2019 çox maraqlı il oldu. Sosial gərginliyin siyasi transformasiyalara keçdiyi il. Bir çox ağıllı insandan eşitdiyim söz isə "qeyri-müəyyənlik" oldu.
Yenixeber.org: Ən yüksək səviyyədə kadrlar dəyişdi. Mövcud dövlət sisteminin əsasını quran bəzi insanlar vəzifədən kənarlaşdırıldı.
Belə bir nəzəriyyə var ki, dövlət özünü qorumaq üçün bəzən qurbanlar verir. Və ya işlərin tərs getdiyini hiss edirsə, sistem özü-özünə düzəliş edir. Məsələn, deyirlər ki, dövlət çevrilişinin çox zaman məntiqi budur - dövlət özünü qorumaq üçün rəhbərləri kənarlaşdırır.
Bu il ərzində də dövlət özünün bir hissəsindən imtina etdi. Yəqin ki, ağırlıq verdiyi üçün... Əvvəllər də bunu etməyə çalışırdı, alınmırdı. Deməli, bu dəfə dövlət daha güclü oldu. Və ya ehtiyac o qədər güclü oldu ki, dövlət bu işi daha rahat görə bildi.
Hakimiyyətin daxilindəki iki partiya xalqa aydın görünməyə başladı. İqtidarda olan müxalifətə keçdi, müxalifətdəki iqtidar oldu. Biri gücünü artırdı, o biri azaltdı, amma qorudu.
Bu da çox maraqlı prosesdir. Çünki ölkəmizdə siyasət daha çox ictimai olub həmişə: bir tərəfdən qapalı qutu kimi hakimiyyət, digər tərəfdən isə müxalif siyasi partiyalar. Son illərdə bu şəkil dəyişdi. Hakimiyyət içindəki mübarizə önə çıxdı, açıq və ictimai olmasa da, ictimai rəydə bu rəqabətin daha aydın şəkli formalaşdı.
Müxtəlif şayiələr, söz-söhbətlər, dedi-qodular artıq real olmağa başladı. Burada görüntüdən əlavə həm də maraq məsələsi var. Cəmiyyətdəki elitalar bu yeni rəqabətdə öz yerlərini (yenidən) müəyyən etməyə başladı. Yuxarıda yazdığım "iki partiya" məsələsi də o mənada çox vacibdir ki, bu partiyalar ictimai rəydə əks-səda yaratmağı ilə yanaşı, həm də konkret maraqları təmsil etməyə başladı.
Bu şəkildə siyasi rəqabət Azərbaycanda ilk dəfə idi ki, ortaya çıxırdı.
Hakimiyyətin modernist qanadı yeni elita yaradaraq bir neçə məqsədə nail olmağa çalışdı. Birincisi, yeni kadrlar, həm də daha gənc olduqları üçün dəyişən sosial-iqtisadi gerçəklikdə daha çevik hərəkət edə bilirlər. Onların vəzifədə qalması qoyulmuş tapşırıqları necə icra etməkləri ilə bağlıdır, nəinki hansısa güc qrupuna aid olmalarıyla.
İkincisi, yeni insanları hökumətə cəlb etməklə yeni elitalara təmsilçilik imkanı verildi.
Bir çox insan, xüsusilə də orta sinfə aid olan gənclər, özlərini hakimiyyətə bir az daha yaxın hiss etdilər.
Yəni müəyyən mənada, kadr islahatları hakimiyyəti dəyişdi və bu məqam da cəmiyyətdə müsbət dalğa yaratdı.
Hakimiyyətin bu şəkildə dəyişikliyi həm də tənqidçilərin arqumentlərini zəiflətdi. Yəni total yox, qismən dəyişiklərlə inqilabi vəziyyəti neytrallaşdırmaqdan gedir söhbət.
19-cu əsrdə digər Avropa ölkələri ilə müqayisədə Britaniyada niyə inqilab olmur sualına siyasət alimləri belə cavab verirlər ki, ingilis aristokratiyası kiçik güzəştlər verməklə hər zaman sosial və siyasi qrupları sakitləşdirə və neytrallaşdıra bilirdi.
İndi əsas sual odur ki, bu dalğa nə qədər davam edəcək və hakimiyyət transformasiyasının növbəti mərhələsi nədir.
Burada iki əsas fikir var. Birincisi odur ki, heç bir dəyişiklik yoxdur, başdan-ayağa kosmetik prosesdir. Bu mövqedə olanlar iqtidarın tənqidçiləridir və rəqibləridir ki, onların bir qismi hökumətin tamamilə dəyişməsini istəyir. Bu fikrə ənənəvi müxalif düşüncəli insanlar aiddir. Hər hansı neqativ fakt olanda bu qruplar "bəs islahatlar gedirdi, nə oldu?" sualını verir.
İqtidar bu qruplarla yola getməsə də, məncə, bu qrupların bir neçə vacib funksiyası var. Bu funksiyaların arasında hakimiyyətə insan haqları məsələsində qırmızı xətti göstərmək və müəyyən problemlər ətrafında ictimai rəy formalaşdırmaq var.
İkinci fikir xətti daha optimistdir. İkinci fikri dəstəkləyən qruplar dəyişiklik prosesinin uzun yol olduğunu deyir və Azərbaycan şəraitində sürətli dəyişikliyin mümkün olmadığını vurğulayır. İnkişaf və tərəqqi dövlət və cəmiyyət arasındakı davamlı, ardıcıl "sürtüşmələr" nəticəsində ortaya çıxacaq deyə inanırlar. Bu qruplara orta sinif və gənclərin bir hissəsini aid etmək olar. Eyni zamanda bürokratiyanın içində də bu xəttin dəstəkçiləri var.
Bu fikri dəstəkləyənlərdən biri Erkin Qədirli deyir ki, artıq həm hakimiyyətdə, həm də ictimai təsisatlarda mübarizə köhnələr və yenilər arasındadır.
Bu kontekstdə görünən həm də odur ki, ölkədəki klassik müxalifət anlayışı siyasi çəkisini və aktuallığını itirməyə başladı. Müxalifliyin hekayəsi maraqsız olmağa başladı. Yəni, məsələn, "klanlararası mübarizə" hekayəsi insanlar üçün daha maraqlı, daha dramatik və daha həyəcanvericidir, nəinki müxalifət partiyalarının hakimiyyəti tənqid etməsi.
Paradoksal olsa da müxalifəti gözdən salan elə müxalifliyin özü oldu. Yəni fəaliyyətin və diskursun yalnız müxaliflik üzərində qurulması. Bu diskurs drama yarada bilsə də, çox uzananda insanları bezdirdi, diskurs bayağılaşdı. İnsanlar sual verir ki, yaxşı, bunları başa düşdük, hakimiyyət pisdir, bizim də onları dəyişmək imkanımız yoxdur, bəs sonra?"
Ardıcıl və daimi müxaliflik avtoritar sistemlərə xas olan məsələdir. Daimi iqtidar özünə daimi müxalifət yarada bilər. Hər ikisi əslində bir-birinə lazımdır . Hər ikisi yuxarıda qeyd etdiyim dramatikliyi düşmən yaratmaqla, demonizasiya ilə qurur. Dost və düşmən anlayışı isə siyasətin təməlində duran münaqişənin əsas elementləridir. Eyni zamanda reallaşması çox çətin olan hədəflərin seçilməsi də müxalifətin legitimliyini azaldır.
Burada başqa maraqlı və incə bir məqam var. İqtidar yeni müxalifət axtarışına çıxıb. Prezident son çıxışlarında köhnə müxalifəti tənqid etdi, yeniləri ümidlə gözlədiyini dedi. Bu, əslində çox maraqlı oldu.
Çünki əvvəllər dövlət müxalif fikri və oyunçuları inkar edirdi və özünə uyğun konstruktiv müxalifət qururdu. Amma heç vaxt konstruktiv müxalifəti təşviq etmirdi. Yəni, bu fenomen haqqında çox danışmırdılar.
Yeni vəziyyətdə iqtidar "konstruktiv, amma həm də həqiqi" müxalifət axtarışına başlayıb. Bunun forma və məzmunu necə olacaq, - dəqiq demək çətindir.
Amma yeni müxalifət ehtiyacı hiss olunur. Həm iqtidar, həm də ümumən cəmiyyət üçün.
Bu yaxınlarda Britaniya parlament seçkilərində seçilmiş deputatların and içməyini izlədim. Bütün deputatlar, həm hakim, həm də müxalif partiyadan olanlar Kraliça Elizabeth-ə sadiq olacaqlarına and içirdilər.
Yeri gəlmişkən, Britaniya parlamentində müxalifətin qəribə adı var - Ülyahəzrət Kraliçaya Ən Loyal müxalifət. Loyal burada o deməkdir ki, hökumətin siyasətini tənqid etmək olar, amma hökumətin iqtidarını sorğulamaq olmaz.
İqtidarın sorğulanması dövlətə və demokratiyaya qarşı getməkdir. Bu, siyasi bir sazişdir. Bütün tərəflər bunu qəbul edir.
Təbii ki, Britaniyada elitalar arasında anlaşmanın bir hissəsi də odur ki, müəyyən dövrdən bir seçki olacaq və bu yolla iqtidar əl dəyişə bilər. Bizdə bu, hələ mümkün olmayıb, bu ənənə hələ yoxdur. Həm də ona görə ki, bizim elitalar hələ o dalğada deyil və hakimiyyəti itirməyin qiyməti çox bahadır.
Yaxşı, bəs yeni müxalifət ehtiyacı hardan doğur?
Bu ehtiyac, məncə, legitimliyin azalmasından yaranır. Legitimlik qəbuletmədi, yəni insanların, vətəndaşların hakimiyyəti nə dərəcədə qəbul etməyi. Bu, iqtidara dəstəkdən fərqlidir, çünki dəstək aktiv hərəkətdir, qəbuletmə isə passiv razılıqdır.
Artan sosial-iqtisadi problemlər isə passiv razılığı azaldır. Burada maraqlı olan hökumətin bu yeni situasiyaya verdiyi cavabdir. Hökumət siyasətdən istifadə edir, amma bu siyasət dövlət siyasətidir (policy). Hökumət siyasəti problemləri həll edir, amma vəziyyət sürətlə dəyişdiyi üçün davamlı sabit mühit yarada bilmir.
Ona görə də hökumət siyasətinin üstünə həm də ictimai siyasət (politics) lazımdır. Bu anlamda ictimai siyasət dövlətin xalqla danışmaq, dialoq qurmaq vasitəsidir. Siyasi fikirlərin səslənməsi, plüralist mühitin yaranması nəticəsində "qapağı açıb cəmiyyətin buxarını buraxmaq" mümkündür.
Yəni policy və politics bir arada olmalıdır. Və əslində ictimai siyasət vasitəsilə aparılan dialoq iqtidarın marağındadır. Necə ki, azad və müxalif fikirli mediadan istifdə edərək dövlət problemli yerləri aşkar edir və hərəkətə keçir eləcə də ictimai siyasətdə fərqli fikirlərə imkan yaratmaqla dövlət sosial-iqtisadi problemlərin yaratdığı gərginliyi azalda bilər.
Fərqli fikirli insanların ictimai məkanda danışa bilməsi, insanlara çıxış əldə etməsi geniş kütlələrdə təmsil olunma hissi yaradır.
İnsanlar öz əks-sədalarını eşitməlidir. Öz düşündüklərini ictimai məkandan eşidib, "hə, düz deyir də" deyə bilməlidilər.
Nəzəriyyədə bu növ mexanizmlərə sığorta (safety valve) kimi baxılır və dünya təcrübəsində istifadə olunur. 1989-cu ildə ingilis siyasət alimi Robert Springborg Hüsnü Mübarək zamanı Misirin siyasi pluralizmə açılmasını bu səbəblə izah edirdi. Yəni, siyasi pluralizmə artan sosial-iqtisadi gərginliyi azaltmağın yolu kimi baxılır.
Məncə, bu sahədə son zamanlar ən uğurlu layihə İctimai Televiziya layihəsidir. Rəhbərlik dəyişikliyindən sonra daha plüralist məzmun yaratmağa doğru ciddi addımlar atıldı. Müəyyən dərəcədə tənqidi düşüncədə olan insanlara ictimai məkana çıxmaq imkanı yaradıldı və bir qarşılıqlı proses başladı. Eyni zamanda televiziya özü tənqidi fikri bir metod kimi yavaş-yavaş qəbul etməyə başlayır.
Yayımın dili, tərzi dəyişib.
Təbii ki, bizdə bu proseslər çox yavaş gedir, amma hər halda bir sınaq oldu və artıq cəmiyyətdə təsiri görünməyə başlayır.
Bu kontekstdə parlamentin rolu da vacib ola bilər. Yəni, bizimki kimi hibrid sistemlərdə seçki elitaları idarəetmə mexanizmidir. Müxtəlif elitalar ara-sıra dəyişir, onlara parlament statusu verilir. Bu status həm prestij məsələsidir, həm də iqtisadi və administrativ resursa çıxış imkanıdır.
Adətən, bu status həm də korrupsiya imkanları yaradırdı. Hal-hazırda dövlətin gedərək korrupsiyadan uzaqlaşmağa çalışması və vətəndaşlara xidmət etmə fəlsəfəsini mənimsəməsi yeni deputatların seçilməsinin kriteriyalarını dəyişir.
Əslində görünən odur ki, deputatların bir qismi həm də dövlət qulluqçusu kimi çalışa bilər. Yəni, biznes və korrupsiyadan uzaq və öz seçildiyi ərazidə problemlərlə işləyəcək insanlar kimi...
Buna baxmayaraq, millət vəkili olmanın siyasi prestij məsələsi yerində qalır. Bu arada yeni tələblərin ortaya qoyulması bir neçə başqa kateqoriyada olan insanları deputatlığa maraqsız edir. Məsələn, oliqarxları və uğurlu biznes adamlarını.
Yeni vəziyyət həm də yeni suallar yaradır, yuxarıda qeyd etdiyim kimi. Məsələn, parlament siyasət məkanı ola biləcəkmi? Və ya olmalıdırmı?
Gələcəkdə yeni sosial-siyasi saziş mümkündürmü və bu fərqli bir siyasi system yarada bilərmi? Elitalar arasında daha dayanıqlı sosial-siyasi saziş modeli ilə bağlı müzakirələr və danışıqlar başlaya bilərmi? Və sairə.
Mənim üçün, bir siyasət mütəxəssisi kimi, əsas həlledici və mərkəzi məsələ iqtidar anlayışının transformasiyasıdır. Bu proses isə yavaş-yavaş gedir.
Mənə görə, iqtidar texnoloji tərəqqiyə və cəmiyyətin transformasiyasına laqeyd qala və ya zidd davrana bilməz. Ən azından bizim coğrafiyada mühafizəkar qalmaq çətin olacaq. Ona görə də uyğunlaşma baş verməlidir, çünki bu yarışda güclü olan yox, uyğunlaşa bilən sağ qalacaq.(BBC)