TEHRANDAN VAŞİNQTONA QARŞI SƏRT JEST:Yaxın Şərq savaş burulğanına sürüklənir – Təhlil
Stanislav Tarasov
regnum.ru, 30.04.2019
Yenixeber.org: İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, Tehran Nüvə Silahının Yayılmaması haqda Müqavilədən (NSYM) çıxmaq imkanına baxır. Bu saziş 1970-ci il martın 5-də qüvvəyə minib, 190 ölkə iştirakçısıdır, lakin Şimali Koreya, İsrail, Hindistan, Pakistan və Cənubi Sudan müqaviləni imzalamayıb. Zərif dəqiqləşdirib ki, Tehran üçün NSYM-dən çıxmaq Vaşinqton İran neftini dünya bazarından atmaq niyyətini bildirəndən sonra cavab xarakterli hərəkətin “çoxlu variantından biridir”. İranın belə gedişini tam asanlıqla proqnozlaşdırmaq olardı: NSYM-dən çıxmaq haqda bəyanat da hadisələrin qəliz düzümünü işə salmağa qabildir.
İsmarıc birinci növbədə ABŞ-ın İran üzrə müqavilədən çıxmasını dəstəkləməyən və amerikalıların yoxluğunda nüvə sazişini saxlamaq istəyini sözdə sərgiləmiş Böyük Britaniya və Avropa Birliyi ölkələrinə ünvanlanıb. AB-nin xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerininin Brüssel tərəfindən Amerika sanksiyalarından yan keçərək İranla ticarət mexanizmi haqda qərarının təsdiqləndiyi barədə məlumat verdiyini yada salaq. Amma Zərif indi bildirir ki, “Avropa dövlətləri Amerika sanksiyalar rejimi şəraitində İranla iqtisadi münasibətləri saxlamaqda bacarıqsız çıxıb”. ABŞ prezidenti Donald Tramp avropalıları amerikalılarla və iranlılar arsında seçim qarşısında qoyub. Avropa şirkətləri etiraf edir ki, bu şəraitdə Tehranla münasibətləri saxlamaq çətin, ya da mümkünsüz olacaq.
İkincisi. İranın NSYM-dən çıxması Yaxın Şərqdə nüvə silahlanması qovğası aça bilər. Bölgədə neft çıxaran varlı ölkələr yetərincədir – özəlliklə nüvə silahı yarada biləcək Səudiyyə Ərəbistanı. Yeganə maneə nüvə silahının yayılmasını yasaqlayan bir sıra beynəlxalq müqavilələrdir. Bir ərəb ekspertinin sözlərinə görə, həm də bu “bölgədə etnik və dini savaşların artıq min ildir epidemiya xarakteri daşıdığı, Rusiya və ABŞ kimi kürəsəl fövqəldövlətlərin maraqlarının kəsişdiyi” bir şəraitdə edilib.
Üçüncüsü. İran nüvə sazişinin bütün şərtlərini indiyədək gözləyibsə və MAQATE tərəfdən qınaq olmayıbsa, İsrailin İranın nüvə obyektlərinə hərbi zərbə endirmək imkanlarının qabağını alırdı, amma indi – hər halda, nəzəri səviyyədə – belə bir imkan meydana çıxır. İsrail siyasətçiləri İranın “nüvə bombası düzəltməkdə sıçrayış etmək” imkanından dəfələrlə danışıblar (belə bəyanatların gerçəkliyə uyğunluğu başqa məsələdir), son zamanlar isə belə bir imkanı “İranın neft satışından gəliri”nə bağlamağa başlayıblar. Başqa sayaq deyilsə, Zərifin açıqlaması bölgənin bəzi gücləri və ölkələri üçün “İran təhlükəsi” amilini aktuallaşdırır ki, bu da özlüyündə durumu daha dayanıqsız və son dərəcə təhlükəli hala çevirir.
Nəhayət, Tehranın hərəkətində özünün “Şimali Koreya ssenarisi”ni gerçəkləşdirmək səyi seyr olunur (yeri gəlmişkən, məlumat gəlib ki, Zərif bu günlərdə KXDR-ə baş çəkmək niyyətindədir). Görünür, Phenyanın Vaşinqtonla birbaşa danışıqları Tehranı bu düşüncəyə gətirir ki, amerikalılaır onlarla hesablaşmağa və yaxud İranın şərtlərini qəbul etməyə vadar etmək üçün məhz bu sayaq hərəkət etmək gərəkdir. Amma iş burasındadır ki, KXDR nüvə silahının varlığı amilini göstərib, halbuki İran onun yaradılmasına yalnız potensial imkan sərgiləyir, bu da Tehranın danışıqlar imkanını zəiflədir.
Çalarlar var. Tramp qabaqlar Vaşinqtonla ayrıca nüvə sazişi əldə etməkdən yana iranlı həmkarı Həsən Ruhaniylə “ilkin şərtlərsiz” görüşməyə hazır olduğunu sərgiləyibsə, indi bu yöndə durum dəyişməyə başlayıb. Amerikalılar Tehran qarşısına, ABŞ dövlət katibi Mayk Pompeonun sözlərinə görə, məğzi “iranlıların Yaxın Şərqdə öz siyasətlərini və öz xalqına münasibətini özülündən dəyişməyə hazır olduqlarını göstərməkdən” ibarət olan “tələblər zərfi” qoymağa başlayıblar.
Almaniya Xarici Siyasət Cəmiyyətinin işçisi Henninq Rike hesab edir – buradan irəli gəlir ki, ABŞ-ın İranla nüvə sazişi formatına qayıdışı Amerikanın gündəliyindən çıxarılıb və söhbət artıq başqa hədəflərdən, “yeni siyasət”dən gedir. Amerikanın məşhur analitiki Fərid Zəkəriyə bunu CNN telekanalında sonrakı danışıqlar imkanını çıxdaş edərək “Tehranda rejimin dəyişilməsi” kimi göstərib. Belə bir strategiya nə qədər effektli çıxar və burada keçməyə kimsənin cürət etmədiyi “qırmızı” deyilən cızıq varmı? Aydındır ki, Tehranla Vaşinqton bir-birinə qarşı gedir, lakin İsrail çəkilmiş çaxmaqla İranın üzərində duracaq.
Fikrimizcə, çətin ki, görünən gələcəkdə İrana hərbi zərbə endirilsin. Çox ehtimal ki, ABŞ və İsrail uzunmüddətli strategiya variantını – xarici basqı vasitəsilə İranda daxili-siyasi bölgüyə təsir göstərməyi seçib. Bütün əlamətlərə görə, AB bütün bunlara qarşı gedə bilməz, çünki “ABŞ tamasanı çox yüksəyə qaldırıb” ki, bu da Avropa ölkələrinin nüvə sazişindən çıxmasıyla ümumiyyətlə sazişin dağılmasına gətirə bilər. Belə şəraitdə İran diplomatiyasının ABŞ-ın beynəlxalq təcridi və dünya birliyinin dəstəyini təmin etmək kimi hədəflərə çatması, çox ehtimal ki, cüzi uğurlara aparar.
İranın fəaliyyətində daha ağlabatan ssenari Rusiya, Çin və ola bilsin, ABŞ və İsraillə münasibətlrədə ciddi probelmləri çıxan Türkiyə ilə yaxınlaşma kursu olacaq. Amma indiki anda Yaxın Şərqdə yeni ciddi geopolitik qarışıqlıqlarla bağlı hansısa aralıq variantından danışmaq olar. Kim qıraqda qalar və qalarmı – bu sual açıqdır.Tərcümə: Strateq.az