46 il haqsız yerə ölüm kamerasında yatan boksçu –Xakamadanın gecikmiş bəraəti
Yenixeber.org: İvao Xakamada – bu peşəkar yapon boksçusunun adı çoxlarına tanışdır. Amma idman sahəsində əldə etdiyi nailiyyətlərə görə yox. O, nə dünya çempionu olub, nə də bu sahədə digər yüksək titullar qazanıb. Bəlkə də qazana bilərdi, çünki qısa müddətdə yüksək göstəricilər əldə edib, məşqçiləri onun gələcək idman karyerasına ümidlə baxıblar. Amma həyat onun iradəsinə zidd gedib, gələcək uğurlarının qarşısına sədd çəkib. Düzdür, onun adı Ginnesin rekordlar kitabına düşüb, amma bir idmançı yox, tam fərqli və acınacaqlı bir rekord göstəricisinin sahibi kimi...
İvao Xakamada 1936-cı ildə Yaponiyanın Sidzuoka şəhərində anadan olub. Ailənin yoxsul olmasından Xakamada yeniyetməlik yaşlarından işləməyə başlayıb. O, uşaqlıqdan boksa həvəs göstərib və işləməsinə baxmayaraq boks məşqlərinə də vaxt ayırıb. Həvəskar turnirlərdə qələbə qazananda, Xakamada anlayıb ki, peşəkar boksçu olmaqla gələcək həyatını təmin edə bilər. Bu məqsədlə də məşqlərini daha da intensivləşdirib, artıq 1959-cu ildə peşəkar rinqdə gücünü sınayıb. İki il ərzində 29 görüş keçirən gənc boksçu 18 qələbə qazanıb. Məşqçiləri tərəfindən bu uğurlu göstərici sayılıb.
Turnirlərdən qazandağı kiçik məbləğlər Xakamadanın nə özünün, nə də ailəsinin maddi təminatını ödəməyib və o, 1961-ci ildə yaşadığı Sidzuoka şəhərində fəaliyyət göstərən ət emalı şirkətinə işə düzəlib. Nisbətən yüksək əmək haqqı ödəyən şirkətdə Xakamada ən yaxşı işçilərdən biri olub. Hətta şirkət rəhbərliyi ona məşqlərini davam etdirmək üçün şərait də yaradıb.
Qarşıdan gələn hadisələr isə Xakamadanın həyatını tamam başqa bir məcraya yönəldib.
1966-cı ildə Xakamadanın işlədiyi şirkətin prezidentinin evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra evdə dörd meyit aşkarlanıb. İstintaq zamanı o da məlum olub ki, şirkət prezidenti, həyat yoldaşı və iki övladları bıçaqla qətlə yetirildikdən sonra ev yandırılıb. İki il davam edən istintaq zamanı daha bir fakt üzə çıxıb, şirkətin istehsal müəssisəsində su çəninin arxasında gizlədilmiş və Xakamadaya məxsus qanlı köynək tapılıb. Bu köynəyi məhkəmədə dəlil kimi göstərərək Xakamadanı qatil kimi ittiham ediblər və ona ölüm cəzası hökmü verilib.
Beləliklə, 1968-ci ildə İvao Xamakada cəzasının icrasını gözləmək üçün ölüm kamerasına salınıb.
Sözsüz ki, cinayət hadisəsində əli olmayan Xakamada istintaq zamanı günahsız olduğunu sübut etməyə cəhd edib. 23 gün sorğu-suala tutulan boksçuya qarşı işgəncələr də tətbiq ediblər. Sonralar özünün söylədiyi kimi, istintaq dövründə onu saatlarla susuz saxlayıblar, tualetə getməyə icazə verməyiblər, küt alətlərlə döyüblər, qətl hadisəsini boynuna götürməyə məcbur ediblər.
Hökm veriləndən sonra İvao Xakamadanın özündən böyük olan bacısı Xideko Xakamada qardaşına qarşı edilən haqsızlıqla bağlı bütün dövlət qurumlarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə çoxsaylı müraciətlər edib. Uzun-uzadı yazışmalardan sonra, nəhayət, 1980-ci ildə Yaponiya Ali Məhkəməsi işə yenidən baxıb. Məhkəmə əvvəlki hökmü qüvvədə saxlayıb.
Mətbuat İvao Xakamadanı bu illər ərzində daim diqqət mərkəzində saxlayıb. “The Japan Daily Press” onun ailəsinə yazdığı məktubu da dərc edib:
“Mən sübut edəcəm ki, heç kimi öldürməmişəm. Polis və məhkəmə bunu yaxşı bilir. Mən bu zəncirləri qırıb, sizin yanınıza dönəcəm...”
Xakamadanın vəkilləri daha üç dəfə işə yenidən baxılmasına nail olublar. Amma bu da heç bir nəticə verməyib.
Hər dəqiqə, hər saniyə cəzasının icrasını, ölümünü gözləyən İvao Xakamada nə az, nə çox, ömrünün düz 46 ilini ölüm kamerasında keçirib. Onun psixoloji durumunda ciddi problemlər yaranıb, üzündə hər hansı bir hissi ifadə edə biləcək heç bir cizgi qalmayıb, üç aydan bir ailə üzvləri ilə görüşmək hüququndan imtina edib. Xakamada adamdan çox, kənardan idarə olunan robota bənzəyib.
Bütün bu ümidsizliklər içində bacısı Xideko mübarizəsindən dönməyib. O, 2012-ci ildə qardaşının köynəyindəki qan izlərinin “DNK” analizinə göndərməyə nail olub. Nəticə hər şeyi dəyişib. Köynəkdəki qan izləri qətlə yetirilmiş şirkət prezidentinə və onun ailə üzvlərinə aid olmayıb. 2012-ci ildə məhkəmə yenidən işə baxıb və iki il davam edib.
2014-cü ildə, 46 ildən sonra İvao Xakamada ölüm kamerasından azadlığa buraxılıb.
Onun azadlığa buraxıldığı gün həbsxana qarşısında böyük isdiham yaranıb. Sidzuoka şəhəri öz tarixində çox nadir hallarda coxsaylı jurnalistlərin eyni məkana yığşdığının şahidi olub.
Mətbuat nümayəndələrinin ardı-arası kəsilməyən suallarına Xakamada cavab verməyib. O, jurnalistlərdən birinin “indi nə yemək istərdiniz” sualını cavabsız qoyanda digər bir jurnalist həmkarının sualını belə cavablandırıb:
- Əlbəttə ki, o, indi yatmaqdan başqa heç nə istəməz.
Xakamada onun əvəzinə verilən bu cavabdan razı qalmayıb və sualı özü cavablandırıb:
- Pivə və tort istəyirəm...
Bir müddət bacısı İvao Xakamadanın müalicəsi ilə məşğul olub və dünya çempionu ola bilməyən boksçu normal ahəngli həyatına qayıdıb. Onun adı ən uzun müddətdə ölüm kamerasında qalan şəxs kimi Ginnesin rekordlar kitabına düşüb.
Hazırda 84 yaşında olan İvao Xakamada həmin illəri çox da həvəslə xatırlamır və bununla bağlı verilən suallara bir cümlə ilə cavab verir:
- Hakimlər öz iradələrindən asılı olaraq, yaxud olmayaraq ədalətsizlik edə bilərlər. Bu iki variantın heç biri önəmli deyil.
Çünki Allah heç vaxt ədalətsizlik etmir...(musavat)
İlham Cəmiloğlu