İRANIN HÜCUMUNDAN SONRA TRAMPIN MÜRACİƏTİNİN TAM MƏTNİ: "İran ABŞ-dan aldığı nağd pullarla regionu cəhənnəmə çevirdi"
Xəbər verdiyimiz kimi, ABŞ Prezident Donald Tramp yanvarın 8-də İranın İraqdakı ABŞ hərbi bazalarına raket zərbələri endirməsindən sonra amerikalılara müraciət edib.
Yenixeber.org: ABŞ Prezidentin həmin müraciətinin tam mətnini oxuculara təqdim edirik:
“Sabahınız xeyr!
Sevinclə sizə, amerikan xalqına məlumat verirəm ki, amerikanlar minnətdar və xoşbəxt olmalıdırlar, çünki İran rejiminin ötən gecə etdiyi hücum nəticəsində heç bir amerikalı xəsarət almayıb.
Ölən yoxdur, bizim bütün əsgərlərimiz təhlükəsiz şəraitdədir, bazalarımız isə minimal zərər görüb.
Bizim hərbçilərimiz hər şeyə hazırdırlar.
Görünür, İran geri çəkilib və bu, yaxşıdır. Bu, mövcud durumun bütün iştirakçıları üçün, bütün dünya üçün yaxşıdır.
Nə amerikalılar, nə də iraqlılar öz həyatlarını itirməyiblər. Bu, ona görə mümkün oldu ki, biz zəruri təhlükəsizlik tədbirləri gördük. Bizə əla işləyən erkən xəbərdarlıq sistemi də kömək etdi. Mən hərbçilərimizin fövqəladə bacarıqlarına da lazımi qiymət verirəm.
Biz çox uzun müddət ərzində, 1979-cu ildən başlayaraq, açıq deyirəm, İranın Yaxın Şərqdəki sabitliyipozucu davranışı ilə barışdıq, lakin buna son qoyuldu.
İran terrorizmin aparıcı sponsorudur. İran nüvə silahı əldə etməyə cəhd edir və sivil dünya üçün təhdiddir. Biz heç vaxt bunun baş verməsinə, İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik.
Ötən həftə biz terrorçuların bundan sonra da amerikanların həyatlarını təhdid etməsinə imkan verməmək üçün qəti hərəkətə keçdik. Mənim əmrimlə ABŞ hərbçiləri Qasım Süleymanini, “Qüds” qüvvələrinin başçısı və ən dəhşətli cinayətlərə görə məsuliyyət daşıyan, dünyanın başlıca terrorçularından olan birini məhv etdilər.
O, “Hizbullah” da daxil olmaqla, terrorçuları hazırlayırdı. O, mülki hədəflərə hücum təşkil edirdi. Ona görə minlərlə amerikan hərbçisi ölüb və yaralanıb. O, amerikan qüvvələrinə zərbə endirən yolkənarı bombalara görə məsuliyyət daşıyır. O, həmçinin ABŞ-ın İraqdakı səfirliyinə hücum təşkil etmişdi.
Axır vaxtlar o, amerikan hədəflərinə yönəlik yeni hücumlar planlaşdırmışdı, lakin biz onu durdurduq.
Süleymaninin əlləri dirsəyədək amerikanların və iraqlıların qanına batmışdı. Onu çoxdan məhv etmək lazım idi.
Lakin biz Süleymanini öldürməklə terrorçulara güclü siqnal göndərdik ki, əgər onlar öz həyatlarına dəyər verirlərsə, digər insanların həyatlarını təhdid etməməlidirlər.
Biz İranın aqressiyasına necə cavab verə biləcəyimizi qiymətləndirməyə davam edirik. ABŞ İran rejiminə yeni sanksiyalar tətbiq edəcək. İran öz davranışını dəyişməyincə, yeni güclü iqtisadi sanksiyalar qüvvəsində qalacaq.
Son aylarda İran beynəlxalq sularda gəmiləri saxlayıb, təhrik edilmədiyi halda, Səudiyyə Ərəbistanına zərbə endirib. İran həmçinin ABŞ-ın PUA-larını vurub.
İranın hərəkətləri Obama administrasiyasının İranla ağılsız nüvə anlaşması imzalamasının nəticəsidir. O zaman İran milyardlarla dollar nağd pul aldı. Lakin ABŞ-a minnətdarlıq etmək əvəzinə, onlar “Amerikaya ölüm!” qışqırmağa başladılar. Onlar bunu hətta anlaşma imzalanan gün qışqırırdılar.
İran ABŞ-dan aldığı nağd pulları regionu cəhənnəmə çevirməyə sərf etdi.
Dünən bizim obyektlərimizə doğru buraxılan raketlərin pulu Obama administrasiyasından alınan vəsaitlərlə ödənilib.
Qeyd edirəm ki, İran rejimi bütün ölkəni bürüyən etirazlara cavab olaraq, yüzlərlə iranlını məhv edib.
Obamanın prezidentliyi dövründə İranla imzalanan qüsurlu anlaşma tezliklə sona çatacaq. O, İrana nüvə silahı əldə etmək yönündə irəliləməyə imkan verib.
Biz tələb edirik ki, İran nüvə ambisiyalarına və terrorçuları dəstəkləməyə son versin.
Böyük Britaniya, Rusiya, Almaniya və Çinin bu reallığı qəbul etməsinin vaxtı çatıb. İndi onlar İranla imzalanmış anlaşmadan nə qalıbsa, ondan uzaqlaşmalıdırlar və bizim hamımız İranla elə bir anlaşma əldə etmək üzərində işləməliyik ki, həmin anlaşma dünyanı daha təhlükəsiz bir yerə çevirsin.
Bu, həmçinin İranın çiçəklənməsinə və öz potensialını inkişaf etdirməsinə imkan verən bir anlaşma olmalıdır. İran gözəl bir ölkə ola bilər. Lakin İrana zorakılıq, terror və müharibəyə təhrik etməyə icazə verildiyi müddətcə, Yaxın Şərqdə süh və sabitlik hökm sürə bilməz.
Sivil dünya aydın şəkildə İran rejiminə bəyan etməlidir ki, artıq onun terror və qətllərinə dözməyəcəkdir. İrana belə hərəkət kursunu davam etdirməyə izin verilməyəcəkdir.
Bu gün mən NATO-ya Yaxın Şərq prosesində daha aktiv iştirak etmək çağırışı ilə müraciət edirəm.
Son 3 il ərzində bizim iqtisadiyyatımız mənim rəhbərliyim altında görünməmiş güc əldə edib. Amerika enerji müstəqilliyinə nail olub. Heç kim bu nailiyyətləri mümkün hesab etmirdi. Lakin bu nailiyyətlərə görə indi biz Yaxın Şərqdə yeni fəaliyyət variantlarına malik olmuşuq.
Bu gün biz enerji müstəqilliyinə malikik, bizim Yaxın Şərq neftinə ehtiyacımız yoxdur. Biz 2 trilyon dollardan çox sərf edərək, amerikan qoşunlarını tamamilə yenidən qurmuşuq. Bizim qoşunlarımız hər zaman olduğundan daha güclüdür. Bizim böyük, güclü, dəqiq raketlərimiz vardır. Onlar dəqiq və öldürücüdürlər. Biz çoxsaylı səsdəniti raketlərin yaradılması üzərində işləyirik.
Lakin bizim çox sayda yeni güclü silaha sahib olmağımız faktı o demək deyildir ki, biz onlardan istifadə edəcəyik. Biz bu silahlardan istifadə etmək istəmirik.
Bizim gücümüz, – həm hərbi, həm də iqtisadi, – ən yaxşı çəkindirmə amilidir.
Bir neçə ay bundan öncə biz İŞİD terror qruplaşmasını 100% məhv etdik və onların nəzarət etdiyi əraziləri təmizlədik. Biz İŞİD lideri əl-Bağdadini məhv etdik. O, müsəlman və xristianlar da daxil olmaqla, başı kəsilmiş qətllərə görə məsuliyyət daşıyırdı. Əl-Bağdadi bir canavar idi. Amerikan qoşunları onu öldürən zaman o, necə deyərlər, İŞİD “xəlifəliyi”ni yenidən bərpa etməyə cəhd edirdi.
Mənim administrasiyamın fəaliyyəti dövründə on minlərlə İŞİD terrorçusu məhv edilib. Bu, İran üçün də yaxşıdır.
İran xalqına müraciət edirəm: biz istəyirik ki, sizin layiq olduğunuz gözəl – firavan gələcəyiniz olsun, dünya millətlərilə harmoniya içində birgə yaşayasınız.
ABŞ sülhə hazırdır. Mən sizin hamınıza təşəkkür etmək istəyirəm, qoy Allah Amerikanı qorusun! (Strateq)