Ermənistan – “bir ərindən boşanmamış digər bir kişiyə ərə gedən qadın” geri dönəcəkmi?
Yenixeber.org: Bu bənzətmə bizə aid deyil, rus politoloqlardan birinə aiddir. Ermənistanda bu ifadədən “incik” düşsələr də, onu müstəqim mənasında qəbul edənlər də var. Avropa İttifaqı ilə sənəd imzalayan və eyni zamanda, ona alternativ hesab olunan Avrasiya İqtisadi İttifaqının üzvü olan Ermənistana bu ifadənin çox yaraşdığını deyənlər haqlı deyillərmi?
Keçən ay Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması sənədini imzaladı. Rusiyanın başını çəkdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkənin başqa bir birliklə belə bir sənədi imzalaması ilk dəfə baş verirdi və buna ilk və sərt reaksiya Rusiyadan gəldi. Erməniləri bu hərəkətinə görə ruslar “bir ərindən boşanmamış digər bir kişiyə ərə gedən qadın”a bənzətdilər. Bunun nə anlama gəldiyini Ermənistanda yaxşı anladılar və o gün-bu gündür rusların bu bənzətməsi siyasətçilərin dilindən düşmür.
Ermənilər Rusiyadan qorxmağa başlayıblar, bu qorxunun da əsasları var. Ən birincisi, Qarabağın alınıb Azərbaycana verilməsi kimi rus təhdidi var. Rusiya telekanallarının birində “Время покажет” adlı verilişdə politoloq Maksim Şevçenkonun “Qarabağ Azərbaycanındır” deməsini ermənilər belə yozurlar ki, Ermənistana qarşı olan siyasətə artıq Rusiyada yön verməyə başlayıblar. Əgər doğrudan da, bu, belədirsə, onda qarşıya belə bir sual çıxır: Qarşıdakı ildə Rusiya Ermənistana, yəni “bir ərindən boşanmamış digər bir kişiyə ərə gedən qadına” nə edə bilər? Hansı tədbirlər onu yenidən “öz ərinin qucağına” qaytara bilər? Rusiyanın onlardan qətiyyətlə intiqam alacağını, hansı tərəfdən vurulacağını və hansı əks-hücumlar hazırlayacağını indi Ermənistanda qızğın müzakirə etməkdədirlər.
İstisna deyil ki, Qarabağda yeni “aprel döyüşləri”nə bənzər bir müharibə başladıla bilər. Qəribədir ki, bu dəfə zərbəni ermənilər Naxçıvan istiqamətindən gözləyirlər. Bəlkə də, bir başqa yerdən. Sərhədlər uzun, müdaxilə üçün səbəblər isə çooox… Niyə Naxçıvan? Çünki Rusiya bəzi planları təkbaşına etmək istəmir, buraya Türkiyəni də qoşmaq istəyir. Naxçıvanla bağlı Türkiyənin haqları var. Bu mənim qənaətim deyil, ermənilərin özlərinin gəldikləri nəticədir.
Erməni cameəsində Putinin son Türkiyə səfərində Ermənistana qarşı cəza tədbirlərinin ələ alındığı əndişəsi də var. Ermənistanın bu “ayağısürüşkənliyindən” sonra artıq “türk təhdidi gerçək olacaq” deyirlər və bu dəfə artıq Ermənistan qeyd-şərtsiz Rusiyanın qucağına düşəcəyi fikrində israr edənlər də tapılır.
Deyirlər ki, Ermənistana qarşı Rusiyanın təzyiqləri enerji ilə də olacaq. Bu, Rusiyanın əlində ən güclü vasitələrdən biridir. Əslində, Rusiya gələn ilin sonuna qədər qazı Ermənistana 150 dollara satmalıdır. Qiyməti dəyişməyi düşünür. Əslində o Ermənistanda qazı özü-özünə satır. Çünki Ermənistanda (“Qazprom-Armenii”) qazın sahibi o özüdür, erməni istehlakçıları qazı Rusiyadan faktiki olaraq 300 dollara alırlar. İstədiyi zaman qiymət dəyişikliyi edib Ermənistanı enerji böhranına sala bilər. Ermənistanın qaz aldığı İrana da Rusiya təzyiq edə bilər. Bir digər vasitə Rusiyanın buradakı mülkiyyətidir. Bəzi sahələrdə 75 faiz haqqa sahibdir. Rusiyanın mülkiyyəti olan enerji və digər sektor müəssisələri vasitəsilə Rusiyanın Ermənistanı diz çökdürmək imkanı var.
Digər bir cəza tədbiri Rusiyada çalışan erməni miqrantlarla bağlı ola bilər. Rusiya, əlbəttə, bəzi “daxili prosedurları” dövlət səviyyəsində etməz, amma elə bir şərait yarada bilər ki, “xopana” gedib ailələri üçün pul qazanan bu insanlar oradan əliboş dönərlər. Bu isə, Ermənistandakı erməni ailələrin aclığına səbəb ola bilər. Burada erməni iş adamlarının da unudulmayacağı şəksizdir.
Yolunu azmış, “erməni millətinin gələcəyi üçün” Rusiyanı saymayan Serj Sarkisyana qarşı təzyiqlər başlaya bilər. Ruslar bilirlər, onun haqqında nə deyəcəklər. Onun Azərbaycan cinayətləri və korrupsiya faktları ortaya qoyulacaq. Bu, Aİ ilə müqaviləni avtomatik olaraq bir kağız parçası edəcək. Bundan başqa, Serj Sarkisyan çətin ki, müqavimət göstərsin. “Bir ərindən boşanmamış digər bir kişiyə ərə gedən qadın” təkrar keçmiş ərinin yanına gələcək. Bu dəfə yalvarışla. “Strateji müttəfiqin” daha hansı tədbirləri ələ alacağını Ermənistanda yaxşı bilirlər. Deyirlər, bu, necə müttəfiqdir, Azərbaycana silah satır, bizə isə kredit verir ki, onun özündən silah alaq. Amma onu da ağıllarına gətirmirlər ki, Rusiya Azərbaycana daha modern silahlar satmaqda davam edəcək, daha Ermənistana kredit verməyəcək, borclarını istəyəcək və s. İllər uzunu Rusiyanın bir vilayəti halına gətirilmiş “oyuncaq ölkə”yə Rusiya istədiyini edə bilər. Hazırkı anlamda Avropa İttifaqı onu xilas etmək girişimində bulunmayacaq. Bunu Ermənistan da yaxşı bilir və dilə gətirməkdədir.
Bunlar yeni ildən işə düşəcək. O zaman xəyanət edib “yeni ərinin” yanına qaçmış bu qadın köhnənin qədrini biləcək.
Ermənilər suç işlədiklərini qəbul edir və “Rus ayısının” zərbəsini gözləyirlər. Amma bu zərbənin haradan vurulacağını bilmədiklərindən buna hazırlaşa bilmirlər…