ABŞ Türkiyəyə yenə vaxt verdi: “S-400 qovğası” pik həddə
Əhəd Məmmədli: “Türkiyə imtina edən deyil...”
Yenixeber.org: Türkiyənin Rusiyadan alacağı S-400-lərlə bağlı Amerika başda olmaqla, bir sıra ölkələrlə, o cümlədən, NATO-dakı müttəfiqləri ilə yaşadığı gərginlik pik həddə çatmaqdadır. Son olaraq, ABŞ türk pilotlara F-35 təyyarələrində təlim verməkdən imtina edib.
Göründüyü kimi, Amerika bu məsələdə qətiyyətli mövqeyini davam etdirir və qardaş ölkəyə son şans kimi gələn ayın son gününə qədər vaxt verir. Türkiyənin bu məsələdəki mövqeyi hər kəsə məlumdur. Rəsmi Ankaranın milyardlarla vəsait xərclədiyi S-400-lərdən son ana qədər imtina etməyəcəyi daha real görünür. Belə olan təqdirdə Türkiyənin hansı təhlükələri yaşaya biləcəyi barədə ekspertlərin ən müxtəlif mövqeləri var. İlk olaraq, göz önünə qardaş ölkənin NATO-dan çıxarıla biləcəyi gəlir. Ekspertlərin bu məsələ ilə bağlı ehtimallarından biri də odur ki, Türkiyə siyasi bazarlıqda qiymətləri daha da artırmaq üçün bu cür qətiyyət göstərir, son anda S-400-lərdən imtina edə bilər.
Politoloq Əhəd Məmmədli məsələnin həlli üçün iki yol olduğunu düşünür: “Ya S-400-ləri Türkiyə alacaq və F-35-lərdən birdəfəlik imtina edilib ABŞ-la münasibətlər daha da gərginləşəcək, ya da S-400-lər də, F-35-lər də alınacaq. Düşünürəm ki, ABŞ-la bu məsələdə anlaşılacaq və hər iki halda S-400-lər alınacaq. Bu məsələ elə bir vazgeçilməz vəziyyətə gəlib çatıb ki, raket kompleksindən Türkiyə imtina edən deyil. Dərinliyində bunu ABŞ da başa düşür. Yaxşı olar ki, sifətini qorumaq şərti ilə hər iki tərəf bu məsələdə çözüm yolu tapsın. Çözüm yolu isə Ankaranın Vaşinqtona təklif etdiyi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldırmaq üçün ümümi türk-amerikan texniki-araşdırma qrupunu yaratmaqdır. Trampın Ərdoğanla telefon danışığından sonra bu cür razılaşma əldə olunub - baxmayaraq ki, Pentaqonla Dövlət Departamenti bu cür razılaşmanın əleyhinə idi. Tramp bu düyünün çözülməsi yolunda rasional addım atmağa qərar verib. ABŞ qorxur ki, Tükiyə S-400-ləri alandan sonra Ankaranın da iştirak etdiyi F-35 projesinin gizli informasiyası radarlar vasitəsilə rusların əlinə keçə bilər. ABŞ Müdafiə Nazirliyi iki aydır Türkiyə ilə birlikdə rus raket kompleksi S-400-lərin araşdırması üçün nəzərdə tutulan texniki-araşdırma qrupunun yaranmasında imtina edirdi. Hələlik nə Ağ Ev, nə də Pentaqon bu informasiyanı şərh etməyib. Bu qərar sayəsində Türkiyə nəhayət ki, S-400-ləri və ardınca F-35-ləri də ala bilər”.
Politoloq fikirlərinə bu cür davam etdi: “Qeyd etdiyim kimi, Ankara F-35-lər projesinin ortaqlarındandır və bu görünməz qırıcıların alınması üçün bir milyard dollardan çox pul xərcləyib. İyul ayında S-400-lərin tam alınması və Türkiyəyə göndərilməsi gözlənilir. Amerikalılar Türkiyə tərəfinə S-400-lərin alınmasının 9 ay uzadılmasını istəyiblər. Türkiyəlilər isə amerikalıların bu təklifini rədd ediblər. Bütün bunlara rəğmən, onu da unutmayaq ki, Ağ Evin Konqres üzərində nəzarəti yoxdur. Konqres S-400-lərin alınacağı təqdirdə F-35-lərin Türkiyəyə satılmaması üçün proyekt hazırlayıb və buna görə sanksiyaların tətbiq edilməsi tələbində bulunur. Göründüyü kimi, Ağ Ev bir tərəfdə, Konqres, Dövlət Departamenti və Pentaqon digər tərəfdə Türkiyə məsələsində qarşıdurmadadırlar. Trampa imkan verilsə, o Ərdoğanla konsensusa gələcək. Qardaş ölkə öz mövqeyində israrla durmalıdır. Hesab edirəm ki, sonda bu məsələdə ortaq mövqeyə gəlinəcək. Türk pilotların geri qaytarılması amerikan hakimiyyətinin yuxarıda qeyd etdiyim reaksioner tərəfinin təşəbbüsüdür. Həmin bu tərəf Ankara ilə konfrontasiyaya getmək istəyir. Ümid edək ki, sonda Vaşinqtonda dağıdıcı deyil, qurucu tərəfin mövqeyi üstələyəcək. Türkiyənin NATO-dan çıxarılması mübahisə mövzusu deyil, ola da bilməz. Çünki hələ də NATO Türkiyəyə, Türkiyə də NATO-ya lazımdır. S-400-lərdən imtina mümkün deyil. Əgər Vaşinqton bunda israr edəcəksə, Ankara seçim arasında qalacaq və seçimi S-400-lərdən yana olacaq. Vaşinqton gərək vaxtında bunu fikirləşərdi - F-35-lərin kodunu Ankaraya verməkdən imtina edəndə. Artıq iş-işdən keçib. ABŞ ya S-400-lər, ya da F-35-lər yanaşmasından geri çəkilməsə, Türkiyə S-400-lərin üstündə duracaq. Düz də edəcək. F-35-lərdən imtina Türkiyə üçün dünyanın sonu deyil. Bunu Amerikada da yaxşı başa düşürlər. Bu məsələdə hamı üçün müsbət nəticəyə gəlinəcəyi düşüncəsindəyəm. Sonda isti yox, soyuq başlar qalib gələcək. Hesab edirəm ki, Amerika S-400-lər problemini Türkiyə ilə həll edib, F-35-lərini müttəfiqinin almasına əngəl törədən deyil. Türkiyə üçün Rusiya ilə münasibətlər çox vacibdir.
Ona görə heç bir halda S-400-lərdən imtina edilən deyil. Dövlətlərarası münasibətlər hər hansı bazarlıqdan daha üstündür. Türk-rus münasibətlərinin bu səviyyəyə çatması üçün çox əngəllərdən keçilib. S-400-lərdən imtina türk-rus yaxınlaşması üçün edilən bütün səyləri, əziyyəti yerə çırpmaq demək olardı. Buna Ankara getməz və niyə də getməlidir? Vaşinqton belə istəyir, ona görə? Ankara Vaşinqtonun hər istəyini qəbul etmək məcburiyyətində deyil. Nə ABŞ o gücdə deyil, nə də Ankara zəifdir. Üstəlik artıq Ankara ilə Moskva birlikdə S-500 raket kompleksi projesi üstündə işləməyi düşünürlər. Bu da o deməkdir ki, S-400-ləri Ankara Moskvadan alacaq. Ya Vaşinqton seyrçi rolunda qalıb Ankara ilə ziyanverici qarşıdurmaya gedib, Ankaranı daha da özündən uzaqlaşdırıb, Moskvaya yaxınlaşdıracaq, ya da Ağ Ev Ankara ilə anlaşıb, S-400 problemini də çözəcək, F-35 məsələsində də razılaşacaqlar”.