TƏHSİLİ YENİDƏN QURAQ
Xeberinfo.com: Bu gün təhsillə bağlı müəllim və valideynlərin düşdüyü durumu qoyuram bir kənara. Ürəkağrısı ilə bir fikri vurğulaya bilərəm ki, ürəyim acıyır təməli olmayan təhsili zorla qəbul etdirdiyimiz şagirdlərin halına.
Teleleviziya proqramlarının birində hansısa müəllim bizim təhsilin Avropa təhsilindən geri qaldığını qeyd etmişdir. Əlbəttə, sözssüz ki geri qalacaq. Avropanın tədrisdə nə qədər gərəksiz proqramı varsa sayənizdə hamısını Azərbaycan şagirdlərinin beyninə yeritməyə çalışırıq. Hörmətli Təhsil Nazirliyi, elə bu səsəbə görə bizim təhsil başqa ölkələrə nisbətən inkişaf etmək əvəzinə yerində saymaqdadır. Gəlin kitablarla səyəhətə çıxaq.
1. M. B. Namazovun ikinci siniflər üçün “Riyaziyyatdan qiymətləndirmə” kitabına diqqət edək. Axı bu qədər də olmaz, biz müəllimlər nə qədər kitabların səriştəsiz tərtib olunmasına göz yumaq? Şagird əlinə kitabı götürəndə sanki uşaq əzrailın əlindən canını qurtarmamış, inkir-minkir gələrək onu sorğu –sual edir. Dərsinə normal hazırlıqlı olmayan uşaq elə bir vəziyyətə düşür ki, səhər dərsə gəlməmək üçün valideyninə cürbəcür bəhanələr uydurur. Çünki 4-cü sinif oxu kitablarındakı mənimsədikləri mətnlər yalanlarla əhatə edilib. Belə olan təqdirdə yalan danışmağın bünövrəsi yarıtmaz təhsildən başlayır desəm yanılmaram. Məsələn, mövzulara nəzər salaq: Planetdən gələnlər, kodlar, saatın düyməsi və ilaxır.
2. III sinfin “Həyat bilgisi” Bir fakta nəzər salaq. Səh 36. 2012-ci ilin kitabı. Səh 44. 2014-ü il.Maraqlıdır siz bu illərdə olan kitabların başlığını və cümlələrini dəyişdirməklə nəyə nail olursunuz? Niyə unudursunuz ki, məktəbləri hər il təzə kitablarla təchiz etmirsiniz. Niyə başa düşmək istəmirsiniz kitablarda pərakəndə düşmüş mətnlərin tapılması üçün uşaqlar və müəllimlər nə qədər əziyyət çəkir. Niyə şərait yaratmırsınız ki, nəşr olunan kitablardan müəllim və şagirdlər ən azı 10 il istifadə edə bilsinlər. Cəmiyyətimizdə insanlar bu gün sosial baxımdan əziyyət çəkirlər. Tez-tez kitab nəşr edib yeniləşdirməyin nə faydası var? İqtisadçılar təhsildə olan israfçılığın inkişafın heç bir sahədə nəzərə çarpmadığını məgər görmür ? Bu israfçılığa göz yummaq olardı, əgər uşaqların qavramasına uyğun kitablar tərtib ediləydi.
3. IV sinfin “Riyaziyyat didaktik materiallar” 2013-cü il. Hələ səhifə 119-za qədər olan materillardan danışmıram.Diqqət edək: Səh 120. Çətinliyi artırılmış məsələlər. Hətta mətnlərin adları biz müəllimləri çaşbaş salır, nəinki şagirdləri.Uşaqlar yazıq deyilmi? Yeri gəlmişkən bizi hər il imtahan edirsiniz. Əslində buna gərək varmı?. Məncə yox! Çünki biz müəllimlər siz Təhsil Nazirliyinin tərtib etdiyi kitablar sayəsində yaxşıca imtahan olunuruq. Sovetlər dönəmində riyaziyyat kitabını açdıqda saatlara oturub verilən tapşırıqları həll edərdik, lakin heç bir yorğunluq hiss etməzdik. Verilən tapşırıqları həll etdikcə həzz alırdıq. Lakin indiki riyaziyyat kitablarını səhifələmək belə istəmirik. Çünki yuxarıda qeyd etdiyim kitablardan heç fərqi yoxdur. Çox təəssüf ki, beyni tez yorur.
Nədənsə Aybəniz İbrahimovanın tərtib etdiyi kitabları vərəqlədikdə heç yorğunluq hiss etmirik, nə geridə qaldığını hiss edirsən, nə də qabağa getdiyini. Unudulan təhsillə indiki təhsilin arasındadır. Şagidrlər onları məmuniyyətlə istər riyaziyyat, istərsə də Azərbaycan dili test kitablarından verilən tapşırıqları yorulmadan həll edirlər. Biz sizin tərtib etdilərinizin üzərinə kölgə salmaq fikrində deylik. Heç olmasa Ulu Öndərin uşaqlar üçün dediyi cümləni unutmayın.
4. Riyaziyyat I sinif səhifə 70 nömrə 4 və 5. Maraqlıdır, ey I-IV sinif kitablarının müəllifləri uşaq anadangəlmə alim doğulur ki, sizin tərtib etdiyiniz dərslikləri mənimsəyə bilsin? Hələ düz-əməlli hərf, rəqəm tanımayan uşaq yarımçıq məsələ üçün necə sərbəst sual qursun? Uşaq nə bilir “ tam hissə modeli” “ Ədəd ailəsi”, “Barqraq” və s nədir. Bu sadaladıqlarımı bir faiz şagird ortabab səviyyədə başa düşər ya düşməz. Uşaqlar II sinifdə oxuduğu zaman I sinfin dərsləri tam olaraq normal gəlir. Deməli, altı yaşında uşaqların 99 faizinin beyni belə dərsləri qavramaq üçün inkişaf etməyib. Yadimizdan çıxarmayaq ki, sovet təhsil sistemində olduğu kimi uşaqların 7 yaşında məktəbə getmələri daha məqsədə uyğundur. Hələ oyuncaqlardan ayrıla bilməyən uşaq tam hissə modeli məsələsini necə həll edə bilər? Dünyanın heç bir yerində Azərbaycanda olduğu səviyyədə təhsil tədris edilmir.
5. Azərbaycan dilinə nəzər yetirək (yəni xəyali əlifba) səh.66-67. “ G,g” hərfi keçirilməyib. Ən böyük səhv “C,c” hərfində cöyərçin yazılıb. Nədən, niyə haraya belə tələsirik? Sinifdəki uşaqların hamısı hazırlığa və kurslara getməyib ki, hərfləri yerli-yerində tanısın. İmkanı olmayan valideynlər uşaqlarını nə kurslara, nə də fərdi hazırlığa göndərə bilmirlər. Kitab yalnız hazırlıqlı uşaqlar üçündür?
Neçə illərdir gözləyirik ki, bəlkə bu təhsilin durumuna bir baxan tapıla və yenidən islahatlar aparan ola. Lakin biz müəllimlər nə qədər haray salsaq da səsimizə səs verən yoxdur. Təhsilimizin belə duruma düşməsində kimlər maraqlıdır bilinmir. Tədricən üzü yuxarı siniflərə doğru dərslər hədsiz çətinləşir. Valideynlərin demək olar ki, səbr kasası daşıb. Hər valideynlə qarşılaşdığımda ilk sözləri belə olur:” Ay müəllimə belə dərs olar?” Ən dözülməz hal budur ki, axı valideynlərin də bilik səviyyəsi indiki təhsil sistemi ilə uyğun gəlmir, valideyn övladına belə çətin proqramları necə başa salsın?Hansı məktəbin valideyn və müəllimi ilə qarşılaşıramsa ilk sözümüz belə olur. Görəsən bu təhsillə axırımız hara gedir? Uşaqlar tamamilə küt olublar.
6. Sürət, Zaman, Məsafə( riyaziyyatdan) mövzusunda olan məsələlərdən əvvəllər “2” alan şagird “5” qiymət alırdı. İndi o qədər qəliz yazılıb ki, uşaqlar oxuduqlarını başa düşmürlər. Kitabların yazılışı alim beyninə uyğun tərtib edilirsə əlbəttə uşaqlarımızın gələcəyi “0” –dır. Bu danılmaz faktdır.
Kurikkulum nə deməkdir? Bu sözün mənasını anlamağa çalışaq. Bu sözün hərfi mənası “addım-addım” deməkdir. Lakin sözün mənasına əks olaraq şairdlər addım-addım yox, bir təkanda 100 addım atdıqları üçün büdrəyib yenidən əvvəlki pilləyə qayıdırlar. Sizdən xahiş edirik, Təhsil Nazirliyi səsimizə səs verin, qurtarın biz müəllimləri və yazıq uşaqları bu bəladan! Əgər ürəyinizdə uşaqlara, gələcəyə qarşı rəhm varsa bir dönüş yaradın. Ulu Öndərimiz “ Mən Azərbaycanlıyam” deyirdi. Hanı Azərbaycanın tanınan yazarları? Niyə səsinizi səsimizə qatmırsınız? “ Mən Azərbaycanlıyam”sözünə budurmu hörmətiniz...?. Tariximizi uşaqlara niyə unutdurmalıyıq ki?! Gəlin əl-ələ verək gələcəyimiz olan uşaqlara kömək edək. Təhsilimizin yenidən bərpası üçün gəlin əməli addım ataq!
LƏTAFƏT ASLANOVA