Yenixeber.org: Si Cinpin Çini dəmir əllə idarə edir. Cinpin eyni zamanda varis barədə də düşünmək məcburiyyətindədir. Bu arada baş nazir Li Çianın səlahiyyətlərinin artırılması beynəlxalq medianın diqqətini çəkib. Li Çian Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun daimi üzvüdür. Li Çian Çin Kommunist Partiyasına 1983-cü ildə üzv olub. O, Çinin ali qanunverici orqanı olan Xalq Nümayəndələri Yığıncağının bu ilin martın 11-də keçirilən sessiyasında Çin Xalq Respublikasının baş nazir vəzifəsinə təyin olunub.
Si Cinpinin təlimatıyla Li Çian Mərkəzi Maliyyə Komissiyasına da rəhbər təyin olunub. Ondan əvvəlki baş nazirlərin bu səlahiyyəti yox idi. Bəzi ekspertlər bunu Çin iqtisadiyyatındakı ağır durumla izah ediblər. Çinin daşınmaz əmlak bazarında vəziyyət mürəkkəbdir. Tikinti şirkətləri aldıqları kreditləri qaytara bilmirlər, ölkədə borclanma artıb. Çinin maliyyə sabitliyini geri qaytarmağa və korrupsiya ilə mübarizəni gücləndirməyə ehtiyacı var. Digər ekspertlər isə Si Cinpinin Li Çianı öz yerinə hazırladığı versiyasını irəli sürüblər. Digər tərəfdən mümkündür ki, Si Cinpin hakimiyyətin bir hissəsini və məsuliyyəti baş nazirlə bölüşmək istəyir. Si Cinpin Li Çianın səlahiyyətlərini artırmaqla gələcəkdə hakimiyyət uğrunda mübarizəyə hazırlaşan partiyadaxili qüvvələrə mesaj göndərmiş olur.
“South China Morning Post” nəşri Li Çianın Çini bir çox beynəlxalq tədbirdə təmsil etdiyinə diqqəti çəkib. Misal üçün Çini “böyük iyirmilərin” Hindistanda keçirilən sammitində Li Çian təmsil edib. Bu səbəbdən Li Çianın fəaliyyəti Qərbin siyasi və ekspert dairələrində ciddi analiz edilir. Li Çianın mövqelərinin möhkəmlənməsi onun Çin iqtisadiyyatındakı problemləri necə həll edəcəyindən asılı olacaq.
Bu arada, Qərbdə Çinin artan hərbi gücü də diqqət mərkəzindədir. Çinin hərbi donanması dünya liderliyinə iddialıdır. “Bloomberg” agentliyinin məlumatına görə, Çin 2030-cü ilə qədər nüvə arsenalını iki dəfədən çox artıracaq. Çinin arsenalında hazırda 500-dən çox nüvə başlığı var. Çin hakimiyyəti bunu yetərli saymır və nüvə başıqlarının sayının artırılması üçün hərbi-sənaye kompleksinin imkanlarını bir neçə dəfə artırıb. “Bloomberg” agentliyinin digər məlumatında hipersəs raketləri sahəsində də Çinin Qərbi geridə qoymağa çalışdığı vurğulanıb. Çin süni intellektin inkişafına böyük sərmayələr yatırdığı da gələn xəbərlər arasındadır.
Qərb balansın Çinin xeyrinə dəyişməsinin qarşısını almaq üçün müvafiq addımlar atmaq məcburiyyətindədir. ABŞ Çini müasir texnologiyalara çıxışını məhdudlaşdırmaqla bu ölkənin inkişafını ləngitməyi planlaşdırır. Vaşinqton ümid edir ki, Çin iqtisadiyyatında yaranan dərin problemlər onun hərbi gücünü artırmarmaq planlarını dəyişdirəcək.
“Atlas” Araşdırmalar Mərkəsi