Yenixeber.org: Hindistan hökumətinin ölkənin keçmiş adı – Bharatı qaytarmağı planlaşdırdığı xəbər agentliklərinin əsas xəbərlərindəndir. “The Economic Times” qəzetində yayımlanan məqalədə bu təkliflə Hindistanın hakim partiyasının bir qrup deputatının çıxış etdiyi yazılıb. Həmin qrup Konstitusiyada “Hindistan” adının çıxarılmasını təklif edib. Təklifi Hindistan hökuməti də dəstəkləyib. Təsadüfi deyil ki, sentyabrın 9-11-də Hindistanda G20 ölkələrinin sammitinə dəvət olunanlara dəvətnamələr “Bharat prezidenti” adından göndərilib. Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.
Hindistan adından imtina hansı səbəblə bağlıdır?
Bharat təklifini irəli sürənlər Hindistan adının quldarlıq simvolu olduğunu bildiriblər. Hindistan Böyük Britaniya imperiyasının əsarətində olub. Yeni təkliflə çıxış edənlər Hindistan adının imperialistlər tərəfindən işlədildiyini, hindi dilində isə ölkənin adı Bharat olduğunu vurğulayıblar. Bundan əvvəl Hindistanda bir neçə böyük şəhərin adı dəyişdirilib. 1995-ci ildə Bombey şəhəri Mumbay, bir il sonra Madras şəhəri Çennai, 2001-ci ildə isə Kəlkutta Kolkata adlandırılıb. Hazırda növbə ölkənin adına çatıb.
Bu arada, Hindistan “böyük iyirmilərin” zirvə toplantısına hazırlaşır. Ancaq bu toplantıya heç də bütün liderlər qatılmayacaq. Rusiya prezidenti Vladimir Putin Hindistana getməyəcək. Putin Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan bu yana xarici səfərlərdən yayınır. Putin həmişəki kimi toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərəcək. Çin lideri Tsi Cinpinin də Hindistana getməyəcəyi barədə xəbərlər yayılıb. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan isə əksinə Hindistandakı zirvə toplantısına qatılaraq müzakirələrdə iştirak edəcək. Hindistan ev sahibi statusundan istifadə edərək zirvə toplantısına “böyük iyirmilərə” daxil olmayan bir neçə dövlətin liderini də dəvət edib. Bu sırada, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mavrikiya, Banqladeş, Hollandiya, İspaniya, Sinqapur və Nigeriyanın liderlərini sadalamaq olar. Zirvə toplantısının keçiriləcəyi Dehlidə dəyəri 300 milyon dollar olan konfrans mərkəzi inşa olunub.
“Atlas” Araşdırmalar Mərkəzi