Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İstanbul qaranlığı:qanlı Qazi olaylarını kim törətmişdi?

          29 il əvvəl baş vermiş, Türkiyəni ayağa qaldıran hadisənin sirri hələ də açılmayıb 

Yenixeber.org: Türkiyənin 8-ci prezidenti Turqut Özal 1993-cü il aprelin 17-də qəflətən öldü. Baş nazir Süleyman Dəmirəl mayın 16-da Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyətin 9-cu prezident seçildi. Ona özünün Doğru Yol Partiyasından (DYP) başqa, Sosial-demokrat Xalqçı Partiyasının (SHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatları səs verdilər. 

Dəmirəl, Konstitusiya tələbi olaraq, partiya üzvlüyündən istefa verdi. DYP-nin yeni seçiləcək başqanı həm də baş nazir postunu tutacaqdı. Partiyanın iyunun 13-də keçirilən qurultayında Tansu Çillər başqan seçildi. Rəhbərliyi altında qurulan (SHP ilə koalisiyada) 50-ci Cümhuriyyət hökuməti iyunun 25-də TBMM-dən etimad aldı və Çillər baş nazir oldu. 

Çillərin qələbəsi olduqca gözlənilməz idi. O, cəmi 3 il idi ki, partiyaya üzv olmuşdu. Dəmirəl tərəfindən də dəstəklənmirdi (prezident seçkiyə qarışmayacağını demişdi, amma son vaxtlar Çillərlə münasibətlərinin soyuması sirr deyildi). Bununla belə, qalib gəldi. Bir çoxunun fikrincə bu, onun qadın olması ilə, DYP-nin də hökumət koalisiyasında böyük ortaq olması ilə əlaqədar idi. 

Müsəlman ölkəsində yetərincə gənc (47 yaşlı), müasir görünüşlü, olduqca gözəl gülüşlü, sarışın, ingilis dilində sərbəst danışan qadın baş nazir –  Atatürkün qurduğu respublikanın 70-ci ildönümü üçün bundan əlamətdar nə ola bilərdi? Həm də cəmi 13 il əvvəl hərbi çevriliş yaşamış ölkənin beynəlxalq imicini yaxşılaşdırmağa böyük töhfə verərdi! 

Üstəlik, iqtisadiyyat professoru. İqtisadiyyat isə Türkiyənin ən zəif yeri idi. Atatürk də, başqa sahələrdəki bütün dühasına baxmayaraq, iqtisadi sahədə xüsusi uğuru ilə öyünə bilməzdi. İkinci dünya müharibəsindən sonra bir çox ölkələr Marşall planı sayəsində iqtisadi yüksəliş yaşarkən, Menderes hökuməti həmin yardımdan o qədər fərasətsiz yararlandı ki, Türkiyə 1958-ci ildə defolta qədər çökdü. Yalnız Turqut Özal bu cəhətdən istisna idi və baş nazir olduğu 1983-1989-cu illərdə Türkiyə iqtisadiyyatını xeyli modernləşdirmişdi.

Süleyman Dəmirəl, Bülənt Ecevit, Ərdal İnönü, Alparslan Türkeş, Nəcməddin Ərbakan kimi siyasi liderlərdən fərqli olaraq, Tansu Çillər İkinci dünya müharibəsindən sonra anadan olmuş, ağlı kəsən vaxtdan Türkiyədə çoxpartiyalılıq, siyasi rəqabət, azad seçkilər görmüşdü. Düşünülürdü ki, bunun da təsiri olacaq və Türkiyə demokratiya sahəsində də sıçrayış edəcək, insan hüquq və azadlıqları daha yaxşı təmin ediləcək. 

Amma hər şey əksinə oldu. Tansu Çillərin baş nazir olduğu 2 il 8 ay 10 gün Türkiyə tarixinin ən uğursuz dövrü oldu. Yeni Türkiyənin simvolu olacağı gözlənilən qadın ölkəni də, partiyasını da, sekulyar dəyərləri də çökdürdü. İqtisadiyyat dərin böhrana girdi. İnflyasiya artdı. 

1994-cü ilin martında keçiriləcək bələdiyyə seçkiləri öncəsi inflyasiyanı dayandırmağa çalışan baş nazir ilin ilk üç ayı ərzində ölkənin valyuta ehtiyatının yarısından çoxunu hərraca çıxardı. Əvəzində seçkidən sonra inflyasiya dördnala çapdı. Çillər baş nazir olarkən 11 min lirədən aşağı olan dolların qiyməti 1994-cü ilin sonunda 40 min lirəyə yaxınlaşırdı. Çillərin öz postunu tərk etdiyi 1996-cı ilin martında isə 66,5 min lirəyə idi. İqtisadi tənəzzül yüz minlərlə insanı işsiz qoydu.  

İnsan hüquq və azadlıqları sahəsində isə vəziyyət lap acınacaqlı oldu. Əvvəllər də baş verən “faili meçhul” (üstü açılmayan) qətllər Çillər dövründə lap vüsət aldı. PKK ilə mübarizə adı altında insan hüquqları gözardı edildi. Dövlətin müəyyən qurumlarına bağlı, amma qeyri-leqal JİTEM və digər təşkilatlar məhkəməsiz həbslər, işgəncələr, qətllər həyata keçirirdi. Polisin həbs etdiyi adamların üzərində işgəncə izləri olan cəsədləri küçədə, yol kənarında, meşədə tapılırdı. 

İşgəncələr hətta yeniyetmələrdən vaz keçmədi. 1995-ci il dekabrın 26-da bir vaqona sadəcə “Paralı eğitime hayır” yazdıqlarına görə oğlanlı-qızlı 16 yeniyetmə həbs olundu. Dəhşətli işgəncələr altında onlardan gizli təşkilata üzv olmaları, Molotov kokteyli atmaları barədə ifadələr alındı. Gənclər yalnız Çillər iqtidarından sonra, 1997-ci ildə bəraət aldılar.

Beləcə, gənc, müasir görünüşlü, gözəl gülüşlü, ingilis dilində sərbəst danışan, intellektual bir qadın Türkiyəni qorxu səltənətinə çevirdi. O dövrə damğasını vuran ən önəmli hadisələrdən biri də 1995-ci il martın 12-15-də baş verən Qazi məhəlləsi olaylarıdır. 

      *** 

Qazi məhəlləsi İstanbulun Avropa hissəsində yerləşən Qaziosmanpaşa ilçəsinin bir məhəlləsi idi (2008-ci ildə yeni yaranan Sultanqazi ilçəsinə verildi). Burada əsasən türk və kürd kökənli ələvilər yaşayırdı. Martın 12-də axşam məhəllənin küçəsi ilə şütüyən taksidən dörd çayxana və bir şirniyyat dükanı avtomat silahlardan atəşə tutuldu. Nəticədə Halil Kaya adlı yaşlı birisi öldü, beşi ağır olmaqla, 25 nəfər yaralandı. Sonradan məlum oldu ki, atəş açanlar ələ keçirdikləri taksinin sürücüsünü öldürüb və maşını da yandıraraq, qaçıblar.  

Hadisədən sonra məhəllənin müxtəlif yerlərində insanlar dəstə-dəstə toplaşaraq, baş verənləri müzakirə etməyə başladılar. Mövzulardan biri də polisin, məhəllə sakinlərinin fikrincə, hadisəyə gərəkən səviyyədə reaksiya verməməsi idi. Bu zaman kim(lər)sə  – çox güman, elə hadisəni təşkil edən qüvvənin bu tərəfdə olan təhrikçiləri – yaxınlıqdakı polis şöbəsinə yürüş təşkil edərək, etiraz bildirməyə çağırdı. Polis də yürüş olacağını bilirmiş kimi hazır vəziyyətdə idi. Yürüyənlərin üzərinə atəş açıldı və Mehmet Gündüz adlı daha bir nəfər həlak oldu, bir neçə nəfər yaralandı. Bundan sonra əhali də küçələrdə barrikadalar qurmağa, tonqallar yandırmağa başladı. 

Ertəsi gün İstanbulda yaşayan minlərlə ələvi Qazi məhəlləsinə gəldi. Bu dəfə 15 min olduğu təxmin edilən izdiham polis üzərinə yürüdü və yenə atəş açıldı. Kütlə də buna daşlarla, dəyənəklərlə, Molotov kokteyli ilə cavab verdi. Hətta bu tərəfdən də atəş açanlar oldu.

Saatlarca sürən qarşıdurmada polisin amansız davranışı diqqət çəkirdi. Təhlükəsiz hala gətirilmiş insanların döyənəklə döyülməsi, təpiklənməsi baş verirdi. Ən məşhur epizod isə döyülməkdən huşsuz vəziyyətə gətirilmiş bir qadını iki polisin – biri ayağından, digəri isə saçından tutaraq – sürüyüb zibil konteynerinin yanına tullaması, sonra da birinin onu yerdə təpikləməsi oldu. Öldüyü güman edilən həmin qadın Özlem Tunç idi və aylarla sürən fiziki və psixoloji müalicədən sonra ayağa qalxdı. 

15 nəfərin öldüyü, yüzlərlə adamın yaralandığı və polis tərəfindən saxlanıldığı həmin gün sonunda İstanbul valiliyi Qazidə və daha iki qonşu məhəllədə küçəyə çıxmaq qadağası tətbiq etdi. Qaziyə giriş-çıxış nəzarət altına alındı. Amma sakinlərin qadağalara əməl etmək fikri yox idi. 

Martın 14-də Qaziyə 5 min nəfərlik hərbi qüvvə yeridildi. İnsanlar polisdən fərqli olaraq əsgərlərə rəğbətlə yanaşırdılar, hətta alqışlarla qarşılayanlar vardı. Həmin gün cem evində toplaşan məhəllə nümayəndələri etirazları dayandırmaq üçün 4 şərt irəli sürdü: öldürülənlərin cəsədlərinin verilməsi; küçəyə çıxmaq qadağasının ləğvi; saxlanılanların buraxılması; əsgər və polisin məhəllədən getməsi. 

Qarşı tərəf bu şərtləri dərhal rədd edincə etirazlar və toqquşmalar davam etdi. Həmin gün minlərlə adam Ankarada Kızılay meydanına çıxaraq, Qazidəki polis şiddətinə etiraz etdi. Bu dəfə Ankara polisi onların özünə şiddət tətbiq etdi.

Martın 15-də Qazi ilə yanaşı İstanbulun Asiya hissəsində yerləşən Ümraniyə ilçəsində etirazlar baş verdi. Burada polisin atəş açması nəticəsində 5 nəfər həyatını itirdi. Bu, etirazların son günü oldu. Ələvilərin sakitləşmədiyini görən hökumət – bəlkə də artıq məqsədlərinə nail olan qüvvələr – dörd şərti qəbul etdilər. Beləliklə, 1995-ci ilin 12-15 mart Qazi hadisələri yekunlaşdı –  22 nəfərin ölümü, 1000-dən çox mülki şəxsin və 400-dən çox polisin yaralanması ilə, eləcə də nəhəng miqdarda maddi zərərlə. 

             *** 

Amma yox, bir davamı oldu. Atəşə tutulan çayxanalardan birini idarəçisi və həm də müəllim olan Hasan Ocak martın 21-də polis tərəfindən həbs olundu. Üzərində işgəncələr izi olan cəsədi beş gün sonra Beykoz ormanında kəndlilər tərəfindən tapıldı və kimsəsizlər məzarlığında dəfn edildi. Ailəsi həbsdən 55 gün sonra bundan xəbər tutdu. 

Bu hadisədən sonra insan hüquqlarını müdafiə edənlərdən və eyni şəkildə ölü tapılan adamların yaxınlarından ibarət dəstə hər şənbə günü Galatasaray meydanında toplaşmağı, hökumətdən həbs edildikdən sonra öldürülən və ya itkin düşən insanlar haqqında məlumat istəməyi, günahkarların cəzalandırılmasını tələb etməyi qərara aldı.

İlk aksiya mayın 27-də keçirildi. Tezliklə etirazçılara Argentinadakı məşhur “May meydanı anaları” təşkilatı ilə analogiya olaraq “Cumaertesi anneleri” adı verildi. Ahmet Kaya onlara dəstək üçün təcili “Beni bul, anne” mahnısını yazdı və həmin il çıxan albomuna o mahnının adını verdi. 

İki yanımda iki polis, 

Ellerim kelepçede, 

Beni bul, beni bul anne… 

Bir il sona Sezen Aksu “Cumaertesi türküsü”nü oxudu. 

Ah, ben anayım, yanmaz canım 

Dışarıdan kora koysalar 

Ümidimi kaybedemezsiniz 

Ölsem de ahım tarihi karalar, ah, karalar.

1998-ci ildən etibarən aksiya iştirakçılarına qarşı polis təzyiqi artdı. 1999-cu il martın 13-də keçirilən 200-cü aksiyadan sonra fasilə verildi. 

2009-cu ildə yenidən bərpa olundu. 2018-ci il avqustun 25-ə planlaşdırılan 700-cü aksiya daxili işlər naziri Süleyman Soylunun təlimatı ilə Beyoğlu kaymakamlığı tərəfindən qadağan edildi. Buna baxmayaraq, aksiya keçirildi, iştirakçılar “Beni bul, anne” mahnısını oxudular. Polis bibər qazı və plastik güllələrlə müdaxilə etdi. Jurnalistlər belə döyüldü. 34 iştirakçı saxlanıldı və axşam saatlarında buraxıldı.

Beş ildən artıq müddətdə “cumaertesi anneleri” aksiyalarına icazə verilmədi. Yalnız 2023-ü il noyabrın 11-də azsaylı (10 nəfər) da olsa aksiya keçirildi və polis müdaxiləsi baş vermədi. Güman ki, yeni daxili işlər naziri  Ali Yerlikayanın təlimatı ilə.

Amma Argentinadakı hərəkatdan fərqli olaraq, Türkiyədəki analar həbs edildikdən sonra öldürülən, itkin düşən övladlarına görə heç kəsin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmadılar. 

*** 

Baş nazir Tansu Çillər isə Qazi hadisələri zamanı polisin davranışına yüksək qiymət verdi: “Açıkça söylüyorum; devlet bu kadar sağduyulu ve olaya bu kadar hakim olmasaydı, bugün kontrol altına alınmış olan bu olay çok daha vahim bir hale gelebilirdi”. 

Sentyabrın 30-da CHP-nin (1995-ci ilin fevralında SHP CHP-yə birləşmişdi və indi CHP koalisiya ortağı idi) başqanı seçilən Deniz Baykal koalisiyanın davam etməsi üçün İstanbul valisi Hayri Kozakçıoğlunun, şəhərin əmniyyət müdiri Necdet Menzirin istefasını istədi. Amma onların hər ikisi, eləcə də hadisələrdə adı çox hallanan Türkiyə Baş Əmniyyət idarəsinin müdiri Mehmet Ağar ilin sonunda keçiriləcək seçkilərdə DYP-dən millət vəkili seçildilər və həm də toxunulmazlıq əldə etdilər. Ağar bir neçə aydan sonra qurulan Refah-Yol hökumətində hətta daxili işlər naziri oldu. 

           *** 

Qeyri-adekvat güc tətbiq etmək və ehtiyac olmadan atəş açmaq ittihamı ilə 20 polis məsuliyyətə cəlb edildi. Amma onların məhkəməsi İstanbulda, hətta yaxın şəhərlərin birində deyil, guya təhlükəsizlik məqsədilə 1000 kilometrdən çox uzaqlıqda yerləşən Trabzonda keçirildi. 

Ölənlərin yaxınları 31 dəfə İstanbul-Trabzon-İstanbul marşrutu ilə gedib gəldilər. Onların şikayətçi, polislərin isə müttəhim olmasına baxmayaraq, hər yerdə birincilərə düşmən, ikincilərə qəhrəman münasibəti göstərilirdi. Şikayətçilərin avtobus karvanı polis maşınlarının müşayiəti ilə hərəkət etsə də, dəfələrlə daşqalağa məruz qaldı və buna görə kimsə tutulmadı. 

Hökm yalnız 5 il sonra, 2000-ci il martın 3-də çıxarıldı. 18 polisə bəraət verildi, yalnız iki nəfərin – Adem Albayrak və Mehmet Gündoğanın günahı sübut edimiş sayıldı və onlara müvafiq olaraq, 6 il 8 ay və 3 il 9 ay həbs cəzası kəsildi. Amma Apelyasiya qərarı ləğv edib işi yenidən məhkəməyə göndərəndə ədalətə ümidlərini itirən şikayətçilər yeni prosesdə daha iştirak etmədilər. İkinci hökmə əsasən Albayrak 5 il, Gündoğan isə 1 il 8 ay azadlıqdan məhrum edildi.

Qazi hadisələri zamanı ölənlərdən 17 nəfərinin işi Avropa İnsan Haqları Məhkəməsi tərəfindən araşdırıldı və Türkiyə Respublikası onların hər birinə görə 30 min avro olmaqla, 510 min avro cərimələndi.

“Ergenekon davası” kimi tanınan proses zamanı Qazi hadisələrini istefada olan tuğgeneral Veli Küçükün göstərişi ilə Osman Gürbüz adlı birisi tərəfindən təşkil edildiyi iddia edildi. Bəzən isə hadisələrdə adı bir çox “faili meçhul” qətllərdə keçən Mahmut Yıldırımın (kod adı Yeşil) iştirak etdiyi deyilir. Hərçənd, bir versiya digərini inkar etməyə də bilər. Bununla belə, hadisənin günahkarları və motivi bu gün də aşkar edilməyib. 

Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam