Pezeşkian hədəfdə -İran hakimiyyətinin daxilində Prezidentə qarşı güc mərkəzi formalaşır

İran Prezidenti hərdən səlahiyyətlərində istifadə edərək, “ayağını cızıqdan kənara qoyur”. Bu isə ona təzyiqlərə səbəb olur. İranda bir çoxları Prezidenti ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneinin sözçüsü kimi görmək istəyir.
Yenixeber.org: Belə olduqda isə hökumət başçısının bütün istiqamətlərdə səlahiyyət azadlığı məhdudlaşır.
Ona görə də səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentlər barəsində “ali rəhbərə xəyanət etdi”, “özünü ölkənin başçısı sayır”, “İranın maraqlarının satdı” kimi fikirlər yayılır.
Hələ ötən il İranın keçmiş prezidenti Həsən Ruhani “hökumət başçılarının azadlığı yoxdur” deyə etirazını bildirmişdi.
İndiki Prezident Məsud Pezeşkian isə 2024-cü ilin avqustunda, yəni hökumət başçısı səlahiyyətlərinin icrasına başlayandan bir ay sonra “Mənə işləməyə imkan vermirlər” deyərək, idarəetməsinə maneələrin olduğunu demişdi.
O, hakimiyyət daxilində müəyyən bir qruplaşmanın onu ləkələməyə çalışdığını və işləməyə mane olduğunu vurğulamışdı: “Ölkədə motivasiya yoxdur, bizə çalışmağa imkan vermir, oyuna buraxmırlar. Ləyaqətli və bacarıqlı şəxslərin, kadrların işə cəlb olunmasına icazə vermirlər. Çünki bu kadrlar işə cəlb olunduqları halda, hakimiyyətdaxili bəzi problemli qruplar kölgədə qalacaq, güc mərkəzlərini əllərində saxlaya bilməyəcəklər”.
Yenicə Prezident olmuş Pezeşkianın sözlərinə görə, dəyişiklik üçün yeni plan hazırlanmalıdır. O, ölkədə insanların çətinlik içərisində yaşadıqlarını vurğulamışdı: “Xalq bizim sözlərimizdən uzaqdır, söz vermişik, amma yerinə yetirmirik və bizim riyakarlığımızdan qorxur, verdiyimiz yalan vədlərə görə bizdən narazıdır”.
O, HƏMAS lideri İsmayıl Həniyənin İranda qətlə yetirilməsinə görə uyğun qurumları tənqid etmişdi.
Pezeşkian hökumətin ayırdığı pulların hara xərcləndiyinin də bəlli olmadığını bildirmişdi.
Bu çıxışdan öncə o, İsraillə müharibəyə qarşı olduğunu da qeyd etmişdi. O, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xameneidən gərginliyi arzuolunmaz müharibəyə çevirməmək üçün İranın İsrailə istənilən birbaşa hücumunun qarşısını almağı xahiş etmişdi.
Pezeşkian xəbərdarlıq edirdi ki, İsrailin İranın milli infrastrukturuna və enerji resurslarına qarşı sərt cavab hücumu təşkil etmək qərarı ölkə iqtisadiyyatını çökdürə, potensial olaraq İslam Respublikasının tənəzzülünə səbəb ola bilər.
Onun prezidentlik dönəminin başlaması ilə İran-İsrail münaqişəsi də gərginləşdi.
Səbəb isə HƏMAS-ın Siyasi Bürosunun baş katibi İsmayıl Haniyənin İranda qətlə yetirilməsi oldu. Bu qətl, İsmayıl Haniyə Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra Tehrandakı iqamətgahında baş vermişdi. SEPAH-ın məlumatına görə, Haniyə təxminən 7 kq döyüş başlığı olan qısamənzilli mərminin atəşi nəticəsində öldürülüb.
Bu, Məsud Pezeşkianın İsraillə bağlı proqnozlarının düz çıxdığını təsdiqləyirdi.
Hakimiyyətdaxili qüvvələr Prezidentin səlahiyyətlərindən istifadə etməsini əngəlləməyi davam etdirirlər. Onlar Pezeşkianın İsraillə müharibə etməmək, qərblə danışıqlar aparmaq kimi çıxışlarını qorxaqlıq, yaxud “Xameneiyə qarşı çıxış” kimi dəyərləndrirlər.
Bu günlərdə parlamentin 42 deputatı Məsud Pezeşkiana rəsmi çıxışlarında və beynəlxalq bəyanatlarında daha ehtiyatlı olmağı tövsiyə edib. Məsələ ilə bağlı parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri məlumat verib.
Deputatın sözlərinə görə, məclis üzvləri Pezeşkiana rəsmi səviyyədə daha diqqətli və sayğılı davranması ilə bağlı xəbərdarlıq məktubu göndəriblər. Ancaq o, konkret hansı çıxışlara və ya fikirlərə irad bildirildiyini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl də Pezeşkianın amerikalı jurnalistə verdiyi bir müsahibə, onun dilindən səslənən bəzi fikirlər səbəbi ilə 24 deputatın etiraz bəyanatı ilə qarşılanmışdı. Pezeşkian isə həmin reaksiyalara cavabında bildirib ki, rəsmi protokolları bəyənmir.
Pezeşkian ötən il Tehranda Güney Azərbaycanla bağlı tədbirlərdən birində ana dilində türkcə danışan zaman kimsə ona “dövlət dili farscadır” ifadəsini pıçıldamaqla xəbərdarlıq etmişdi. Pezeşkian dərhal çıxışını farsca davam etdirmişdi.
Ötən ilin payızında İranın rəsmi dövlət teleradio şirkətinin eksperti regional vəziyyətlə bağlı çıxışında Məsud Pezeşkianı ziddiyyətli çıxışına görə tənqid edərək, demişdi: “Prezidentin xaricdə çıxışına görə xəcalət çəkirik. O deyir ki, biz Amerika ilə qardaşıq. Biz ərəb dilli ölkələrdən üzr istəyirik”.
Ancaq belə ekspertlər İran TV və radiosunda ali rəhbərin ünvanına tənqidi fikir söyləyə bilməzdi. Belə çıxır, prezident vəzifəsi belə münasibətlər, tənqidlər üçün nəzərdə tutulub.
Bir neçə ay öncə İranla ABŞ arasında danışıqlar İslam Respublikası cəmiyyətində geniş müzakirə mövzusu olmuşdu.
Məsud Pezeşkianın danışıqların mümkün bərpasına qarşı olanları tənqid edərək, hökumətlə ali rəhbər Seyid Əli Xameneinin mövqeyinin tam koordinasiyada olduğunu bəyan etməsi geniş əks-səda doğurmuşdu: “Dialoq təslim olmaq demək deyil. Danışıqlar aparmırıqsa, müharibə etmək istəyirsiniz? Yaxşı, müharibə oldu və keçdi. Gəlin, yenidən düzəldək, bu yenə baş verəcək. Biz emosiyalara qapılmamalıyıq. Hökumət rəhbərliyin razılığı və koordinasiyası olmadan, hətta mənim fikrimlə ziddiyyət təşkil etsə belə, heç bir addım atmayacaq”.
Məsud Pezeşkian onda fikrini davam etdirərək demişdi ki, müstəqillik istəyirsinizsə, bir çox problemlə barışmalı olacaqsınız: “Mən müharibə ilə nəyəsə nail olacağımızı düşünmürəm. Onlar deyirlər: düşmənin təklif etdiyi sülhü rədd etməyin. Danışıqlara getməyimiz təslim olmaq demək deyil. Ümumiyyətlə, təslim olmaq bizim təbiətimizdə yoxdur, amma kim deyib ki, danışıqlardan qorxmalıyıq? Mən danışıqlar aparmıram. Bəs siz nə etmək istəyirsiniz, vuruşmaq? Biz danışıqlar aparmamalıyıq deyənlər, nəyi təklif edir? Bu məsələlər emosional həll olunası məsələlər deyil”.
Bu kimi faktlar 42 deputatın Prezidentə xəbərdarlıq məktubunun mahiyyətinə aydınlıq gətirməyə imkan verir.
Pezeşkianın çıxış və davranışlarını xatırlasaq, parlament üzvlərinin ona hansı məsələlərdə irad tutduqlarını ehtimal etmək olar:
- ABŞ ilə münasibətlərin normallaşmasına cəhd etməsi;
- Guya Xameneinin siyasi kursundan kənara çıxması;
- İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) iradəsinə qarşı çıxması;
- Qərblə anlaşmaya meyillənmə;
- Nüvə silahı ilə bağlı razılaşdılmamış açıqlama verməsi;
- Türk olduğunu göstərmək üçün ana dilində çıxışlara çox yer verməsi;
- Azərbaycanla çox yaxınlaşması;
- İsraillə anlaşmaya getməyi təklif etməsi;
- Danışıqlar təklif etməklə təslimçilik aşılaması və s.
Bu və başqa bu kimi ehtimallar, mülahizələr, olaylar İran Prezidentinin vəziyyətinin göstəricisidir. Ona görə İslam Respublikasında xalqın seçdiyi hökumət başçısının, necə deyərlər, saqqalla bığ arasında qaldığı açıq-aydın görünür. Deyəsən, bu ifadə təkcə hökumət başçısının deyil, həm də İslam Respublikasının indiki vəziyyətini əks etdirir…(pressklub)
Sədrəddin Soltan