Yenixeber.org: Azərbaycanla Ermənistan arasında sülh danışıqları növbəti dəfə Qərbin egidası altına qayıdır. İrəvan Bakıya sülh variantını təqdim etdiyi ərəfədə ABŞ Dövlət katibinin müavini Karen Donfrid hər iki ölkənin xarici işlər naziri ilə danışmışdı. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov xanım Donfridə Ermənistanın vaxt itirmədən, manipuliyasiyalara, təxribatlara yol vermədən danışıqlar masası arxasında oturmasının vacibliyini bildirmişdi.
İrəvanın Türkiyə vasitəsi ilə Bakıya göndərdiyi sülh variantının mahiyyəti bəlli deyil. Yalnız o məlumdur ki, erməni tərəfi sülh razılaşmasında Qarabağa aid bəndin salınmasında israr edir.
Azərbaycan XİN isə bəyan edib ki, danışıqlar prosesində “Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi üzrə beynəlxalq mexanizm yaradılması təşəbbüsü, bu barədə müddəanın ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri əsassızdır” və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq.
Beləliklə, Bakı və İrəvan arasında fundamental fikir ayrılığı qalmaqda davam edir. Amma tərəflər ötən ilin noyabrında qalxdıqları Qərb masasına yenidən əyləşməyə qərar veriblər.
Dünən Münhen konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel arasında görüş keçirilib. Görüşdə tərəflər Azərbaycan ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq yollarını, sülh müqaviləsi və Brüssel sülh prosesi ətrafında danışıqlar aparıblar.
İlham Əliyev Azərbaycanın Brüsselin sülh prosesini dəstəklədiyini qeyd edib. Öz növbəsində, Şarl Mişel, Avropa Birliyinin Ermənistanla Azərbaycan arasındakı münasibətləri, sülh müqaviləsini və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı danışıqların davam etdirəcəyini bildirib. Tərəflər Ermənistanda Avropa Birliyinin müşahidəçilərinin missiyasının fəaliyyətinə dair fikir mübadiləsi də aparıldı. Xatırladaq ki, gələn həftə Avropa İttifaqının 100 nəfərdən ibarət müşahidəçi qrupu Ermənistana yola düşüb, onlar 2 il müddətində Azərbaycanla sərhəddə missiya həyata keçirəcəklər.
Dünən Fransa Prezidenti Emmanuel Makron da Münhen Təhlükəsizlik Konfransında çıxışının bir hissəsini Cənubi Qafqazdakı təhlükəsizlik problemlərinə həsr edib. Makron bildirib ki, bundan sonra da Ermənistana və Baş nazir Nikol Paşinyana dəstəyini davam etdirəcək: “Bu gün bizim vəzifəmiz Rusiyanın təkcə Ukraynada deyil, Qafqazda, Yaxın Şərqdə, Afrikada qeyri-sabitlik və xaos toxumu səpən “Vaqner” qrupunun necə bir qüvvə olduğunu izah etmək, aydınlaşdırmaqdır. Biz necə etibar edə bilərik ki, Qafqazın çətinliklərini yeni müstəmləkəçi Rusiya həll edə bilər? Biz onları dəstəkləməkdə davam edəcəyik, bunu dostum Paşinyanla birlikdə olaraq deyirəm”.
Günün ən mühüm xəbəri isə təbii ki, Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlıdır.
Bu görüş keçiriləcəyi günə qədər gizli saxlanılıb, ona saatlar qalan zaman Dövlət Departamenti açıqlama yayıb. Xatırladaq ki, keçən ay Blinken Paşinyan və Əliyevlə ayrı-ayrılıqda danışıb və sülh prosesinin son uğursuzluğu fonunda onları birbaşa danışıqları yenidən başlamağa çağırmışdı.
Bu Münhendə Əliyev-Paşinyanın iştirakı ilə baş tutan yeganə müzakirə olmayacaq. Bu gün onlar “Hərəkət edən dağlar? Cənubi Qafqazda təhlükəsizliyin təminatı” mövzusunda panel diskussiyaya qatılacaqlar. Müzakirələrdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və ATƏT-in baş katibi Helqa Mariya Şmidt də iştirak edəcəklər.
Maraqlıdır, dünən Paşinyanın mətbuat xidməti Azərbaycan lideri ilə hər hansı təmasların olacağını inkar etmişdi. Hətta sözügedən panel diskussiyalarda erməni Baş nazirin iştirakı nəzərdə tutulmamışdı. Görünür, ABŞ və Avropa İttifaqı yaranmış fürsəti yetərincə dəyərləndirmək üçün Paşinyana ciddi təzyiq ediblər.
Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının bu mərhələsindən nə gözləmək olar? Ötən ilki uğursuzluğun təkrarlanması ehtimalı varmı? Rusiya nə edəcək, ötən ilin payızında olduğu kimi Moskvanın Qərb masasını dağıtmağa gücü çatacaqmı?
Əlbəttə, bu suallara birmənalı cavab vermək mümkün deyil. 2022-ci ilə nisbətən bir qədər fərqli situasiya var, amma mövqelər arasında diametral ziddiyyətlər, habelə Rusiyanın aqressiv fəallığı ciddi çətinliklər yaradır.
Müsbət məqamlara gəlincə, ABŞ Dövlət katibinin Azərbaycan-Ermənistan liderlərinin danışıqlarını birbaşa təşkil etməsi Vaşinqtonun regionda sülhün bərqərar olunması üçün qətiyyətinin artırmasından xəbər verir. ABŞ-ın mövqeyi bundan ibarətdir ki, tərəflər Rusiyanı sülh prosesindən uzaqda tutmalı, Qərbin fəal dəstəyinə arxalanmalı və kompromisə getməlidirlər. Xüsusən, Qarabağ ermənilərinin təhlükəsizliyi və statusu ilə bağlı elə ortaq mövqeyə gəlmək lazımdır ki, bu həm Azərbaycanın bölgədə suverenliyinə xələl gətirməsin, həm də onlara beynəlxalq təhlükəsizlik qarantiyası versin.
İkinci müsbət məqam, ötən ildən fərqli olaraq, Ermənistanın Rusiyanın təzyiqlərini neytrallaşdırmaq immunitetinin artmasıdır. İrəvan Moskvanın bütün etirazlarına rəğmən KTMT müşahidəçilərini Ermənistana buraxmayıb, əvəzində Avropa İttifaqı ilə anlaşıb, habelə Laçın dəhlizində yaranmış vəziyyətə Kremlin arzu etdiyi formada müdaxilə etməyib. Rusiya çalışır ki, Qarabağ münaqişəsi 2020-ci ilin noyabrında müəyyənləşdirilən üçtərəfli formatdan kənara çıxmasın. Amma Paşinyan hökuməti Qərbi regiona gətirməklə bərabər Azərbaycanla sülh anlaşmasında maraqlı olduğunu, münaqişəni isə Bakı-Moskva masasına itələməyə çalışdığı aşkar görünür. Paralel olaraq, Ermənistan-Türkiyə münasibətlərində başlayan müsbət dinamika da Qərb tərəfindən ciddi şəkildə dəstəklənir və İrəvanın nümayiş etdiriyi müstəqillik Kreml rəsmilərinin əsəblərinə toxunur.
Azərbaycanın Qərbin egidası altında prosesdə fəal iştirak etməsi də müsbət məqamlardan biridir. Bakının əsas tələbi münaqişənin Azərbaycanın suverenliyi çərçivəsində həllini tapmasıdır, burada Qərbin, yoxsa Rusiyanın fəal rol oynaması ikinci plandadır.
Əlbəttə, prosesin növbəti dəfə pozulması riskləri də kifayət qədər ciddidir. İlk növbədə Qərbin səylərin və təzyiqlərinə baxmayaraq, tərəflərin kompromisə getməməsi gərginliyi artıracaq.
İkincisi, Rusiya-Ermənistan münasibətlərində böyüyən çat nəinki sülh prosesinin, ümumiyyətlə, Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Bu günlərdə Rusiya Dövlət Dumasının spikeri V.Volodinin Ermənistanın Ukraynanın aqibətindən dərs çıxarmalı olduğu barədə bəyanatı Paşinyan iqtidarına qarşı Moskvadakı qəzəbi ifadə edir.
Üçüncüsü, Rusiya Qarabağdakı separatçı rejimi daha da möhkələndirməyə qərar verib. Ötən həftələrdə Vardanyan və Arutyunyanın Moskvaya aparılması, erməni mliyarderin Xankəndinə qayıtdıqdan sonra “döyüşmək əzmindəyik!” bəyanatı verməsi Kremlin Azərbaycana qarşı güzəştsiz mövqeyindən xəbər verir.
Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini özünə təhdid hesab edir. Rəsmilər dəfələrlə bəyan ediblər ki, bu Qərbin regiona gəlişini şərtləndirir və ona imkan vermək niyyətində deyillər.
Beləliklə, həlledici döyüş qabaqdadır, güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq.(pressklub)
Turqut