ÇİN VƏ RUSİYA AYAĞA QALXAN İRANI MÜDAFİƏ EDƏCƏKMİ? –Pentaqon "Süleymani əməliyyatı"nda İraqın baş nazirindən istifadə edib -ARAŞDIRMA
Ergün Diler
“Takvim”, Türkiyə, 08 yanvar 2020-ci il
Yenixeber.org: İranlı general Qasım Süleymaninin öldürülməsi hələ də müzakirə olunan məsələlərin başında gəlir. Bu, MKİ direktorunun neytrallaşdırılması kimi bir hadisədir. İki gündə kimsə unuda bilməz, unutmaz. Doğrusu, İran da verəcəyi cavab üçün hazırlıq görməkdədir (Bu yazı İranın cavab verməsindən bir neçə saat öncə yazılıb – tərc.). Nələrin olacağını yaşayıb görəcəyik. Ancaq bəllidir ki, həm ABŞ, həm də İran baxımından, Orta Şərq artıq əvvəlki kimi olmayacaq. Bizim mərkəzində olduğumuz bu coğrafiya təkrar silkələnəcək. Ən ağıllı olan ən az təsirə məruz qalacaqdır.
ABŞ-ın, öncə də yazdığım kimi, İranı vurma ehtimalı vardırmı? Vardır. Bizə məlum olan, adət etdiyimiz klassik müharibə olmaz, amma Süleymaninin öldürülməsi belə, yeni sistem savaşın bir cəbhəsidir. Bunun davam etmə ehtimalı yüksəkdir. Eyni şey İraq üçün də keçərlidir. Xüsusilə Çinlə yan-yana durma qərarlılığı göstərdikləri müddətcə, iki ölkə dəqiq hədəfdir.
İranın nüvə proqramı həmişə bəhanə olub. Məqsəd İranla Çinin əlaqəsini kəsməkdir.
İraq isə indi Çinlə böyük həcmli anlaşma əldə etmək üçün start verib. Baxaq, görək, nələr olacaq? Sabitliyin pozulmasının daha da artacağını görmək çətin deyildir. Daha öncə də yazdığım kimi, gərginlik artarsa, YPG-yə bir vəzifə düşərmi? Məncə, üzərində durulmalı olan suallardan biri də budur. Minlərlə TIR silah verilən və təlim keçilən o qədər terrorçu harada istifadə ediləcək? Yoxsa vaxtı gəldiyində İranla bağlı tapşırıq almaq üçün təlim keçiblər? Eynilə İŞİD kimi… Düşünməkdə fayda vardır.
Süleymani ilə davam edək. ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obama dövründə MKİ 19 dəfə Qasım Süleymaninin neytrallaşdırılması üçün zəmin hazırladı. Ancaq 3 prezident də buna qarşı çıxdı. Yəni, Süleymani yeni mövzu deyil.
Yaxşı, bəs ABŞ prezidentləri nə üçün qarşı çıxdılar? Sual budur. Çünki Orta Şərqdə şiə hərəkatının güclənməsi lazım idi. Sünni-şiə gərginliyi üçün Qasım Süleymani çox önəmli idi. İŞİD adlı terror təşkilatının qurulması üçün şiə milislərin güclənməsi lazım idi. 3 prezident də Süleymaninin güclənməli olduğunu bilirdi. Hazırlanan hesabatların öncə Ağ Evə, ardınca Pentaqona getdiyini görürdük. Şiə milislər və İŞİD, tezis və anti-tezis iç-içə idi.
Ancaq Prezident Trampla birlikdə işlər dəyişdi. Tramp öz bildiyi yolla getmək istədikcə münaqişə böyüdü və müharibəyə çevrildi. Tramp gücünü artıraraq gedincə, Pentaqon və MKİ bundan böyük narahatlıq duymağa başladı.
Pentaqon və MKİ-yə yaxın 29 şəxs Tramp tərəfindən vəzifələrindən azad edildi. Onların içində ən güclü olanları Makmaster və Con Bolton idi. Ancaq Tramp onları da vəzifədən azad etdi.
Pentaqon da Ağ Evin apardığı bütün işləri öncədən öyrənəcək bir şəbəkə qurdu. Tramp bunu öyrəndi, ancaq 5 adamlıq bir heyət olduğunu təxmin etdiyi bu qrupu aşkar edə və neytrallaşdıra bilmədi. Beləliklə, Pentaqonu yönləndirmə şansını yaxalaya bilmədi. Bunu Qasım Süleymaniyə qarşı sui-qəsddə açıq, aydın şəkildə gördük.
Pentaqon İraq Baş naziri Əbdül Mehdidən Qasım Süleymani ilə görüş keçirməsini istədi. “Təcili” dedi. Mehdi də qəbul etdi. Bu hadisədə nə qədər qəribəlik olduğunu anlamaq çətin deyildir. Pentaqon Mehdiyə “Süleymani ilə görüş, Dəməşqdə keçirdiyi toplantılarda masaya gətirdiyi ABŞ bazaları ilə bağlı planlarından vaz keçsin” dedi. Mehdi də bu məsələ ilə bağlı Süleymanini razı salacağına dair söz verdi.
Çox deyil, 2 il öncə Pentaqon da (təqaüdçü ABŞ generalları) Süleymani ilə bir görüş keçirmişdi. Hətta o toplantıda YPG-yə təlim verən 2 rus generalı da iştirak etmişdi. Toplantının keçirildiyi yer isə İdlib idi. Yəni, hər kəs bir-birini tanıyırdı. Gizli bir şey yox idi.
Pentaqonun “Təcili” istəyi əsasında Mehdi, Süleymani ilə görüşdü və toplantını təşkil etdi. Saat da müəyyən edildi. Süleymaninin keçdiyi marşurutda da hücum təşkil edildi və plan uğurla başa çatdı. Mehdi bilmədən, istəmədən ABŞ-ın cinayət ortağına çevrildi. Bunun yaratdığı əsəbiliklə və məyusluqla da Çinlə böyük işlər görməyə girişdi.
Bundan sonra nə olacaq? Bir çox ölkə mövqe seçmə moduna girdi. İngiltərə, Fransa, İtaliya, Rusiya və Türkiyə bu məsələdə ən önəmli olan ölkələrdir.
Tramp dəfələrlə bölgədə hərbçi saxlamayacağını söylədi. Pentaqon isə dünən nöqtəni qoydu: “Tək bir əsgər belə, geri gəlməyəcək!” Durum belə olunca və Trampın Süleymaniyə qarşı təşkil edilən sui-qəsddən xəbərinin olmaması anlaşılınca, bütün ölkələr oyunun dəyişdiyini gördülər.
İndi, Süleymanidən sonra İranla yan-yana olmaq böyük risk təşkil edir. Çünki 11 Sentyabrdan sonra yaranan duruma bənzər bir durum yaranıb. İranla ortaqlıq etmək istəyənlər ABŞ tərəfindən “düşmən” elan ediləcək.
Pentaqon Süleymaninin ölüm əmrini verərəkən, əlbəttə, sonrasını da düşünmüşdür. Daha doğrusu, bunun qərarını silah lobbisi vermişdir. Silah lobbisinin Süleymani ilə bağlı verdiyi bu qərar yeni dünya nizamı üçün lazım idimi? Bəli, mütləq şəkildə. Çünki Aralıq dənizi mərkəzli yeni dünya nizamı Çin vektorunun güclənməsi səbəbilə qurula bilmədi. Çin nə qədər səssiz qalsa da, daima İranla ortaqlıq edirdi.
İndi İran Çindən güclü dəstək gözləyir. Eyni qaydada Rusiyadan da… Ancaq hələ ki, güclü dəstək yoxdur. İran təkbaşına ABŞ-la qarşı-qarşıya gələ bilməz. Çin və Rusiyanın İranın yanında olması barədə mesaj gəlsəydi, qısa müddətdə 10-dan çox ölkədən buna dəstək gələcəkdi.
Çin Xarici işlər naziri Van Yi İrana “Konstruktiv bir yol izləyin” dedi. Bu, açıq şəkildə “Biz ABŞ-la qarşı-qarşıya gəlmək istəmirik. Bu məsələdə bizsiz bir həll yolu axtarın” anlamına gəlirdi.
Pekinin ən strateji təhsil qurumu olan Renmin Universitetində işləyən professor Şi İnhun (ÇXR dövlət başçısı Şi Cinpinqin ən çox güvəndiyi şəxs) dedi ki, “Çin əsla Trampı təhrik edəcək bir addım atmayacaq. Ancaq Rusiya ilə münasibətlərini də İranın əleyhinə gedərək pozmayacaq. Yəni, Çin bu məsələdə İranın istəklərinə əsla müsbət cavab verməyəcək”.
Əgər İran ABŞ-a cavab verməzsə, bu dəfə beynəlxalq arenada adiləşəcək. Ancaq bu cavabdan sonra ABŞ-ın sərt qarşılıq verməsi İranı daha çətin duruma sala bilər. Bu səbəblə, ABŞ Süleymani kozırından istifadə edərək, sui-qəsdi həyata keçirdi. Oyunu da gizli oynamadı. Açıq şəkildə ölkənin ən çox sevilən şəxslərindən birini öldürdü.
Görünən odur ki, Rusiya və Çin sonadək İranın arxasında dura bilməyəcək. Trampa rəğmən, ABŞ daxilindən yüksələn “silah rüzgarı”, aydındır ki, paytaxtları narahat edibdir. İranın yalnızlığı da balansın tamamilə dəyişməsi anlamına gəlməkdədir.
ABŞ İranın gözlənilən cavabına görə (artıq gecə cavab verilib – tərc.) öncədən gözdağı vermək üçün İraqın üstünə düşə bilərmi? Baş nazir Mehdini ikinci dəfə çətinə sala bilərmi? Ehtimaldan kənar deyil.
Yaxşı, bəs İranın canını yandırmaq istəyəcəksə, qarşı həmlə gözləyərmi? Əsla gözləməz.
Amma bu anda önəmli olan Çinin geri çəkilməsdir. Mübarizəyə girməməsidir. Önəmli olan budur.
İranın başına gələnlərin və gəlməsi gözlənilənlərin səbəbi Çinin quracağı dünyaya inanması və dəstək verməsidir. Bu pəncərədən baxmaq həqiqəti sonadək görmək anlamına gəlməkdədir.
Tərcümə: Strateq.az