Yenixeber.org: İranın sonuncu şahı Məhəmməd Rzanın əkiz bacısı olan Əşrəf 1919-cu il oktyabrın 26-da, qardaşından beş saat sonra dünyaya gəlib və ilk adı Zəhra olub. Altı yaşı olarkən atası Rza taxta çıxandan sonra Əşrəfülmülk titulu verilib və daha çox Əşrəf adı ilə tanınıb.
1930-cu illər İranda qadınların emansipasiyası dövrü idi. Bu məsələdə şahın arvadı Tacülmülkə və iki qızına – Şəms və Əşrəfə xüsusi rol ayrılmışdı. Onlar 1936-cü ilin yanvarın 8-də Tehran pedaqoji kollecində buraxılış tədbirində iştirak etdilər. Şəkilləri qəzetlərdə dərc olundu və elə həmin gün şahın “kəşf-e hicab” (hicabın açılması) adını alacaq, hicab örtməyi qadağan edən fərmanı çıxdı.
Amma Rza şahın emansipasiya siyasəti də bir yerə qədər idi. Əşrəf orta məktəbi bitirib universitet təhsili almaq istəyəndə, atası buna icazə vermədi. O, 1937-ci ildə hər iki qızını ərə verdi və bu zaman da onların rəyini soruşmadı. Əşrəfin əri nüfuzlu, bir çox mənbələrdə yəhudi kökənli təqdim olunan Qəvam ailəsindən Əli Qəvam oldu.
Əşrəf ərini sevmirdi və atasının seçimindən məmnun deyildi. Buna görə də, İran 1941-ci ildə ingilislər və sovetlər tərəfindən işğal olunduqdan və Rza şah taxtdan salınıb Cənubi Afrikaya sürgün edildikdən bir il sonra cütlük boşandı. Bu nikahdan Əşrəfin Şahram adlı bir oğlu oldu.
Bir müddət Əşrəfin Huşəng Teymurtaşla sevgi macərasının olduğunu söylənilir. Huşəng 1925-1932-ci illərdə Rza şahdan sonra İranın ikinci nüfuzlu şəxsi sayılan, sonra isə həbsə atılıb öldürülən Əbülhəsən xan Teymurtaşın oğlu idi. Məhəmməd Rza şah da buna görə bu əlaqənin əleyhinə idi.
Şahın birinci arvadı Fevziyə Misir kral ailəsinin üzvü idi. O, 1944-cü ildə öz ölkəsinə qonaq gedərkən Əşrəf də onu müşayiət edir və burada Misir zadəganlarından Əhməd Şəfiqlə tanış olur. Onlar elə həmin il evləndilər. Bu nikah rəsmən 1960-cı ilə qədər davam etdi. Hərçənd, deylənlərə görə, rəsmi boşanmadan hələ 6 il əvvəl ayrılmışdılar. Bu nikahdan Əşrəfin Şəhriyar adlı oğlu və Azadə adlı qızı oldu.
***
1946-cı ilin iyulunda Əşrəf SSRİ-yə səfərə gəldi. Şahzadə burada yüksək səviyyədə qarşılandı, onun qalması üçün “Arxangelskoye” malikanəsi ayrıldı. İyulun 20-də onu Stalin şəxsən qəbul etdi. Görüşdə xarici işlər naziri Molotov da iştirak edirdi.
Görüş 2,5 saat davam etdi, halbuki daha qısa olacağı planlaşdırılırdı. Əsas müzakirə olunan məsələ Güney Azərbaycan idi. Tehran Təbriz üzərinə hücuma hazırlaşırdı və Moskvanın bu zaman bitərəf qalacağı barədə zəmanət almaq istəyirdi. Əşrəf Stalinə qızıl portsiqar, xalça və toxunmuş portretini hədiyyə etdi.
Şahzadənin sonralar yazdığı xatirələrinə inansaq (bu xatirələr obyektivliyi ilə fərqlənmir), sovet liderində güclü təəssürat oyada bilib. Görüşün sonunda Stalinin ona “Qardaşınızın yanında 10 nəfər sizin kimisi olsa, narahat olmaya bilər” dediyini iddia edir.
Ertəsi gün İran şahzadəsi “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olundu. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin bu barədə fərmanında göstərilirdi ki, o, müharibə zamanı valideynlərini itirmiş sovet uşaqlarına yardım üçün vəsait toplanmasında göstərdiyi fəallığa görə bu mükafata layiq görülür. Səfəri zamanı Əşrəf Moskvadan başqa Leninqradda, Stalinqradda, Kiyevdə, Xarkovda və Bakıda oldu.
***
1952-1953-cü illər Pəhləvi sülaləsi üçün ağır keçdi. Milli Cəbhə lideri Məhəmməd Müsəddiqin baş nazirliyi xanədanın taleyini sual altına almışdı. Çevriliş planı quran amerikalılar kömək üçün şaha müraciət etdikdə, sonuncu tərəfdən ciddi qorxu və apatiya ilə üzləşdilər.
Amerikalılar şahı inandırmaq üçün Əşrəfin köməyinə müraciət etdilər. Bu dövrdə xanədan üzvlərinin çoxu xaricə qaçmışdı. Əşrəf də əsasən Parisdə yaşayırdı. Amma MKİ-nin əməkdaşları onu Parisdə tapmadılar. Beş gün davam edən gərgin axtarışlardan sonra şahzadə Fransa Rivyerasında tapıldı. Onu qardaşı ilə danışmağa razı salmaq üçün amerikalılar bir qədər pul və samur xəzindən olan kürk peşkəş etməli oldular.
Şahın qorxusunu dəf etmək o qədər də asan olmadı, amma sonda razılıq alındı. Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “Ayaks” əməliyyatı nəticəsində Müsəddiq devrildi. Məhəmməd Rza şahın əsl şahlığı bundan sonra başladı. Əşrəf isə ölkədəki ən nüfuzlu adamlardan birinə çevrildi.
O, 1960-cı ildə ikinci ərindən boşanandan 18 gün sonra Mehdi Buşehri adlı İran vətəndaşı ilə ailə qurur. Bu izdivacdan övladı olmur. Zatən ər-arvad az sonra ayrı yaşamağa başladılar.
1960-cı illərdən etibarən Əşrəf bir neçə beynəlxalq təşkilatlarda, o cümlədən BMT-nin insan hüquqları və qadın hüquqları komissiyalarında təmsil olunur. Onun İran qadınlarının hüquqlarının genişlənməsi istiqamətində həqiqətən müsbət işlər gördüyü söylənilir. Amma bu, əsasən sosial hüquqlar idi. Siyasi hüquqlar baxımından isə İranın bütün vətəndaşları kimi, qadınlar da hüquqsuz idilər.
BMT 1975-ci ili Beynəlxalq qadın ili elan etmişdi. 1976-cı il yanvarın 5-də Əşrəfin “Nyu York Tayms” qəzetində həmin ilin yekunları, qadınların problemlərilə bağlı məqaləsi dərc olundu. Buna cavab olaraq Key Boyl adlı siyasi-ictimai fəal “Neyşen” jurnalında yazdığı məqalədə İranda 4 min qadının siyasi məhbus olduğunu şahzadəyə xatırlatdı.
Əşrəf beynəlxalq aləmdə fəal olduğu illərdə Stalindən savayı, Qandi, Brejnev, Tito, Bhutto, Nehru, Kennedi, Nikson, Karter, Çauşesku, Selassiye, Suxarto kimi tanınmış liderlərlə görüşür. Onun hətta BMT Baş katibi postuna iddialı olması da söylənilir.
***
Tarixdə qanlı inqilabların baş verdiyi ölkələrə nəzər salsaq, bir çox hallarda hakim xanədanın qadın üzvünə qarşı şiddətli nifrət olduğunu görərik. Adətən həmin qadın hakimiyyət sahibinin arvadı olur. Fransada Mariya-Antuanetta, Rusiyada Aleksandra Fyodrovna, Rumıniyada Yelena Çauşesku. İranda isə həmin qadın şahın arvadı yox, bacısı Əşrəf idi.
O, İranda ən korrupsioner adam sayılırdı. Ölkədə bir çox sahələr üzrə bizneslə məşğul olmaq üçün Əşrəfin razılığını almaq, ya da özünə şərik etmək lazım idi. Nəticədə, çoxlu sayda şirkətlərin sahibi, ya da şəriki idi. O, müxtəlif adamlardan pul alır və vəzifəyə təyin edilməsi üçün qardaşına təsir göstərirdi. Bəzi iddialara görə, hətta narkotik, əntiq mallar qaçaqmalçılığı ilə də məşğul olurdu. Onun qazancının əsas mənbələrindən biri də lotereya monopoliyası idi və buradan hər ay 4-5 milyon tümən qazancı olduğu söylənilir.
Əşrəfə nifrət təkcə korrupsiya ilə deyil, həm də həyat tərzi ilə bağlı idi. Mühafizəkar İranda şahzadənin seksual həyatı, az qala hər gün yataq partnyorunu dəyişməsi barədə söhbətlər gəzişirdi. Üstəlik, vaxtının əhəmiyyətli hissəsini Monte Karlo kazinosunda keçirməsi də sirr deyildi.
***
İran inqilabının qələbəsindən sonra Əşrəf Parisdə yaşayır. Onun kiçik oğlu, “Azad İran” təşkilatının yaradaraq İslam Respublikasına qarşı fəaliyyət göstərməyə çalışan Şəhriyar Şəfiq 1979-cu ilin dekabrında Parisdə öldürüldü. Ayətullah Sadiq Xalxali bu qətli onun göndərdiyi adamların törətdiyini iddia edirdi.
Əşrəf 1980-ci ildə “Nyu York Tayms” qəzeti üçün yazdığı “Mən bu iftiraya qarşı mübarizə aparacağam” adlı məqaləsində korrupsiya ilə bağlı özünə, Pəhləvi sülaləsinə ünvanlanan ittihamlara cavab verirdi. O, öz var-dövlətinin mənbəyi kimi guya atasından qalan, sonra da qiyməti xeyli bahalaşan torpaq sahələrini göstərirdi. Sonra yazdığı üç kitabda da eyni ritorika mövcud idi.
Ömrünün son illərində anası kimi altsheymer xəstəliyinə tutulan Əşrəf Pəhləvi 2016-cı il yanvarın 7-də Monte Karloda vəfat etdi. O, bir həftə sonra dəfn edildi. Tabutu İranın İslam inqilabından əvvəlki bayrağı ilə örtülmüşdü.