Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İspan qızının dünya şöhrətli rus oğlu –Yol qəzası "Hokkeyin Pelesi" Xarlamovun ömrünü 33 yaşında kəsib

 


 Yenixeber.org: Dünyanın idman tarixinə Valeri Xarlamovun adı silinməz izlərlə həkk olunub. Onu bütün dünyada seviblər, o, milyonların kumirinə çevrilib, təkcə SSRİ-də yox, siyasi baxışlarına görə əks qütbdə olanlar da Xarlamovu əvəzolunmaz hokkeyçi sayıblar. Əməkdar idman ustası, ikiqat olimpiya, səkkizqat dünya çempionu olan Valeri Xarlamovun çoxsaylı rəsmi titulları ilə yanaşı, qeyri-rəsmi titulları da az olmayıb - “Hokkeyin Pelesi”, “17 nömrəli əfsanə”, “Buz meydançanın ən mükəmməl aktyoru”, “Hokkeyin Yuri Qaqarini” və s.

Valeri Xarlamov 1948-ci ildə Moskvada anadan olub. Atası Boris Xarlamov “Kommunar” zavodunda sınaqçı-çilingər işləyib. Milliyyətcə ispan olan anası Beqoniya da həmin zavodda çalışıb. Valideynləri zavod klubunda tanış olublar. İlk oğul övladları dünyaya gələndə ona, təyyarəçi, Sovet ittifaqı qəhrəmanı Çkalovun adını qoyublar – Valeri.

Valeri Xarlamov uşaqlıqdan idmana həvəs göstərib. Hokkeyə marağı isə çox adi bir hadisədən başlayıb. Hələ 6-7 yaşlarında olanda zavodun hokkey komandasında oynayan atası oğlunu özü ilə tez-tez məşqlərə aparıb. Valeri atasının gözləyəndə üşüməsin deyə, atası ona da konki geyindirib, buz üstündə hərəkətlər edərək qızışmağını tövsiyə edib. Beləliklə, Valeri Xarlamov uşaq yaşlarından buz meydançaya və hokkey çomağına alışıb.

Orta məktəbdə təhsil almaqla yanaşı Xarlamov vaxtını daha çox hokkey məşqlərinə sərf edib. 1961-ci ildə isə o, bir müddət məşqlərdən ayrılmağa məcbur olub. Angina xəstəliyinin fəsadları onda revmokarditə səbəb olub ki, bununla da həkimlər Xarlamova məşqləri qadağan ediblər.

Bir il keçdikdən sonra Moskvanın Leninqrad prospektində yay buz meydançası açılanda atası Xarlamovu həkimlərdən və anasından gizli olaraq həmin idman kompleksinə aparıb və hokkey seksiyasındakı məşqlərə yazdırıb. Qısa müddətdən sonra ata Xarlamovun gizli əməlinin üsta açılıb, amma oğul Xarlamovu məşqlərdən ayırmayıblar. Məşqçi Andrey Staravoytov valideynləri sakitləşdirib, Xarlamovun kompleksdə keçirildiyi tibbi müayinəsinin müsbət nəticələrini onlara təqdim edib.
Xarlamovun hokkey talantı qısa bir müddətdə məşqçilərin diqqətini cəlb edib. O, 18 yaşında MOİK hokkey klubunun heyətinə dəvət olunub. Onun gələcək uğurlu hokkey karyerası da elə bu klubdan başlanıb.

SSRİ-nin hokkey yığmasında təmsil olunan Xarlamov 1972-ci olimpiya çempionu adını qazanaraq “SSRİ-nin ən yaxşı hokkeyçisi” tituluna sahib olub. Xarlamov növbəti dəfə 1976-cı ildə olimpiya çempionu adını yeniləyib.

Hokkey üzrə dünya çempionatlarında ən yüksək göstəricilərə nail olan və 8 dəfə dünya çempionu adını qazanan Xarlamov dünyanın ən populyar hokkeyçisinə çevrilib.

Dünyanın ən məşhur hokkey məşqçiləri Xarlamovu dəfələrlə xaricə, öz klublarına dəvət ediblər. Ona ən yüksək məbləğlər vəd edilib. Valideynləri də bu təkliflərə müsbət reaksiya veriblər, onun xaricə getməyini istəyiblər. Xarlamov isə bu təkliflərə qarşı münasibətini çox qısa bir şəkildə bildirib:

- Mənə olan təklifləri yüksək qiymətləndirirəm. Amma mən onu da yaxşı bilirəm ki, mən gedəndən sonra sizi, mənim doğmalarımı SSRİ-də nələr gözləyəcək. Sizə yaşamağa imkan verməyəcəklər, sizi diri-diri basdıracaqlar. Ona görə də bu haqda düşünməyə belə dəyməz.

Valeri Xarlamov Müdafə Nazirliyinin klubu olan MOİK-in oyunçusu olduğuna görə hərbi rütbə daşıyıb. Matçlardan başqa bir zabit kimi onun xarici ölkələrə adi səfərləri belə qadağan olunub.

Hokkeydəki uğurlarından fərqli olaraq Valeri Xarlamovun şəxsi həyatı çox da uğurlu alınmayıb.

O, fransız dili üzrə tərcüməçi Marina Bajenova ilə beş il ərzində ciddi münasibətdə olub, cütlük nəhayət münasibətləri rəsmiləşdirməyə qərar verəndə, Xarlamov 1975-ci ildə Moskvada “Rossiya” restoranında özündən doqquz yaş kiçik olan İrina Smirnova ilə tanış olub. Bu tanışlıq nəticəsində nikahları olmadan onların 1976-cı ildə bir oğlu dünyaya gəlib. Bundan sonra onlar rəsmi nikaha girməyə məcbur olublar.

Valeri Xarlamovun bacısı Tatyana sonralar həmin nikah haqqında fikirlərini belə bölüşüb:

“Qızlar qardaşıma qarşı biganə deyildilər. Onu çoxları sevirdi. Marina isə bu qızların içərisində ən gözəli idi. Bacarıqlı, savadlı, fransız dili üzrə mütəxəssis olan Marinanı ailəmizdə hamı yaxşı tanıyırdı. Biz onların bu münasibətinə çox sevinirdik. Amma günlərin birində Valeri bizə oğlunun olduğunu söylədi və dedi ki, toya hazırlaşmaq lazımdır. Onda Valeri ona verilmiş birotaqlı mənzildə tək yaşayırdı. Qardaşım öz toyuna 15-20 dəqiqə qalmış gəlib çıxdı. Bir bilirdik o, kimin yanıda idi. Çünki Valeri İrinanı sevirdi. Evləndilər, toydan sonra Valeri qayınatasının evinə köçdü. Onların bir qız övladları da dünyaya gəldi. Sonra Valeriyə üçotalı mənzil verdilər...”

1976-cı ilin may ayında Valeri Xarlamovun hokkey karyerasında uzun fasilə yaranıb. Mayın 26-da gecə saatlarında qonaqlıqdan qayıdan Xarlamov Leninqrad şossesində qarşıda gedən yük avtomobilini ötmək istəyəndə əks istiqamətdən gələn taksi ilə üzləşib. Avtomobilini qəzadan yayındırmaq istəyəndə onun idarə etdiyi maşın zərblə işıq dirəyinə çırpılıb.
Hadisədən xəbər tutan Müdafiə Nazirliyinin rəhbərliyi onu təcili mərkəzi hospitala yerləşdiriblər. Yalnız üç aylıq cərrahi əməliyyatlardan və müalicələrdən sonra Xarlamov ilk addımlarını ata bilib. Möhkəm iradə, ciddi həkim nəzarəti nəticəsində Xarlamov 1976-cı ilin sonlarında növbəti dəfə buz meydançalarda yeni uğurlarını qazanıb.

Ancaq qara zolaq Xarlamovun həyat yolunda onu yenə də müşayiət edib. Yenə də eyni şossedə, Leninqrad şossesində o, avtomobil qəzasına düşüb. Amma əvvəlkindən fərqli olaraq, bu qəza Xarlamovlar ailəsinin faciəsi ilə nəticələnib.

27 avqust 1981-ci ildə səhər saat 7-də bağ evindən şəhərə qayıdanda Leninqrad şossesində Xarlamova məxsus 00-17 MMB dövlət nömrə nişanlı “Volqa” avtomobili yağışdan sonrakı sürüşkən yolda qarşıdan gələn "ZİL” markalı yük maşını ilə toqquşub. Sükan arxasında Xarlamovun həyat yoldaşı olub. Maşında Xarlamovdan və onun həyat yoldaşından başqa, İrina Xarlamovanın yaxın qohumu da olub. Qəza nəticəsində hər üçü yerindəcə həlak olub.

Hər iki valideynini qəza nəticəsində itirən Aleksandr və Beqonitanı ana nənələri saxlayıb. MOİK komandası isə onların hər ikisini himayəyə götürüb.

Oğlu Aleksandr atasının yolunu davam etdirib, MOİK-də oynayıb, sonra uşaq hokkey komandasının məşqçisi olub, sonrakı fəaliyyətini isə bizneslə bağlayıb. Xarlamovun qızı Beqonita da idman sahəsinə gedib, bəddi gimnastika üzrə idman ustası dərəcəsini alıb.

Xarlamovun dəfnində böyük izdiham yaşanıb, minlərlə insan onu son mənzilə yola salmaq üçün Kuntsevo qəbirstanlığına üz tutub, 33 yaşlı əfsanəvi hokkeyçiyə son ehtiramlarını bildiriblər.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam