Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Ərdoğan ABŞ-ın planlarını pozur: Qərbdən narazı Zelenski Putinin şərtlərini qəbul etsə...

ABŞ və Qərbin Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası iflasa uğramaq üzrədir; Bu prosesdə Ukrayna və Rusiyanı barışdırmaq üçün vasitəçilik missiyasının icrasına başlamış Türkiyənin fəaliyyəti həlledici xarakter daşıdığından, rəsmi Ankara Ağ Evin qəzəbini tamamilə öz üzərinə çəkə bilər...

Yenixeber.org: Türkiyə beynəlxalq siyasi məkanda fəaliyyətini genişləndirir. Rəsmi Ankara Türkiyə sərhədləri ətrafında baş verən bütün proseslərə birbaşa siyasi-diplomatik reaksiya ilə əsas geopolitik oyunçu statusu qazanmağa başlayıb. Və Ukrayna böhranı hazırda Türkiyənin əsas gündəm mövzuları sırasında ön planda yer alır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfərə getməsi də bunu təsdiqləyir. Artıq Ukrayna paytaxtında olan Türkiyə prezidentini Kiyevdə duz-çörək ilə qarşılayıblar. Bu, Ukraynada Türkiyəyə olan ciddi etimadı və rəsmi Ankaranın siyasi-diplomatik fəaliyyətinə böyük ümidlərin bəslədiyini ifadə edir.

Təbii ki, rəsmi Kiyevin Türkiyəyə belə münasibəti qətiyyən təsadüfi deyil. Belə ki, rəsmi Ankara hazırda Ukrayna-Rusiya qarşıdurmasında ən pozitiv və barışdırıcı mövqeyi ilə diqqəti çəkən yeganə beynəlxalq siyasi iradə mərkəzidir. Və indi Ukraynanı Rusiya ilə dağıdıcı savaşdan yayındıra biləcək əsas geopolitik oyunçu rolunda çıxış edir.

ukraina-bayraktar.jpg (82 KB)

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri çərçivəsində Türkiyə və Ukrayna arasında yeni önəmli müqavilələrin ön planda olması diqqəti çəkir. Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, rəsmi Kiyev Türkiyə ilə yeni çərçivə sazişinə böyük əhəmiyyət verir. Çünki həmin saziş Ukraynada "Bayraktar TB2" istehsal edən zavodun tikintisini nəzərdə tutur. Eyni zamanda, bu saziş Ukrayna və Türkiyə arasında müasir hərbi texnologiyalar sahəsində əməkdaşlığı təmin edəcək.

Təbii ki, Ukrayna və Türkiyə arasında belə önəmli sahələr üzrə əməkdaşlıq niyyətləri Rusiya siyasi dairələrində qətiyyən məmnunluq ilə qarşılanmır. Rusiyada "Bayraktar TB2" ilə bağlı ciddi xof mövcuddur. Hər halda, "Bayraktar TB2" PUA-larının II Qarabağ savaşında dünyada məşhur olan Rusiya silahlarını məğlub etməsi Rusiyanın hərbi-siyasi dairələrində hələ unudulmayıb. Və həmin PUA-ların indi Ukrayna ordusunun hərbi texnika təchizatında yer alması bu silaha qarşı müdafiə alternativi tapa bilməyən Rusiyanı ciddi şəkildə narahat edir.

Ancaq rəsmi Ankara Ukrayna ilə Türkiyə arasında olan əməkdaşının və anlaşmaların Rusiyaya qarşı yönəlmədiyini birmənalı şəkildə vurğulamaqla, Kremli narahatlıq əhval-ruhiyyəsindən çıxartmağa çalışır. Üstəlik, Türkiyə rəsmi Kiyev ilə anlaşmaların Ukrayna-Rusiya böhranına heç bir aidiyyatının olmadığına da təminat verir. Və bu, rəsmi Ankaranın hər iki qarşıduran tərəfə münasibətdə səmimi davrandığını təsdiqləyir.

Məsələ ondadır ki, hazırda Ukrayna və Rusiya arasında savaş həddinə qədər gərginləşmiş qarşıdurmada tərəfə çevrilmək Türkiyənin maraqlarına qətiyyən cavab vermir. Hər halda, həm Rusiya, həm də Ukrayna Türkiyənin geopolitik, geoiqtisadi və geostrateji maraqlarında xüsusi yer tutur. Və hər iki ölkə ilə normal münasibətlər rəsmi Ankaranın əsas hədəfi hesab olunur.

1618047756_tsiklon-1m.jpg (45 KB)

Ən azından ona görə ki, məhz qarşıduran tərəflər arasında neytral mövqe rəsmi Ankaraya Ukrayna-Rusiya böhranının siyasi-diplomatik yolla həllində vasitəçilik missiyası üçün münbit şərait yarada bilər. Çünki, rəsmi Ankara Türkiyənin aid olduğu daha bir regionda savaş təhlükəsinin qarşısını almaqda birbaşa maraqlıdır. Və bu, Ukraynaya səfər edən Türkiyə prezidentinin açıqlamasında da əsas siyasi hədəflərdən biri kimi qabardılır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  vurğulayıb ki, rəsmi Ankara Qara dəniz regionunda sülhü və qarşılıqlı fayda verəcək əməkdaşlıq niyyətlərini dəstəkləyir. Ona görə də, Türkiyə lideri Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etdiklərini vurğulamaqla yanaşı, qarşıduran tərəfləri sülhə və əməkdaşlığa da çağırıb.

Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu siyasi kursu hazırda ABŞ və Qərbin strateji maraqlarına ciddi problem yaradır. ABŞ və Qərb Ukrayna böhranı üzərindən qurduğu hərbi-siyasi təzyiq kampaniyası ilə Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmağa cəhd göstərir. Ukraynanı da bu kampaniyada Rusiya ilə savaşa sürükləməklə böyük təhlükəyə məruz qoymaqdadırlar. ABŞ və Qərbin bu beynəlxalq kampaniyası qarşısında hazırda Türkiyə yeganə əngəl rolunda çıxış edir.

Məsələ ondadır ki, rəsmi Ankara Ukrayna və Rusiya arasında vasitəçilik missiyasını uğurla sürdürüb, böhranı nizamlamağa nail olarsa, ABŞ və Qərbin Rusiyanı öz sərhədləri içərisinə sıxışdırmaq planları müvəqqəti də olsa, pozula bilər. Ona görə də, ABŞ və Qərb Türkiyənin vasitəçilik missiyasına qıcıqla yanaşdığını gizlətməkdə çətinlik çəkir. İndi Ağ Evdə rəsmi Ankaradan barışdırıcı vasitəçilik missiyası gözləmirlər. Əksinə, Türkiyədən NATO-ya üzv müttəfiq dövlət kimi, Rusiyanın sıxışdırılması prosesində daha fəal və açıq dəstək umurlar. Və hətta buna nail olmaq üçün rəsmi Ankaraya şirnikləndirici vədlər də verirlər.

zelen-put-erdo.jpg (7 KB)

Ancaq rəsmi Ankara ABŞ və Qərbin ümidlərini doğrultmaq istiqamətində deyil, məhz Türkiyənin maraqlarına uyğun davranmağı üstün tutur. Türkiyənin maraqları isə indi çox yaxşı münasibətlərdə olduğu Rusiya və Ukrayna arasındakı böhranın nizamlanmasını tələb edir. Və bu baxımdan, həm Ukraynanın, həm də Rusiyanın Türkiyə tərəfindən təklif edilən vasitəçilik missiyasına həssas yanaşmağa çalışdıqları nəzərə çarpır.

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Ankaranın Putin-Zelenski görüşü ilə bağlı təklifini artıq cavablandırıb. Həmin cavabın məzmunu tam açıqlanmasa da, Rusiyanın bu görüşün baş tutması üçün müəyyən şərtlərinin olduğu bildirilir. Böyük ehtimalla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiyevdə Kremlin şərtlərini Ukrayna lideri Volodemir Zelenskinin müzakirə edib. Əgər, Ukrayna tərəfi Kremlin şərtləri ilə razılaşarsa, Rusiya prezidenti ilə görüşün reallaşması mümkün olacaq. Hər halda, Kremlə yaxın siyasi dairələr prezident Vladimir Putinin fevralın ikinci yarısında Türkiyəyə səfər edə biləcəyini vurğulayırlar. Və bu, Ukrayna-Rusiya böhranında siyasi-diplimatik nizamlama istiqamətində önəmli dönüş nöqtəsi ola bilər.

Belə anlaşılır ki, ABŞ və Qərbin Rusiyaya qarşı beynəlxalq hərbi-siyasi təzyiq kampaniyası iflasa uğraya bilər. Üstəlik, bu prosesdə Ukrayna və Rusiyanı barışdırmaq üçün vasitəçilik missiyasını artıq icra etməyə başlamış Türkiyənin fəaliyyəti həlledici xarakter daşıyır. Bu baxımdan, ABŞ və Qərbin planlarını pozmaq üzrə olan Türkiyənin vasitəçilik missiyasına Ağ Evin alternativ reaksiyasının necə olacağı da maraq doğurur. Hər halda, Ağ Evin narahatlıq keçirməsi və qəzəblənməsi üçün ciddi səbəblər olmamış deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam