Makron Bakıdan nə istəyir və onu kim dayandıra bilər? -ANALİZ
Fransanın Cənubi Qafqazda pozucu siyasəti getdikcə daha da güclənir və mətbuatda gedən məlumatlara görə, 29-30 avqust tarixlərində özünün kulminasiya nöqtəsinə çatacaq. Belə ki, rəsmi Paris ilk növbədə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi və Avropa İttifaqı xarici işlər nazirləri toplantısında ölkəmizə qarşı tədbirlərin qəbulu təşəbbüsü ilə çıxış etməyi planlaşdırır. Həmin günlərdə Paris və Strasburq merləri Azərbaycan-Ermənistan şərti sərhədinə növbəti yük maşınları karvanı da göndərəcəklər.
Yenixeber.org: Makron aşağıdakılara nail olmaq istəyir:
- Qarabağ erməniləri mövzusunun əks olunmadığı və yalnız ərazi bütövlüyü prinsipinə əsaslanan sülh müqaviləsi prosesini dayandırmaq, Qarabağ erməniləri məsələsini gündəmdə saxlamaq;
- Vaşinqton mərkəzli Qərbin regiondakı siyasəti üçün Türkiyə-Gürcüstan-Azərbaycan üçbucağına Ermənistanın simasında alternativ təklif etmək. Bu mümkün olmazsa, İrəvanın əliylə sözügedən üçlü formata əngəl törətmək və Parisin liderliyilə Avropanın müstəqil siyasətini nümayiş etdirmək;
- Fransanın keçmiş nüfuzunu bərpa etmək. Xüsusilə Burkina-Faso, Mali, Nigerdəki uğursuzluqlar, əsasən anti-ABŞ ölkələrindən ibarət BRİKS sammitinə qatılma planlarının iflası fonunda Afrikada itirilən mövqeləri qismən Cənubi Qafqazda kompensasiya etmək;
- Ötən əsrin 90-cı illərinin ortaları və sonlarındakı Rusiya kimi Ermənistandan Bakı və Ankaraya qarşı təzyiq rıçaqı qismində istifadə etmək (Fransanın məhz Ərdoğanın yenidən seçilməsindən sonra regionda fəallaşması Parisin Cənubi Qafqaz siyasətinin təkcə Azərbaycanı deyil, ən yaxın müttəfiqimiz Türkiyəni də hədəfə aldığını təsdiq edir);
- İrəvanı müdafiə etməklə daxili siyasətə də məqsədlər güdülür. Bu yolla da erməni diasporu, din təəssübkeşləri, solçu, həmçinin millətçi qruplardan xal qazanmaqdır.
Analizdə vurğulanıb ki, Paris diplomatik və təşkilati səviyyədə bütün resurslarını antiazərbaycan kampaniyası üçün cəmləşdirdiyindən fransızların hansı imkanlara malik olduğunu və nəyə nail ola biləcəyini anlamaq vacibdir:
“Paris məqsədlərinə çatmaq üçün müxtəlif koalisiyalar qurur və fərqli alətlərdən istifadə edir. Hədəflərə uyğun olaraq mexanizmləri və ölkələri müəyyənləşdirək:
- AB institutları Avropa vasitəçiliyinin məzmununu dəyişmək, Brüssel formatını beştərəfli formatla əvəzləmək məqsədilə Şarl Mişelin vasitəçiliyini gözdən salmaq və məhdudlaşdırmaq, eləcə də Azərbaycana qarşı təzyiq mexanizmi yaratmaq üçün istifadə olunur;
- Rusiya Fransa tərəfindən Qarabağ mövzusu üzrə alət kimi nəzərdən keçirilir. Bu məsələdə iki ölkə arasında konsensus var. Paris və Moskvanın maraqları üst-üstə düşür. Fransızlar bu kontekstdə Laçın yolundakı sülhməramlılar üçün hansısa güzəştlər istəyə bilərlər;
- İrana gəlincə, fransızlar artıq Tehranın Ermənistana dəstək verəcəyinə əmin olublar. Lakin Qarabağ məsələsində iranlılar susurlar;
- Həmçinin, Paris Hindistanı bölgəyə cəlb etməyə və Ermənistana İran vasitəsilə hind silahlarının verilməsini təşkil etməyə nail olub”.
Makronu fikrindən kim çəkindirə bilər?
Təhlildə BMT TŞ səviyyəsində ABŞ, AB daxilində isə Almaniyanın Fransanı hazırki mövqeyindən çəkindirə biləcəyi vurğulanıb:
“Firkimizcə, ABŞ indiki mərhələdə Fransadan “pis polis” kimi istifadə edir, özü isə Azərbaycana münasibətdə “yaxşı polis” kimi görünməyə çalışır. Amma Paris öz rolunu olduqca aşağı səviyyədə ifa edir.
Almaniya və bütövlükdə AB-yə gəldikdə, Mərkəzi Asiyadakı 100 milyard avroluq potensial marağı Fransanın şıltaqlığı üzündən riskə atmaq onlara baha başa gələ bilər”.
Azərbaycanın baxışı
Analizdə vurğulanır ki, Bakı artıq “yerdə” çox iş görüb və şərti sərhəddəki yük maşınları bu üstünlüyün göstəricisidir:
“Gözləmə mövqeyi hərəkətsizlik demək deyil. Azərbaycanın bir çox addımları irəlidədir və rəqiblərinin nəyə qadir olduğunu görməyə gücü çatır. Bununla yanaşı, növbəti addımlar üçün hazırlıq işləri aparılır. Bakı prosesləri necə idarə edəcəyini də yaxşı bilir. Real qarşıdurma zamanı həmin Fransa ilə münasibətlərin kəsilməsi belə gündəmə gələ bilər, əlbəttə ki, məsələ bu nöqtəyə çatarsa”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi