“İsgəndər Həmidov milləti satanlarla bir yerdə olduğunu deyir”
“Azərbaycanda Bozqurdçuluğun sinonimi İsgəndər Həmidovdur və İsgəndər Həmidov deyəndə də dərhal bozqurdlar yada düşür”.
İsgəndər Həmidov: “Kim sizə desə ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu ilk gündən bilmirdi, yalan danışır...”
"xeberinfo.com" İsgəndər Həmidovun "Moderator.az"a verdiyi müsahibəni olduğu kimi təqdim edir
- İsgəndər bəy, yadınızdadırsa, 60 yaşın tamamında siyasətdən getdiyini bəyan etmişdiniz, ancaq çox keçmədi ki, yenidən siyasi proseslərə qoşuldunuz. Nə baş verdi ki, fikrinizdən daşındınız?
- Əgər xatırlayırsınızsa, siyasətdən gedəndə demişdim ki, mən həqiqətdən getmirəm. Həqiqəti demişəm, bundan sonra da deyəcəyəm. Sonra partiyanın (Boz Qurd) yubileyi - 20 illiyi oldu, uşaqlar yığışıb gəldilər, məni də dəvət etdilər və proseslərə qatdılar. Yəni meydan hərəkatında, döyüşlərdə, uzun müddət partiyada birgə olduğumuz uşaqların sözündən çıxa bilmədim. Gördüm ki, uşaqlar elə bil pərən-pərən düşüb, bir dəstəsi bir, digər dəstəsi ayrı partiyadadır. Mən də həmişə demişəm və deyirəm, millətçi kimlərləsə bir yerdə ola bilər, amma heç kəsin yanında ola bilməz, millətçinin yanında ola bilərlər. Uşaqlar xahiş etdi, dedim razıyam, toparlanıb qurultaya qədər qüvvələri cəmləşdirək.
- Bir müddət öncə Milli Şuradan istefa verməyiniz də müzakirələrə səbəb oldu?
- Milli Şura ideyası ortaya çıxanda 25 ildir bir yerdə olduğumuz İsa bəy zəng etdi, dedi ki, belə bir ideya var, kənarda qalmaq olmaz. Odur ki, istiqlalçı deputat kimi sən də Milli Şuranın təsisçilərindən ol, ola bilsin ki, vəziyyəti dəyişdirə bildik. Tərkib elan olunanda orda çox müxtəlif düşüncəli insanların olduğunu gördüm. Ancaq bununla bərabər düşündüm ki, əgər bu gün xalqın istəyi müxalifətin bir yerdə olması, vahid namizədlə çıxış etməsidirsə, o halda proseslərdən kənarda qalmaq olmaz. Milli Şuranın ilk sessiyasında məramnamə qəbul olundu, sədrlik məsələsində çıxış etdim. Dedim ki, mən Rüstəm İbrahimbəyovun sədrliyinin əleyhinəyəm.
- Arqumentiniz nə idi?
- Dedim mən istiqlalçı deputatam. Biz həyatımızı Azərbaycanın istiqlalına həsr etmişik. Amma “Milyarderlər İttifaqı” Rusiyanın projesidir, mən bu projedə iştirak etmək istəmirəm, ona görə də Rüstəm İbrahimbəyovun əleyhinə səs verirəm. Mənim çıxışımı Arif Hacılı da dəstəklədi və həmin fikirləri o da söylədi. Ancaq bir partiyanın sədr müavini çıxış edib dedi ki, mən bura rusların da gəlməyinə razıyam, təki bu iqtidar getsin. Mən ikinci dəfə çıxış edib dedim xeyr, bura nə rusun, nə ingilis və fransızın, nə Avropanın gəlməsinin tərəfdarı deyiləm. Azərbaycan müstəqil dövlət kimi yaşamalıdır, nəhayət, 60 milyonun dövləti yaranıb. Səsə qoyulanda Rüstəm İbrahimbəyovun əleyhinə bir nəfər səs verib, o da mən olmuşam. Hətta mənə satqın kimi, əyri-əyri baxanlar da oldu. Bayıra çıxdım, Səfər bəy, İlyas bəy, Eldar bəy, Rövşən bəy idi, onlara dedim biz Milli Şuranın tərkibində fəaliyyət göstərəcəyik. Amma bu tərkiblə Milli Şura yaşaya bilməz. İkinci iclasda da dedim ki, hər partiyadan 10-12 nəfər var, niyə millətçi partiyadan yalnız Qələndər bəy təmsil olunur? Bu da partiyadır, bu partiyadan da 10-12 nəfər olmalıdır. Nə isə, bir-iki namizədin üstündə böyük mübahisə getdi, İsa bəy çox əziyyət və çətinliklə Yavər bəyin namizədliyini keçirtdi, digərləri keçmədi. Gördüm ki, bu, artıq millətçilərə baxışdır. Prezidentliyə vahid namizəd söhbəti olanda da artıq Müsavat Partiyası Məclisinin seçki ilə bağlı qərarı var idi. Mən çıxış edib dedim ki, vahid namizəd var, gəlin Müsavatın qərarına hörmətlə yanaşaq, vahid namizəd kimi İsa bəyi dəstəkləyək. Ancaq son nəticədə Rüstəm bəyin namizədliyi üzərində dayanıldı. Onda mən, İsa bəy, bir sıra başqaları dedik ki, qoy Rüstəm İbrahimbəyov konkret vaxt açıqlasın, Azərbaycana nə vaxt gələcəyini söyləsin. Rüstəm İbrahimbəyov Rusiya vətəndaşıdır, Rusiya vətəndaşı necə Azərbaycanın vətəndaşı ola bilər?
“Uşaqlar təkid edərsə, yəqin ki, partiyanın sədri mən olacağam”
- Siz o zaman bilirdinizmi ki, İbrahimbəyov Rusiya vətəndaşıdır?
- Kim sizə desə ki, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu ilk gündən bilmirdi, yalan deyir, tamamilə qeyri-səmimiyyət göstərir. Hamı bilirdi ki, İbrahimbəyov Rusiya vətəndaşıdır, hətta sədr seçiləndə də. Amma əleyhinə tək mən çıxış etdim. Ancaq dedik ki, millətin, xalqın xatirinə qoy olsun, ideya onundur, ancaq təsisçilər böyük partiyalardır. Mən Milli Şurada gördüm ki, hədəf mübarizədən daha çox, çıxış edib çəpik çaldırmaqdır. Mən işləməyi sevirəm, çəpiyi yox. Bunlara baxmayaraq yola birgə davam etdik. Professor Cəmil Həsənlinin namizədliyi meydana çıxdı və qəbul olundu. Biz orda bacardığımız qədər işlədik. Çox qəribədir ki, o qədər əziyyətin qabağında yalnız iki nəfər millətçilərin adını çəkdi, bir Arif Hacılı sağ olsun, mitinqdə dedi ki, Bozqurdların böyük dəstəyi nəticəsində aksiya yüksək səviyyədə baş tutdu. Bir də Vaqif Hacıbəyli “Azadlıq” radiosundakı çıxışında bizim adımızı çəkdi. Mən hətta bir partiya sədrinə dedim ki, bu partiyanın da əziyyəti var, nə olar onun da adını bir dəfə çəkin. Yəni belə ögey münasibəti gördüm. Milli Şuranın sessiyalarında müşahidə etdim ki, artıq hakimiyyəti zəiflətmək söhbəti getmir, partiyalar bir-birinə əzələ, güc nümayişi göstərirlər, bir-birinə münasibətdə qeyri-etik davranış açıq şəkildə üzə çıxdı. Mən bir dəfə dedim ki, istəyirəm istefa verim, dostlar dedilər bir az gözlə. Sonra baxdım ki, Müsavat Partiyasının bəyanatı var, yəni mənim qəlbimdən keçənlər orada əksini tapmışdı. Mən də bəyanat verib Milli Şuradan çıxdım.
- Bu qurumun sonrakı taleyini necə görürsünüz?
- Orda kifayət qədər ağıllı insanlar, Mirmahmud bəy, Sülhəddin bəy, Əli bəy var. Əgər bu qurumda qalacaqlarsa, Allah qüvvət versin, işləsinlər. Mən isə millətçi kəsimin nümayəndələri olan uşaqların böyük qardaşı kimi seçimimi etdim. Bozqurdların hamısı dedilər ki, bu, düzgün addımdır və alqışlandı. Bu gün də peşman deyiləm. Kim orda qalıb, kim kimin haqqında nə yazır, özü bilər. Biz gəlin, ya qız deyilik ki, bizi hamı tərifləsin, tənqid edirlərsə, qoy etsinlər.
- Məlumata görə, sizin Milli Demokrat Bozqurd Partiyasına sədr seçilməyiniz də gözlənilir. Bu, nə dərəcədə doğrudur?
- Bozqurd Partiyasının Siyasi Şurası mənsiz toplaşaraq qərar qəbul edib ki, partiyanın Məclisi çağırılsın. Partiya Məclisində isə qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yarandı və komitə sədri məni seçdilər. Mən də var qüvvəmlə bu yolda çalışacağam və məncə, biz güclü bir partiyaya çevrilə biləcəyik. Ancaq bizim qurultayımız iyul ayından tez olmayacaq. Çünki təzə təşkilatlar yaranır, uşaqlar rayonlara çıxırlar, təşkilat komitələri yaradırlar, bunun hamısı vaxt istəyir. Çünki partiya çox pərən-pərən şəklində idi. Qurultay kimi sədr seçəcək, partiyada kifayət qədər savadlı, dünyagörüşlü, uzaqgörən insanlar var. Orda Səfər bəy, İlyas bəy, Əligül bəy, Rövşən bəy, Ömər bəy, Şəkili İlyas, Sumqayıt uşaqları var. Qurultay kimi sədr seçsə, mən onu qəbul edəcəyəm. Mənimçün önəmli deyil ki, sədr mən olacağam, ya başqası. Amma uşaqlar təkid edərsə, yəqin ki, partiyanın sədri mən olacağam. Mən, yəqin ki, başqa namizədin üzərində duracağam, amma o adamlar da mənim namizədliyim üzərində təkid edir. Onu da deyim ki, Təşkilat Komitəsi yaranıbsa, Azərbaycan Bozqurdları adından heç kimin heç bir bəyanat verməyə ixtiyarı yoxdur. Bəyanatı partiya adından yalnız Təşkilat Komitəsi verə bilər, artıq qəbul olunmuş qərardır.
“Mən Milli Şurada gördüm ki, hədəf mübarizədən daha çox, çıxış edib çəpik çaldırmaqdır”
- Bundan sonrakı mübarizə yolunu necə görürsünüz, nə təklif edirsiniz?
- Mən partiyada da bu barədə danışdım, İsa bəylə görüşdə də təklif etdim ki, biz xalqın içinə çıxmalı, xalqla işləməliyik. Fakt budur ki, 20 qurumun cəmləşdiyi Milli Şura meydana 10 mindən artıq adam çıxara bilmədi. 10 min insan isə fikri dəyişməyə belə yetərli deyil. Xalqın içinə çıxıb işləmək, sadə xalqla bir yerdə olmaq, onun dərdinə şərik olmaq, sadə xalqın istəyinin nə olduğunu öyrənib onun ətrafında işləmək lazımdır. Biz o istiqamətdə də işləyəcəyik.
- Əhalinin içərisinə hansı formatda getmək istəyirsiniz? Müsavat-AXCP savaşı davam edirsə, yola birgə davam etmək nə dərəcədə mümkündür?
- Xalqın içinə getmək o demək deyil ki, 10 maşın, 5 cangüdənlə gedəsən. Əynini geyin, get 1-2 manatlıq çayxanaya, çıx rayonlara camaatın içinə. Tarixdə “Xalqçılıq” hərəkatı olub, nümunə var. Digər tərəfdən, islahatlara ya yuxarıdan başlanılır, ya da avtoritar rejimlərdə dinçilərin və ya millətçilərin təsiri nəticəsində vəziyyət dəyişir. Biz millətçiyik və xalqımızın içinə çıxmaq istəyirik. Müsavatla Cəbhənin münasibətlərinin kəskinləşməsinə gəldikdə, mən çox istərdim ki, onlar bir yerdə olsunlar. Bundan ötrü də çox böyük addıma gərək yoxdur, sadəcə, içəridəki hikkəni, mənəm-mənəmliyi boğub hədəfə qarşı getmək lazımdır. Bu zaman birləşmək olar. Amma mən bu gün görürəm ki, tamamilə əks proseslər gedir. Mən mətbuatı izləyirəm, İsa bəy Müsavatın Milli Şura ilə bağlı bəyanatlarından sonra heç yerə müsahibə verməyib. Amma fikir verin, mənə və Müsavata qarşı nə qədər nalayiq sözlər yazılıb. Ən ağrılısı odur ki, bu qarşıdurmanı gənclər arasında yaradıblar. Bizim torpağımızın 20 faizi işğal altındadır. Sabah bu cavanların toyu olacaq, deməli, bir-birinin toyuna getməsinlər? Günün birində biz bu torpaqlar uğrunda qalxıb vuruşmalıyıq, bu cavanlar səngərdə böyür-böyürə olacaq, bunları niyə bir-birinə qarşı qoyuruq? Ona görə də Müsavat və Cəbhə bütün bunları nəzərə alıb birgə addım atmağın yollarını axtarmalıdır. Həm də siyasi mübarizədə etika olmalıdır. Kiminsə şəxsiyyətini təhqir etmək olmaz. Mübarizə əxlaq çərçivəsində getməlidir. Yeri gəlmişkən, mən Rəsul Quliyev, Lalə Şövkətlə də heç vaxt bir yerdə olmamışam, sadəcə böyük birlik naminə susmuşam. Yenə də həmin fəaliyyət, hikkə özünü göstərdi, Milli Şura fəaliyyətə başlayan kimi hansı mövqeni ortaya qoydular. İncildə İsa əleyhissəlamın bir kəlamı var: “Bir dəfə satan satacaq”. Biz nə qədər bu milləti satanlarla bir yerdə olmalıyıq ki, sonra bir də satsınlar?
- Diqqətçəkən odur ki, müxalifətdaxili mübarizə bələdiyyə və parlament seçkiləri ərəfəsində baş verir...
- Bələdiyyə seçkilərində iştirakın vacibliyi ondadır ki, heç olmasa nümayəndələrimiz xalqın içinə çıxıb sözünü, istək və məqsədini deyəcək. 2015-ci il parlament seçkiləri ili olduğu üçün önəmli il sayıla bilər. Ancaq o vaxta qədər vəziyyət dəyişməsə, mən ciddi dəyişiklik gözləmirəm. Kimsə hakimiyyətlə alverə gedib 5-6 mandat qazana bilər. Amma parlamentə situasiyanı dəyişə biləcək sayda müxalifətçilər seçilməyəcək. Çünki hakimiyyət 91-92-ci illərin parlamentindəki 30-40 nəfərin nə qədər böyük qüvvə olduğunu yaxşı bilir. Bəribaşdan deyirəm, mənim məhkumluğum var, seçilməyə ixtiyarım yoxdur. Siyasi aləmdə yeganə adamam ki, mənim məhkumluğumu götürməyiblər. Deməli, mənim seçilməyə ixtiyarım yoxdur və mən namizədliyimi verməyəcəyəm. Amma kifayət qədər tanıdığım insanlar var ki, onlar namizədliyini versə, sözsüz ki, bizim partiya onların namizədliyini müdafiə edəcək.