Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ucuz işçi və kütləvi istehsala söykənən “Çin modeli” – Türkiyə üçün bu çıxış yolu ola bilərmi?/TƏHLİL

Son dövrlər Türkiyədə yaşanan iqtisadi təlatümlər fonunda türk lirəsinin sürətlə dəyər itirməsi, inflyasiya və işsizliyin artması siyasi tribunalarda yeni fikir və təkliflərin səslənməsinə səbəb oldu. Yeni iqtisadi inkişaf strategiyasının arayışında olan Ankarada bu günlərdə ən çox müzakirə edilən mövzulardan biri də Çin iqtisadi modeli əsasında yeni bir sistemin qurulmasıdır.

Yenixeber.org: Belə ki, istehsal həcminin artırılması, yeni iş yerlərinin yaradılması, ixracatın stimullaşdırılması və xarici investisiyanın cəlb edilməsi kimi məsələləri özündə ehtiva edən dəyişiklik lirəyə olan təzyiqi azaltmaqla bərabər cari kəsiri də aradan qaldırmalıdır. Ərdoğan hökuməti milli valyutanın  ucuzlaşmasıyla lirənin Çinin pul vahidi yuan kimi stabilliyini və rəqabətə davamlılığını artıracağına ümid edir. Dünyanın ən böyük 16-cı istehsal sənayesinə malik Türkiyə, Çin kimi dünyanın əsas istehsalat mərkəzi halına gəlməyi, bununla da ixrac yönümlü iqtisadi model qurmağı planlamaqdadır.

Həyata keçirilməsi planlanan kompleks tədbirlərlə hökumət bu sahədə ilk 10 ölkə arasına daxil olmaq istəyir. Başqa sözlə, Çinin iqtisadi yüksəlişinin ilk illərində olduğu kimi aşağı xərclə istehsala və ixracyönümlü böyüməyə əsaslanan modelin qurulmasına ümid edilir. Çinlə müqayisədə əsas istehlak bazarlarına (burada Avropa nəzərdə tutulur) coğrafi olaraq daha yaxın olmasını fürsət kimi təqdim edən Ərdoğan logistika və nəqliyyat sahələrində üstünlüyün əldə edilməsiylə bazardakı rolunu artırmaq istəyir.

Səsləndirilən konsepsiya çərçivəsində ölkənin dinamik iş gücünü – yerli əhali ilə bərabər Suriya və Əfqanıstan əsilli qaçqınların da istehsal prosesinə cəlb edilməsiylə dünya bazarlarına ucuz əmtəə çıxarılması nəzərdə tutulur. Pandemiyanın gətirdiyi iqtisadi fəsadlardan dolayı qlobal təchizat zəncirində və emal xətlərində yaranmış qeyri-stabilliyi öz lehinə çevirməyə çalışan Türkiyənin qlobal ticarətdəki payını artırma, ölkəni istehsal və investisiya mərkəzinə çevirmə və geoiqtisadi mövqeyini gücləndirmə cəhdləri anlaşılandır.

                Çin İqtisadi Modeli nədir?

Müasir Çin iqtisadiyyatının formalaşması 1970-ci illərin sonlarından etibarən ölkənin islahatçı liderlərindən Den Siao Pin (Deng Xiao Ping) və komandasının təqdim etdiyi yenidənqurma planları və radikal islahatlarla mümkün olmuşdur. Bugünkü Çinin memarı sayılan Dın Siao Pin sələflərinin əksinə SSRİ nümunəsində qurulmuş planlı iqtisadiyyatdan və kollektiv istehsalat təsərrüfatından imtina etmişdir. Ölkənin nəhəng bazarını xarici investisiya üçün açmaqla Den Siao Pin həm xarici valyuta axınına şərait yaratmış, həm iqtisadi dövriyyəni artırmış, həm də inkişaf etmiş ölkələrdən yüksək texnologiya transferinə nail olmuşdur. Belə ki, mühafizəkar maoist metodlarından uzaqlaşaraq formalaşmış liberal iqtisadi inkişaf strategiyası, Den Siao Pinin təbirincə desək, Çin xüsusiyyətləri ilə sosializm adlandırılmış və sosialist ideologiyasını azad sahibkarlıqla birləşdirən kompleks bir mexanizm kimi xarakterizə edilmişdir.

Başqa sözlə,  irimiqyaslı modernizasiya və liberallaşma layihəsi çərçivəsində ölkənin sahib olduğu böyük və dinamik iş qüvvəsinin potensialını dünya bazarlarının tələblərinə uyğunlaşdıraraq, aparıcı sənaye ölkələri ilə müqayisədə qlobal əmək bazarına həm ucuz işçi qüvvəsi təklif edilmiş, həm əlverişli xarici investisiya mühiti yaradılmış, həm milli iqtisadiyyatda özəlləşmənin payı artırılaraq, yerli sahibkarların inkişafına dəstək verilmiş, həm də xarici korporasiyalara Çinin daxili istehlak bazar imkanlarından və resurslarından faydalanma fürsəti yaradılmışdır. Sadalanan meyarlarla yanaşı, materik Çinində (Honqkonq və Makao xaric olmaqla Çinin qalan ərazi vahidi) xüsusi imtiyazlara sahib, adaptiv və çevik qaydalarla idarə olunan Xüsusi Ticarət Zonaları yaradılır ki, bunlar da maliyyə axınının artmasına və xarici investorların fəaliyyətinin asanlaşmasına və genişlənməsinə xidmət etmişdir. Qeyd edək ki, 1970-ci illərdə Çinin qlobal iqtisadiyyatdakı payı 3% olduğu halda, hazırda bu rəqəm 20% ətrafındadır. 

Ümumiyyətlə, XX əsrdə Çin ciddi siyasi böhranlar səbəbilə dərin sosial-iqtisadi tənəzzüllə üzləşsə də, ölkə tarixən dünya iqtisadiyyatının əsas payçılarından, əmtəə və texnologiya istehsalçılarından biri olmuşdur. Hər nə qədər liberal dəyərlər əsasında sosialist bazar iqtisadiyyatı qurulsa da, Çin Kommunist Partiyası ölkə miqyasında iqtisadi böyümənin sərhədlərini cızmağa, daxili bazar normalarını sərt şəkildə tənzimləməyə və total nəzarəti əldə saxlamağa davam edir. Qısacası, Çin milli iqtisadiyyatı dövlət tənzimlənməsinin iqtisadi sferada məhdud xarakter daşımaması və nəzarətin həm makroiqtisadi, həm də mikroiqtisadi prosesləri əhatə etməsi kimi klassik bazar iqtisadiyyatına xas olmayan amillərlə səciyyələnir.

Ehtimal ki, Çin iqtisadi modelinin cəlbediciliyini artıran ən önəmli nüanslardan biri də milli valyutanın, yəni yuanın xarici valyutalar qarşısında daha dayanıqlı olmasındadır. Hətta, COVİD-19 pandemiyasının təsirinə tab gətirə bilən yuan hələ də stabilliyini qorumağa müvəffəq olur ki, bu da cari vəziyyəti çinli ixracatçıların və istehlakçıların xeyrinə dəyişir. Qısa zaman kəsiyində ölkə üzrə yoluxmanın qarşısının alınmasıyla ölkədaxili istehsal və istehlak bazarları dirçəlmiş, bu da yuanın dəyərdən düşməsinin qarşısını alaraq makroiqtisadi sabitliyin qorunmasını təmin etmişdir. Üstəlik, pandemiyanın törətdiyi fəsadlar dünya iqtisadiyyatına birbaşa xarici investisiya qoyuluşlarının həcminə mənfi yöndə təsir etsə də, 163 milyard dollar sərmayə qoyuluşu ilə Çin 2020-ci ildə belə bütün dünyada birbaşa xarici investisiyanın daxil olduğu ən böyük ölkə olmağa müvəffəq olmuşdu. Eyni ildə Türkiyə iqtisadiyyatına daxil olmuş birbaşa xarici investisiyanın həcmi bundan təqribən 20 dəfə az, yəni 8 milyard dollar ətrafında olmuşdur.

Hər iki ölkənin tarixi inkişaf yoluna, daxili bazar dinamikalarına, ictimai-siyasi strukturuna, biznes-ticari yanaşmalarına, sosial-iqtisadi vəziyyətinə və etno-kultural dəyərlərinə nəzər saldıqda xeyli fərqli mənzərə qarşımıza çıxır. Şübhəsiz ki, sahib olduğu resurslar, karbohidrogen ehtiyatları, geniş xammal imkanları, demoqrafik vəziyyət, regionun və eləcə də dünyanın dominant gücləri ilə dərin iqtisadi əlaqələr, o cümlədən, materik Çinindən kənarda – Malayziya, Sinqapur, Tailand, İndoneziya və Filippin kimi yerlərdə uzun əsrlərdən bəri məskunlaşmış etnik çinlilərin olduqca proaktiv şəkildə materik Çini ilə həm ticari-iqtisadi, həm də siyasi-ictimai əlaqələrin yaranmasında və inkişafında verdikləri töhfələr də hazırki Çin iqtisadi modelini formalaşdırmışdır. Göründüyü kimi, Çin iqtisadiyyatının  formalaşmasına ölkədaxili faktorlar qədər ölkəxarici amillər və qlobal miqyasda cərəyan edən proseslər də (SSRİ-ABŞ arasında gedən Soyuq Müharibə) böyük təsir göstərmişdir ki, bu da ölkənin bugünkü vəziyyətə gəlməsində həll edici rol oynamışdır. Yeri gəlmişkən, Dın Siao Pinə qədər, 1949-1976-cı illərdə Çin Xalq Respublikasının Baş naziri səlahiyyətlərini icra etmiş Gou Inlay (Zhou Enlai) uzun illər ərzində yeritdiyi rasional, praqmatik və balanslaşdırılmış xarici siyasi kursu, regional və qlobal müstəvidə qurduğu çoxtərəfli, konstruktiv və səmərəli diplomatik əlaqələr də müasir Çin iqtisadiyyatının özülünü təşkil etmişdir.

Kütləvi və sistematik istehsalatla müşayiət olunan iqtisadi yüksəliş özü ilə bərabər ekologiya, bank-maliyyə, gəlir bərabərsizliyi, şəffaflıq və hesabatlılığın təmini, korrupsiya, inflyasiya və s. kimi uzunmüddətli və məşəqqətli problemlər gətirir. Çin hökuməti yuxarıda sadalanan məsələlərin həllinə hər il milyardlarla dollar həcmində maliyyə vəsaiti ayırır. Təsadüfi deyil ki, rəsmi Pekin son dekadada ətraf mühitin mühafizəsi və karbon tullantılarının azaldılması məqsədilə yerli istehsalat müəssisələrinə müntəzəm olaraq yaşıl texnologiyaların tətbiqi və alternativ enerji mənbələrinə keçilməsi üçün subsidiyalar ayıraraq, dəstək olur.

Mürəkkəb iqtisadi transformasiyadan keçən Çin hazırda ixracat, ucuz işçi qüvvəsi, aşağı keyfiyyətli emal və xarici investisiya cəlbi hesabına formalaşmış ənənəvi iqtisadi modelin əvəzinə daxili istehlak, yüksək texnologiya, xidmət və s. əsasında qurulacaq innovasiya iqtisadiyyatının ərsəyə gəlməsi üçün işlər aparır. Bundan başqa, Çinin aqressiv ekspansiya siyasəti və geosiyasi həmlələrinin qarşısını almaq üçün son dövrlərdə əsası qoyulan hərbi-strateji ittifaqlar, insan hüquqlarının müdafiəsi ilə bağlı artan beynəlxalq təzyiq, ənənəvi ticarət tərəfdaşları ilə yüksələn xətlə davam edən gərginliklər silsiləsi, xüsusilə, ABŞ və Avstraliya kimi böyük oyunçularla ticarət müharibələri kimi kənar faktorlar Çinin xarici investisiya, ixracat və xammal asılılığının ləğvini intensivləşdirməyi labüd edən amillərdir.

Şübhəsiz ki, artan iqtisadi imkanlar lokal müstəvidə Kommunist Partiyasının siyasi dayaqlarının möhkəmlənməsində və sosial sabitliyin təmin olunmasında, beynəlxalq müstəvidə isə Çinin hegemon güclərdən birinə çevrilməsində və hərbi-strateji, iqtisadi-siyasi mövqeyini gücləndirmədə önəmli rol oynayır. Bir çox mütəxəssisin zənninin əksinə olaraq artan iqtisadi qüdrət və sosial rifah səviyyəsi Çini demokratik dəyərlərə yaxınlaşdırmaq əvəzinə, onun daha da mərkəziyyətçi, avtoritar hala gəlməsinə şərait yaradır. Qlobal geosiyasətin əsas dinamiklərindən biri olan ABŞ və Çin arasındakı kəskin güc mübarizəsinin təsiri ilə də Si Cinpin (Xi Jinping) hökuməti daha sərt və hücumameyilli xarici siyasi kurs nümayiş etdirməyə və 40 il öncə əsası qoyulmuş liberallaşma prosesini ləngitməyə başlayıb. 

Qeyd edək ki, hazırkı dövlət başçısı Si Cinpinin atası, partiya və ölkə quruculuğunun ilk illərində aparıcı siyasi fiqurlardan biri olmuş Si Gonsün (Xi Zhongxun) Dın Siao Pinin 1970-1980-ci illərində həyata keçirtdiyi liberal islahatların əsas müdafiəçilərindən biri idi. Bu mənada, Çinin uzun illər ərzində yürütdüyü ənənəvi tərəf tutmama, konfliktlərə qarışmama və istər qlobal, istərsə də regional güclərlə münasibətlərini korlamama kimi aşağı profilli xarici siyasətinin əksinə ortaya qoyduğu yeni yanaşma da hazırkı iqtisadi modelin təkmilləşdirilməsi zərurətini yaradır.

Çinin sahib olduğu texnoloji üstünlük və ən əsası, əldə olan texnologiyanın iqtisadiyyatın bir çox sahəsinə gecikmədən tətbiqi, həm kütləvi şəkildə əmtəə istehsal etmə sürət və potensialının artmasına, həm də rəqiblərini qabaqlamasına imkan verib. Üstəlik, Çin bütün dünyada mövcud olan sürətli dəmiryolu xətlərinin böyük hissəsinə (ümumi uzunluğu 37.900 km) sahibdir ki, bu da ümumölkə üzrə yükdaşımanın artmasında, o cümlədən, iqtisadi regionlar arasında kommunikasiyanın fasiləsiz təmin olunmasında əhəmiyyətli rol oynayan faktorlardır. Çinin ölkə üzrə istehsal edilən məhsullar üçün zəruri xammalın bir hissəsini yerli imkanlar hesabına ödəməsi də ayrıca üstünlükdür. Bütün bunlarla yanaşı, Çinli sahibkarlar Türkiyənin xilas yolu kimi baxdığı ucuz əmtəə istehsalını ölkə hüdudlarından kənara, Cənub-Şərqi Asiyaya, əsasən də Vyetnam, Myanma, Laos və Kamboca kimi ASEAN ölkələrinə köçürtməyə başlayıblar.

Rəsmi Pekinin yüksək texnologiya məhsullarının istehsalını prioritet halına gətirməsi, ölkə üzrə artan əmək haqları, o cümlədən, Tramp administrasiyası dönəmində Çin mənşəli mallara tətbiq edilən əlavə gömrük idxal rüsumları da sözügedən köçürmə prosesini intensivləşdirmişdir. Sadalanan ölkələrlə də Çin daha çox öz nəzarətində saxladığı və milyardlarla dollar hesabına başa gələn ölkələrarası kommunikasiya xətləri, dəniz və quru nəqliyyat dəhlizləri və logistik şəbəkələri vasitəsilə də inteqrasiyanı günbəgün gücləndirir. Koordinasiyalı inkişaf konsepsiyasını mənimsəmiş Pekin, milli gəliri zəruri infrastruktur quruculuğuna və yeni sənaye müəssisələrinin tikintisinə yönəltməklə yanaşı, elmi-texniki tərəqqinin inkişafını mütəmadi olaraq diqqətdə saxlayaraq, ali təhsil müəssisələrinin də böyük ölçüdə inkişafına nail olmuş və onların iqtisadiyyatdakı payının artmasına və öz növbəsində istehsalın texniki səviyyəsinin yüksəldilməsinə şərait yaratmışdır. Təsadüfi deyil ki, bu gün dünyanın ən güclü 1000 universiteti arasında Türkiyədən 9 universitet təmsil olunduğu halda, Çindən 51 universitet siyahıda öz yerini tutur. 

Çinin hakim partiyası tərəfindən yekdilliklə qəbul edilmiş böyük büdcəli layihələrin müzakirə edilmədən tətbiqi kimi nüanslar prioritet məsələlərin həllini sürətləndirən faktorlardır ki, bu da sonda ölkə iqtisadiyyatının qarşısında qoyulmuş hədəflərin reallığa çevrilməsinə təsir edir. Başqa sözlə, ÇKP ixtiyarındakı nəhəng maliyyə və resurslar Qərb və eləcə də Türkiyədən fərqli olaraq müxalif düşərgə və ya ictimaiyyətlə müzakirə edilmədən istifadə edilir. Çində hakimiyyətin ali orqanı hesab edilən Xalq Nümayəndələri Məclisində rəsmi olaraq ÇKP-dən əlavə 8 müxtəlif partiya təmsil olunsa da, onların qəbul edilən qərarlara heç bir ciddi funksional təsirləri yoxdur. Əlbəttə ki, irimiqyaslı məsrəfli layihələrin icrası zamanı da şəffaflıq və hesabatlılığın zəif təmin edilməsi, institusional idarəetmənin və  ictimai nəzarətin zəif olması rüşvət və korrupsiya hallarını özüylə gətirsə də, son illərdə ölkə boyu aparılan sərt antikorrupsiya siyasəti, güclü nəzarət və cəza mexanizmləri ilə balansın qorunmasına çalışılır.

                                Konsepsiyanın Türkiyədə tətbiqi

Çin modelinin ayrı-ayrı aspektlərini Türkiyə iqtisadi mühitinə adaptasiya etmək mümkün olsa da, bütövlükdə qeyd edilən konsepsiyanın uzun müddət üçün tətbiqi mümkünsüz görünürƏvvəla, Türkiyə malik olduğu siyasi struktur və qərarların verilmə mexanizmi baxımından Çindən tamamilə fərqlənir. Türkiyə bütün hallarda əmtəə istehsalında və xarici maliyyə axınını təmin etməkdə təcrübəsi olan dövlətdir. Bunun üçün Ədalət və İnkişaf Partiyasının hakimiyyətdə olduğu ilk on ilin statistikasına nəzər yetirmək kifayət edir. İlk illərdə ortaya qoyulmuş konstruktiv və praqmatik xarici siyasi kurs sayəsində iqtisadi böyüməyə, investisiya cəlbinə, maliyyə dövriyyəsinin artmasına və dolayısıyla məzənnə kursunun sabit qalmasına, hətta xarici valyutalar qarşısında güclənməsinə nail olunmuşdur. Hərçənd, əldə edilmiş maliyyə vəsaiti böyük infrastruktur tikintisinə xərclənmiş, yüksək texnologiya sahəsinin və eləcə də, insan resurslarının inkişafı üçün nəzərdə tutulan büdcə isə olduqca məhdud olmuşdur ki, bu gün Türkiyə bunun fəsadlarını açıq-aydın yaşamaqdadır.

Çində iqtisadi sferada əldə edilmiş uğurlar kənardan hər nə qədər avtoritar rejimin gətirdiyi nailiyyət kimi görünsə də və onillərdən bəri demokratik ənənələrə malik Türkiyənin Çin modelindən faydalana bilməyəcəyi vurğulansa da, bir sıra mütəxəssislərə görə Çinin sosial-iqtisadi tərəqqisi avtoritar idarəçilikdən çox sosial şəraitin düzgün dəyərləndirilməsi, əvvəlki liderlərin buraxdığı səhvlərdən dərs çıxarılması, idarəçilikdə həyata keçirilən düzgün kadr islahatları, iqtisadi səmərəliliyi artıracaq son nəsil innovativ nailiyyətlərin müntəzəm tətbiqi və yaşanan böhranlarda hökumətin çevik şəkildə təkmilləşdirilmiş normativ qaydalar tətbiq etməsi ilə bazarların yenidən tənzimlənməsi kimi amillərlə səciyyələndirilir. 

Burada diqqət edilməsi zəruri olan bir digər vacib nüans da odur ki, haqqında danışılan Çin modelinin ərsəyə gəlməsindən öncə bu ölkə dünyadan təcrid edilmiş vəziyyətdə və xaotik sosial-iqtisadi tənəzzülün məngənəsində idi. Ölkənin ard-arda yaşadığı siyasi böhranlar əhalinin müflisləşməsinə səbəb olmuşdu, dolayısıyla iqtisadi quruculuğun ilk üç dekadasında ucuz işçi və əmtəə hesabına formalaşmış iqtisadi modelin tətbiqindən başqa çarə yox idi. XX əsrin ikinci yarısına Çində adambaşına düşən milli gəlir indikindən ($10.500) 113 dəfə az ($89) idi, halbuki, Türkiyə adambaşına düşən $8500-dən çox milli gəlirlə orta gəlirli ölkə hesab edilir ki, bu da bəhs edilən modelin tətbiqini müzakirə predmeti edir.

Çin modeli, ələlxüsus, Ankaranın tətbiq etməkdə həvəsli olduğu tərəfləri (ucuz işçi, kütləvi istehsal və s.) adambaşına düşən milli gəliri müvafiq olaraq $1193 və $1968 olan Pakistan və Banqladeş kimi Cənubi Asiyanın aşağı gəlirli dövlətlərində uzun müddətdən bəri praktiki olaraq tətbiq olunsa da, əhalinin əksər hissəsinin rifah səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil.

Türkiyə də sürətlə dəyişən dünyada öz layiqli yerini tutmaq üçün dünyanın zavodu halına gəlməkdənsə, ucuz işçi qüvvəsi mənbəyinə çevrilməkdənsə, yerli və xarici investorların etimadını qazanacaq ciddi siyasi islahatlar həyata keçirməyə, ölkəyə daxil olacaq kapitalı koordinasiyalı və səmərəli idarə etməyə, insan resurslarının davamlı inkişafına nail olmağa, iqtisadi inkişafın innovasiya modelini təşviq etməyə, strateji valyuta ehtiyatlarını qorumağa və makroiqtisadi sabitliyi formalaşdırmağa daha çox diqqət yetirməlidir.

Xülasə, bu gün Türkiyənin iqtisadi gündəmini zəbt edən Çin modeli konsepsiyası Çinin özü tərəfindən belə dövrün tələblərinə cavab verməyən, istər regional, istərsə də qlobal müstəvidə söz sahibi və dominant dövlətə çevrilmək üçün qeyri-adekvat iqtisadi model kimi qarşılanır. Çünki texnologiyanın sürətli inkişaf etdiyi və əmtəələrarası rəqabətin güclü olduğu müasir dünya bazarında artıq iqtisadiyyatlar yalnız innovasiyaların istehsal prosesində tətbiqi vasitəsilə rəqabətə davamlılığını artırmağa səy göstərməklə xilas ola bilir. Təsadüfi deyil ki, rəsmi Pekin son illərdə yarımkeçirici mikroçip sənayesindən tutmuş, yeni nəsil naqilsiz rabitə şəbəkələri, mikroelektronika, bulud (cloud) texnologiyası, süni intellekt, nanotexnologiya, alternativ energetika, elektromobil, ballistik silah texnologiyası, kibertəhlükəsizlik, aerokosmik sənaye, informasiya-kommunikasiya texnologiyaları, robotexnika, təkmilləşdirilmiş nüvə texnologiyası, aviasiya, rəqəmsal iqtisadiyyat, biotexnologiya, ağıllı şəhərləşmə, kvant peykləri və superkompüterləri kimi yüksək bacarıq və maliyyə tələb edən strateji mühəndislik sahələrinin inkişaf etdirilməsinə yönəlmiş innovativ və konstruktiv addımların atılmasını milli prioritet halına gətirmişdir.

Vüsal Quliyev

Harvard Universiteti Davis Mərkəzinin tədqiqatçısıŞanxay Beynəlxalq Araşdırmalar Universitetinin Siyasi Elmlər üzrə doktorantı

Bakı Araşdırmalar İnstitutu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam