Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Liderlərin mühafizəçisi –Stalinə xoş gələn, Budyonnının katibəsini "oğurlayan", Xruşovun mənzil verdiyi Soldatov...

 

Kremlin birinci korpusunun giriş qapısında keşik çəkən gənc leytenant İosif Stalinin xidməti avtomobilini görəndə farağat komandası alır. İosif Stalin maşından düşüb qapıya yaxınlaşanda gənc leytenant əsgəri salam verir və o, bunu o qədər dəqiqliklə edir ki, Stalinin diqqətindən yayınmır:

- Sizin soyadınız nədir?

Leytenant farağat komandasında düz Stalinin gözlərinin içinə baxır, amma susur. Stalin sualını yenidən təkrar edir, amma bu dəfə də zabitdən cavab almır, onun alnında və üzündəki tər damcılarına baxır və heç nə demədən korpusa daxil olur. Qısa bir müddət keçdikdən sonra Stalin korpusdan çıxanda zabitdən soyadını yenə də soruşur. Bu dəfə gənc leytenant cavab verir:

- Leytenant Mixail Soldatov.

- Bu çox gözəl rus soyadıdır. Sən gələcəkdə yaxşı zabit olacaqsan.

Stalinin dediyi kimi də olur…

Onu “9-un əfsanəsi” adlandırıblar (DTK-nın 9-cu idarəsinin), xidmət etdiyi illərdə mühafizə etdiyi birincilərlə çoxsaylı maraqlı hadisələrlə üzləşib, ən mürəkkəb vəziyyətlərdə belə çıxış yolunu tapmağı bacarıb.

Mixail Soldatov 1926-cı ildə Moskvada anadan olub. Texniki peşə məktəbində təhsil aldıqdan sonra lampa zavodunda ilk əmək fəaliyyətinə başlayıb. Müharibə dövründə çağırış yaşında olan Mixail Soldatov hərbi xidmətə yollanıb. O, xidmətini dövlət təhlükəsisliyi orqanlarının hərbi hissəində keçirib. Nümunəvi xidmətinə görə kurslar keçdikdən sonra ona leytenant rütbəsi verilib.

Zabit kimi xidmətinin ilk illərində Soldatov dövlət qurumlarının, o cümlədən Kremlin mühafizəsində çalışıb. Baş verən kiçik bir “insident” onu tanınmış marşalların birinin şəxsi mühafizəsinə gətirib.

Belə ki, marşal Semyon Budyonnının dövlət bağındakı mühafizəçilərindən biri ezamiyyətə göndərildiyindən onu Mixail Soldatov əvəz edib. Mühafizə rəisi Soldatovun hifs edəcəyi ərazisi ona göstərib və ciddi şəkildə təlimandırıb:

- Bu əraziyə məndən başqa heç kim daxil ola bilməz. Hətta mən gələrkən yanımda olan başqa şəxslərin də bura daxil olması qadağandır. Yalnız mənim əmrimdən sonra əraziyə kimsə daxil ola bilər.

Kifayət qədər ciddi və məsuliyyətli olan Soldatov öz vəzifəsini tam anlayaraq növbəni qəbul edib. Bir neçə saat keçdikdən sonra onun mühafizə etdiyi əraziyə mülki geyimdə bir nəfər yaxınlaşıb. Həmin şəxsin üzü Soldatova çox tanış gəlib, amma xatırlaya bilməyib. Həm də düşünüb ki, kimliyindən asılı olmayaraq heç kimi buraxmalı deyil və nizamnaməyə uyğun hərəkət edib, silahını hazır vəziyyətə gətirib arxayın və rahat gəzən şəxsə əmr edib:

- Dayanın, əraziyə daxil olmaq olmaz, geri çəkilin, yoxsa...

Şəxs gülümsəyərək onun sözünü yarımçıq qoyub:

- Yoxsa nə? Güllələyəcəksiniz?

- Bəli, bu rəisin əmridir.

- Burada rəis mənəm.

- Xeyr, mənim bir rəisim var.

Bu məqamda mühafizə rəisi özünü hadisə yerinə yetirib. Aydın olub ki, Soldatovun bağ ərazisinə buraxmadığı şəxs, bağın sahibi marşal Budyonnıdır.

Bu hadisədən sonra marşal Soldatovu əmrlə öz mühafizəsində saxlayıb və onun bu hərəkətini yüksək qiymətləndirib:

- Əgər bir zabit məndən qorxmursa, deməli, o, heç kimdən qorxmayacaq.

Mixail Soldatov bir neçə il marşalın mühafizəsində xidmət edib. Xidməti yerini dəyişdikdən bir neçə il sonra onlar komsomolun qurultayında rastlaşıblar. Budyonnı fəxri lojaya qalxanda üzünü komsomolçulara tutub:

- Siz gələcəyin ölkə rəhbərləri və ən fəal kommunistlərisiniz. Amma aranızda oğrular da var.

Marşalın bu ifadəsi təəccüb doğuranda o, açıqlama verib:

- Bəli, Mixail Soldatov oğrudur. O, mənim qəbul otağımdan katibəm Lidanı oğurladı.

Mixail Soldatov Budyonnının mühafizəsində xidmət etdiyi vaxt məhz marşalın katibəsi ilə ailə həyatı qurub.
Sonralar Nikita Xruşovun mühafizəsində xidmət edən Mixail Soldatov onun, söyələnildiyi kimi, mühafizəçilərlə heç də kobud olmadığı ilə bağlı fikirlərini bölüşüb:

“Nikita Xruşov heç də deyildiyi kimi kobud olmayıb. Sadəcə, onun yumşaq damarını tutmaq lazım idi. O, təbiətə çıxanda xoşlamırdı ki, mühafizəçilər onun 3-4 metr addımlığında gəzsin. Amma bu bizim vəzifə borcumuz idi. Mən bu “qarşıdurma”nın həllini tapmışdım. Xruşov bir az gəzdikdən sonra oturardı və Ukrayna dilində “Məmim anam Ukrayna” mahnısını oxuyardı. Mən bu mahnını əzbərləmişdim. O, oxuyan kimi mən də oxumağa başlayırdım və o mənə deyirdi ki, gəl yanımda əyləş.

Biz bir çox xarici səfərlərdə olmuşuq. 1959-cu ildə Amerika Birləşmiş Ştatlarında səfərdə olarkən mənə zəng vurub dedilər ki, qızım olub. Bundan Xruşov da xəbər tutmuşdu. Axşam ziyafət zamanı o mənim şərəfimə qədəh qaldırdı. Amerikadakı səfirliyimizin əməkdaşları isə qızıma böyük bir kukla almışdılar, danışan, gözləri büllurdan olan gözəl və çox böyük bir kukla idi. Bu cür kuklanı Moskvada tapmaq mümkün deyildi. Geri qayıdarkən bizi yoxlayanda yerli təhlükəsizlik orqanlarının əməkdaşları kuklanı tən yarıdan kəsib içində nə olduğunu yoxlamaq istədilər. Xruşov onlara elə bir dərs verdi ki, qızımın kuklası SSRİ-yə “sağ-salamat” çatdı. Uğurlu səfərə görə əməkdaşlarımız dövlət təltifləri ilə mükafatlandırıldı. Mənə isə Xruşovun göstərişi ilə şəhərin mərkəzində mənzil verildi.

Avstriya səfərimiz isə insidentlə başlandı. Hava limanının qarşısına xeyli adam toplaşmışdı. Xruşov və Avstriyanın xarici işlər naziri mühafizəçilərin yaratdığı dəhlizdən keçib maşına yaxınlaşanda toplaşanlardan kimsə Xruşovun üstünə əl qumbarasına bənzəyən bir dəmir atdı. Mən bir göz qırpımında tullanıb bədənimlə həmin əşyanın Xruşova dəyməsinə imkan vermədim. Xoşbəxtlikdən, atılan qumbara deyildi. Onun içərisində rus emmiqrantının məktubu var idi, o, Xruşovdan SSRİ-yə qayıtmaqda ona kömək etməsini xahiş edirdi. Bu çevikliyimi və cəsarətimi Xruşov ona olan sədaqətim kimi qiymətlindirdi...”
Xruşov devrildikdən sonra Mixail Soldatov xidmətini Leonid İliç Brejnevin mühafizəsində davam etdirib. Birincilərin mühafizə işində kifayət qədər təcrübəsi olan Soldatov Brejnevin daha rahat adam olduğunu vurğulayıb.

1969-cu ildə Brejnevin Hindistana səfərindən bir neçə gün əvvəl Mixail Soldatov baş katibin təhlükəsiliyinin təmin edilməsi ilə bağlı Dehli şəhərinə yollanıb. Təhlükəsizlik tədbirləri ilə bağlı bütün məsələlər həll olunub. Yalnız bir məqam Soldatovu ciddi narahat edib. Brejnevi hava limanında qarşıladıqdan sonra onun fəxri qarovul qarşısından keçməsi Soldatovu düşünməyə vadar edib. Belə ki, fəxri qarovulda dayananların əllərində iri, iti və açıq baltaların olması ilə Soldatov razışaşmayıb. O, təklif edib ki, baltalı adamları sari geyinmiş hindistanlı xanımlar əvəzləsin. Soldatovun təklifi qəbul olunub və bu, qarşılanma zamanı Brejnevin çox xoşuna gəlib.

Xidmət etdiyi illərdə Mixail Soldatova bəzən xarici ölkə başçılarının SSRİ-yə səfəri zamanı onların təhlükəsizlik məsələsi də həvalə olunub.

Almaniya Demokratik Respublikasının rəhbəri Erix Honekkerin SSRİ-yə səfəri zamanı Soldatov ali qonağın təhlükəsizliyini təmin edənlərdən biri olub. Honekker açıq limuzində kiçik sürətlə Lenin prospekti ilə irəliləyərək paytaxt sakinlərini salamlayanda onun üzərinə gül dəstələri atıblar. Soldatov maşının ətrafı ilə qaçaraq həmin buketləri əli ilə itələyərək yerə atıb. Bu Honekkerin xoşuna gəlməyib və Kremlin həyətində maşından düşən kimi kobud şəkildə ona iradını bildirib:

- Niyə imkan vermirdin ki, xalq güllərlə öz sevgisini ifadə etsin?

Soldatov qanlı əllərini ona göstərib:

- Atılan qızılgüllərin tikanları sizi gözsüz qoya bilərdi.

Almaniya lideri kobudluğuna görə üzrxahlıq edib.

Mixail Soldatov təqaüdə çıxdıqdan sonra onu DTK-nın 9-cu idarəsində öz oğlu, Aleksandr Soldatov əvəzləyib. O, 1997-ci ildə, 71 yaşında vəfat edib.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam