Ərdoğanın ağır missiyası başlandı: Türkiyə lideri ABŞ və Qərbin planını pozmaqda israrlıdır
ABŞ və Qərbin əsas hədəfi Ukraynada partizan müharibəsi başlatmaqla, Rusiyanı uzun müddət savaşın içərisində tutmağa nail olmaqdır; Türkiyənin vasitəçilik missiyası Putin və Zelenski üçün öz ölkələrini xilas etmək baxımından, həlledici şansa çevrilə bilər...
Yenixeber.org: Ukrayna savaşı hələ nə qədər davam edəcək, bu, bilinmir. Ancaq savaş uzandıqca, hər iki tərəfdən itkilərin sayı artır. Humanitar vəziyyət ağırlaşır, dağıntıların əhatə dairəsi sürətlə genişlənir. Və mövcud vəziyyətin nəticələrinin aradan qaldırılması imkanları azalır.
Təbii ki, belə vəziyyətdə savaşın durdurulmasında maraqlı olan dövlətlərin vasitəçilik missiyasının əhəmiyyəti də artmış olur. İndi belə missiyanı öz üzərinə götürməyə hazır olun və həqiqətən belə imkanlara sahib dövlətlər qlobal savaş təhlükəsi vəd edən bu savaşdan çıxış şanslarını dəyərləndirməyə çalışırlar. Və olduqca məhdud olan belə şanslar indi bəşəriyyətin gələcək taleyi baxımından, çox dəyərlidir.
Ancaq savaşın dayandırılmasında maraqlı olan və bu istiqamətdə səmimi dövlətlərin sırası da məhduddur. Rusiya və Ukrayna arasında vasitəçilik missiyası üçün ilk növbədə hər iki tərəfin güvənə biləcəyi ölkə statusu olduqca vacibdir. Hələlik belə ölkələrin sırasında Türkiyə və Azərbaycan ön plana çıxmış kimi görünür. Və bu baxımdan, strateji müttəfiq olan bu iki dövlətin atacağı addımlar bütün dünya üçün həlledici xarakter daşıya bilər.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, Rusiya da artıq danışıqlara hazır görünür. Ancaq Kremlin həlledici danışıqlar öncəsində hələ bir qədər də zaman qazanmağa çalışdığı müşahidə olunur. Çünki, Kreml Rusiya qoşunlarının Ukrayna ərazisinə tam nəzarəti ələ keçirməsindən öncə danışıqlara başlamaq istəmir.
Hər halda, Ukrayna üzərində tam qələbə qazanmadan danışıqlar masası arxasına keçərsə, Rusiyanın əlinin zəif qalacağını Kremldə çox gözəl anlayırlar. Ancaq Rusiya bu savaşın daha da uzanmasının da çox təhlükəli olduğunun, sanksiyaların təsirinin hər ötən gün daha da gücləndiyinin də fərqindədir. Ona görə də, Kremlin ciddi şəkildə tələsdiyi və bir an öncə hərbi qələbəni təmin edib, danışıqlar masası arxasında şərtləri diqtə etməyə can atır.
Təbii ki, belə situasiyada Ukraynanın maraqları və savaşın dayandırılması prosesində tutacağı mövqe də böyük önəm daşıyır. Çünki rəsmi Kiyev danışıqların dərhal başlamasının Ukrayna üçün daha sərfəli variant olduğuna əmindir. Hər halda, Ukraynanın tam işğalından sonra danışıqlar rəsmi Kiyevi Kremlin nizamlanma şərtləri qarşısında müdafiəsiz buraxa bilər.
Xüsusilə də, Kremlin Krım yarımadasının Rusiya ərazisi kimi tanınmasını, separatçı Donbas bölgəsinin müstəqilliyin qəbul edilməsini əsas şərtə çevirəcəyi qətiyyən şübhə doğurmur. Rəsmi Kiyev isə bununla razılaşmaq niyyətində deyil. Ona görə də danışıqlar masasının dərhal, yəni Rusiyanın Ukraynanın işğalını bitməsindən öncə qurulmasında maraqlıdır.
Ancaq rəsmi Kiyevin əsas problemləri sırasında güvənə biləcəyi vasitəçi dövlət mövzusu da mövcuddur. Artıq məlumdur ki, Ukrayna öz Qərb müttəfiqlərinə artıq əvvəlki kimi etibar etmir. Hətta ABŞ və Qərbin Ukraynanı Rusiya qarşısında yetərincə müdafiə etmədiyi qənaətindədir.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski ABŞ və Qərbdən narazı olduğunu qətiyyən gizlətmir. Ukrayna lideri ölkənin hava məkanının üçuşa qapadılmış zona elan edilməsindən çəkinən NATO-nu açıq mətnlə qınayıb. O, "Bu, mənim tanıdığım NATO deyil" deməklə yanaşı, bundan sonra Ukraynada həlak olacaq insanların həyatına görə bütün məsuliyyətinin məhz NATO-nun üzərində olacağını bəyan edib.
Maraqlıdır ki, prezident Volodimir Zelenskinin ABŞ və Qərbə yönəlik ittihamları olduqca sərt məzmun daşıyır: “Ukrayna səmasını bağlayın. Humanitar zona yaradın. Biz insanlarıq. İnsanları qorumaq isə sizin borcunuzdur və siz bunu edə bilərsiniz. Əgər, bunu etməsəniz, belə nəticəyə gələ bilərik ki, siz də bizim yavaş-yavaş öldürülməyimizi istəyirsiniz”.
Göründüyü kimi, bu ittihamlar əslində, rəsmi Kiyevin artıq ABŞ və Qərbə güvənmədiyini də biruzə verir. Çünki, ABŞ da, Böyük Britaniya da NATO-nun Rusiya ilə savaşmadığını, bundan sonra da bu müharibəyə qatılmayacağını birmənalı şəkildə vurğulamaqda davam edir. Üstəlik, ABŞ və Qərbin Ukrayna ilə daha fərqli planlarının olduğu da ortaya çıxmaqdadır.
“The Sun” nəşrinin iddiasına görə, ABŞ xüsusi təyinatlıları Ukrayna prezidenti Vladimir Zelenskini təxliyyə etməyə hazırlaşır. Belə ki, Böyük Britaniyanın 70-ə yaxın elit əsgərləri və ABŞ-ın 150 nəfər "dəniz pişikləri" gecə əməliyyatına hazırlıq görürlər. Əsas məqsəd prezident Volodimir Zelenskinin Polşa ərazisindən Ukraynada başladılacaq partizan müharibəsinə rəhbərlik etməsinə nail olmaqdır.
Belə anlaşılır ki, ABŞ və Qərb Ukrayna üzərindən Rusiyanı hələ uzun müddət savaşın içərisində tutmağı planlaşdırır. Və bu, o deməkdir ki, Qərb yaxın vaxtlarda sülh danışıqlarının başlanmasında da qətiyyən maraqlı deyil.
Bütün bunları nəzərə aldıqda, istənilən mərhələdə sülh danışıqlarına başlamaq baxımından, Türkiyə və Azərbaycan həm Ukrayna, həm də Rusiya üçün ən uyğun vasitəçilər ola bilər. Çünki, yalnız bu iki dövlət hər iki tərəflə normal münasibətləri qoruyub, saxlaya bilib. Üstəlik, sülhməramlı vasitəçilik missiyasında səmimi şəkildə maraqlı tərəf rolunda çıxış etmək potensialına sahibdir. Və prezident Volodimir Zelenski də həm Bakıda, həm də Ankarada Rusiya lideri ilə danışıqlara hazır olduğunu bildirib.
Onu da qeyd edək ki, rəsmi Ankara artıq vasitəçilik missiyası üçün konkret hərəkətə də keçib. Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodemir Zelenski ilə təmasdan sonra Kreml sahibi Vladimir Putinlə də telefon əlaqəsi saxlayıb. Türkiyə prezidenti Rusiya və Ukrayna arasında danışıqların başlamasının vacibliyini vurğulayıb. O, Kreml sahibinin diqqətini sülhün yolunun açılmasına yönəlik cəhdlərin önəminə çəkib.
Rusiya prezidenti Vladimir Putin isə öz növbəsində danışıqlara qarşı olmadığını bildirib. Ancaq o, bunun yalnız rəsmi Kiyevin hərbi əməliyyatları dayandıracağı təqdirdə, mümkün ola biləcəyini də vurğulayıb. Yəni, bu o deməkdir ki, Kreml sahibi dolayısı ilə təslim olmuş Ukrayna ilə danışıqlar aparmağa üstünlük verdiyinə eyham vurub.
Göründüyü kimi, Türkiyə prezidenti Rusiya və Ukrayna arasında savaşı dayandırmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmək potensialını sübuta yetirmiş durumdadır. Üstəlik, qeyd olunmalıdır ki, Kreml sahibi Türkiyə liderinə Rusiyanın münaqişəni həll etmək üçün Ukrayna hakimiyyəti və xarici tərəfdaşlarla da dialoqa hazır olduğunu etiraf edib. Və bu da o deməkdir ki, Rusiya yalnız münaqişənin dayandırılması ilə kifayətlənmək niyyətində deyil.
Məsələ ondadır ki, Kreml hərbi münaqişənin dayandırılmasının qarşılığında Rusiyaya yönəlik sanksiyaların ləğvini tələb edir. Ona görə də, bu anlaşmanın o qədər də asan olmayacağı qətiyyən şübhə doğurmur. Çünki, ABŞ və Qərbi artıq Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür. Və əsas hədəfi məhz sanksiyalar ilə Rusiyanın daha da zəiflədilməsinə nail olmaqdır.
Belə anlaşılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı olduqca ağır vasitəçilik missiyası gözləyir. Ancaq indiki halda, dünyada bu missiyanı Türkiyə liderindən başqa öz üzərinə götürməyə heç kim maraqlı deyil. Bu baxımdan, həm Rusiyanın, həm də Ukraynanın yenidən normal həyata dönüşü məhz Türkiyə liderinin vasitəçilik missiyasından asılı vəziyyətə düşmüş kimi görünür. Və əgər, bu missiya uğur qazanarsa, Türkiyə Qərbin Ukraynada partizan müharibəsi ilə Rusiyanı uzun müddət savaşın içərisində tutmaq planı da pozulmuş olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert