Sabah Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Əsas hakimiyyət iqtidarın əlində olsa da, prezident postunu müxalifətin ələ keçirəcəyi ehtimalı böyükdür. Bu seçkilər Gürcüstan tarixində ən maraqlı proseslərdən biri hesab olunur.
Yenixeber.org: Gürcüstanın seçki tarixində belə hal iki dəfə qeydə alınıb: 2008 və 2012-ci il.
“Sputnik Gürcüstan”da yayımlanan Aleksandr Qelovaninin məqaləsində deyilir ki, 2008-ci ildə hakimiyyət dayandı, 2012-ci ildə isə bu baş tutmadı.
Bütün qalan seçkilərdə nəticələrin hakim partiyanın xeyrinə olacağını qabaqcadan görmək mümkün idi. 2003-cü ilə qədər seçkilərdə siyasi və maliyyə resursları əsas rol oynayırdı. 2003-cü ildə isə hakimiyyət yanıldı: cəmiyyətdə narazılığın səviyyəsi o qədər idi ki, saxtakarlıq “qızılgül inqilabı” ilə nəticələndi. Nüfuzlu “Edison Research” agentliyinin keçirdiyi sorğunun nəticələri namizədlər arasında minimal fərqi göstərir və bu, seçkinin nəticələrini gözlənilməz edir. Bu halda praktiki olaraq bütün şərhçilər, həmçinin beynəlxalq şərhçilər o fikirlə razılaşırlar ki, 2008-ci ilin analogiyası təkrarlanacaq. Burada əsas sual ortaya çıxır: Gürcüstan parlament respublikasıdır və prezidentin hüquqları çox azdır. Bəs nə üçün prezident postu uğrunda mübarizə bu qədər prinsipial olur? Əgər bu postda müxalifətin nümayəndəsi seçiləcəksə, bu, niyə bu qədər qorxuludur? Ölkənin beynəlxalq imici baxımından bu hətta faydalı ola bilər. Hərçənd, məsələ bu qədər sadə deyil və problem Gürcüstan hakimiyyətinin spesifikasiyasındadır. Bu seçkilərdə məsələ kimin prezident olmasında deyil, hakimiyyətə olan etibardır. Və bu o deməkdir ki, müxalifətin namizədi qələbə qazanarsa, vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi və real hakimiyyət dəyişikliyi şansları yüksək olacaq. Bu, necə ola bilər? Ümumiyyətlə, bu, texniki məsələdir. Belə bir hərbi hiylə var: obyekti qorumaq üçün onu məcburi minalamaq və rəqibi onun minalandığına inandırmaq lazımdır. Bunu məhz Gürcüstan seçkilərinə aid etmək olar.
Bu seçkiləri “üç gürcü arzusu” adlandıra bilərik.
Birinci arzu: bu, “Gürcü arzusu” adlanan hakim partiyanın xəyalıdır. Onlar istəyir ki, 2020-ci ilə qədər hakimiyyətdə qalsınlar və ənənəvi iki müddətlik dövrdən sonra digər siyasi qüvvələr kimi iqtidardan çəkilsinlər. “Gürcü arzusu” bu xəyalına çatmaq üçün hər şey edirdi: əsas siyasi rəqib olan Mixail Saakaşvilinin partiyası “Vahid Milli Hərəkat” gücdən salındı. Əhalini qeyri-adi addımlarla qıcıqlandırmaqdan çəkinirdilər. Doğrudur, Qərbdə strateji tərəfdaşları heç nəyə baxmayaraq, Gürcüstanda demokratiyanın irəliləyişinin olmadığı haqqında danışırdılar. Hakimiyyət bu problemləri kifayət qədər incə yola həll etməyə çalışırdı. Belə ki, bu seçkidə hakim partiyadan namizəd irəli sürülmədi, əvəzində müstəqil namizədi təklif etdi. Həm də bu namizəd təkcə müstəqilliyi ilə yox, 2004-2005-ci illərdə xarici işlər naziri olması və fransız diplomatik olmağı ilə seçilən Salome Zurabişvili idi. Lakin bəzi şeyləri hesablaya bilmədilər. Məsələ ondadır ki, bu ilin yazından Gürcüstanın siyasi həyatı alışıb-yanır və baş verənlər məhz hakim partiyanın əleyhinə işləyirdi. Kütləvi etirazlar, qalmaqallar, hakimiyyət daxilində sərt mübarizə. Bu, hakim partiyanın banisi, milyarder Bidzina İvanişvilini ictimai-siyasi həyata qayıtmağa və “Gürcü arzusu”na rəhbərlik etməyə məcbur etdi. Baş naziri istefaya göndərdi, qruplaşmaları neytrallaşdırdı. Bu, qismən uğurlu oldu, artıq seçkiqabağı kampaniya zamanı məlum oldu ki, hakim partiyanın daxilində parçalanma var. Bununla yanaşı, Zurabişvilinin namizədliyi ilə bağlı partiya daxilində fikir ayrılığı mövcud idi. Seçkilərin birinci turu hakim partiya üçün “soyuq duş” effekti yaratdı. Belə olanda hakimiyyət görünməmiş addımlar atdı. Əhaliyə kreditlərin əhəmiyyətli hissəsinin ödənəcəyi vədi verildi, “Milli hərəkat” partiyasının hakimiyyətə qayıdışına qarşı kampaniya təşkil etmək üçün maliyyə və inzibati resurslar səfərbər edildi.
Qələbə çalacaqları halda hakimiyyətin nə edəcəyi sual altındadır. Hətta seçkiqabağı vədlərin hamısı yerinə yetirilsə belə, bu ölkədə sistem problemlərini həll etməyəcək. Sadəcə olaraq, prezident seçkilərində qələbə hakimiyyətə yeni şans verə bilər.
İkinci arzu: bu, müxalifətin arzusudur, daha dəqiq desək, əsas müxalifət olan “Vahid Milli Hərəkat” partiyasının. Bu, hakimiyyətə qayıtmaq xəyalıdır. Georqi Vaşadzenin prezidentliyə namizədliyi 11 partiya və ictimai hərəkatdan irəli sürülməsi planlaşdırılsa da, hər kəs yeganə real müxalifətin “Vahid Milli Hərəkat” olduğunu anlayırdı.
Birinci turda müxalifətin əlində iki “kozır” var idi: Georqi Vaşadze və “Rustavi 2” kanalının siyasi texnologiyaları. Hər iki amil və milli hərəkatçıların aktiv işi nəticəsində müxalifət nəticəyə nail olmağı bacardı, halbuki, heç kəs bunu gözləmirdi. Çünki hakimiyyətlə müqayisədə müxalifətin maliyyə, inzibati və siyasi resursları yox idi.
Müxalifət qələbə çalacağı təqdirdə nə edəcək? Onlar parlament seçkilərinin vaxtından əvvəl keçirilməsinə çalışacaqlar. Prezident postu hətta səlahiyyətləri az olsa belə bu işdə onlara sərf edəcək. Çünki dövlət başçıları həm daxildə, həm də xaricdə ictimai rəyin formalaşmasında böyük rol oynayırlar.
Üçüncü arzu: bu, gürcü xalqının xəyalıdır. Mədəni və demokratik dövlətdə yaşamaq, sosial problemlərin azlığı və hakimiyyət nəzarətinin olmaması.
ÜÇ GÜRCÜ ARZUSU: Saatlar sonra kim kimi yola salacaq?