Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Qəzaya uğrayan MİQ-29 təyyarəsi nəyin və kimin işarəsidir?-ŞƏRH

 

Yenixeber.org: Azərbaycanın MİQ-29 hərbi təyyarəsi ilə iyulun 24-də axşam saatlarında qəflətən rabitə əlaqəsi kəsildi və təyyarə radarlardan itdi. Axtarışlar hələ nəticə verməyib. Pilot barədə də məlumat yoxdur. Bu ikinci oxşar hadisədir. Bundan əvvəl 2008-ci ilin yanvar ayında da Azərbaycana məxsus MİQ-29 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğramışdı. Hər iki pilot həlak olmuşdu.

MİQ-29 hərbi təyyarələri Azərbaycanın əsas döyüş təyyarələridir. Azərbaycan bu təyyarələri müxtəlif illərdə Ukraynadan alıb. Bu təyyarələr keçmiş SSRİ-də istehsal olunurdu. Bu təyyarələr köhnəlib, bir çox ölkələr, hətta Rusiyanın özü daha modern təyyarələrin istehsalına üstünlük verir. Ona görə də son qəzadan sonra Azərbaycanda belə fikirlər səslənir ki, MİQ-29 təyyarələrindən imtina etmək lazımdır. Çünki, Azərbaycanda olan 29 təyyarədən artıq 2-si qəzaya uğrayıb. Demək qəzalar davam edə bilər. Təsadüfi deyil ki, son qəzadan sonra Azərbaycan Hərbi Hava Qüvvələri MİQ-29-un uçuşlarını dayandırıb.

Son qəza ilə bağlı Azərbaycanda maraqlı versiya səsləndirilib: Rusiyanın radar sistemləri Azərbaycanın MİQ-29 təyyarəsinin texniki sistemini sıradan çıxarıblar. Məsələ burasındadır ki, Rusiyanın hərbi hava qüvvələri eyni günlərdə Xəzərdə hərbi təlimlər keçirirdilər. Əgər bu versiya doğrudursa, deməli, Rusiyadakı mərkəzlər Azərbaycanın müdafiə sistemini zəiflətmək istəyiblər. Bu çox təhlükəli tendensiyadan xəbər verir.

Aydındır ki, şübhələr artsa belə Rusiya Azərbaycanı təyyarəsinin sıradan çıxarılması versiyasını təsdiq etməyəcək. Məsələn, Ukraynanın Donbass bölgəsində müharibə başlayanda ruspərəst separatçılar Malayziyanın sərnişin təyyarəsini vurdular. Ancaq separatçıları lazım raket qurğuları ilə təmin edən Rusiya Malayziyaya məxsus təyyarənin vurulmasını indiyənə qədər etiraf etməyib.

Rusiya Azərbaycana 5 milyard dollar civarında silah satıb. Ancaq bu silahların böyük hissəsi barədə yekdil fikir yoxdur, keyfiyyəti bir sıra hallarda şübhə doğurur. Ona görə də Azərbaycan artıq Rusiyadan silah almır. Bundan sonra MİQ-29-lardan istifadəsinə də diqqət yetirmək lazım gələcək. Azərbaycan başqa ölkələrdən müasir hərbi təyyarələr almaq məcburiyyətindədir.

Azərbaycana məxsus təyyarənin Rusiyanın radar sistemləri vasitəsilə qəzaya uğradılması versiyası rəsmi Bakını da ciddi düşündürür.

Azərbaycan ordusunun gücü artır. Təyyarə qəzasından bir neçə gün əvvəl “Global Firepower” təşkilatı 2019-cu ilin ən güclü ordularının siyahını dərc edib. Azərbaycan 137 ölkə arasında 52-ci yeri tutub. Cənubi Qafqazın ən böyük ordusu Azərbaycana məxsusdur. Gürcüstan 85-ci, Rusiyanın bölgədəki müttəfiqi Ermənistan isə 96-cı yerdədir. Bu Rusiyadakı siyasi və hərbi mərkəzləri narahat etməyə bilməz. Həmin mərkəzlər Azərbaycanın Cənubi Qafqazdakı hərbi liderliyindən ehtiyatlanırlar. Çünki, Azərbaycan Rusiyanın istəyi ilə Türkiyə, NATO və ABŞ-la siyasi və hərbi əməkdaşlıqdan imtina etməyəcək. NATO öz yüklərinin daşınması məqsədilə Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə etməyə başlayıb, ABŞ isə 2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollar maliyyə vəsaiti ayırıb. Bu maliyyə Azərbaycanın sərhəddə və Xəzərdə təhlükəsizlik imkanlarının artırılması üçün avadanlıqların alınmasına xərclənəcək.

Azərbaycan Rusiya ilə münasibətlərin inkişafına çalışır. Ancaq əgər Rusiyadakı mərkəzlər Azərbaycanın Qərblə siyasi və hərbi dialoqunun intensivləşməsi siyasətini qəbul etmirlərsə Azərbaycana müxtəlif yollarla təzyiqlərini artırmaqda davam edəcəklər. Bundan qorunmağın yolları ordunun Rusiyanın hərbi teknikasından və təsir imkanlarından qurtulmasından keçir. Əlbəttə, bu halda Rusiyadakı mərkəzlərin təzyiqləri daha da artacaq. Ancaq Bakıda “Rusiya Azərbaycanın strateji müttəfiqidir” və “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır” deyən və ya düşünən şəxslər öz postlarında qaldıqca Azərbaycanın müstəqilliyi üçün təhlükə azalmayacaq. Şimaldan təhlükə artarsa Azərbaycanın balanslaşdırılmış xarici siyasətdən Türkiyə və NATO ilə sıx hərbi əməkdaşlıq siyasətinə keçidə üstünlük verməsi zərurəti artacaq. Bu siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də yeni imkanlar aça bilər.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam