Marşalın etirafı:“Amerikalılar olmasaydı, savaşı davam etdirə bilməzdik”

II YAZI
Vaşinqtonun Moskvaya böyük dəstək planının təfərrüatları
Yenixeber.org: 1941-ci il sentyabrın 29-da imzalanan Birinci Moskva protokolu müttəfiqlərin üzərinə 4500 tank və 1800 yüngül zirehli maşın göndərmək öhdəliyi qoyurdu. SSRİ hər ay 500-ə qədər tank almağa ümid edirdi. Böyük Britaniyadan SSRİ-yə ilk tanklar oktyabrın 11-də PQ-1 qütb konvoyu ilə Arxangelsk limanından gəldi. Bunlar “Matilda” və “Valentine” maşınları idi ki, artıq dekabrda Moskva ətrafında əks-hücum zamanı istifadə olundular. Bütövlükdə təxminən 13 min tank göndərildi: 7 minə yaxın ABŞ-dan və 6 minə yaxın Böyük Britaniyadan. Əsas Britaniya tankı “Valentine” idi, ABŞ-ınkı isə 1942-ci ildən buraxılan “Sherman”. Uralda kütləvi tank istehsalı qaydasına düşəndən sonra sovetin tank sifarişləri azaldı ki, daha çox təyyarə ala bilsin.
Moskva danışıqların lap əvvəlindən mümkün qədər çox təyyarə göndərilməsini xahiş edirdi. 1941-ci ildə SSRİ-yə yeddi qütb konvoyu vasitəsilə 484 ədəd “Hurricane” qırıcısı (Britaniya) və 246 ədəd “Curtiss P-40” (ABŞ) təyyarəsi gətirildi. Bu zaman 1941-ci ilin dekabrında SSRİ-nin bütün aviasiya zavodları hər tipli cəmi 600 təyyarə istehsal etmişdi.
Britaniyadan SSRİ-yə ilk 39 təyyarə artıq avqustun 24-də gəldi. Maşınlarla birlikdə gələn ingilis pilotlar həm Murmansk ətrafında alman aviasiyası ilə döyüşlərdə iştirak edir, həm də sovet pilotlarına “Hurricane”də uçmağı öyrədirdilər. Britaniyalılar ilk uçuşu sentyabrın 11-də həyata keçirdilər, ertəsi gün üç düşmən təyyarəsini vurdular. Oktyabrın 16-da ilk 10 sovet pilotu hazır oldu. Oktyabrın 20-ə qədər britaniyalılar 365 döyüş uçuşu həyata keçirdilər və müxtəlif rəylərə görə, 12-16 düşmən təyyarəsi vurdular. Oktyabrın sonlarında döyüş qabiliyyətli 28 təyyarə Şimal donanmasının HHQ-nə təhvil verildi, britaniyalı instruktorlar isə növbəti konvoyla vətənlərinə döndülər.
SSRİ həm də yüzlərlə ton təyyarə hissələri, döyüş sursatları, yanacaq, aerodrom avadanlığı və aparaturası, o cümlədən sovet istehsalı olan qırıcılarda quraşdırmaq üçün 9351 Amerika radiostansiyası, naviqasiya avadanlığı aldı.
Onlar hara uçurdular
Qütb gecələri dövründə konvoyların hərəkəti nisbətən təhlükəsiz olurdu, amma yazın gəlişi ilə Norveçdə mənzillənən alman sualtı qayıqlarının və aviasiyasının fəallığı nəticəsində gəmi itkiləri sürətlə çoxaldı. 1942-ci ilin yayına qədər Arxangelsk və Murmanska 1972 təyyarə gətirildi. İyulun sonlarında PQ-17 konvoyunun darmadağın edilməsindən (35 nəqliyyat gəmisindən 22-i batırıldı) sonra konvoylarda payıza qədər fasilə vermək qərara alındı. Sonralar Arktika marşrutu ilə hər il SSRİ-yə 700-800 təyyarə göndərilirdi. Ümumən 1941-1945-ci illərdə şimal marşrutu ilə 4790 təyyarə gətirildi.
Alyaska-Sibir (ALSİB) marşrutu ilə uçuşların təşkili barədə qərar qəbul edildi.

Təyyarələr Alyaska - Uelkal - Seymçan - Yakutsk - Kirensk - Krasnoyarsk marşrutu ilə özləri uçurdular. ALSİB üzərində yeni aerodromların tikintisinə yerli əhali, Çukotka və Kolımadakı məhbuslar səfərbər edildi. 6 min km uzunluqda marşrutun sovetlərə düşən hissəsində 16 aerodrom tikildi və ya yenidən quruldu. İlk uçuşu 1942-ci ilin payızında həyata keçirilən ALSİB marşrutu üzrə cəmi 8 min təyyarə göndərildi. Kanada və ABŞ ərazisində 133, SSRİ-də 81 təyyarə itirildi. Marşrutun fəaliyyətdə olduğu müddətdə 115 pilot həlak oldu.
“İran dəhlizi” xeyli təhlükəsiz idi, amma ABŞ-dən Atlantik okeanı ilə Afrikanı dolanmaqla İraqın Bəsrə limanına qədər yol az qala üç ay çəkirdi. Təyyarələr limana parçalanmış şəkildə konteynerlərdə gətirilirdi. İraqdakı Britaniya aviabazalarında yığma istehsal təşkil edildi. Sovet pilotları təyyarələri Abadandakı bazada qəbul edirdilər, “Douglas” nəqliyyat təyyarələrinin yığılması da Abadanda həyata keçirilirdi.
ABŞ-ın B-25 və A-20 bombardmançıları SSRİ-yə öz uçuşları ilə gəlirdilər: Braziliyada, Yüksəliş (Ascension) adasında, Qərbi Afrikada aralıq enişlər etməklə, sonra da İraq və İran vasitəsilə. İran dəhlizi ilə SSRİ-yə ümumən 5648 təyyarə göndərildi. SSRİ-nin aldığı təyyarələr arasında Britaniyanın “Spitfire” və “Hurricane”, ABŞ-ın “Airacobra”, “Tomahawk” və “Kittyhawk” qırıcılarının xüsusi çəkisi daha çox idi. B-25 və A-20 bombardmançılarından əlavə, “C-47 Skytrain” nəqliyyat təyyarələri, “Catalina” hidrotəyyarələri göndərilirdi.
Sovet təyyarəçiləri “Airacobra”nı daha yüksək qiymətləndirir, düşmənin bütün maşınlarından üstün hesab edirdilər. Məsələn, ən çox alman təyyarəsi vurmuş sovet pilotu Aleksandr Pokrışkin onda uçurdu. Amerika və Britaniya təyyarələrinin üstün hündürlük xarakteristikaları, güclü silahları, komfortu, gecə uçuşlarını və hədəfə yönləndirməni mümkün edən etibarlı radioəlaqə ilə təmin olunması onların Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən istifadəsinə səbəb oldu. HHM-nin müharibə illərində aldığı 10 min təyyarədən 7 mini lend-lizlə gətirilənlər idi.
ABŞ və Britaniya böyük bomba yüklü və uzaq radiuslu dördmühərrikli bombardmançıların SSRİ-yə göndərilməsinə məhdudiyyət qoymuşdu. Bu, müttəfiqlərin belə maşınlarla Almaniya, sonra da Yaponiya sənaye müəssisələrinə zərbələr endirmək strategiyası ilə və ola bilsin, Stalinə yeni texnologiyalar vermək istəməmələri ilə izah olunur.
