Ərdoğan Baydeni sıxışdırır: Putin-Zelenski görüşü Ağ Evə sarsıdıcı zərbə vəd edir
Türkiyə diplomatiyası vasitəçilik missiyası ilə hazırda ABŞ və Qərbin qurduğu Rusiya əleyhinə beynəlxalq koalisiyadan bir addım önə keçmiş kimi görünür; Rəsmi Ankara savaşdan sonra da Ukraynanın hərbi təhlükəsizliyində həlledici dövlət rolunu oynaya bilər və Qərb siyasi dairələrindən fərqli olaraq, Rusiya hələlik buna qarşı çıxmır...
Yenixeber.org: Ukrayna savaşı beynəlxalq məkanda iki istiqamət üzrə fərqli qruplaşma meyilləri yaradıb. Belə ki, bir tərəfdən, bəzi Qərb dövlətləri Rusiyaya qarşı beynəlxalq koalisiya yaradaraq, ABŞ-ın ətrafında birləşiblər. Bu birlik müəyyən mənada, Rusiya aqressiyası qarşısında yaranan narahatlıqdan qaynaqlanır. Və belə vəziyyət son illərdə dünyada hegemon mövqelərini itirmək təhlükəsi ilə üzləşmiş ABŞ-a tamamilə sərf edir.
Məsələ ondadır ki, Ağ Ev nəhayət, Avropa Birliyi ölkələrinin müqavimətini qıraraq, ABŞ-ın liderliyini həmin dövlətlərə qəbul etməyə nail oldu. Eyni zamanda, Ağ Ev ABŞ-ın patronajlığı altında olan NATO-nu da sürətlə yaxınlaşan süqut təhlükəsindən müvəqqəti də olsa, xilas edə bildi. Və bundan sonra Ağ Ev artıq yeni dünya düzəninə ABŞ-a bağlı model tapmaq barədə düşünə bilər.
Ancaq bu, o qədər də asan olmayacaq. Çünki, Ukrayna savaşı beynəlxalq məkanda ikinci qruplaşmanın yaranmasına da səbəb olub. Bu qruplaşma daha çox Ukrayna savaşını mümkün qədər tez bir zamanda sona çatdırmaq istiqamətində fəaliyyət göstərir. Əsasən, Türkiyənin avanqard rol oynadığı bu qruplaşmanın sıraları elə də geniş olmasa da, hər halda, ABŞ-ın liderliyi altında olan savaş koalisiyası ilə amansız mübarizə apardığı inkaredilməz reallıqdır.
Maraqlıdır ki, Ukrayna savaşının əsas təşəbbüskarı olan ABŞ və müttəfiqləri nə qədər müqavimət göstərsələr də, Türkiyənin sülh danışıqlarına vasitəçilik missiyasını əngəlləməkdə açıq-aşkar çətinlik çəkirlər. Rəsmi Ankara israrla Rusiya və Ukrayna təmsilçilərini sülh danışıqları masasına doğru çəkir. Ən əsası isə həm Rusiya, həm də Ukrayna rəsmi dairələri məhz Türkiyənin vasitəçilik missiyasına güvənirlər. Və bu, rəsmi Ankaranın vasitəçilik missiyasının uğur qazanma ehtimalını daha da artırır.
Kreml müasir Ukraynanı Rusiya üçün düşmən ölkə hesab edir. Ancaq savaş meydanında ardıcıl uğursuzluqlar Kremli rəsmi Kiyev ilə ən qısa müddətdə sülh sazişinin imzalanmasına sövq edir. Düzdür, Kreml üçün ən ideal variant sülh danışıqlarının məhz Rusiyanın ən yaxın müttəfiqi olan Belarus ərazisində baş tutmasıdır. Ancaq rəsmi Kiyev Belarusun Ukrayna savaşına münasibətdə neytral ölkə olmadığını əsas gətirərək, bununla razılaşmır. Nəticədə, hər iki savaşan tərəfin qəbul etdiyi vasitəçi ölkə kimi Türkiyə ön plana keçmiş olur.
Kremldə hesab edirlər ki, Rusiyanın Türkiyə ilə münasibətlərində kifayət qədər ciddi ziddiyyətlər olsa da, iki ölkəni bir-birinə yaxınlaşdıran qarşılıqlı faydalı tərəfdaşlıq daha böyük əhəmiyyət daşıyır. Kreml ümid edir ki, Türkiyənin vasitəçiliyi ilə Rusiya Ukrayna savaşında qürurlu sülh müqaviləsinə nail ola bilər. Rusiyada da hesab edirlər ki, Türkiyənin vasitəçilik missiyası qarşısında ən böyük əngəl məhz ABŞ və Qərbin Ukrayna savaşı üzərindən reallaşdırılmağa çalışdığı strateji maraqlardır. Ona görə də, Avropa Birliyi ölkələrinin ABŞ-ın "hərbi-siyasi hipnoz"undan çıxdıqdan sonra Rusiya ilə münasibətlərin əhəmiyyətini yenidən dəyərləndirməyə və dialoqa yönəltməyə başlayacaqlarına inanır.
Təbii ki, belə vəziyyətdə rəsmi Ankaranın vasitəçilik missiyasının dəyəri daha da artmış olur. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Türkiyə müstəqil siyasət yürütməyə qadir olan nadir ölkələrdəndir: "Türkiyə NATO üzvü olmasına baxmayaraq, ABŞ-a öz müstəqil mövqeyini diqtə etməkdən çəkinməyən dövlətdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi müstəqil mövqeli siyasətçilər dünyada çox azdır".
Göründüyü kimi, rəsmi Ankaranın mövqeyi Kremldə kifayət qədər ciddi rəğbət ilə qarşılanır. Üstəlik, Türkiyənin Rusiya-Ukrayna sülh danışıqlarında bəzi irəliləyişlərə nail olması da Kremldə məmnunluq yaradıb. Kreml təmsilçisi rəsmi Ankaranın Rusiya və Ukrayna prezidentləri arasında görüş keçirtmək cəhdlərinə də münasibət bildirib: “Putin heç vaxt belə görüşdən imtina etməyib və belə bir görüş, bəli, hipotetik olaraq mümkündür. Lakin bunun baş tutması üçün iki nümayəndə heyətinin işinin dərinliklərində konkret sənədin yetişməsi lazımdır. İdeyalar toplusu deyil, konkret yazılı sənəd olmalıdır. Sonra belə bir görüşün də növbəsi gələcək”.
Göründüyü kimi, prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya liderlərinin görüşü ilə bağlı apardığı danışıqlardan sonra bu hədəfə bir qədər də yaxınlaşıb. Türkiyə prezidenti özü isə Ukrayna savaşını Suriyada baş verənlər ilə müqayisə edib. Onun fikrincə, Suriyada baş verən faciə indi də Ukraynada təkrarlanır. O, bildirib ki, Rəsmi Ankara Türkiyənin humanitar, siyasi, iqtisadi və tarixi əlaqələri olan Rusiya və Ukrayna arasındakı müharibəni ən qısa zamanda dayandırmaq üçün cəhdlərini davam etdirir.
Maraqlıdır ki, Rusiya və Ukrayna prezidentləri arasında keçiriləcək görüşün yeri də artıq böyük ölçüdə müəyyən edilmiş kimi görünür. Putin-Zelenski görüşünün vaxtı məlum olmasa da, onların məhz Türkiyə paytaxtı Ankarada və ya İstanbulda biraraya gələcəkləri bildirilir. Xüsusilə də, rəsmi Kiyev görüşün Türkiyədə keçirilməsinə böyük əhəmiyyət verir. Rəsmi Kiyev bildirib ki, Türkiyə lideri Rusiya və Ukrayna prezidentlərinə zəng edərək, görüş üçün tərəflərin ilkin razılığını almağa nail olub: "Türkiyə lideri yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməyə hazır olduğunu bildirib. Vaxtı hələlik müəyyən olunmasa da, böyük ehtimalla bu görüş ya İstanbulda, ya da Ankarada ola bilər".
Maraqlıdır ki, ABŞ və Qərb hadisələrin belə inkişafından o qədər də məmnun görünmür. Əksinə, Qərb siyasi dairələrində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya əleyhinə beynəlxalq koalisiyanın hədəflərini təhlükə altında buraxması barədə rəylər möhkəmlənməyə başlayıb. Və rəsmi Ankaranın vasitəçilik missiyası yalnız Türkiyəyə qlobal oyunçuya çevrilmək imkanları yaratmaqla qalmayıb, üstünlük, Qərb siyasi dairələrinin "Rusiya planları"nı da ciddi şəkildə pozur.
Onu da qeyd etmək lazımdır ki, hazırda Avropa Birliyinin Rusiyaya qarşı növbəti sanksiya paketi hazırladığı barədə məlumatlar var. Ancaq yeni sanksiya paketinin enerji sahəsini hədəfə almayacağı da bildirilir. Və bu, bəzi Avropa ölkələrində, eləcə də, Ukraynada narazılıq doğurur.
Polşanın baş naziri Mateuş Moravetskiy bəyan edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Kremlə elə də ciddi təsir göstərmir. Hətta həmin sanksiyaların bəziləri ümumiyyətlə, əhəmiyyət daşımır: "Rusiya rublunun möhkəmlənməsi də bunu təsdiqləyir".
Rəsmi Kiyev isə ümumiyyətlə, Ukraynanın gələcək taleyi baxımından, konkret hədəflərə sahibdir. Nə qədər qəribə də olsa, həmin hədəflərdə ABŞ və Qərbin rolu epizodik xarakter daşıyır. Rəsmi Kiyev hazırda Ukraynanın təhlükəsizliyini təmin etmək üçün "öz NATO-sunu qurmağa" can atır. Yəni, gələcək hərbi aviasiya ehtimalına qarşı bəzi NATO ölkələrinin Ukraynaya təhlükəsizlik təminatı verməsinə çalışır. Və Avropada ən güclü orduya sahib olan Türkiyə bu məsələdə ən əhəmiyyətli dövlət kimi göstərilir.
Belə anlaşılır ki, Türkiyə diplomatiyası hazırda ABŞ və Qərbin qurduğu Rusiya əleyhinə koalisiyadan bir addım önə keçmiş kimi görünür. Çünki rəsmi Ankara vasitəçilik missiyası ilə savaşı uzatmaq üçün plan quranları qabaqlayır. Eyni zamanda, Türkiyə savaşdan sonra da Ukraynanın hərbi təhlükəsizliyində avanqard rol oynaya bilər. Və Türkiyənin atdığı addımları yüksək qiymətləndirən Rusiya hələlik buna qarşı çıxmır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert