“NİŞANGAHA TUŞ GƏLƏN” ERMƏNİ OMBUDSMAN... -Tatoyanın həyasızlığı və azərbaycanlı həmkarının fəaliyyətsizliyi...
Ermənistanın ən populist və təxribatçı siyasi fiqurlarından biri olan ombudsman Arman Tatoyan növbəti dəfə Azərbaycanı aqressiv, təcavüzkar, qeyri-humanist tərəf kimi təqdim etməyə çalışıb. Bütün səfərlərinə yerli və xarici KİV nümayəndələrini özü ilə götürən bu şəxs bu dəfə Azərbaycan-Ermənistan sərhədindəki Şurnux kəndi istiqamətinə baş çəkib.
Yenixeber.org: Ermənistan ombudsmanı yerli və xarici mətbuata açıqlamasında sərhəddəki Şurnux kəndindən keçən yolda Azərbaycan hərbçilərinin “nişangahına tuş gəldiyini” iddia edib.
Qeyd edək ki, söhbət Azərbaycan ərazisindən keçən və Ermənistandakı bir neçə yaşayış məntəqəsini birləşdirən yeganə avtomobil yolundan gedir. Həmin yolu Azərbaycan tərəfi 44 günlük müharibədən sonra bütün imkanlara malik olmasına rəğmən humanistlik göstərərək, bağlamayıb və xüsusilə Rusiyanın istəyi və xahişilə ermənilərin bu yolla hərəkətinə icazə verib. Və məhz bu yolda da Ermənistan ombudsmanı növbəti təxribata yol verib...
Belə ki, Tatoyan onu müşayiət edənlərlə birgə Azərbaycan Silahlı Qüvvələrinin hərbi postuna yaxınlaşıb, postun qarşısında dayanaraq, hərbçilərimizin reaksiyasını gözləyib.
Bununla bağlı açıqlamasında erməni ombudsman deyib: “Sünikin(Zəhgəzur-red.) kəndlərindən qayıdarkən 1-2 dəqiqəlik Azərbaycan Silahlı Qüvvələrinin dislokasiya olunduğu ərazidə dayandıq. Anlamaq istəyirdik ki, burada obyektiv səbəblərdən hansısa mülki avtomobil dayanmalı olsa, nə baş verəcək. Biz dayanan kimi azərbaycanlı hərbçi bizi gördü və silahını götürərək, bizə tuşladı. Başqa bir yerdə də 1-2 dəqiqəlik dayandıq, orada da azərbaycanlı hərbçilər narahat olmağa başladılar, bizi müşahidə etdilər, fit çaldılar və sonra qışqıraraq nəsə dedilər...”
Tatoyan bütün bunları az qala öz həyatına qarşı sui-qəsd kimi təqim edərək, ermənilərin bu ərazilərdə olduqca təhlükəli bir həyat yaşadığını çatdırmağa çalışıb. Erməni ombudsman burada qarşılaşdığı “faktları” dünya ictimaiyyətinə çatdırmaq üçün digər şikayət və müraciətlərinə əlavə edəcəyini də bildirib...
Əlbəttə ki, Tatoyanın bu davranışı ümumilikdə onun şəxsi keyfiyyətləri və obrazı ilə tam uyğunlaşır. Bu adam uzun illərdir populist davranışları və açıqlamaları ilə özünü erməni cəmiyətinə vətənpərvərlik və canıyananlıq etalonu kimi sırıya bilib. Bunun nəticəsidir ki, o, hətta növbədənkənar parlament seçkisinə qatılmasa belə, Ermənistanda keçirilən rəy sorğularının nəticələrinə görə, siyasi fiqur kimi Nikol Paşinyandan da yüksək reytinqə malikdir. Ancaq bütün bunlar onun cılız, təxribatçı və populist kimliyini ört-basdır etməyə qətiyyən yetmir...
Əslində, Azərbaycan istəsəydi sözügedən avtomobil yolunu müharibədən dərhal sonra bağlayar, ermənilərin buradakı hərəkətinə qadağa qoyar, fakltiki olaraq, oradakı erməni yaşayış məntəqlərini blokadaya salardı.
