Ərdoğan BVF-dən niyə borc almaq istəmir? –FONDUN ŞƏRTLƏRİ TÜRKİYƏ İQTİDARINI QANE ETMƏYƏ BİLƏR
Aykan Eydemir, Con Leçner
“Foreign Policy”, 01.06.2020
Türkiyə iqtisadiyyatı qırılmasını gözləyən bir bənddir. Lirə son 3 ildə dollara nisbətdə dəyərinin 90 faizini itirib, Ankara isə ötən aydan xalis beynəlxalq valyuta ehtiyatlarını (mübadilə xətləri xaric) tükəndirib. Artıq 300 milyard dollar dəyərində valyuta öhdəliklərində boğulan Türkiyənin qeyri-maliyyə şirkətləri bu yükün altına düşüb.
Yenixeber.org: Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkənin ehtiyacı olduğu halda, Beynəlxalq Valyuta Fondu (BVF) ilə saziş imzalanmasını hələ də mümkün saymır. Çünki Ərdoğan sürətli düzəlişlərə üstünlük verir. Buna əyani misal onun Qətərlə lirə-rial mübadilə xəttini – Türkiyənin Mərkəzi Bankının ehtiyatlarını kağız üzərində artıran müvəqqəti bir tənzimləmə – 5 milyard dollardan 15 milyard dollara qədər genişləndirməsidir. Halbuki bunun yerinə struktur islahatlarının aparılması müqabilində BVF-dən orta müddətli aşağı faizli kredit ala bilərdi.
Türkiyədə və xaricdəki bir çox ekspert BVF proqramına əngəlin Ərdoğanın ideologiyası, seçicinin belə bir proqrama arxalanması qorxusu ilə əlaqələ olduğunu iddia edir. Onlar səhv edirlər. Əksinə, Türkiyənin güclü prezidenti üçün maneə BVF-nin şərtləri və onun hiper mərkəzləşdirilmiş idarəetmə üslubunu pozma potensialıdır.
Son 10 ildə Ərdoğan hakimiyyətini qeyri-populyar iqtisadi siyasət platforması ilə birləşdirib. İnvestorlar prezidentin qəribə inanclarını – inflyasiyanın artmasına səbəb olan faiz dərəcələri və ya Türkiyənin iqtisadiyyatına zərbə vurmağı hədəfləyən, yəhudilərin rəhbərlik etdiyi “faiz lobbisini” utancverici və naqolay iddialar sayır. Amma sən saydığını say, gör fələk nə sayır. Mərkəzi Bank 2019-cu ildə son müstəqillik görünüşünü də itirəndən sonra bu inanclar əsas cərəyana çevrilib. Böyük bir şəkildə, indi onlar Türkiyənin pul siyasətini diktə edir, bu da ölkənin istiqraz və səhm bazarlarında çaxnaşmaya səbəb olub.
Məsələni daha da pisləşdirən dollara nisbətdə əvvəlcə 6, sonra da 7 lirəyə dəyişdirilən türk valyutasının məzənnəsinin müdafiəsi üçün Mərkəzi Bank ehtiyatlarının fəlakətli sərfidir. Ərdoğan bu məsələdə xüsusilə həssasdır, çünki bu səyləri kürəkəni, maliyyə və xəzinə naziri Berat Albayrak həyata keçirib.
Doğrudur, Ərdoğan əvvəllər, xüsusilə böhran qarşısında praqmatik olduğunu sübut edib. Faiz artımları buna qarşı çıxdığında da baş verib. Rusiya ilə böhranın kəskinləşməsindən sonra qürurunu unudaraq əlaqələri bərpa edib. Lakin bu qərarlar hakimiyyətin devrilməsinə səbəb olmayıb. Əslində, mediaya tamamilə nəzarət etdiyi xatırlansa, Ərdoğan 18 illik iqtidarı dövründə kəskin dönüşləri əsl demokratiyada olduğundan daha asan həyata keçirə bilər.
Ərdoğanın BVF-nin qapısına gedə bilməməsinin əsl səbəbi hər hansı bir standart və ya struktur islahatlarının yox, hakimiyyətin bölüşdürülməsini və yaxşı idarəetmə tədbirlərinin tələb edilməsidir.
Ərdoğanın İslam təməlli Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti şəffaflıq və hesabatlılığın yoxluğundan bəhrələnir. Türkiyə prezidentinin paralel büdcəsi kimi fəaliyyət göstərən sərvət fondu parlament və ya son instansiya məhkəməsi tərəfindən yoxlanılmır. Bir özəl auditorun dediyi kimi, hətta düzgün qiymətləndirmə aparmaq üçün məlumatların şəffaflığı yoxdur.
Türkiyə Statistika Təşkilatı tərəfindən verilən iqtisadi məlumatlar da şübhə doğurur. Almaniyanın ikinci ən böyük borc verən qurumu olan “Commerzbank”-ın Türkiyənin şübhəli böyümə rəqəmləri ilə əlaqədar 2017-ci il hesabatının adı bilirsinizmi necə idi? “Türkiyə: Mənimlə zarafat edirsiniz?”
Pandemiyadan əvvəl Ankaranın maliyyəsi zəif idi, lakin xarici borc, səhiyyə böhranı və daha çox öz nüfuzunu qorumağı üstün tutmanın birləşməsi fəlakətə səbəb ola bilər.
Türkiyə prezidenti keçmiş baş nazir Əhməd Davudoğlunu AKP-dən ayrıldığı və yeni bir partiyaya qurduğuna görə cəzalandırmaq üçün bir universiteti bağlayıb, ancaq bununla seçiciləri özündən uzaqlaşdırmaq riski doğurur.
Başqa bir misal: 2012-ci ildə Türkiyənin qərbində, Kutahya əyalətində açılışı olan Zafer hava limanının inşası hökumətə KİV-lərə nəzarəti əldə etməyə kömək edən, Ərdoğana yaxın bir tikinti maqnatına tapşırılıb. Hökumət hava limanının ilk 7 ilində 7.6 milyon sərnişinin daşınacağını proqnozlaşdırıb, amma aeraportda indiyə qədər cəmi 300 min sərnişin olub. 2044-cü ildə başa çatacaq razılaşmaya əsasən, inşaya 55 milyon dollar xərcləyən şirkətin hava limanında mövcud olmayan uçuşlara xidmət üçün dövlət xəzinəsindən 205 milyon avro (228 milyon dollar)qazanacağı təxmin edilir.
BVF proqramı, onu müşayiət edən islahatlarla, ehtimal ki, bu qədər çirkli gəlir mənbələrini və saysız-hesabsız digər gülünc tənzimləmələri aradan qaldırar. Bununla yanaşı, səlahiyyətli texnokratlardan şəffaflıq, hesabatlılıq, müstəqil tənzimləmə orqanlarından və Mərkəzi Bankdan siyasi təzyiqlərdən azad olmanı tələb edər. Ancaq bu cür islahatlarla hökumətdən bütün kölgəli sövdələşmələrə nəzarəti əldən verməsi xahiş ediləcək. Başqa sözlə, BVF-lə saziş onun rəhbərliyinə və himayədarlıq şəbəkəsinə birbaşa təhdiddir.
1999-cu ildə başlayan və 2001-ci il böhranında davam edən Türkiyənin əvvəlki BVF proqramı ölkəyə daha çox şəffaflıq və hesabatlılıq gətirib. Bu paket hökumət borcunun qeyri-sabit səviyyəsi olduğu və Türkiyə banklarının iflasının ardınca həyata keçirilib. BVF dövlət maliyyəsini və maliyyə şəffaflığını gücləndirmək üçün struktur islahatları və kreditləşmə tələbi olaraq yeni idarəçiliyə çağırış edib. Türkiyə növbəti 6 ildə orta hesabla 7 faiz böyümə əldə edərək sabitləşib.
BVF proqramı bu gün Türkiyə üçün bənzər fayda verə bilsə də, Ərdoğan onun şərtlərinə tabe olmaqda acizdir. Son dəfə BVF-nin ağrılı tədbirləri nəticə verib, amma Türkiyədə üçtərəfli koalisiyanın ultramillətçi partnyoru olan Dövlət Baxçalı 2002-ci ildə parlamenti erkən seçkilərə məcbur edib və İstanbulun keçmiş bələdiyyə başçısı Ərdoğan siyasi iqtidara yiyələnib. Əvvəllər olduğu kimi, yenə də gözlənilməz addımlar atan Baxçalı bu gün də Ərdoğanın əsas koalisiya tərəfdaşıdır.
2002-ci ildə Baxçalıdan faydalanan Ərdoğan qarşıdakı 2023-cü ilin prezident seçkiləri öncəsi onun qurbanı olmaq istəmir, xüsusilə İstanbulun hazırkı bələdiyyə başçısı, Türkiyənin dağınıq müxalifətini birləşdirməyə müvəffəq olan populyar Əkrəm İmamoğlu prezidentin ən böyük rəqibi kimi ortaya çıxdıqda.
Məhz buna görə, BVF Türkiyə hökumətinin mütləq son dayanacağı olacaq. Türkiyənin iqtisadi bəlaları və bundan əziyyət çəkən vətəndaşları birtəhər Ərdoğanı müzakirə masası ətrafında oturmağa məcbur etsələr, BVF ona asan giriş icazəsi verməməlidir. BVF maliyyə şəffaflığını, balansdankənar tənzimləmələrə son qoymağı, ailə üzvləri əvəzinə, texnokratların işə götürülməsini, antikorrupsiya və çirkli pulların yuyulması əleyhinə ciddi tədbirlər görülməsini tələb etməlidir. Türkiyənin böyük, gənc və dinamik əhalisi həm Avropa, həm də Yaxın Şərq üçün iqtisadi artım sürücüsü ola bilər. Onlar buna layiqdirlər.
Tərcümə: Strateq.az