana gələn siyasətçilərinin çıxışlarında sezilməyə başladı. Biz buna etiraz etdik.
Lakin, sonralar Milli Şura yarandıqdan və Rüstəm İbrahimbəyov bu qurumun sədrliyinə gətiriləndə, bizdə tam belə bir qənaət formalaşdı ki, Milli Şura Rusiyanın Azərbaycan qarşı bir təzyiq vasitəsidir. Əlbəttə, Rüstəm İbrahimbəyovun mədəni fəaliyyətinə və şəxsiyyətinə hörmətimiz var. Ancaq biz onun siyasi fəaliyyətinə etiraz etmişik. VİP daim milli mövqedə durub.
İstəmirik ki, Azərbaycan yenidən hansısa dövlətin və ya təşkilatın asılılığına düşsün. Bizim azadlığımız hər şeydən vacibdir. O, zaman Milli Şura ilə bağlı bu fikirləri söyləyəndə, Eldar Namazovun əlaltılarından biri Eldəniz Quliyev mediaya bizim partiyaya qarşı cəfəng sözlər deyərək, VİP-i iqtidara işləməkdə ittiham edib.
Mən də buna adekvat öz cavabımı verdim. O isə yenidən öz səviyyəsinə uyğun tərzdə bizə qərəzli fikirlərini söylədi. Sonra bu proses dayandı. Bundan başqa VİP sədri Əli Əliyev də bu günlərdə verdiyi müsahibəsində “El” hərəkatının sosial bazası haqqında reallığı əks etdirən fikir söyləmişdi. Bu isə onların xoşuna gəlməmişdi. Yenidən Eldəniz Quluyev VİP sədri Əli Əliyev haqqında təhqiramiz fikirlər səsləndirib.
Bundan sonra proses yenidən başlayıb. Bir məqamı xatırlatmaq istəyirəm ki, Eldar Namazov iqtidarda təmsil olunduğu illərdə müxalifətə qarşı çox amansız olub. Oradan uzaqlaşdıqdan sonra da müxalifət haqqında aşağılayıcı fikirlər səsləndirib. İndi isə müxalifətdə təmsil olunan VİP barəsində elə sözlər səsləndirir ki, sanki biz müxalif təşkilatların birliyinə təhlükə törədirik.
Həm də deyirlər ki, VİP yalnız Əli Əliyevdən ibarətdir. Əgər belədirsə, onda bizə qarşı kampaniyanı anlamaq olmur. Bizə qarşı təhqirlərin dayandırılması üçün onlara qanunun tələbləri ilə cavab verəcəyik. Bizim heç bir müxalifət partiyası ilə düşmənçiliyimiz yoxdur. Aydındır ki, bu şəxslərin əlində media orqanları var.
Həmin mətbuat orqanlarından istifadə edib, həyasızcasına öz fikirlərini – mövqelərini cəmiyyətə sırımaq istəyirlər. Biz isə bu cəfəngiyatın qarşısını almaq istəyirik. Hesab edirik ki, Eldəniz Quliyev kimi adamla da başqa cür danışmağın yolu yoxdur. Onunla ancaq məhkəmə instansiyasında görüşə bilərik. Yəni Eldəniz Quliyevin səviyyəsinə enməmək üçün məhkəməyə müraciət etməyi düşündük.
-Məhkəmədən nə tələb olunacaq?
-Onun fikirləri cinayət tərkibi daşıyır. Bu baxımdan da məsələnin Cinayət Məcəlləsi müstəvisində həll olunmasını istəyirik.