İKİ NÜVƏ DÖVLƏTİ TOQQUŞARSA… –Hindistan, yoxsa Pakistan qalib gələr?
Hindistan və Pakistanın silahlı əsgərlərinin birlikdəki sayı ABŞ əsgərlərinin sayından çoxdur.
Yenixeber.org: Bu iki dövlət son 70 il ərzində dörd dəfə toqquşublar və onlar bunu bir daha təkrarlaya bilərlər. Bu ehtimalı nəzərə alan “The National İnterest” nəşri Hindistan və Pakistan orduları arasında müqayisəli təhlil aparıb.
HİNDİSTAN ORDUSU
Hindistan ordusunun əsasını quru qoşunları təşkil edir. Bu ordunun tərkibində 1,2 milyon hərbçi və 900 min nəfər ehtiyat qüvvə var. Ümumi götürdükdə isə Hindistan ordusundakı əsgərlərin sayı 2,1 milyon nəfərdən ibarətdir. Hindistan silahlı qüvvələrinin başlıca tapşırığı Pakistan və Çin ilə sərhəddi, həmçinin də Kəşmirdəki daxili təhlükəsizliyi təmin etməkdir. Bundan əlavə Hindistan ordusu dünyanın bir çox yerlərində BMT-nin sülhməramlı əməliyyatlarında iştirak edir.
Hindistan silahlı qüvvələrinin tərkibində 14 ordu korpusu var və onlar da öz növbəsində 40 piyada, zirehli-tank və dağ-piyada diviziyalarına bölünürlər. Bundan əlavə ayrıca artilleriya briqadası, beş zirehli-tank briqadası, yeddi piyada briqadası və öz ölçüsünə görə briqadaya müvafiq gələn dörd ədəd hava hücumundan müdafiə dəstəsi var.
Piyada və dağ-piyada diviziyası əsas etibarıyla ölkənin dağlıq şimal və şimal-qərb hissələrində yerləşib. Piyada və zirehli-tank diviziyaları və dağ-piyada qrupları Pakistan sərhəddində yerləşdirilib.
Hindistan ordusunda cəmi bir hava-desant dəstəsinin olması, bəlkə də qeyri-adi görünür. Paraşüt polku öz məğzinə görə ordu-desant dəstəsi və həmçinin də xüsusi təyinatlılar üçün çətir mənzil-qərargahıdır. Paraşüt polkunun komandanlığı altında yeddi xüsusi təyinatlı batalyon və həm də üç hava-desant briqadası var.
Hindistan quru qoşunları silahlarını əsasən Rusiyadan və özlərinin hərbi sənaye komleksindən başqa, müxtəlif mənbələrdən alır. Hal-hazırda isə daha çox silah İsrail və ABŞ-dan gəlir. Hindistan ordusundakı 4 mindən artıq tank 97 zirehli-tank polkunun tərkibindədir və buraya daha köhnə 2400 “T-72” tankı,1600 “T-90” tankı və təxminən 300 “Arjun” tankı daxildir. Bundan başqa mexanikləşdirilmiş ordu hissələrində piyadaların döyüş maşını “BMP-2” də var.
Hindistan quru qoşunlarındakı artilleriya qurğularının böyük əksəriyyəti Rusiya istehsalıdır. Buraya 300 millimetr çapındakı reaktiv yaylım atəşi sistemi “Smerç” də daxildir. Lakin indi belə təəssürat yaranır ki, Hindistan Rusiya istehsalı olan səhra artilleriyasından imtina edərək, onun yerinə ABŞ istehsalı qoşqulu “M777” haubitsaya və Cənubi Koreyanın özügedən “ K-9 Thunder” artilleriya qurğusuna üstünlük verir.
Bütün bunlara baxmayaraq hava hücumuna qarşı artilleriyada Rusiya qurğuları üstünlük təşkil edir. Buraya “Tunqus” özügedən zenit-top qurğusunadan tumuş, yüksək hündürlükdəki hədəfləri vurmaq qabiliyyəti olan ”Triumf” zenit-raket kompleksləri aiddir.
PAKİSTAN ORDUSU
Pakistan ordusunun xidmətində 650 min hərbçi və 500 min ehtiyat qüvvə var. Müvafiq surətdə bu 1 milyon 150 min əsgər edir. Hərçənd belə hesab edilir ki, Pakistanı əhatə edən ölkələr ona qarşı kəskin düşmən mövqeyindədir, amma onun Çin və İran kimi qonşularla yaxşı münasibətləri var. Pakistan ordusunun başlıca işi daxili təhlükəsizliyi təmin etmək, Talibana və həm də Hindistan ordusuna qarşı dayanmaqdır. Hindistan kimi Pakistan da BMT-nin sülhməramlı missiyası altında münaqişə zonalarına hərbçi göndərən əsas ölkələrdən sayılır.
Pakistan ordusunun 26 zərbə diviziyası var və onlar doqquz ordu korpusunun tabeçiliyinədir. Diviziyaların əksəriyyəti piyada diviziyalarıdır, əlavə olaraq iki zirehli-tank və iki mexanikləşdirilmiş diviziya da var. Bundan başqa hər bir korpusun nəzarətində orta hesabla bir zirehli-tank, bir piyada və bir artilleriya briqadası yer alır. Pakistan ordusu öz həcminə görə Hindistan ordusundan nəinki kiçikdir, həm də birbaşa Hindistana hücum edə biləcək hücum qrupları da azdır. Xüsusi əməliyyat qüvvələri “Xüsusi Xidmət Qrupunun” (Special Services group) nəzarətindədir və buraya səkkiz kommandos batalyonu daxildir.
Quru qoşunları əsasən Pakistan və Çin istehsalı silahlarla təchiz olunub, lakin başlıca həlqələrdə Türkiyə və ABŞ silahlarından istifadə edilir. Pakistanın ön cərgədə cəmi 700 tankı var və buraya “Khalid” və “T-80 UD” tankları aiddir. Ordunun ixtiyarında 1000 ədəd 1970-ci illər Çin istehsalı olan modernləşdirilmiş “Tip 50” var. Pakistan ordusunda müasir piyadaların döyüş maşını yoxdur və silahlı qüvvələr “M113” tırtıllı zirehli-transpartyorun modernləşdirilmiş versiyasından istifadə edir.
Pakistan quru qoşunlarında təxminən iki min ədəd artilleriya qurğusu var ki, bunlar da əsas etibarıyla Çin və Amerika istehsalıdır. Amma bunlar köhnə modellərdir və yenilərinin alınması hələ ki, gözlənilmir. Bu fonda xüsusi yeri “M1095A5” özügedən haubitsası və həmçinin də 300 millimetrlik “A-100E” reaktiv yaylım atəş sistemləri tuturlar.
Pakistan silahlanmanın bir sahəsində Hindistandan irəlidədir – burada söhbət zərbə vertolyotlarından gedir, çünki onların ixtiyarında 51 ədəd “AH-1s Cobra” vertolyotları var. Digər yandan isə əlavə olaraq 15 ədəd “AH-1Z Viper” vertolyotu da sifariş verilib.
HƏRBİ TOQQUŞMA OLARSA…
Əgər bu iki ölkə bir-biriylə müharibəyə başlasa, onda quru qoşunların iştirakıyla iri toqquşma labüddür. Əsgərlərinin sayına görə Hindistandan geri qalan və kifayət qədər təchiz olunmayan Pakistan ordusu hesab edir ki, Hindistan ordusu özünə müvafiq mövqe tutana kimi, onlar lokal səviyyədə kiçik hücum əməliyyatı keçirməklə əlverişli ərazi zəbt edə bilərlər. Lakin silahlı qüvvələr arasındakı paritet uyğunsuzluğu onu deyir ki, pakistanlılar öz şərtlərinə uyğun şəkildə müharibəni sona çatdırmaq üçün qələbəni təmin edə biləcək iri miqyaslı hücum əməliyyatlarına ümid bəsləyə bilməzlər.
Ümumi nəticədə isə, Pakistan ordusu daha çox taktiki nüvə silahına güvənir.
Hindistan ordusu isə “Soyuq start” doktrinasına müvafiq olaraq təxirəsalınmaz hücum həyata keçirməyi planlaşdırır. Bu doktrinaya uyğun olaraq səfərbərlik elan olunmalı, daha sonra isə Pakistan nüvə silahından istifadə edənədək Pakistan ərazisi istiqamətində iri miqyaslı hücum əməliyyatları aparılması nəzərdə tutulur.
Adi silahlarla müharibə zamanı bu cür hücumlar və Pakistanın təxmin edilən məğlubiyyəti, taktiki nüvə silahından istifadə ehtimalını daha da çoxaldır.
Hindistan və Pakistan arasındakı düşmən münasibət Asiyanın bu ərazisini Yer kürəsinin ən təhlükəli məkanlarından birinə çevirir. Silahlı qüvvələr arasında paritetin olmaması, hər iki tərəfdən hazırlanan hərbi planlar və eyni zamanda da taktiki nüvə silahının mövcudluğu – burada regional nüvə müharibəsini tamamilə real edir.(azpolitika)
Hazırladı: Vaqif NƏSİBOV