Rusiya “Suriya bataqlığı”nda bata bilər: Türkiyə Əsəd rejimini bitirməyə hazırlaşır
Rusiyanın sadəcə, planları pozulmayıb, həm də bütün beynəlxalq proseslər Kremlin əleyhinə yönəlib... Və Kreml bu uğursuz situasiyadan çıxmaq üçün Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılması istiqamətində hərəkətə keçib.
Yenixeber.org: “Suriya bataqlığı” özünə yaxınlaşan hər kəsi içərisinə çəkir. Bu “hərbi-siyasi bataqlıq” artıq dünyanın əsas fəlakət məkanına çevrilib. Çünki onun “qurudulma”sına yönəlik bütün çəhdlər bir-birinin ardınca uğursuzluqla üzləşir.
Ona görə də hazlrda “Suriya bataqlığı”nın ətrafına toplaşmış bütün dövlətlər arasında münasibətlər gərginləşmə istiqamətində inkişaf edir. Yəni, bu “bataqlıq”da anlaşmaq deyil, məhz savaşmaq mümkün olur.
Türkiyə-Rusiya münasibətlərinin timsalında da bunu açıq-aşkar müşahidə etmək mümkündür. Belə ki, bu iki ölkənin tarixində ilk dəfə sözün əsl mənasında, qarşılıqlı yaxınlaşma meylləri ön plana keçirilmişdi. Hətta bu münasibətlərin Türkiyə-Rusiya strateji əməkdaşlığına doğru inkişaf etməkdə olduğu iddia edilirdi.
Əslində, belə iddialar üçün kifayət qədər arqumentlər də mövcud idi. Belə ki, Türkiyə ABŞ və Qərbin Rusiyaya qarşı iqtisadi-ticari sanksiyalarına uymamışdı. Və həmin “sanksiya örtüyü”nü nümayişkaranə şəkildə “yırtmaq”dan çəkinməmişdi.
Halbuki rəsmi Ankara üçün bunu etmək o qədər də asan deyildi. Çünki Türkiyə ABŞ-ın strateji müttəfiqləri sırasına daxildir. Üstəlik, Türkiyə ABŞ-ın liderlik etdiyi NATO-nun tam hüquqlu əsas üzvlərindən biridir.
Belə situasiyada rəsmi Ankaranın Rusiyaya qarşı sanksiyalara uymaması Türkiyənin ABŞ və Qərbi, eləcə də NATO-dakı müttəfiqlərini qarşısına alması anlamına gəlirdi. Və bu, ABŞ-ı qəzəbləndirmişdi, Türkiyənin NATO-dakı müttəfiqlərindəsə, ciddi narahatlıq yaratmışdı.
Amma Türkiyə nə ABŞ-ın qəzəbinə, nə də NATO-dakı müttəfiqlərinin narazılığına əhəmiyyət verməyə ehtiyac duymadı. Əksinə, rəsmi Ankara Rusiya ilə münasibətlərini daha da inkişaf etdirmək kursunda israrçı davrandı.
Hətta ABŞ və Qərbin israrlı müqavimətinə baxmayaraq, Türkiyə Rusiya ilə hərbi ticarət sahəsində də önəmli anlaşmalara imza atdı. Və bu anlaşmalar sayəsində Rusiyadan S-400 zenit-raket kompleksləri alındı.
Halbuki NATO ölkəsi olan Türkiyənin Rusiyadan S-400 raketləri alması da bu hərbi-siyasi alyansın təməl prinsiplərinə zidd idi. Çünki NATO ölkələrinin silah-sursat təchizatı bu hərbi-siyasi alyansın daxili təlimatlarına uzlaşdırılmalıdır.
Ancaq ABŞ və Qərbin bütün təzyiqlərinə baxmayaraq, Türkiyə Rusiyanın yanında yer aldı. Və Kremldən də təxminən oxşar davranışı gözləmək haqqı var idi.
Rusiya isə Türkiyənin ümidlərini, etimadını doğrultmadı, fərqli davrandı. Kreml Türkiyə-Rusiya əməkdaşlığına sadiq qalmadı. Qarşılıqlı etimad mühitini pozdu, ortadan qaldırdı.
Təbii ki, hər şey rəsmi Ankaranın Türkiyənin milli təhlükəsizlik maraqlarını təmin etmək üçün Suriyaya qoşun yeridərək, “Barış Pınarı” Hərəkatına start verməsindən sonra başlandı. Rusiyanın Türkiyə ilə münasibətlərdə nə qədər səmimi olub-olmaması aydınlaşdı.
Məsələ ondadır ki, Suriyaya qoşun yeritnməkdən öncə rəsmi Ankara Rusiyanın iştirakıyla Soçi anlaşmasının imzalanmasına nail olmuşdu. Eyni zamanda, ABŞ-ın da razılığını almışdı.
Şübhə doğuran əsas məsələ də məhz Ağ Evin Türkiyənin Suriyaya qoşun yeritməsinə belə asanlıqla, hətta bir qədər üstüörtülü həvəslə razılıq verməsi idi. Hər halda, buna qədər Ağ Ev Türkiyənin analoji niyyətlərinə həmişə qıcıqla yanaşmışdı. Və hətta bunun qarşısını almaq üçün rəsmi Ankaraya təzyiqlər də göstərmişdi.
Ancaq bu dəfə Ağ Ev sanki Türkiyənin bu addımını səbrsizliklə gözləyirdi. Ağ Ev dərhal razılıq verdi, hətta Türkiyə qoşunlarının fəaliyyən poliqonundan ABŞ hərbi kontingentinin əhəmiyyətli bir hissəsini İraq ərazisinə köçürtdü.
Hələ “Barış Pınarı” Hərəkatına qərar verilərkən yazmışdım ki, Türkiyə qaçılmaz addım atır. Ancaq Türkiyə sadəcə, Suriya ərazisinə deyil, həm də dərin “Suriya bataqlığı”na girir. Və bu “bataqlıq” Türkiyəni öz dərinliyinə doğru çəkə bilər.
Bu fikrimi də ABŞ-ın Türkiyənin “Barış Pınarı” Hərəkatına müəmmalı şəkildə müqavimətsiz razılıq verməsi ilə əsaslandırmışdım. Mənim o vaxtkı ehtimalım beləydi ki, Türkiyənin Suriyaya girməsində ABŞ ən az rəsmi Ankara qədər maraqlıdır. Ona görə də tez-tələsik öz hərbi kontingentini də götürüb, meydandan çəkilir, Türkiyənin önünü açır. Əsas məqsədsə, məhz “Suriya bataqlığı”nda Türkiyə və Rusiyanı baş-başa buraxmaqdır.
Rəsmi Ankara ilə Kremlin strateji əməkdaşlığa qədər yaxınlaşmasından ciddi şəkildə əndişəli olan Ağ Evdə çox gözəl anlayırdılar ki, Türkiyə və Rusiya bu hərbi-siyasi poliqonda mütləq üz-üzə gələrək, toqquşmaq məcburiyyətində qalacaqlar. Bununla da ABŞ və Qərbin qıcıqla qarşıladığı Türkiyə-Rusiya münasibətləri pozulacaq və qarşılıqlı etimadsızlıq mühiti ön plana keçəcək.
ABŞ-ın görməyi planlaşdırdığı ssenari ilə bağlı bu ehtimallarımız demək olar ki, reallığa çevrildi. ABŞ-ın seyrçi mövqeyinə keçməsini fürsət bilən Rusiya meydanı boş hesab etdi. Və Əsəd rejimini hərəkətə gətirərək, Suriya ərazisinə nəzarəti böyük ölçüdə ələ keçirə biləcəyini düşündü. Yəqin ki, Kremldə Türkiyənin Rusiya ilə toqquşmağa həvəs göstərəcəyinə ehtimal vermədilər.
Ancaq Əsəd rejimi Rusiyanın hərbi dəstəyi ilə İdlib istiqamətində irəliləsə də, Türkiyə qoşunlarının sərt müqaviməti ilə üzləşdi. Və Rusiyanın planı iflas təhlükəsi qarşısında qaldı. Ona görə də rəsmi Ankaranı seyrçi mövqeyinə məcbur etmək üçün Türkiyə qoşunlarına hava zərbələri endirildi. Nəticədə Türkiyə 34 şəhid verdi.
Təbii ki, bu, Rusiyanın ümidlərinin əksinə olaraq, Türkiyəni qorxutmadı. Rəsmi Ankaranı qəzəbləndirdi. Və rəsmi Ankara intiqam əməliyyatına hazırlaşdığını rəsmən bəyan etdi, Rusiyaya da sərt xəbərdarlıq ünvanladı.
Həmin sərt xəbərdarlığa qədər baş verənlərə görə Türkiyəni suçlamağa çalışan Kreml bu dəfə çıxış yolunu günahın Əsəd rejiminin üzərinə atılmasında gördü. Yəni Kreml rəsmi Ankara ilə təmaslarında Əsəd rejiminin Rusiyanı məlumatlandırmadan sərbəst hərəkət etdiyini qabartmağa çalışdı.
Ancaq “ox yaydan artıq çıxmışdı”. Və rəsmi Ankaranı buna inandırmaq mümkün deyildi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə son telefon danışığında da artıq ona və dövlətinə etimad göstərmədiyinin mesajını verdi. Üstəlik, bundan sonra Türkiyənin Suriyada heç kimlə hesablaşmadan hərəkət edəcəyinə eyham vurdu: “Rusiyanın Suriyada nə işi var? Əsəd rejimi artıq düşmənimiz və hərbi hədəfimizdir. Dərhal aradan çəkilin və bizi Əsəd rejimiylə üz-üzə buraxın”.
Rəsmi Ankara intiqam əməliyyatı barədə xəbərdarlığını da artıq reallaşdırmaqdadır. Və Rusiya hələlik bu əməliyyata müdaxiləyə risk etmir.
Türkiyə isə son məlumatlara görə, hərbi əməliyyatlar sayəsində Əsəd rejiminin 3 generalını, 2209 əsgərini, 1 PUA, 8 helikopter, 203 tank, 72 top və 3 hava hücumundan müdafiə sistemini məhv edib. Rusiyaya güvənib, özünü qüdrətli hesab edən Əsəd rejimi isə artıq atəşkəs üçün rəsmi Ankaraya yalvarmağa başlayıb.
Ancaq rəsmi Ankaranın bundan sonra durmaq niyyəti yoxdur. Belə ki, Suriyadan qaçan mülki əhali üçün Türkiyənin Avropa istiqamətli sərhədləri artıq açılıb. Rəsmi Ankara qaçqınların Avropa dövlətlərinə üz tutmasına heç bir əngəl törətmir.
Əksinə, rəsmi Ankara bundan sonra qaçqınlar üçün Avropa sərhədlərini qapatmayacağını, qaçqın yükünü təkbaşına çəkmək niyyətində olmadığını bəyanlayır.
Nəticə isə göz qabağındadır, qaçqın axınından və humanitar fəlakət təhlükəsindən narahat olan Avropa dövlətləri Rusiyanı və Əsəd rejimini sərt şəkildə ittiham etməyə başlayıblar. Eyni zamanda, ABŞ və Qərb, eləcə də NATO Türkiyəni birmənalı şəkildə dəstəklədiyini açıq mətnlə bəyanlamaqdadırlar.
Yəni Rusiyanın sadəcə, planları pozulmayıb, həm də bütün beynəlxalq proseslər Kremlin əleyhinə yönəlib. Və Kreml mövcud situasiyadan çıxmaq üçün Türkiyə-Rusiya gərginliyinin aradan qaldırılması istiqamətində hərəkətə keçib.
Türkiyə isə “Bahar Hərəkatı” adı altında hərbi əməliyyatların növbəti mərhələsinə start verib. Bu hərbi əməliyyatlar uğurla nəticələnərsə, Əsəd rejiminin sıradan çıxarılması və Rusiyanın Suriyadakı dayaqlarını tamamilə itirməsi qaçılmaz ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert