Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ və Qərb çaşqın vəziyyətdədir:  Rusiyanı hədəfə alıb, Ukraynaya “sanksiya” tətbiq edirlər

ABŞ və Qərb Rusiyaya qarşı dağıdıcı sanksiyaların tətbiqinə risk etmir, “fəlakət ssenarisi”nin işə salınmasına cəsarət göstərilmir; Nəticədə “savaş bataqlığı”na salınan Ukrayna böyük sürətlə xarici sərmayəni də itirməklə, maliyyə-iqtisadi fəlakətə doğru sürüklənir...

Yenixeber.org: Dünya “hərbi-siyasi labirintə” düşüb. Üstəlik, hələlik bu “labirint”dən çıxış yolları da demək olar ki, görünmür. ABŞ və Qərbin Rusiya ilə qarşıdurması hazırda bütün dünyanın gələcək taleyini təhdid edə biləcək qədər təhlükəli mərhələyə qədəm qoyub.

Hazırda Rusiya da öz tarixinin ən ağır, hətta qeyri-müəyyənliklə yüklənmiş günlərini yaşamaqdadır. Halbuki Rusiyanın beynəlxalq sanksiyalara məruz qoyulması prosesində hazırda sadəcə, ilkin addımlar atılmaqdadır. Bəzi Qərb siyasi dairələrində bu prosesin olduqca ləng getdiyi də vurğulanır. Və Rusiyaya qarşı daha təsirli beynəlxalq sanksiyaların işə salınması ilə bağlı çağırışlar edilir.

Məsələ ondadır ki, əksər Qərb siyasi təhlil mərkəzləri Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı atdığı addımları ümumilikdə Avropanın təhlükəsizlik maraqlarına qarşı ciddi təhdid hesab edirlər. Onların fikrincə, indiki mərhələdə daha təsirli sanksiyalar dərhal tətbiq olunmazsa, Rusiyanın qarşısını almaq mümkün olmayacaq. Və bu halda, Avropa hətta Rusiyanın işğal təhlükəsi ilə də qarşılaşa bilər.

sanksiya_1516985724.jpg (23 KB)

Ancaq Ukrayna böhranı ətrafında yaranmış situasiya Rusiya ilə yanaşı, həm də ABŞ və Qərbi qəliz duruma salıb. Çünki Rusiyanın Donbas separatçılarının müstəqilliyini tanımasından sonra qarşıdurma maliyyə-iqtisadi savaş mərhələsinə keçib. ABŞ və Qərb Rusiyaya qarşı beynəlxalq sanksiyalar tətbiq etməyə başlayıb. Ancaq bu prosesdə Qərbin ilk xəbərdarlıqlarının əksinə, total və sürətli addımların atılması müşahidə olunmur. Rusiyaya qarşı beynəlxalq sanksiya paketlərinin işə salınması tədricən və zəifdən güclüyə doğru inkişaf edir. Yəni, ardıcıl şəkildə müxtəlif istiqamətlərə, fərqli hədəflərə yönəldilmiş sanksiya paketləri tətbiq olunur.

Ancaq Rusiya da dünyanın maliyyə-iqtisadi sistemində xüsusi paya sahib olan dövlətdir. Rusiyanı dərhal bu sistemdən kənarlaşdırmaq dünya iqtisadiyyatında mövcud olan böhranı daha da dərinləşdirə bilər. Yəni, ABŞ və Qərb tətbiq olunan sanksiyaların yekun nəticələrini mütləq nəzərə almaq məcburiyyətindədir. Əks halda, həmin sanksiyalar Rusiyaya ilə yanaşı, ABŞ və Qərbə də ağır maliyyə-iqtisadi zərbələr vura bilər.

Təbii ki, Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər. Hətta ABŞ və Qərbin Rusiyaya qarşı sanksiyaların tətbiqində “qırmızı cizgilər”in keçilməyəcəyinə də ümid edirlər. Halbuki, Ukrayna böhranı ətrafında ABŞ və Qərblə qarşıdurma ucbatından Rusiyanın maliyyə-iqtisadi itkiləri artıq indidən artmağa və öz real təsirini göstərməyə başlayıb. İlkin hesablamalara görə, Rusiya indiyə qədər 20 trilyon rubldan artıq maliyyə itkisinə məruz qalıb. Bu maliyyə itkilərinin yaxın vaxtlarda daha da artacağı qətiyyən şübhə doğurmur.

Çünki ABŞ və Qərb Rusiyanı əsas maliyyə qaynaqlarından məhrum buraxmağa çalışır. Əsas hədəflər kimi Rusiyanın neft-qaz sektoru və bank sistemi seçilib. Ağ Ev Avropa ölkələrini, xüsusilə də, Almaniyanı Rusiyanın “Şimal axını-2” qaz layihəsindən imtinaya inandırmağa cəhd göstərir. Bəzi Avropa ölkələri isə artıq bununla razılaşmağa meyllidirlər.

shimal-axin-qaz.jpg (6 KB) 

Böyük ehtimalla Almaniya da Ağ Evin təzyiqləri qarşısında geri çəkilmək məcburiyyətində qala bilər. Hər halda, Almaniyanın rəsmi dairələrindən bu layihənin gələcək taleyi ilə bağlı verilən son açıqlamalar belə düşünməyə əsas verir. Əgər, bu, baş tutarsa, Rusiyanın dərhal üzləşəcəyi maliyyə itkisinin ən azı 10 milyard avro məbləğındə olacağı ehtimal olunur. Halbuki Kreml “Şimal axını-2” layihəsinə böyük ümidlər bəsləyirdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə “Şimal axını-2” layihəsindən imtinanın Rusiya ilə yanaşı, Avropa ölkələrinə böyük zərbə vura biləcəyini qabardıb. O, hətta Avropa dövlətlərini təbii qazın min kubmetrini ən azı 2000 avroya almağa məcbur olacaqları ilə təhdid edib. Çünki Avropanın təbii qaza olan ehtiyaclarının təxminən 40 faizə yaxını Rusiyanın hesabına təmin olunur. Üstəlik, hazırda Rusiya təbii qazından imtina ediləcəyi təqdirdə, bu boşluğun doldurulmasının mümkün olmayacağını da Kremldə dəqiq bilirlər. Bu baxımdan, təbii qaz faktoru Rusiyanın Avropa dövlətlərinə qarşı ən güclü təzyiq mexanizmidir.

Halbuki, bəzi Avropa ölkələri hətta “Şimal axını-1” təbii qaz xəttinin bloklanması ideyasıni da gündəmə gətirməyə başlayıblar. Əgər, belə bir qərar qəbul olunsa, Rusiya öz əsas xarici maliyyə qaynaqlarından birini tamamilə itirmiş olacaq. Ancaq bu, Rusiya ilə yanaşı, Avropa ölkələrinin də enerji resurslarına olan ehtiyaclarını təhdid etdiyindən belə bir addımın atılacağı hələlik o qədər də inandırıcı görünmür. Hər halda, Avropa ölkələri bir neçə ay əvvəl D.Medvedevin də dediyi kimi, min kubmetri 2000 avrodan təbii qaz almağa məcbur qalmışdılar. Və bunun necə ağır eherji böhranı olduğunu da artıq bilirlər.

Digər tərəfdən, Böyük Britaniyanın Rusiyaya aid beş banka və müxtəlif fiziki şəxslərə qarşı sanksiya tətbiq etməsi də Kreml üçün kifayət qədər ciddi problemlər yarada bilər. Çünki, Rusiyanın bank sisteminin ziyana uğradılaraq, zəiflədilməsi bu ölkənin maliyyə-iqtisadi sistemini də iflic edər. Bu baxımdan, Kremlin belə addımlardan narahat olacağı qətiyyən şübhə doğurmur.

 1554533335_1554532570_0001.jpg (28 KB)

Üstəlik, Rusiya oliqarxiyasına daxil olan əksər zəngin şəxslərin əsas maliyyə aktivlərinin, Böyük Britaniyada olması da ciddi problemdir. Bu sıraya həmin şəxslərinin Böyük Britaniyadakı bahalı daşınmaz əmlaklarını da əlavə etdikdə, rəsmi Londonun Rusiya oliqarxiyasına vura biləcəyi zərbənin ciddi olacağı şübhə doğurmur. Böyük ehtimalla rəsmi London rus oliqarxiyasının maliyyə aktivlərini və daşınmaz əmlaklarını müsadirə edə bilər. Bu halda, ziyana uğramış rus oliqarxiyasının Rusiya prezidenti Vladimir Putindən narazı düşəcəyi də istisna deyil. Və bütün bunlar Kreml üçün o qədər də ürəkaçan perspektivdən xəbər vermir.

Hələlik, Rusiyanın daha ağır beynəlxalq sanksiyaların tətbiqinə qarşı necə duruş gətirə biləcəyi də məlum deyil. İndiki situasiyada Kremlin əlində ABŞ və Qərbə qarşı yalnız enerji resursları, eləcə də, hərbi potensialın tam işə salınması ilə bağlı təhdid mexanizmləri var. Ancaq ABŞ və Qərb böyük riskə gedərək, daha radikal addımlar atarsa, dağıdıcı sanksiyalar tətbiq edərsə, bu, Rusiya üçün hətta fəlakətin başlanğıcına da çevrilə bilər.

Çünki, bu halda, Rusiyanın maliyyə-iqtisadi itkiləri tədricən ölkənin sosial həyatına da təsir göstərməyə başlayacaq. Nəticədə Rusiyada Putin hakimiyyətinə qarşı etiraz dalğasının baş qaldıra biləcəyi qətiyyən istisna deyil. Bu baxımdan, Kremlin beynəlxalq sanksiyalar qarşısında uzun müddət duruş gətirməsi qətiyyən asan olmayacaq.

Ancaq belə bir “fəlakət ssenarisi”nin işə salınıb-salınmayacağı da mübahisəli məsələdir. Çünki bu, ilk növbədə ABŞ və Qərbin beynəlxalq sanksiyaların tətbiqində nə qədər irəli getməyə risk edəcəyindən və ya cəsarət göstərəcəyindən asılıdır. Hər halda, Qərbdə Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan geriyədönüş zərbələri almaq istəmirlər.

im-00-col-vz-biden.png (712 KB) 

Belə anlaşılır ki, ABŞ və Qərb hələlik dağıdıcı sanksiyaların işə salınması niyyətindən uzaqdır. Daha çox yüngülvari təhdid metoduna üstünlük verilir, Rusiyanın geri çəkilməsi üçün bunların yetərli ola biləcəyinə ümid bəslənilir. Halbuki, açıq-aşkar tarana getdiyi müşahidə edilən Rusiyanın belə yüngülvari təhdidlərlə dayandırıla biləcəyinə inanmaq çətindir.

Ona görə də, hazırda hesab etmək olar ki, bütün bu baş verənlərdən ən çox ziyan çəkən tərəf rolunda məhz Ukrayna çıxış edir. Rusiyaya qarşı beynəlxalq antitəbliğat kampaniyası çərçivəsində ABŞ və Qərb ölkələrinin öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, eləcə də bu ölkənin ərazisini tərk etməyə çağırması öz təsirini göstərir. Ukrayna iqtisadiyyatı bu çağırışlar ucbatından milyardlarla dollar gəlirdən məhrum olub. Üstəlik, son vaxtlar münaqişə bölgələrindən uzaq durmağa üstünlük verən xarici sərmayəçilər Ukraynanın tərk etməyə başlayıblar. Yəni, Ukrayna iqtisadiyyatı böyük sürətlə xarici investisiya itkisinə məruz qalmaqdadır. Bu isə yaxın gələcək üçün onmilyardlarla dollar maliyyə itkisinin ola biləcəyi anlamına gəlir.

Bu baxımdan, hesab etmək olar ki, ABŞ və Qərbin son davranışları Rusiyadan daha çox Ukraynaya qarşı "sanksiya" tətbiq olunması təsiri bağışlayır. Ukraynanın “savaş bataqlığı” salan Qərbdəki müttəfiqləri bu ölkəni artıq maliyyə-iqtisadi fəlakətə doğru da sürükləməkədirlər. Və bu, Ukraynanın gələcək taleyini ciddi şəkildə təhdid edən yeni reallığa çevrilmək üzrədir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam