Putin Zelenski ilə niyə görüşmək istəmir: Ukrayna Qərbə güvənmir, Kreml isə vəziyyəti qəlizləşdirir
Kreml indiki mərhələdə Ukrayna və Rusiya prezidentlərinin görüşündə maraqlı olmadığını dolayısı ilə diqqətə çatdırmağa çalışır; Çünki hətta Rusiya siyasi dairələri belə, Ukrayna ilə savaşa ehtiyacın olub-olmadığını tam dəqiqləşdirə bilməyiblər...
Yenixeber.org: ABŞ və Qərb ilə Rusiya arasında hərbi-siyasi qarşıdurmada yeni situasiya yaranmağa başlayıb. Üstəlik, bu yeni situasiyanın ABŞ və Qərbin maraqlarına zidd olduğu da açıq-aşkar nəzərə çarpır. Və bu baxımdan, yaxın vaxtlarda Ukrayna böhranı ətrafında fərqli geopolitik şərtlərin ön plana çıxa biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Rusiya Ukraynaya qarşı hərbi müdaxilədən yayınmağa çalışdığını biruzə verir. Rusiya prezidenti Vladimir Putin son açıqlamasında Ukrayna böhranı ətrafında yaranmış situasiyanın onun ölkəsi üçün qurulmuş "tələ" olduğunu vurğulayıb. Kreml sahibi iddia edib ki, ABŞ və Qərb bütün vasitələrlə Rusiyanı Ukrayna ilə savaşa çəkməyə çalışır. Onun sözlərinə görə, əsas məqsəd Kremlin təsir dairəsini məhdudlaşdırmaq, Rusiyanın inkişaf imkanlarının qarşısını almaqdır.
Maraqlıdır ki, Kreml sahibi Rusiyanın ABŞ və Qərb tərəfindən qurulmuş bu "tələ"yə düşməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, Kreml Ukrayna ilə savaş ehtimalından yayınmaq üçün bütün imkanlardan yararlanmağa çalışacaq.
Təbii ki, Rusiya prezidenti Vladimir Putinin bu açıqlaması ikibaşlı məzmun daşıyır. O, bir tərəfdən ABŞ və Qərbin Ukrayna böhranı ətrafında Rusiyaya qarşı təhlükəli planlar qurulmasından danışır. Rusiyanın Ukrayna ilə savaşa başlamaqda maraqlı olmadığını qabardır. Və bununla da həm Ukraynanı, həm də ABŞ və Qərbin Rusiya ilə qarşıdurmaya sürükləməyə can atdığı Avropa dövlətlərini arxayınlaşdırmağa çalışır.
Ona görə də, Kreml sahibinin bu açıqlamasını bir tərəfdən Rusiyanın savaşdan yayınmaq cəhdi, digər tərəfdən isə Ukraynaya hərbi müdaxilə öncəsində beynəlxalq rəqiblərinin sayıqlığını nisbətən zəiflətmək istəyi kimi də dəyərləndirmək olar. Hər halda, Kreml sahibinin Ukrayna ilə savaş ehtimalından yayınmaq üçün bütün imkanlardan yararlanmağa çalışacağını vurğulanması müəyyən mənada, həm də prezident V.Putinin müharibə üçün "açıq qapı" buraxması kimi də anlaşıla bilər.
Göründüyü kimi, əslində, Kremldə də Rusiyanın Ukraynaya hərbi müdaxilə etmək məcburiyyətində qalmayacağından tam əmin deyillər. Üstəlik, prezident V.Putin Ukrayna böhranı ilə bağlı Rusiyaya qarşı beynəlxalq sanksiyalardan və təzyiqlərdən danışarkən, Avropa dövlətlərini hədələməyi də qətiyyən unutmayıb. Hər halda, o, bildirib ki, Macarıstan istisna olmaqla, digər Avropa ölkələri yaxın vaxtlarda enerji resursları, xüsusilə də təbii qazla təminat məsələsində ciddi problemlər ilə üzləşə bilərlər. Yəni, Kreml sahibi savaş olacağı təqdirdə, Avropa dövlətlərinin neytral qalmasının vacibliyinə üstüörtülü, ancaq təhdidkar tonda eyham vurub.
Təbii ki, bütün bunları nəzərə aldıqda, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə edib-etməyəcəyi ilə bağlı ehtimallar arasında elə də böyük məsafənin olmadığı anlaşılır. Üstəlik, bütün bunlar Böyük Britaniyanın baş naziri Boris Consonun Kiyevə rəsmi səfərinə paralellik təşkil edir. Və Böyük Britaniya baş nazirinin Rusiya əleyhinə açıqlamalarına yönəlik qabaqlayıcı reaksiya təsiri bağışlayır.
Məsələ ondadır ki, britaniyalı baş nazir Rusiya əleyhinə ən sərt açıqlamalara müəlliflik edən Qərb siyasi lideridir. Kiyev səfər ərəfəsində o, "Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, rus analar çoxlu sayda tabutlar alacaqlar" açıqlaması ilə diqqəti çəkmişdi. Prezident Vladimir Zelenski ilə görüşdükdən sonra isə baş nazir Boris Conson rus əsgərləri Ukrayna ərazisinə girdikləri andan etibarən Rusiyaya qarşı artıq hazırlanmış dağıdıcı sanksiyaların dərhal reallığa çevriləcəyini bəyan edib.
Belə anlaşılır ki, Kreml savaş ehtimalı ilə bağlı iddiaları əhəmiyyətdən salmağa çalışsa da, Qərb siyasi dairələri Rusiya aqressiyası ilə bağlı təhlükəni aktual saxlamağa cəhd göstərirlər. Belə vəziyyətdə ən qəliz situasiyada qalan tərəf isə şübhəsiz ki, məhz Ukrayna sayıla bilər. Çünki, bu ölkə bir tərəfdən Rusiyanın hərbi müdaxilə təhlükəsi ilə üz-üzə qalıb. Digər tərəfdən isə, rəsmi Kiyev savaşın başlayacağı təqdirdə, indi Ukraynanı müdafiə edən ABŞ və NATO-nun dəstəyinə tam əmin deyil.
Ona görə də rəsmi Kiyev Rusiya ilə siyasi-diplomatik təmas imkanlarının sınaqdan çıxarılmasına son vaxtlar xüsusi həssaslıqla yanaşır. Bu baxımdan, Ukraynanın BMT-də daimi nümayəndəsinin "Prezident Vladimir Zelenski Vladimir Putin ilə görüşməyə hazırdır" deməsi böyük maraq doğurur. Çünki, rəsmi Kiyevin Rusiya ilə siyasi-diplomatik təmas cəhdlərini artırılması ABŞ və Qərbdə o qədər də məmnunluqla qarşılanmır. Hətta bu cəhdlərlə rəsmi Kiyevin Qərbin göstərdiyi hərbi-siyasi dəstəyi əhəmiyyətdən salmağa başladığını da düşünənlər olmamış deyil.
Maraqlıdır ki, Rusiya siyasi dairələri də Ukrayna prezidenti ilə görüşün təşkilinə qarşı çıxmırlar. Ancaq Kremlin indiki mərhələdə Ukrayna və Rusiya prezidentlərinin görüşündə maraqlı olmadığı da diqqətdən yayınmır. Hər halda, Rusiya xarici işlər naziri Sergey Lavrovun bu məsələ ilə bağlı açıqlaması Kremlin prezidentlər arasında görüşün baş tutmasını istəmədiyini göstərir.
Məsələ ondadır ki, xarici işlər naziri S.Lavrov Rusiya və Ukrayna prezidentlərinin görüşünü təşkil etməyin o qədər də çətin olmadığını vurğulayıb: "Əgər, prezident V.Zelenski Ukrayna-Rusiya münasibətlərini müzakirə etmək istəyirsə, hər an Soçiyə və yaxud Moskvaya gələ bilər. Ancaq onun məqsədi Donbas problemini müzakirə etmək istəyirsə, onda Rusiyaya deyil, məhz bu məsələ ilə məşğul olan Minsk Qrupuna müraciət etməlidir".
Əslində, bu açıqlamanın məzmunu dolayısı ilə prezident Vladimir Putinin Ukrayna lideri Vladimir Zelenski ilə görüşmək istəmədiyini anladır. Çünki, Ukrayna-Rusiya münasibətlərində ən ciddi problemlərdən biri məhz Donbas məsələsidir. Əgər, Donbas problemi müzakirə edilməyəcəksə, Ukrayna və Rusiya prezidentlərinin görüşünə də elə bir ciddi ehtiyac qalmır.
Eyni zamanda, prezidentlərin görüşü üçün məhz Soçi və Moskvanın ünvan göstərilməsi də rəsmi Kiyevin təklifini diplomatik dillə geri çevirmək deməkdir. Hər halda, savaş vəziyyətində olan iki ölkədən birinin prezidentinin digər düşmən ölkəyə səfər etməsi o qədər də gözlənilən hadisə deyil. Rəsmi Kiyev haqlı olaraq, bu görüşün üçüncü ölkənin ərazisində baş tutmasında israr edir. Və bu baxımdan, Rusiyanın rəsmi Kiyevdən gələn siyasi-diplomatik nizamlama təklifini qəbul etmədiyini düşünmək olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert