SURİYADA ÜZ-ÜZƏ DURAN TÜRKİYƏ-RUSİYA VƏ İRAN-ƏSƏD ALYANSI YARANIB:Ankara-Moskva əməkdaşlığını pozmaq üçün fitnələri kim törədir? - Araşdırma
Hakan Öztürk
Yeni Akit (Türkiyə), 03.07.2019
Yenixeber.org: ABŞ-İran oxu üzrə gərginlik saxlanınca Suriyada Rusiya və İran arasında çəkişmə yaranıb. Ankara böhranlı durumların araşdırılması və siyasət Mərkəzindən ekspert Cenk Tamer bu ölkələr arasındakı gərginliyi şərh və qeyd edib ki, Əsəd administrasiyası və İran Türkiyə-Rusiya münasibətlərini korlamağa çalışır.
“Suriyada Rusiya və İran arasında gərginliyin son nöqtəsi: İdlib böhranı” adlı analitik məqalənin müəllifi Cenk Tamer Suriyada baş verən böhran barədə mühüm qeydlər edib.
“İran İdlibdə Əsəd güclərinin hücumlarını dəstəkləməyə başlayıb”
Cenk Tamer qeyd edir – Rusiya ötən aylar boyunca bütün səylərini qoyub ki, İranın əl tutduğu döyüşçülər Suriya ordusunun İdlibə hücumuna qatılmasınlar, amma görüb ki, bu güclər olmasa, Suriya ordusu döyüş meydanında irəliləyə bilməz. “Bir sözlə, İdlib məsələsində İran Rusiyaya hələ də gərəkdir, – ekspert davam edir. – O biri yandan, 2018-ci il sentyabrın 7-də Suriya üzrə üçtərəfli Tehran sammitindən, təxminən, on gün sonra Türkiyə və Rusiyanın bağladığı memorandum üzündən döyüş meydanında özünü atılmış hiss edən İran bu ittifaqı dağıtmaq üçün İdlibdə Əsəd güclərinə açıq dəstək verməyə başlayıb”.
“Rusiya İdlib məsələsində Türkiyənin tərəfində durur”
Tamer qeyd edir ki, 2017-ci ilin mayında Astana danışıqları çərçivəsində yaradılması qərara alınan təhlükəsizlik zonalarından təkcə İdlib qalıb. “Axı Suriya ordusu Rusiya və İrann dəstəyi ilə Xoms, Şərqi Quta və Dərya-əl-Kuneytra kimi başqa təhlükəsizlik zonalarını tamamilə öz nəzarətinə alıb, – ekspert deyir. – Lakin humanitar təsəvvürlər üzündən Türkiyəninn Rusiya ilə İdlib üzrə memorandum imzalaması İranın və Əsəd administrasiyasının narazılığını doğurub və İran İdlibdə de-fakto zamin rolunu oynamağı buraxıb. Türkiyə məhz buna görə Rusiyaya Suriya rejiminin İdlibdəki qarantı kimi baxır. Bununla yanaşı Rusiya İranın Suriyadakı iqtisadi və hərbi fəallığından narahat olub və İdlib məsələsində Türkiyənin tərəfində durur”.
“Prezident Bəşər Əsədin 2019-cu ilin fevralında Tehrana səfərindən sonra İranın Aralıq dənizinin sahilində Latakiya limanını icarəyə götürməyi bu limanın Xmeymim bazasına yaxınlığı üzündən Rusiya üçün ciddi narahatlıq qaynağı kimi nəzərdən keçirilir, – Tamer vurğulayır. – Bundan başqa, Rusiya son dərəcə narahatdır ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə Nubl və əl-Zəhra, Deyr-əz-Zor, Əbu-Kamal, Dərya, Dəməşq yaşayış məntəqələri bölgəsində fəallığı artırır”.
“Döyüşçülər iki qrupa bölünüblər”
Tamer yada salır ki, İranın dəstəklədiyi döyüşçülər bu ilin aprelindən Hələb və Deyr-əz-Zorda aeroportlara nəzarət üçün Rusiya hərbi polisi ilə döyüşə girişirlər. “Demək olar ki, Suriyanın sözügedən şəhərlərində gərginlik hökm sürür və oxşar toqquşmalar baş verir, – ekspert davam edir. – Bundan savayı, ölkədə Suriya ordusu birləşmələri də, milis gücləri də ya Rusiyanın, ya da İranın dəstəyi ilə iki qrupa bölünüblər. Rejim gücləri arasında mübahisə və ya münaqişə törədiyi hallarda isə problemi İranın dəstəklədiyi döyüşçüləri başlıca olaraq Suriya ordusuna qoşmaqla həll etməyə çalışırlar. Birbaşa Rusiya-İran toqquşmasının meydana çıxmasına belə mane olmaq mümkündür”.
“Türkiyə-Rusiya işbirliyinə qarşı gedişlər”
“Beləiklə, Rusiyanın son illərdə Türkiyənin narahatlığını niyə diqqətə aldığı və Suriyanın şimalında, xüsusən Afrində əməliyyat çərçivəsində Türkiyənin əməliyyatlarına yaşıl işıq yandırdığının səbəblərindən biri İranın bölgədə çoxalan nüfuzudur, – Tamer ehtimal edir. – İdlib üzrə memorandum Türkiyə-Rusiya işbirliyinə ən açıq örnəkdir. Buna görə də İdlibdə son hücumları da İranın Suriyada Türkiyə-Rusiya işbirliyini dağıtmağayönəlmiş gedişi kimi şərh etmək olar”.
“Əsəd İranın xəttinə uyğun hərəkət edir”
Tamer qeyd edir – Rusiya hesab edir ki, Türkiyə İdlib məsələsində öz öhdəlikərini yerinə yetirmək üçün mümkün hər şeyi və səmimi etməyə çalışır. “Buna görə də İdlibdəki son hücumları Türkiyənin ünvanına Rusiyanın siqnalı kimi yozmaq mümkün görünmür, – ekspert hesab edir. – Axı Suriya prezidenti Bəşər Əsəd 2018-ci ilin sentyabrında İdlib üzrə memorandum imzalandıqdan və 2019-cu ilin fevralında Tehrana səfərdən sonra daha çox İranın xəttinə uyğun hərəkət edə, ya da Rusiyadan daha müstəqil siyasət yürüdə bilər. Belə halda isə demək olar ki, Rusiya Əsəd üzərində tam təsirə malik deyil və İdlib məsələsində tam mənasilə zamin rolu oynamağa qabil deyil”.
“İran Əsəd rejiminin hücumlarını dəstəkləyir”
“Yuxarıda qeyd olunduğu kimi, İran isə özünü təkcə zamin kimi, Əsəd rejiminin hücumlarını dəstəkləyən oyunçu kimi daha çox göstərir, – Tamer deyir. – Bununla yanaşı, Rusiyanı Əsəd rejimini Türkiyənin hərbi müşahidə postlarına hücuma təhrik etmək üçün Ankara-Moskva oxunda fikir ayrılıqları meydana çıxmalıydı.Amma bu iki ölkə arasında son zamanlar ciddi fikir ayrılıqları olmayıb – o cümlədən, İdlib məsələsində. Əksinə, Türkiyə-Rusiya işbirliyi sayəsində 2019-cu il iyunun 13-də İdlibdə barışıq yoluna qoyulub”.
“Əsəd administrasiyası və İran Türkiyə-Rusiya işbirliyindən təşvişə düşüb”
Ekspert əmindir ki, problemə geniş baxmaq, Ərdoğan və Trampın G20 sammiti meydanlarında görüşündən qabaq S-400 almağa Türkiyəni inandırmaq məqsədilə Rusiyanın gedişi kimi gözdən keçirmək də yanlışdır. “Bundan savayı, deyə bilərik ki, Rusiya Fəratdan şərqdə də Türkiyənin ABŞ-la işbirliyindən ciddi şübhələnmir və hətta bu ehtimalı görərsə, hələlik, çətin ki, İdlib üzərindən siqnal verə bilər. Buna görə də İdlibdəki son böhran xeyli dərəcədə Əsəd administrasiyası və İranın Türkiyə-Rusiya işbirliyi xüsusunda narahatlığının nəticəsidir”.
“Türkiyəninn Suriyadakı fəallığından narahat oyunçular fitnəkarlıqlar edirlər”
“Bundan başqa, İran Rusiyanın Suriya məsələsində son zamanlar İsrail və ABŞ-la sıx əməkdaşlığından əndişəyə düşüb, – ekspert əlavə edir. – Rusiya Təhlükəsizlik Şurasının 2019-cu il iyun 25-də Qüdsdə İsrail və ABŞ-ın milli təhlükəsizlik üzrə təmsilçiləri ilə görüşən katibi Nikolay Patruşev bildirib ki, Rusiya İsrailin təhlükəsizlyinin təminatına xüsusi önəm verir. 2018-ci ilin iyulundakı Helsinki sammiti və İranın dəstəklədiyi döyüşçüləri İsrailin işğal etdiyi Colan təpələrinə yaxın bölgələrdən uzaqlaşdırmaq üç ölkənin əməkdaşlığının nəticələri arasında ola bilər. Beləliklə, İdlibdəki son hücumları bir yandan Suriyada Rusiya-İran rəqabətinə bağlamaq, o biri yandan isə Türkiyənin Suriyadakı fəallığından narahat olmuş oyunçuların fitnəsi kimi gözdən keçirmək olar”.Tərcümə: Strateq.az