MÜƏLLİM HARAYI
Xeberinfo.com: Bilmirəm fikirlərimi bir ibtidai sinif müəllimi kimi sizlərə necə çatdırım?! Bugünkü təhsil sisteminin uşaqlara verdiyi fəsad hansı sahələrdə özünü göstərəcək deyə bilmərəm. Real olaraq heç uzağa getməyək. Bir anlıq düşünürəm, görəsən biz uşaqlara təhsil almağı öyrətməliyik, yaxud yük daşımağı? Bəlkə bu sual ətrafında bir az düşünək? Gəlin, birinci sinifdən- dördüncü sinfə qədər şagirdlərin daşıdığı çantaya diqqət yetirək. Birinci sinif şagirdlərinin daşıdığı çantaya diqqət etsək, nələrin şahidi olarıq.Çantanın içərisində : Kitablardan
1.Azərbaycan dili oxu,iş dəftəri,qiymətləndirmə dəftərləri.
2.Riyaziyyat, iş dəftəri,qiymətləndirmə dəftərləri.
3.Rus dili.
4. İnformatika.
5.Musiqi.
6.Testlər.
7.ingilis dili.
8.Rəsm albomu və rəngli qələmlər, ən nəhayət
9.Uşağın məktəbdə ehtiyacını ödəyəcək azuqə.
Unutmayaq ki, bu münvalla müasir 1 - 4- cü sinif şagirdləri bilik vəsaiti daşımaq əvəzinə gün ərzində 11 - 12 kq yük daşımlı olur. Geri dönüb uşaqlıq illərinizdəki dövrə heç nəzər saldınızmı? Dərs ilinin əvvəlində 1-ci sinifdə məktəbə neçə kitabla getdiyiniz yadınızdan çıxıbmı? O ötən günləri necə unudursuz? Bu acınacaqlı vəziyyətə bir anlıq bilmirəm gülüm, yaxud bu balacalara xeyr-dua verim. İkrah hissi ilə qəlbimdən bu sözləri demək keçir: “ Yüklənmisən daşı bala! Yük daşımağı kiçik yaşından öyrən ki, vaxt gələr onun-bunun yükünü daşıyarkən çiyinlərin ağrımasın.”
Mən ibtidai sinif müəllimi olaraq ilk öncə dərsliklərin tərtibatçılarına müraciət edirəm, hər halda sözlərimdən inciməzlər. Sizlər dərslikləri tərtib edərkən uşaqların qavrama qabiliyyətini və təfəkkür tərzini nəzərə almalısınız. Niyə kitablar hər il 3-4 səhifə yenilənərək yenidən çap edilir?kimə lazım bu qədər israf? Və ya kimə sərf edir bu? Tədrisi bu qədər mürəkkəbləşdirməklə kimlərin bilik səviyyəsini nəzərdə tutursunuz? Bu qədər israfdansa daşı ətəyinizdən töküb, düşüncələrinizi saflaşdıraraq ibtidai siniflər üçün öz halal dilimizdə Azərbaycan dili və çalışmalar kitabı tərtib edin. Bu bir arzu olsa da, amma bütün ibtidai sinif müəllimlərinin istək və tələbidir. Özünüzü savadli və təcrübəli hesab edərək istədiyiniz şəkildə kitablara əl qatmayın. Bir dəfə də olsun müəllimlərin rəylərini nəzərə alın. Dərsi uşaqlara tədris edən bizik. Sinifdə şagirdlərin hər hansı bir fənndən dərs keçdiyimiz kitabların( Oxu, Riyaziyyat, Həyat bilgisi v.s.) çap olunma tarixinə baxanda orada - 2010, 2011, 2013, 2014-cü il tarixlərini görürük. Bu halda dərs keçmənin nə qədər çətin olduğunu özünüz düşünün! Həqiqətən, bu dərs vəsaiti çatışmazlığından bütün müəllimlər cana doyub. Hörmətli Təhsil Nazirliyi işçiləri, düşdüyümüz duruma bir çarə edin... Sizlərin məqsədini biz müəllimlər başa düşə bilmirik. Təcrübəmə əsaslanaraq deyirəm ki, şagirdlər dərs yükünün ağırlığından hətta bildiklərini də unudurlar. Niyə şagirdlərin qavramasını, zehni inkişafını nəzərə almırsız? Axı bütün şagirdlərin bilik səviyyəsi eyni ola bilməz. Müəllimlər adından ünvanladığımız bu kimi suallara cavab verib, sonra kitabları tərtib etsəydiniz, bilik cəhətdən daha effektli nəticə almaq olardı.
Fikrimdən uzaqlaşmadan diqqətinizi birinci sinif şagirdlərinin düşdüyü duruma yönəltsəniz,görərsiniz ki, altı-yeddi yaşlı birinci sinif şagirdlərinə hərfləri öyrədib ,mənimsəmələrinə nail olmamış imla yazdırmalı oluruq. Axı bu birinci siniflər hərfləri tam olaraq mənimsəməyibsə müəllimin dediyi imlanı dəftərə sərbəst necə yazsın? Artıq il bitmək üzrədir, amma birinci sinif şagirdlərinə hələ 15, 16 hərf keçilib. Sinfə tez-tez dərs planına uyğun olaraq (KSQ)-kiçik summativ qiymətləndirmə üçün vərəqlər paylayırıq. Hərfləri tam və dəqiq şəkildə mənimsəməmiş şagirdlər üzdən oxuya bilmədiklərindən köməksiz qalır və kör-koranə verilən test və tapşırıqların ---a).b).c) variantlarınından birini işarələyirlər. Niyə müəllim birinci sinifdə oxuyan şagirdə KSQ -dən qeyri-məqbul yazmalıdır? Çoxillik təcrübəsi olan bir pedaqoq kimi mənə təəccüblü görünən budur ki, birinci sinif şagirdi hardan bilsin ki,”Həyat bilgisi”-ndən iş dəftərindəki “BÜDCƏ” sözünün mənasının nə demək olduğunu necə çatdirsın, və yaxud öz fikirlərini şifahi olaraq və ya şəkil çəkməklə necə ifadə etsin? Gəlin bir az uşaq aləminə səyahət edək. Görəsən müasir uşaqlar telefonu, kompyuteri- bir sözlə müasir texnikanı yaxşı mənimsəyirlər yaxud müəllimin tədris etdiklərini? Düşüncəniz çərçivəsində cavab verəcəksiniz ki, müasir texnixadan baş çıxaran uşaq dərsi də yetərincə mənimsəyə bilər. ƏSLA... Elə şagirdi misal göstərə bilərəm ki, danışanda dil-dil ötür, amma dərs soruşanda cavab ala bilmirsən. Müasir şagirdlərin nitqinin çox zəif inkişaf etməsinə bir səbəb də onların dinməz vəziyyətdə qiymətləndirmə testləri və iş dəftərləri ilə çox işləmələridir. Elə bu səbəbə görə də, dərs əsnasında şagirdə sual ünvanlayanda gözlərini döyə-döyə üzünə baxır. Bu vəziyyət getdikcə gələcək nəsli psixoloji qapanmalara, autizm xəstəliyinə, əsəb pozğunluqlarından yaranan və s. xəstəliklərə aparmırmı???
Sizdən soruşuram, niyə gələcək nəsli savadsızlığa sürükləyirsiniz? Bir neçə ildir kurrikulum sistemi ilə təhsil alan tələbələrin düşdüyü vəziyyət göz önündə deyilmi? Niyə görməzdən gəlirsiniz? Axı bu kurrikulum sisteminin fəsadları ali təhsil ocaqlarında da özünü göstərməkdədir. Gəncliyimizə, təhsilimizə heyf deyilmi? Şagirdlərin bilik səviyyəsinə diqqət etsək bir şagirdin həqiqi əlaçı olduğununu görə bilmərik. Günahkar kimdir??? Biz müəllimlər əlacsız qalıb əvvəl şagirdləri yeni sistemə alışdırmaq üçün ənənəvi üsuldan istifadə edirik. Uşaqları müəyyən qədər yeni sistemə alışdırdıqdan sonra yeni metodla dərs keçirik. Gənc nəslin savadlanmasında birbaşa əli olan biz müəllimlərin Təhsil Nazirliyindən bir tələbi var. Azərbaycan xalqının gələcəyinə kökündən balta vurmayın! Mümkün qədər ibtidai siniflərdə olan iş dəftərlərini, qiymətləndirmələri ləğv edin. Bu bir səriştəli müəllimin tələbi və harayıdır! Ulu öndərimiz Heydər Əliyev həmişə “Uşaqlar bizim gələcəyimiz” demişdir. Ulu Öndərin tövsiyyəsinə beləmi əməl edisiniz? Uşaqların gələcəyi üçün çalışan biz müəllimlər demirik ki, yerimizdə sayaq. İnkişaf etmək, irəli getmək lazımdır, amma elə edək ki, irəli getmək istərkən geri düşməyək! Birdən-birə çoxa nail olmaq istəsək, azımızı da qurban verməli olarıq. Təəssüflər olsun ki, biz beləyik. Hər şeyin çoxunu mənimsəməyə adət etmişik. Elə bu səbədən uşaqların da, gənclərin də, beynlərində kütləşmə gedir. Bu gün elə bir dövrə gəlib çıxmışıq ki, yeni nəsil kitab görəndə(ifadəmə görə üzr istəyirəm) elə bil “Donuz əti” görür. Nədənsə müasir gənclərimizdə böyüklərə diqqət, kiçiklərə nəvaziş, bir sözlə hətta heç özlərinə də sevgisi qalmayıb. Əvvəllər M.F.Axundov adına kitabxanada saatlarla lazım olan kitabı əldə etmək üçün xeyli vaxt sərf edərdik. Həmişə çalışardıq ki,zəhmətimizin bəhrəsini görək. Çox çalışıb-vuruşardıq ki, müəllim bizi dinləsin və dərsimizə əla qiymət versin. İndi isə zaman tərsinə fırlanır. Kitablar çox, oxuyan isə yoxdur.
P.S.Həyəcan siqnalının çalmaq vaxtıdır.
Lətafət Aslanova 20 saylı məktəbin İbtidai sinif müəllimi