KİYEVƏ ÇAĞIRIŞ EDƏN KİSSİNCERİN 4 ƏSAS SƏHVİ... –“Bu, Vaşinqtonun hərbi-siyasi məğlubiyyəti kimi qəbul olunacaq”
“Putinin, Patruşevin və Bortnikovun ağlındakı bu müharibə Ukraynaya qarşı deyil, NATO-ya, konkret isə ABŞ-a qarşı aparılır”
Yenixeber.org: ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bu yaxınlarda Davosda keçirilən “Ümumdünya İqtisadi Forumu”nda çıxış edərək, Ukraynada gedən müharibənin dayandırılması üçün Kiyevin Rusiyaya ərazi güzəştinə getməsini təklif edib (Kissincer yəqin ki, Krımı və Donbasın bir hissəini nəzərdə tutub).
Həmçinin, onun fikrinə görə, Kiyev və Moskva arasında sülhə nail olunması üçün Rusiyanın hücuma başladığı 24 fevrala qədər olan vəziyyətə qayıdılmalıdır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kissincerin bu təklifini kəskin tənqid edərək, onu 1938-ci ildə “Münhen sazişi” ilə müqayisə edib. Əslində, Kissincerin bu sözləri onun fundamental əsərlərində yer alımış geostrateji baxışlarına tamamilə zidd gəlir və Ukraynanın ərazi güzəştinə getməsi Qərbin özünü məğlubiyyətə aparır.
Ukraynanın “Apostrophe.ua” internet portalı“Patriarxın səhvi: Kissincerin “real siyasət”inin təhlükəli nəticələri” başlıqlı məqalədə Henri Kissincerin geniş rezonans yaratmış çıxışını təhlil edib. Həmin yazını təqdim edirik:
”Hətta Henri Kissincer və onun “Kissinger Associates” konsaltinq şirkətinin Rusiyada hansısa maliyyə maraqlarının olması versiyasını bir kənara qoyaraq deyə bilərik ki, ABŞ-ın keçmiş dövlət katibinin təklifləri detallı analizlərin nəticələrindən çıxan tənqidlər qarşısında duruş gətirə bilmir. Həm də ki, Kissincerin indiki ideyaları elə onun öz kitablarında yazdıqlarına əsasən tənqid olunur.
Kissincerin birinci və əsas səhvi Rusiya hakimiyyətinin təbiətini, Putin və onun yaxın ətrafının əsl imperativlərini inkar etməsidir. Kremlin sovet mirası ilə bağlı keçirdiyi hisslərə baxmayaraq, indiki Rusiya nə SSRİ-nin, nə də ki, Rusiya İmperiyasının davamıdır. Henri Kissincer bunu yaxşı bilir. Rusiya çarizminin apardığı xarici təcavüz siyasətini Kissincer imperiyanın öz təhlükəsizliyini təminat altına alması ilə izah edir. Moskva formal səbəblər içərisində Ukraynaya müdaxiləsini NATO-nun genişlənməsindən “qorunmağın” vacibliyinə bağlayır, lakin bu, diplomatik oyunbazlıqdan başqa bir şey deyil. Vladimir Putin və onun yaxın ətrafının başlıca məqsədi hakimiyyətdə əbədi qalmaqdır.
Gürcüstan və Ukraynaya edilən təcavüz, ərazilərin işğalı, təcavüzkar diplomatiya, nüvə silahı ilə təhdid, ölkə daxilində repressiyalar, beyinlərə zəhər tökən təbliğat həmin hədəflərə nail olmaq vasitələridir. Rusiya analitiklərinin özlərinin də qeyd etdiyi kimi, Kreml rəhbəri yaxşı taktik olmasına baxmayaraq, çox pis strateqdir. Yoxsa, onun Ukraynaya açıq təcavüzü ortamüddətli perspektivdə Rusiyanı deqradasiyaya və çöküşə aparmazdı.
Henri Kissincerin “bütün ləyaqətli adamlar ilk işlərinə kəşfiyyatdan başlayıblar” sözlərini Putin tez-tez dilə gətirir. Əslində isə bu, Henri Kissincerin adına yazılmış ifadədir. Xüsusi xidmət orqanlarının nümayəndəsi olmuş Rusiya prezidenti hər şeyə şantaj, qorxutmaq və “xüsusi əməliyyat” kateqoriyasından yanaşır(Kreml özünün Ukraynadakı müharibəsini də məhz belə adlandırır).
Amerika diplomatiyasının patriarxının ikinci səhvi isə tarixi təcrübəni, xüsusən də çox yaxın tarixi təcrübəni qəbul etməməsidir. Burada ABŞ-ın keçmiş dövlət katibi özü-öznü təkzib edir.
“Diplomatiya” adlı fundamental tarixi əsərində Henri Kissincer deyir: “Tarixin dərsləri rəhbərlik tərəfindən avtomatik olaraq tətbiq edilmir: tarix müvafiq vəziyyətlərdəki oxşar nəticələri üzə çıxarmaqla, anologiyalar aparmaqla öyrənilir”.
“Kreml füreri”nin sabah nə edəcəyini anlamaq üçün onun dünən nə etdiyini yada salamaq kifayətdir. Rusiyanın Gürcüstan ərazisinin bir hissəsini işğal etməsinə məhəl qoymayan Barak Obama 2010-cu ildə Moskva ilə münasibətlərdə “yumşalmanın” tərəfadrı kimi çıxış etdi və bunun sonu Krımın işğalı ilə bitdi. Çünki Putin “zəif və qorxaq” Qərbin heç nə etməyəcəyinə əmin idi. Bəli, Ukraynanın ərazisinin Rusiyaya güzəştə gedilməsi təklifini Putin amerikalı və avropalıların zəifliyi, özünə inamsızlığı kimi qəbul edir.
Üçüncü səhv - Kissincer Ukraynanın ərazi güzəşti ilə yanaşı, İkinci Dünya Müharibəsi zamanındakı Finlandiya tarixini yada salaraq, onun “neytral” qalmasına israr edir. Tarixdən yaxşı bəllidir ki, finlər böyük şücaət nəticəsində bolşeviklərin ”azadlıq yürüşü”nün qarşısını alsalar da, çətin və ağrılı qərar almağa məcbur olmuşdular. 1940-cı ildə Finlandiya hökuməti SSRİ-Almaniya münasibətlərinin kövrək olduğunu anladıqları üçün Stalinə ərazi verməyə razılaşmışdılar. Amma həmin zaman bu, Helsinki üçün məğlubiyyət yox, mövcud vəziyyətə görə güzəştə getmək idi.
Axı, nəyə görə rusların hücumunu uğurla dəf edən Ukrayna indi hər hansı güzəştə getməlidir? Henri Kissincer və onun həmfikirləri içərisində Kiyevə təklif olunan həmin “neytrallığın” müqabilində Ukraynanın təhlükəsizliyinə kim təminat verə bilər?
Əgər hətta Qərb Ukrayna hökumətini Krım və ya Donbasdan vaz keçməyə məcbur etsə belə, Ukrayna cəmiyyəti bunu qətiyyən qəbul etməyəcək. Hazırda Ukrayna əhalisinin 80 faizi Kremlə ərazi güzəştinə getməyin əleyhinədir. Elə bu səbəbdən də Kreml təkcə Donbas, Krım, Xerson və Zaporojye ilə kifayətlənə bilməz. Ukrayna dövlətinin varlığına son qoymaq üçün Putin Ukrayna ərazisinin hamısını işğal etmək niyyətindədir. Kremlə parçalanmış, böyük bir hissəsi Rusiyaya birləşdirilmiş zəif Ukrayna lazımdır. Putin yaxşı bilir ki, əks təqdirdə ukraynalılar güc toplayıb, itirdiklərini geri qaytarmağa çalışacaqlar.
Dördüncü səhv. Hətta əgər “siyasi idealizm”i bir kənara qoysaq, onda belə bir sual meydana çıxır ki, Ukrayna ilə müharibə aparan Rusiyadan Vaşinqton hansı real fayda götürə bilər? Artıq Kremli Çinə qarşı hansısa hipotetik alyansa cəlb etmək mümkün deyil. ABŞ üçün vacib olan istənilən mövzu ilə bağlı danışıqlar(məsələn ,nüvə silhı üzərində nəzarət) əvvəlkilərdən daha çətin olacaq.
Kreml özü vəziyyəti elə həddə gətirib çatdırıb ki, artıq Moskva ilə etibarlı və sabit münasibətlərin qurulması mümkünsüz sayılır. Putinin, Patruşevin və Bortnikovun ağlındakı bu müharibə Ukraynaya qarşı deyil, NATO-ya, konkret isə ABŞ-a qarşı aparılır.
Ukraynanın güzəştə getməsi Volodimir Zelenski və onun komandasının yox, Vaşinqtonun hərbi-siyasi məğlubiyyəti kimi qəbul olunacaq. Böyük peşəkarlığı və zəngin həyat təcrübəsi olan Henri Kissincerin bunu anlamaması şübhə doğurur. Henri Kissincer öz əsərlərində keçmiş və müasir beynəlxalq münasibətlər sistemləri arasında tez-tez müqayisə apararaq, dünyadakı geosiyasi sxemləri analiz edir. Onun kitablarını oxuyarkən belə bir əsas nəticə çıxarmaq olar: Vestfaliya sistemindən başlayaraq, hər bir yeni dünya nizamı böyük dövlətlər və ya müharibələri uduzan dövlətlər bloku hesabına qurulub.
Əgər Yalta-Potsdam sistemi 2014-cü il Krımın işğalından sonra öz mövcudluğuna son qoyubsa, o zaman yeni sabit sistem tərəflərdən birinin məlubiyyətindən sonra yaranmağa başlayacaq. Yəni, tərəflərdən biri ABŞ -ın rəhbərlik etdiyi kollektiv Qərb, digəri isə hətta Çinin hər şeydə kömək göstərmək istəmədiyi Putin Rusiyasıdır. Ona görə də Ukraynanı Putinə “peşəkş etmək”lə heç bir yeni beynəlxalq münasibətlər sistemi qurula bilməz.
Henri Kissincer Kremlin davranışları ilə bağlı dəyərləndirmələrində xarici faktorları nəzərə almayıb və ona görə də o, səhvən güman edə bilər ki, Ukraynanın qələbəsi Qərb üçün dəyər kəsb etmir.
Ümumi yekunda onu demək lazımdır ki, Kissincerin özünün yazdığı kimi “əgər dövlətlərarası münasibətlərdəki problemlərdən anlayan analitikin gəldiyi qənaət səhv çıxarsa, o, bununla heç bir risk etmir. Sadəcə yenisini yazar”. “Azpolitika”