Yenixeber.org: Sentyabrın 25-də Xocalıda Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə Azərbaycan dövlətinin təmaslara məsul şəxsi - Ramin Məmmədov arasında, Yevlaxdan sonra ikinci görüş keçirilib. Bu görüş Qarabağ regionu, Azərbaycan və Ermənistan tərəfləri arasında dialoq və əməkdaşlığın inkişafı üçün davamlı səyləri təsdiqləyir. Danışıqların mövzusu sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri, o cümlədən bölgə sakinlərinə tibbi xidmətin göstərilməsi olub.
Şadıq ki, görüş müsbət əhval-ruhiyyədə keçib, məsləhətləşmələr əldə olunmuş tərəqqinin qiymətləndirilməsi və köhnə günlərdə olduğu kimi xalqların daha da sülh şəraitində yaşaması üçün mürəkkəb prosesdə növbəti addımların müəyyən edilməsi üçün yaxın gələcəkdə növbəti görüşün çağırılması barədə razılıq əldə olunması ilə başa çatıb.
Azərbaycan rəhbərliyi Qarabağ bölgəsində qalmaq və gələcəklərini Azərbaycanla bağlamaq istəyən erməni millətindən olan sakinlərin reinteqrasiyası prosesinin onlar üçün ən rahat şəraitdə, ehtiyaclarını nəzərə almaqla baş tutması üçün hər cür səy göstərir. Qeyd etmək lazımdır ki, erməni tərəfi də konstruktivlik nümayiş etdirir, bunu Qarabağın erməni sakinlərini təmsil edən Sergey Martirosyan və David Melkumyanın səyləri sübut edir.
Amma bu proses “bal çəlləyində zəqqum qaşığı” olmadan keçmir. Rusiya sülhməramlıları tərəfdən bu görüşdə Vladimir Çeban adlı şəxsin iştirakı narahatlıq və çaşqınlıq yaratdı. Polkovnik Çeban - Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavinidir. Bu şəxs olduqca təzadlıdır. Bu “sülhməramlı”, indi isə “vasitəçi” Rusiya Federasiyası tərəfindən işğal olunmuş Ukrayna ərazilərində öz vətəninə xidmət etdiyi vaxtdan məşhurlaşdı.
Hələ 2016-cı ildə polkovnik Vladimir Çeban da danışıqlar missiyasında çalışıb - o, Ukrayna və Rusiya zabitlərinin işlədiyi Atəşkəs Problemlərinə Birgə Nəzarət və Koordinasiya Mərkəzində Rusiya nümayəndə heyətinin qərargahına rəhbərlik edib. Bununla belə, o, münaqişənin həllində və tərəfləri barışdırmaqda görkəmli istedadına görə deyil, bir zabit üçün çox biabırçı və yaramaz hərəkətləri ilə şöhrət qazandı - o, əl altdan separatçı DXR-ə kömək edərkən tutuldu.
Beləliklə, zabit şərəfinin hər şeydən üstün olması lazım olan rus ordusunun zabiti sıradan bir casus - yaraqlıların xəbərçisi kimi üzə çıxdı. Rusiyanın “Grani.ru” nəşri daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) xəbərinə (https://graniru.org/Politics/World/Europe/Ukraine/m.252451.html) istinadla yazdığı kimi, “Qərərgah siçovulları və köstəbəkləri” materialında, Çeban DXR-in 1-ci Ordu Korpusunun “Yakub” kod adlı qərargah rəisinin müavininə ATƏT-in xüsusi monitorinq missiyasının pilotsuz təyyarələrinin aylıq cədvəlləri və uçuş marşrutlarını təhvil verib. Bunun sayəsində yaraqlılar atəş mövqelərini, eləcə də ağır silah və texnikanın yerlərini beynəlxalq müşahidəçilərdən gizlədə biliblər.
Çebanın başqa bir yaraqlı ilə - qondarma 1-ci Korpusun qərargahının növbətçi "zabiti" ilə yayımlanan danışıqlarından belə çıxır ki, rus polkovniki öz hesabatlarında “DXR” separatçılarının Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə terror hücumları faktlarını gizlədib.
Nəhayət, Çebanın Ukrayna tərəfini “Grad” MLRS-dən istifadə etməkdə ittiham etmək üçün sübutlar hazırlamaq cəhdində iştirakı müəyyən edildi. Polkovnik bu məsələni həmin 1-ci Ordu Korpusunun 5-ci əlahiddə motoatıcı briqadasının qərargahının “zabiti” ilə müzakirə etdi.
Bu faktlar üzə çıxandan sonra, əsas rusiyalı “danışıqçı/vasitəçi” Ukrayna təhlükəsizlik qüvvələrinin müşayiəti ilə Ukraynadan deportasiya edilib.
Beləliklə, belə bir subyekt Azərbaycan Respublikasının Qarabağ bölgəsinin erməni sakinləri ilə danışıqlar missiyasının tərkibində peyda oldu. Kimin maraqlarına xidmət edəcək? Azərbaycan və Qarabağın erməni sakinlərinin, yoxsa onun zəngin “anti-sülhməramlı” tərcümeyi-halı ilə separatçı təfəkkürlü elementlərə və onların himayədarlarına?
Biz artıq bundan keçmişik - Xocalı qətliamında 366-cı qvardiya motoatıcı alayının rolu məlumdur, zahirən mülki insanları qorumaq öhdəliyi olsa da, bütün silahlarını erməni yaraqlılarına vermişdilər. Bundan başqa, 366-cı alayın hərbçiləri öz texnikası ilə birlikdə Xocalıya hücumda, həmçinin şəhərdən qaçan insanların (o cümlədən qadın və uşaqların) öldürülməsində iştirak ediblər.
Bəs Rusiya tərəfi niyə danışıqlar missiyasına bu qədər şəxsi işi ləkələnmiş bir zabit təyin etdi? Onun bir daha rəsmi mövqeyindən istifadə edib sülh prosesinə müdaxilə etməyəcəyinə zəmanət haradadır?
Əminəm ki, danışıqlar prosesinin uğurunu və Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını milli mənsubiyyətindən asılı olmayaraq yalnız xoşniyyətli, əli təmiz insanlar təmin edə bilər. Amma Çeban kimi belə nümunələrin zərər vermə ehtimalı daha yüksəkdir...(AYNA)