Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Kreml Antalyada barışı deyil, savaşı seçdi: Rusiyanın “bataqlıq”dan çıxma şansı tükənir

Ukraynada müharibə uzanarsa, sonrakı nəticələrlə Rusiyanın “savaş bataqlığı”nın daha dərin qatlarına çəkilməsi reallığa çevrilə bilər; Rusiyanın dünyadan təcrid olunma prosesinin Kreml üçün sosial-iqtisadi intihar mərhələsinə yol aça biləcəyi də qətiyyən istisna deyil...

Yenixeber.org: Ukrayna savaşının diplomatik mərhələsi nəhayət ki, başladıldı. Bu mərhələnin müəllifi və avanqard qüvvəsi rolundasa, məhz Türkiyə siyasi dairələri çıxış edir. Və bu, rəsmi Ankaranın böyük siyasi-diplomatik uğuru da sayıla bilər.

Düzdür, Ukrayna və Rusiya təmsilçiləri Belarusda 3 dəfə görüşmüşdülər. Üstəlik, bu görüşlər ikitərəfli, yəni vasitəçilərin iştirakı olmadan keçirilmişdi. Ən əsasısa, nəticəsiz Belarus görüşlərində Ukrayna və Rusiyanı yüksək ranqlı diplomatlar təmsil etmirdilər. Və bu görüşlər Ukrayna savaşı ilə bağlı beynəlxalq səviyyəli anlaşmaların əldə olunmasına uyğun mühitdə keçirilmir.

Ukrayna və Rusiya xarici işlər nazirlərinin Antalya görüşü isə bu baxımdan, savaşın başlanmasından ötən müddət ərzində ilk yüksək səviyyəli diplomatik təmas xarakteri daşıyır. Hələ görüşdən öncə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Rusiya tərəfini belə bir görüşə necə razılaşdıra bildiyinə təəccüb etdiyini də vurğulamışdı. O, xatırlatmışdı ki, rəsmi Kiyev dəfələrlə müraciət etsə də, Kreml son bir neçə il ərzində görüşdən israrla imtina edirdilər.

1777449911_0_0_3959_2227_1920x0_80_0_0_386e946cd755bc702b5d60e684bee47b.jpg (307 KB)

Maraqlıdır ki, Ukrayna xarici işlər naziri D.Kuleba Antalya görüşündən uzaqgedən nəticələr gözləmədiyini də gizlətməmişdi. Əslində, rəsmi Ankara da bu görüşdə Ukrayna savaşı ətrafında prinsipial qərarların çıxa biləcəyi qənaətindən çox uzaq idi. Ancaq Rusiya xarici işlər nazirinin Ukraynalı həmkarı ilə danışıqlar masası arxasında oturmasının özü də gələcək təmaslar baxımından önəmli irəliləyiş hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, üçtərəfli görüşdən və ondan sonra keçirilən mətbuat konfransından ortaya çıxan görüntülər mövcud vəziyyət ilə bağlı müəyyən mülahizələrə imkan verir. Birmənalı şəkildə aydın oldu ki, Rusiya tərəfi hələlik hər hansı anlaşmaya hazır deyil. Rusiya ordusu savaş meydanında Kremlin hədəflədiyi nəticələrdən çox uzaqdır. Və Rusiyanın hazırda əli çox zəif olduğundan Kreml siyasi-diplomatik masada özünü narahat hiss edir.

Görüş müddərində, eləcə də mətbuat konfransında xarici işlər naziri Sergey Lavrovun olduqca gərgin olması, hətta bəzən özünü aqressiv aparması və bəzi hallarda pərtliyini gizlədə bilməməsi də Rusiyanın üzləşdiyi mövcud durumun ağır olduğunu biruzə verirdi. Belə vəziyyətdəsə, Kremlin hər hansı anlaşmaya həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil. Rusiyanın siyasi diplomatik masada özünü rahat hiss etməsi üçün qarşı tərəfə anlaşma şərtlərini diqtə etmək şansı qazanması vacibdir. Rusiya ordusunun Ukrayna savaşında uğur qazana bilmədiyini nəzərə aldıqdasa, bu, qətiyyən real görünmür.

1432712.jpg (25 KB)

Ona görə də, Kreml xarici işlər nazirlərinin görüşündən əvvəl anlaşma ehtimalının gündəmdən çıxarılmasının qayğısına qalmışdı. Hər halda, Ukraynadan Krımın Rusiya ərazisi kimi tanınması, Donbasdakı separatçıların “müstəqulliyinin” qəbul edilməsi və s. tələblər elə əvvəlcədən Kremlin anlaşma niyyətinin olmadığını göstərirdi. Çünki, rəsmi Kiyevin Ukraynanın ərazi bütöblüyünə qəsd xarakteri daşıyan belə tələbləri qəbul etməyəcəyini Kremldə anlamamış deyildilər.

Digər tərəfdən, Kreml siyasi-diplomatik “pəncərə”ləri də tam qapatmaqda qətiyyən maraqlı deyil. Çünki hazırda sülh danışıqları Ukraynaya lazım olduğu qədər də Rusiya üçün vacibdir. Kreml Rusiyanın Ukrayna savaşına, eləcə də onun beynəlxalq nəticələrinə uzun müddət davam gətirə bilməyəcəyini də nəzərə alır. Ona görə də, Kreml istər-istəməz siyasi-diplomatik “pəncərə”ləri hər ehtimala qarşı açıq tutmaq məcburiyyətindədir. Əgər, Ukrayna savaşında planlaşdırılan əzici hərbi üstünlüyə nail olunacağı təqdirdə, həmin “pəncərə”lər Kremlə lazım ola bilər.

Təbii ki, bütün bunları nəzərə aldıqda, xarici işlər naziri S.Lavrovun Rusiya və Ukrayna prezidentlərinin görüş ehtimalına verdiyi reaksiya da maraqlıdır. Belə ki, S.Lavrov qəribə də olsa, Kremlin Ukrayna və Rusiya prezidentlərinin görüşündən heç vaxt imtina etmədiyini vurğuladı: “Ancaq prezidentlərin görüşləri sadəcə, görüş xatirinə olmamalıdır. Belə görüşdən mütləq prinsipial və həlledici nəticələr çıxamalıdır”.

1642861390_ukrayna_rusya_savasinin_baslamsi_an_meselesi_1642669925_7948.jpg (32 KB)

Göründüyü kimi, Kreml yalnız Rusiyanın maraqlarını ifadə edən şərtlərin qəbul ediləcəyi görüş barədə düşünür. Ona görə də, hazırda belə bir görüş şansı olmadığından, Kreml Antalyada barışı deyil, yenidən savaşı seçdi. Halbuki, Kremlin Ukrayna savaşında Rusiyaya sərfəli hərbi nəticələr əldə edib, situasiyanı öz xeyrinə dəyişə biləcəyinə də tam təminat yoxdur.

Əksinə, Ukraynada müharibə uzanarsa, savaşın sonrakı nəticələri Rusiyanı bu “bataqlığın” daha da dərinliyinə çəkə bilər. Bu halda, beynəlxalq sanksiyaların getdikcə sərtləşdirildiyini nəzərə aldıqda, hansısa mərhələdə Rusiyanın həmin “savaş bataqlığı”ndan çıxma imkanlarının məhdudlaşa biləcəyi də qətiyyən istisna deyil.

Rusiyanın dünyadan təcrid olunma prosesinin tezliklə əhalinin müxtəlif sosial təbəqələrini də Kremlin savaş siyasətinə qarşı yönəldə biləcəyi istisna olmadığından daha ağır dövrün hələ irəlidə olduğunu ehtimal etmək olar. Və həmin dövrün Rusiya üçün sosial-iqtisadi intihar mərhələsi ola biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam