AMERİKA “PATRİOT”u ƏVƏZİNƏ RUS “S-400”-ü: Ərdoğan iki tərəfdən birini...- TƏHLİL
“Deutsche Welle”,
Almaniya, 09 iyun 2019-cu il
ABŞ-ın türklərin anlaşmadan imtina etməsini tələb etməsinə baxmayaraq, Ankara Moskvadan S-400 Zenit Raket Kompleksi (ZRK) əldə etmək istəyir. NATO üzvləri də narahatlıq ifadə edirlər. Bu, Türkiyəni nə ilə təhdid edə bilər?
Yenixeber.org: Ankara rus S-400 ZRK-sını (“Triumf”) almaqdan imtina etməli və raket əleyhinə amerikan “Patriot” komplekslərini almalıdır. Türkiyəyə qarşı belə tələbləri ABŞ Prezidenti Donald Tramp irəli sürür. Görünən odur ki, o, istənilən halda öz hədəfinə nail olmağa hazırdır.
ABŞ ultimatum formasında Türkiyədən tələb edib ki, 31 iyuldan gec olmayaraq, rus S-400 ZRK-sı almaqdan imtina etsin.
ABŞ Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Ellen Lord 07 iyunda, cümə günü Vaşinqtonda jurnalistlərə bildirib ki, Ankara bu tələbi yerinə yetirməzsə, Vaşinqton hazırda ABŞ-da təlim keçən türk pilotlarını ölkədən geri göndərəcək və türk kompaniyalarını F-35 istehsalında iştirakdan kənarlaşdıracaq.
Lakin Ankara Moskva ilə anlaşmadan imtina etməyə hazırlaşmır.
Ankara RF ilə anlaşmadan imtina etmək istəmir
Prezident Ərdoğan “Anadolu” dövlət informasiya agentliyinə bildirib ki, Rusiya rəhbərliyi Ankara ilə S-400-lərin satın alınması ilə bağlı anlaşma imzalayıb və Türkiyə Rusiya ilə anlaşmadan imtina etməyə hazırlaşmır. Onun ümumi dəyəri 2,5 milyard dollardır.
Satın alınması haqqında tərəflərin razılaşdığı rus S-400-ləri 400 km-dək məsafədə olan aerodinamik hədəfləri vura və eyni zamanda 80 hədəfi neytrallaşdıra bilər.
Türkiyə Müdafiə naziri Hulusi Akar da ölkə rəhbərliyinin rus silahını əldə etməyə hazır olduğunu müntəzəm olaraq təsdiq edir. O bəyan edib ki, artıq türk hərbçiləri Rusiyada S-400-lərin istifadə edilməsi və onlara xidmət göstərilməsi üzrə təlim keçiblər. Türkiyə ilk S-400 ZRK-sını iyulda alacaq. Onları 2019-cu ilin oktyabrında döyüş növbəsinə qoymaq niyyətindədir.
Sanksiyalar ABŞ-ın Türkiyəyə təzyiq üsuludur
Vaşinqton Türkiyə rəhbərliyini Moskva ilə anlaşmadan imtina etməyə məcbur etmək üçün artıq bir neçə aydır özünün NATO üzrə tərəfdaşına sərt təzyiqlər edir. ABŞ Prezidenti Tramp Türkiyənin S-400 əldə etmək niyyətini dəfələrlə tənqid edib. Dövlət katibi Mayk Pompeo isə Ankaranı sanksiyalarla təhdid edib.
Amerikan CNBC televiziya kanalının məlumatına görə, hətta Tramp administrasiyası Ərdoğana ultimatum verib. Türkiyənin Rusiya ilə anlaşmadan imtina etməyəcəyi halda, ABŞ Ankaranı F-35-lərin verilməsi proqramından çıxarmaqla təhdid edir. Türk ordusu belə çoxfunksiyalı V nəsil qırıcı-bombardmançı təyyarələrdən yüzlərləsini sifariş edib, pilotlar isə artıq təlim keçməyə başlayıb. Amerika administrasiyası tərəfindən belə tədbirlərin görülməsi Ankara üçün arzuolunmaz olardı.
İstisna edilmir ki, ABŞ-ın təzyiqi nəticədə Türkiyəni Moskva ilə anlaşmadan imtina etməyə məcbur edəcək.Ölkə ötən ildən ciddi iqtisadi və maliyyə böhranı yaşayır. ABŞ sanksiyalarının ölkə iqtisadiyyatına necə ciddi zərər verə biləcəyini ötənilki nümunədən görmək olar. Türkiyədə məhkəmə Amerikalı rahib Endryu Bransonu azad etməkdən imtina etdikdən sonra Vaşinqton türk polad və alüminium mallarına gömrük rusumu tətbiq etdi. İqtisadçı ekspertlərin çoxu ABŞ-ın o zaman gördüyü tədbirləri Türkiyədə iqtisadi böhrana səbəb olan amillərdən biri hesab edir.
Rus S-400-ləri Türkiyənin nəyinə lazımdır?
Təhlükəsizlik siyasəti sahəsində ekspert olan Ulrix Kun (Ulrich Kuhn) hesab edir ki, Türkiyə rəhbərliyinin S-400-lərin alınması ilə bağlı sərt mövqe tutması müəyyən maraqlara əsaslanır. Ekspert deyir: “Bu anlaşmaya diplomatik şahmat gedişi kimi baxmaq lazımdır”.
Onun fikrincə, Tramp administrasiyası vaiz Fətullah Güləni verməkdən imtina etdikdə Ərdoğan hökumətini bərk qəzəbləndirib.
Bundan əlavə, ABŞ Suriya və İraqda Türkiyənin terrorçu hesab etdiyi kürd üsyançıları özünə müttəfiq seçib.
Ulrix Kunun izahına görə, “Hazırda söhbət Vaşinqtona cavab verməkdən və geopolitik baxımdan mühüm tranzit dövlət olan Türkiyənin öz maraqlarını müdafiə edə biləcəyi barədə siqnal göndərməsindən gedir”.
Kun hesab edir ki, Rusiya ilə anlaşma hərbi baxımdan da Türkiyə üçün sərfəlidir: “Bu komplekslər təhlükəsizliklə bağlı qeyri-sabit durum olan yerlərdə yerləşdiriləcək. Məsələn, Türkiyənin cənub sərhəddi təhlükəsiz deyil”. Baxmayaraq ki, qonşu dövlətlərdən heç biri Türkiyəyə zərbə endirməyə hazırlaşmır.
Rus silahının satın alınmasının digər bir əhəmiyyəti də vardır. Təhlükəsizlik siyasəti üzrə ekspert Ulrix Kun sözlərinə davam edərək bildirir: “Türkiyə özü üçün yeni texnika təminetmə yolu əldə edə bilər. Hərbi personal təlim görəcək. Ankara lisenziya alacaq və nə zamansa, mümkündür, ZRK elementlərini müstəqil istehsal etməyi öyrənə bilər”.
Ankaranı motivasiya edən nədir: siyasi hesab, yoxsa biznes faydası?
Türkiyə rəhbərliyi S-400-lərin əldə edilməsi zərurətini əsasən Rusiyanın təklif etdiyi anlaşmanın kommersiya baxımından cəlbedici olması ilə arqumentləşdirir. Türkiyə Prezidenti Ərdoğanın bu həftə bəyan etdiyinə görə, Ankara Amerikanın “Patriot” komplekslərini əldə etməyə o zaman razı olar ki, Vaşinqton da Rusiya kimi yaxşı şərtlər təklif etsin. 2,5 milyard dollara başa gələn rus S-400 raketləri Amerikanın “Patriot” komplekslərindən çox ucuzdur və daha müasir və effektiv hesab edilirlər.
Lakin bununla birlikdə, silahın RF-dən alınması faydalı anlaşmadan daha artıq bir şeydir. ABŞ və NATO üzvü olan digər ölkələr qayğılanırlar.
Birincisi, S-400 texnoloji baxımdan alyansın Türkiyədə yerləşdirdiyi sistemlə uyğun gəlmir.
İkincisi, Moskva F-35-lərlə bağlı gizli informasiyaya giriş əldə edə bilər, çünki Türkiyə eyni zamanda həm rus ZRK-sını, həm də Amerika təyyarələrini istifadə edəcək.
Ankara dilemma qarşısındadır. Əgər o, ABŞ-a güzəşt edərsə, bununla Moskvanı ciddi qəzəbləndirmiş olar. Kreml də, ABŞ kimi, Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər. 2015-ci ildə türklər Suriya-Türkiyə sərhəddində rus bombardmançı Su-34 təyyarəsini vuran zaman belə olmuşdu.
Ümumiyyətlə, Ərdoğanın kimin oyun qaydaları ilə oynamağa razı olmayacağından asılı olmayaraq, istənilən halda, o, digər tərəfi çox güclü şəkildə hirsləndirəcək.
Tərcümə: Strateq.az.