Türkiyə Rusiya ilə birgə ABŞ-dan pullarını geri çəkibmiş –Ankara böhrana tab gətirə biləcəkmi?
ABŞ-ın Şimali Dakota Universitetinin professoru, tanınmış iqtisadçı analitik Fariz Hüseynli Türkiyənin valyuta ehtiyatları ilə bağlı araşdırma aparıb.
Yenixeber.org: Ekspertin məqaləsini oxuculara təqdim edirik:
Bəs ehtiyatlar nə qədərdir?
Baxır, hansı rəqəmlə hesablanır. Təmiz beynəlxalq ehtiyatlara baxsaq, keçən həftə 30 milyard dollara yaxın idi. Amma məsələn, brüt rəqəmlərə, yəni yerli bankların Mərkəzi Bankdakı dollar depozitlərini də nəzərə alsaq, onda deyilənə görə 90 milyard dollar ətrafindadır. Əhalinin və ya şirkətlərin yerli banklardakı dollar depozitlərinin bir hissəsini həmin banklar Mərkəzi Banka yerləşdirirlər, ya da borc verirlər. Bunu əlavə edəndə olur 90 milyard dollar. Amma bu yumşaq vəsaitdir - yerli depozitarlar banklardan pulunu çəksə, onda ehtiyatlar da sürətlə azalacaq. MB eyni zamanda həmin bu banklarla swap əməliyyatına başlayıb. Apreldə məsələn, hər gün təxminən 10 milyard dollar ətrafında yerli banklardan (yəqin ki, dövlət bankları) qısamüddətli repo əməliyyatı edib dollar alır.
Xarici yatırımçılar səhm və borc bazarlarından çəkildikcə dollar üzərində təzyiq artır və MB bazarlara dollar satmalı olur. Düzdür, MB valyuta bazarında əməliyyat aparanda bunu elan etməlidir, amma hələ etməyib. Buna baxmayaraq, rəqəmlər tam olaraq bir birini tutmur.
“Bloomberg” agentliyinin məlumatına görə, xalis mövqedən alınan borc əməliyyatlarının həcmi arasında 9 milyard dollarlıq fərq var. Təxmin olunur ki, elan edilməsə də, MB bu vəsaitləri bir yol tapıb bazara satıb ki, dollar tələbini qarşılasın. Amma nə olursa olsun, valyuta ehtiyatlarının ödəniləcək borcu örtə bilməyəcəyi aydındır. İndi bir tərəfdən Türkiyə xarici investorların dollar-TL swap əməliyyatlarını azaldır, amma o biri tərəfdən FED-lə danışıqlar aparırlar ki, FED-ın xarici mərkəz banklarına təklif etdiyi swap əlaqəsini Türkiyə ilə də qursun. Qeyd edim ki, 20-yə yaxın ölkə ilə belə valyuta dəyişmə əlaqəsi var, məsələn, kiçik ölkələrdən Norveç, Cənubi Koreya, Meksika, Yeni Zelandiya. Amma Türkiyə ilə hələ belə əlaqə qurulmayıb.
FED bunda maraqlı olarmı? FED-i maraqlı edəcək amillərdən biri budur ki, Türkiyə nə qədər ABŞ dövlət borcu kağızlarına sahibdir? Əgər çoxdursa, onda maraqlı olar ki, Türkiyə MB-na valyuta versin, Türkiyə də o kağızları satmasın. Amma rəqəmlərə baxaq. Maraqlıdır ki, hələ Türkiyənin 2018-də 60 milyard dollarlıq ABŞ dövlət borc kağızları var idisə, bu rəqəm sürətlə azalıb 2018-in sonunda 10 milyarddan aşağı düşüb. İndi isə cəmi 2-3 milyard dollarlıq borc kağızı var. Bunun səbəbini, açığı, bilmirəm. Amma rəqəmlərin azalma tarixindən belə görünür ki, rahib Brunson böhranından bir az əvvəl və sonra bu proses baş verib. Ola bilsin, sanksiyalarla əlaqəlidir.
Maraqlı bir “təsadüf” də var – eyni vaxtda Rusiyanın da ABŞ dövlət borc kağızlarında olan vəsaiti sürətlə azalıb. 100 milyard dollardan 10 milyard dollar ətrafına düşüb. Təxmin etmək olar ki, hər iki ölkə birgə bu qərarı alıblar. Amma fərq ondadır ki, Rusiyanın hələ də kifayət qədər çoxlu xarici valyuta ehtiyatı varsa, Türkiyənin yoxdur.
İndi, bilmirəm, FED-i Türkiyə MB-na swap vasitəsilə dollar verməyə necə maraqlı edəcəklər, amma ümid edirəm, bu olacaq və Türkiyə lirəsı üçün yüngülləşdirici qısamüddətli də olsa, təsiri olacaq...