Nə ilə kömək etdilər
Söhbət xammaldan gedirsə, SSRİ-nin müharibə vaxtı istifadə etdiyi partlayıcının üçdə biri, misin yarısı, kobaltın yarısından çoxu lend-liz proqramı üzrə göndərilmişdi. Konstruksiya materiallarının, xüsusən də təyyarə korpusları üçün alüminiumun verilməsi də olduqca mühüm idi. Volxov və Zaporojye zavodlarının işğal nəticəsində itirilməsi ilə alüminium istehsalı 60% azaldı. Birinci Moskva protokoluna görə, müttəfiqlər hər ay bu metaldan 2 min ton tədarük edəcəkdilər. Savaşın gedişində rəqəm böyüdü. ABŞ-dan 99 min ton, Britaniyadan 35,4 min ton, Kanadadan 33,6 min ton alüminium gətirildi və tələbatın yarısı ödənildi. Eləcə də ABŞ-dan alüminium prokatı üçün zavod göndərildi. Lend-liz sovet aviasiya sənayesinin başqa mühüm tələbatını da qapadı: soyutma radiatorlarının istehsalı üçün zəruri olan nazir latun borulardan hər rüb 800 min ton gətirilirdi. Bundan əlavə, təyyarə istehsalı üçün ABŞ-dan 1,5 minə yaxın dəzgah və başqa müasir texnologiyalı avadanlıq göndərildi ki, bu da əmək məhsuldarlığını artırmağa kömək etdi.
Soyuq müharibə dövründə SSRİ hakimiyyətinin lend-lizlə bağlı etinasız münasibət sərgiləməsinə baxmayaraq, sovet elitası onun dəyərini bilirdi. Gözdən düşmüş marşal Georgi Jukovun fikirləri barədə KQB 1963-cü ildə Nikita Xruşşova məlumat verdi.

Jukov öz çevrəsində lend-lizin önəmi barədə açıq-aşkar danışırdı: “İndi deyirlər, müttəfiqlər bizə heç kömək etməyiblər... Amma inkar etmək olmaz ki, amerikalıların bizə göndərdikləri o qədər material olmasaydı, rezervlərimizi formalaşdıra və savaşı davam etdirə bilməzdik... 350 min maşın aldıq, özü də necə maşınlar!.. Partlayıcımız, barıtımız yox idi. Tüfəng patronlarına doldurmağa bir şeyimiz yox idi. Amerikalılar doğrudan da bizi barıtla, partlayıcı ilə xilas etdilər. Əgər Amerikanın polad yardımı olmasaydı, biz tank istehsalını belə tez bərpa edə bilərdik? İndi elə danışırlar, sanki bütün bunlar bizdə bol idi”.
Sovet hökuməti başçısının müavini, lend-liz yüklərinin qəbuluna rəhbərlik edən Anastas Mikoyan da müttəfiqlərin köməyini yüksək qiymətləndirirdi: “Bizə Amerikanın konservləşdirilmiş əti, konditer piyi, yumurta tozu, un və başqa ərzaq gəldikdə, bizim əsgərlər nə qədər önəmli əlavə kalori aldılar! Özü də təkcə əsgərlər yox: arxa cəbhəyə də bir şeylər çatırdı. Ya da avtomobilləri götürək. Axı biz yoldakı itkiləri nəzərə almaqla o zaman üçün 400 min birinci dərəcəli “Studebaker”, “Ford”, “Willys”, amfibiya maşınları aldıq. Bizim bütün ordumuz təkər üstünə çıxdı, özü də necə təkər! Nəticədə onun manevrliliyi yüksəldi və hücum templəri xeyli artdı... Lend-lizsiz biz, yəqin ki, daha bir il, ilyarım vuruşardıq”.
ABŞ-də 1940-1941-ci illərdə izolyanist siyasət tərəfdarları - Perl Harbora qədər xeyli idilər - qalib gəlsəydilər, prezident Ruzveltin nasist Almaniyasının hücumuna məruz qalmış ölkələrə lend-liz yardımı layihəsi vaxtında gerçəkləşməsəydi, İkinci dünya müharibəsi sadəcə “bir il, ilyarım” uzanmazdı, illər keçdikcə uduzulardı. Britaniya ilə SSRİ-nin və Almaniya ilə işğal etdiyi və ya asılı hala saldığı ölkələrin ÜDM-u təxminən bərabər idi. Almanların sualtı müharibəsi Britaniyanı xeyli məhdudlaşdırmışdı, SSRİ isə sənaye və resurslarının əhəmiyyətli hissəsini işğal olunan ərazilərdə itirdi. Amerikanın xammal resursu, istehsalı, texnologiyası və digər hərbi potensialı olmadan Hitlerin hərbi maşınına qalib gəlmək son dərəcə çətin olacaqdı.
Amerika yardımı olmadan SSRİ çətin ki, çökərdi, amma Üçüncü reyxlə mübarizədə hərbi səylərinin effektivliyi xeyli aşağı olacaqdı. Qeyd etmək lazımdır ki, 1942-ci ildə İran marşrutu ilə gələn lend-liz olmasaydı, Stalinqrad və Qafqazdakı sovet qoşunları daha çətin vəziyyətə düşərdilər. Hərbi əməliyyatların uzanması onminlərlə avtomobilsiz ordunun daha az mobilliyi üzündən də tamamilə real alternativ idi. Mümkündür ki, nüvə silahı ilk dəfə Yaponiyaya qarşı deyil, Avropada nasistlərə qarşı tətbiq olunardı.
Lend-liz proqramı Almaniyanın kapitulyasiyasından sonra məhdudlaşdı, Yaponiyanın 1945-ci ilin avqustunda təslimindən sonra isə tam dayandırıldı. Pul ifadəsində SSRİ-yə ABŞ-dan 11,3 milyard (85,7%), Böyük Britaniyadan 1,7 milyard (12,8%) və Kanadadan 200 milyon (1,5%) dollarlıq yük göndərildi (Bundan əlavə, ABŞ ictimai təşkilatlarının başlatdığı yardım kampaniyası zamanı 1,5 milyard dollara qədər vəsait yığılıb və bu pula əsasən dərmanlar, tibbi ləvazimat və avadanlıq, paltar və ərzaq alınaraq göndərildi. Bu yardım lend-lizə daxil deyildi - Press klub).
ABŞ-də aparılan birinci hesablamalara görə, amortizasiyası da nəzərə alınmaqla, salamat qalan mülki texnikanın və avadanlığın ödəniləcək dəyəri 2,6 milyard dollar təşkil edirdi. Sovet-Amerika danışıqları başlayana qədər bu məbləğ iki dəfə - 1,3 milyard dollara qədər azaldıldı. Sovet tərəfi 1948-ci ildə cəmi 170 milyon dollar ödəməyə razı idi, 1949-cu ildə 50 il ərzində 200 milyon dollar ödəməyi təklif etdi. ABŞ öz mövqeyini 1 milyard dollara endirdi, 30 ilə ödəməklə. Alver davam etdi. 1951-ci ildə amerikalılar məbləği bir az da kiçiltdilər və 800 milyon dollarda saxladılar, amma Moskva yalnız 300 milyon dollar ödəməyə razı olurdu.
Döyüşlərdə itirilən, silinən və qaytarılan texnikanın dəyərini çıxmaqla qalan borcun məbləği barədə Moskva və Vaşinqton arasında danışıqlar 1972-ci ilə qədər donduruldu. Gərginliyin azaldığı dövrdə SSRİ faizlər də nəzərə alınmaqla 2001-ci ilə qədər 722 milyon dollar ödəməyə boyun oldu. Ödəniş prosesi tezliklə, üç dəfəyə cəmi 48 milyon dollar ödəndikdən sonra dayandırıldı. 1990-cı ilin iyununda ABŞ və SSRİ prezidentləri arasında danışıqların gedişində borcun son ödəniş tarixi müəyyən edildi: 2030-cu ilə qədər 674 milyon dollar.
1993-cü ildən sonra Rusiya SSRİ borclarının ödənilməsini üzərinə götürdü. Lend-liz üzrə ABŞ-a olan borc da daxil olmaqla Paris kreditorlar klubuna bütün ödənişlər 2006-cı ilin avqustunda yekunlaşdı. Həmin vaxt postsovet təftişçilər ABŞ lend-lizinin antihitler koalisiyasının qələbəsində mühüm rol oynamasını yenə şübhə altına qoyurdular. “Diskussiyalar” yenidən başladı…(pressklub)
Hazırladı: Yadigar Sadıqlı
Mənbə: Burada