Lakin bunu etmədi, sadəcə öz ərazisində bayrağını sancaraq, post qurdu və ermənilərin bu yolla hərəkətinə icazə verdi. Ermənilərin insan haqlarından, xalqların demokratik hüquqlarından, yaşamaq haqlarından, nəhayət, sülhdən danışan ombudsmanı isə bilərəkdən Azərbaycan postlarının qarşısında dayanaraq, hərbçilərimizi təxribata çəkdiyini rəsmən boynuna alır və bir növ özü özünü ifşa edir.
Hər kəsə məlumdur ki, hərbi posta yaxınlaşmaq, onu müşahidə etmək və digər təhrikedici hərəkətlərə yol vermək istənilən dövlətdə qadağandır və bunun ağır nəticələri ola bilər. Bu halda hansı ölkəyə aid olmasından asılı olmayaraq, hərbçinin adekvat tədbirlər görmək, xəbərdarlıq etmək, hətta atəş açmaq hüququ var. Özü də bu, hərbçinin birbaşa xidməti borcudur. Və bunu Tatoyan da yaxşı bilir.
Buna baxmayaraq, bilərəkdən özünü dünya birliyinin tanıdığı Azərbaycan ərazisində xidmət edən azərbaycanlı hərbçilərin silahının nişangahına gətirmək(əmin idi ki, ona atəş açmayacaqlar-red.), təxribat törətmək və bunu Azərbaycan tərəfinin “növbəti qeyri-humanist və aqressiv addımı” kimi təqdim etmək Tatoyanın etikası və “vəzifələri” ilə tam uyğun gəlir. Ancaq bir şey də danılmazdır ki, hədəfə çatmaq üçün bütün mənəvi, əxlaqi, hətta hüquqi normaları tapdamağı məqbul sayan beynəlxalq reallıqlar məhz Tatoyan kimi davranmağı tələb edir...
Təbii ki, Tatoyan və digər “yanlar” kimi olmaq üçün erməni mənəviyyatına, xislətinə malik olmaq lazımdır ki, o da bizdə yoxdur. Lakin istənilən halda ombudsman postu xüsusilə müharibə aparan, “qaynar nöqtədə” yerləşən bir ölkə üçün həm də strateji bir postdur. Bu gün Tatoyanın bəyanatlarına, açıqlamalarına, şikayətlərinə, “faktlarına” şər-böhtanla dolu olmasına baxmayaraq, dünyanın ən tanınmış, nüfuzlu mətbu orqanlarında, beynəlxalq qurumların hesabatlarında rast gəlmək olar.
Azərbaycan ombudsmanının isə ölkəmizin haqlı tərəf olmasına, daha artıq iqtisadi, siyasi və s. resurslara yiyələnməsinə rəğmən, hər hansı ciddi beynəlxalq platformada, mətbuatda rəylərini, arqumentlərini, məqalələrini, çıxışlarını görə bilmirik.
Bizim ombudsmanın erməni həmkarından fərqli olaraq nə ölkə daxilində, nə də xaricdə hər hansı ciddi fəaliyyətinə rast gəlmək mümkündür...
Ümuimiyyətlə, “Azərbaycanın bu günə kimi ombudsman sarıdan bəxti gətirməyib” desək, yanılmarıq. Və təəssüf ki, bu xoşagəlməz tendensiya “uğurla” davam etdirilməkdədir. Odur ki, bizim İnsan Hüquqları üzrə Müvəkkil institutu formal xarakter daşıdıqca, ombudsmanlıq xidmət yox, yüksək vəzifə, status göstəricisi olaraq qaldıqca, tatoyanların və digər “yanlar”ın səsi beynəlxalq ictimai rəyə daha güclü təsir göstərəcək. Bizim isə digər vəzifəlilər kimi, ombudsman barədə də “filankəsin adamıdır” deməkdən başqa çarəmiz olmayacaq ...“azpolitika”