Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ məxfi ssenarini açdı, Rusiyanı "tələ"yə saldı: Kreml savaşı həm təkzib, həm də təsdiq edir

Ağ Evin iddialarına görə, "saxta bayraqlar" ilə Ukraynanın "Donbasa hücum"unu imitasiya edəcək və bunu bəhanəyə çevirib, bu ölkəyə qoşun yeridəcək; ABŞ kəşfiyyatı Rusiyanın dövlət strukturlarının ən yüksək səviyyəsinə qədər agentura şəbəkəsi qurmağa nail olubsa və məxfi məlumatları əldə edə bilirsə, deməli, Kreml Ağ Evin nəzarəti altındadır...

Yenixeber.org: ABŞ və Qərbin Rusiyaya qarşı beynəlxalq səviyyədə informasiya savaşına başladığı müşahidə olunur. Ağ Ev Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi vaxt ilə bağlı yeni məlumatlar açıqlamaqla, Kremli olduqca çətin vəziyyətə salmış kimi görünür. Və hazırda Rusiya siyasi dairələri bu vəziyyətdən çıxmaq məsələsində açıq-aşkar çaşqınlıq içərisində qalıblar.

Əslində, Rusiyaya qarşı informasiya savaşı ötən ilin sonlarından başlayıb. Belə ki, Ağ Ev ABŞ kəşfiyyatının məlumatlarına istinad edərək, Rusiyanın Ukraynaya qarşı müharibəyə məhz fevralın 6-da başlayacağını iddia edirdi. Ancaq bu tarixdə savaşın başlayacağı ilə bağlı gözləntilər özünü doğrultmadı.

ABŞ həmin iddiaların doğrulmamasının səbəblərini Çində keçirilən qış olimpiya oyunları ilə izah etməyə çalışdı. Ağ Ev Cin rəsmi dairələrinin Kremldən qış olimpiya oyunlarının sona çatmasına qədər hərbi əməliyyatları təxirə salmağı xahiş etdiyini vurğuladı.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Təbii ki, bu müddət ərzində Kremldən verilən açıqlamalarda ABŞ və Qərb Ukrayna böhranı ətrafında yaranmış vəziyyəti daha da gərginləşdirmək cəhdlərində ittiham olunurdu. Rusiya Ukrayna sərhədləri ətrafına 120 minlik qoşun yığsa da, bu qonşu ölkəyə qarşı savaş açmaq niyyətində olmadığını bəyan edirdi. Və bu ziddiyyətli məqama baxmayaraq, Kreml kifayət qədər inandırıcı görünməyi də bacarmışdı.

Ancaq son günlər vəziyyət yenidən ciddi şəkildə dəyişməyə başlayıb. ABŞ-dan verilən açıqlamalarda və yayılan məlumatlarda Rusiyanın Ukraynaya qarşı savaşa başlayacağı yeni tarix açıqlanıb. Ağ Ev bir tərəfdən ABŞ vətəndaşlarını yaxın bir neçə gün ərzində Ukraynanı tərk etməyə çağırır. Digər tərəfdən isə Ukraynada savaş başlayacağı təqdirdə, bu ölkəni vaxtında tərk etməyən ABŞ vətəndaşlarına evakuasiya üçün dəstək verilməyəcəyini bildirir. Yəni, ABŞ vətəndaşlarına "Ukraynanı ya indi tərk edin, ya da sonra kömək gözləməyin" mesajı verilir.

Əlbəttə ki, ABŞ-ın, eləcə də, Böyük Britaniyanın analoji çağırışları artıq beynəlxalq məkanda elə bir ciddi təəccüb doğurmur. Buna demək olar ki, hər kəs vərdişidir. Halbuki son vaxtlar bəzi digər dünya dövlətlərinin də öz vətəndaşlarına israrlı çağırışlar etməsi vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir.

Maraqlıdır ki, belə ölkələrin sırasında ABŞ və Böyük Britaniya ilə yanaşı, Yaponiya, Latviya, Norveç, Cənubi Koreya, İsrail, Hollandiya, Çernoqoriya, Yeni Zelandiya, Avstraliya, Azərbaycan da yer alır. Xüsusilə də, bu siyahıda Yaponiya, Cənubi Koreya və İsrail kimi ölkələrin də yer alması savaşın başlama ehtimalı ilə yeni iddialara daha da inandırıcı görüntülər verir. Çünki bu ölkələr dünyanın siyasət məkanında informasiya manipulyasiyalarına həvəs göstərən dövlətlər deyil.

Belə anlaşılır ki, Rusiyanın Ukraynaya hərbi müdaxilə edəcəyi ilə bağlı gündəmə gətirilmiş yeni tarixə mümkün qədər ciddi yanaşmağa ehtiyac var. ABŞ-dan verilən yeni açıqlamalarda isə Rusiyanın fevralın 14-də, ən uzağı isə ayın 15-də Ukraynaya qarşı savaşa başlayacağı bildirilir. Ağ Ev əmindir ki, Kreml Çində keçirilən qış olimpiya oyunlarının sona çatmasını gözləməkdən artıq vaz keçib.

1219151_n996247rxm.jpg (73 KB)

Maraqlıdır ki, savaşın başlanması ilə bağlı ssenarilər də dövriyyəyə buraxılıb. ABŞ-dan gələn açıqlamalara görə, "saxta bayraqlar" ilə Ukraynanın Donbasa hücumunu imitasiya edəcəklər. Bundan sonra isə Rusiya "Donbasa hücum" bəhanəsindən istifadə edib, Ukraynaya qoşun yeridəcək. Rusiya Ukraynaya hərbi müdaxilənin başlanğıcında aviasiya və raket sistemlərindən istifadə edəcək. Ukraynanın əsas müdafiə qüvvələri sıradan çıxarıldıqdan sonra Rusiya digər qoşun növlərini də hərəkətə gətirəcək. Və qısa müddət ərzində Rusiya qoşunları Ukrayna paytaxtı Kiyevin ətrafında peyda olacaq.

Göründüyü kimi, ABŞ mənbələri artıq savaşın inkişaf ssenarilərini də tam aydınlığı ilə təsvir edirlər. Onlar bunu ABŞ kəşfiyyatının məlumatlarına əsasən iddia etdiklərini də bildirirlər. Və əgər, bu doğrudursa, deməli, ABŞ kəşfiyyatı Rusiyanın dövlət strukturlarının ən yüksək səviyyəsinə qədər agentura şəbəkəsi qurmağa nail olub.

Təbii ki, bu, mümkün ola bilər, ancaq inanmaq da bir qədər çətindir. Çünki, Rusiya da güclü kəşfiyyat qurumlarına sahib ölkə kimi tanınır. Üstəlik, Rusiyaya karyerasında kəşfiyyat fəaliyyəti ilə bağlı zəngin təcrübəyə malik prezident Vladimir Putin rəhbərlik edir. Və bütün bunlara baxmayaraq, ABŞ kəşfiyyatı belə məxfi məlumatları əldə etməyi bacarırsa, Rusiya dövlətçiliyinin böyük təhlükə qarşısında olduğundan danışmaq lazımdır.

Hələlik Kreml ABŞ-dan yayılan məlumatları informasiya təxribatları kimi dəyərləndirir. Rusiya Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin beynəlxalq səviyyədə informasiya savaşı açmaqla, bu ölkəni "tələ"yə salmağa çalışdığını bəyan edib. Əsas məqsədin Rusiyanın beynəlxalq mövqelərini zəiflədərək, dünya məkanından tamamilə sıxışdırmaq olduğunu vurğulayıb. Və Rusiyanın bu təxribatlara uymayacağını bildirib.

ffffffffff.JPG (171 KB)

Ancaq maraqlıdır ki, Rusiyanın son davranışlarında da kifayət qədər müəmmalı məqamlar mövcuddur. Kreml bir tərəfdən Ukraynaya qarşı hərbi müdaxilə niyyətində olmadığını vurğulayır. Digər tərəfdən isə nə qədər qəribə də olsa, Rusiya mətbuatı israrla Ukraynanın Donbasa qarşı hərbi əməliyyatlara başladığını iddia edir. Və Rusiya mətbuatının bu iddiaları istər-istəməz "saxta bayraqlar" ssenarisinə inandırıcı görüntülər verir.

Digər tərəfdən, daha bir müəmmalı məqam Rusiyanın Ukraynadakı diplomatik missiyası ilə bağlıdır. Belə ki, son məlumatlara görə, Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları tez-tələsik bu ölkəni tərk etməyə başlayıb. Və bu məqam istər-istəməz Rusiyanın Ukraynaya savaş elan etmək ərəfəsində olduğuna inanmaq məcburiyyəti yaradır.

Məsələ ondadır ki, əgər, Kreml Ukraynaya hərbi müdaxilə niyyətində deyilsə, onda Rusiya diplomatik missiyasının Kiyevdə qalaraq, fəaliyyətini davam etdirməsinə üstünlük verməlidi. Bununla da ABŞ və Qərbin savaş iddialarını əhəmiyyətdən salmağa çalışmalıydı. Bunun əksinə olaraq, rus diplomatlarının Ukraynadan çıxarılması isə Kremlin savaş niyyətində olmadığı barədə bəyanatlarının səmimiliyinə şübhələr yaradır.

Göründüyü kimi, kifayət qədər ziddiyyətli məqamlardır. Belə düşünmək olar ki, Kreml ABŞ-ın Rusiyaya "tələ" qurduğunu iddia etsə də, əslində, dolayısı ilə Ağ Evi haqlı çıxaran addımlar atır. Yəni, Kreml bir tərəfdən ABŞ-ın savaşla bağlı iddialarını təkzib edir. Digər tərəfdən isə öz davranışları ilə həmin iddiaların doğru ola biləcəyini təsdiqləyir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam