Dünyanı növbəti dağıdıcı müharibəyə sürükləyirlər: Rusiya və NATO arasında hərbi qarşıdurma dərinləşir
NATO-nun hərbi hazırlıqlarına Rusiyanın Çin başda olmaqla, Qərblə ziddiyyət yaşayan əsas Asiya dövlətlərinin ortaq hərbi təlimləri ilə cavab verməsi proseslərin xoşagəlməz, hətta təhlükəli perspektivlər vəd etdiyini göstərir...
Yenixeber.org: Son dövrlərdə dünyanın siyasət məkanında hərbi xarakterli gərginliyin artmaqda olduğu açıq-aşkar müşahidə edilməkdədir. Və bu gərginlik qarşıduran tərəflərin bir-birinə nümayişkaranə şəkildə meydan oxumasıyla diqqəti çəkir.
Təbii ki, qarşıduran tərəflərdən biri məhz Rusiyadır. Belə ki, Kreml Rusiyanın ətrafında cərəyan edən hərbi-siyasi proseslərdən ciddi şəkildə narahatdır. Və bu proseslərə imkanı daxilində sərt reaksiyalar verməyə cəhd göstərir.
Maraqlıdır ki, Kreml yenə də Rusiyaya qarşı ən real təhlükəni məhz Qərbdən gözləyir. Ona görə də əsas diqqət məhz Rusiyanın qərb sərhədlərinin toxunulmazlığının təmin edilməsinə yönəldilib.
Ancaq Kreml Rusiya üçün ən real təhlükəni məhz Qərbdən gözləsə də, bu istiqamətdəki situasiya birmənalı məzmun daşımır. Çünki Qərb siyasi düşərgəsində də fikirayrılıqları, narazılıqlar hökm sürməkdədir.
Digər tərəfdən, Qərbdə Rusiyaya münasibət də birmənalı deyil. Hər halda, ənənəvi Rusiya təhlükəsinə ciddi yanaşanlar hələ də mövcud olsa da, bu mövzuda daha səbrli və tolerant davrananlar da olmamış deyil.
Məsələ ondadır ki, Almaniya və Fransa artıq çoxdan Rusiyanı “qatı və təhlükəli düşmənlər siyahısı”ndan çıxarıb. Rusiya hazırda bu iki dövlət üçün ən pis halda, təhlükənin gözlənilə biləcəyi rəqib statusu daşıyır. Bu sıraya bəzi şimal və mərkəzi Avropa dövlətlərini də əlavə etmək olar.
Avropa nəhənglərinin bəziləri, xüsusilə də, Almaniya və Fransa Rusiyaya daha çox iqtisadi tərəfdaş kimi yanaşır. Və Rusiyanın Avropa məkanı üçün əsas enerji resursları təminatçısı olması bu iki nəhəng dövlət tərəfindən ən real faktor kimi qəbul edilir.
Ona görə də, Almaniya və Fransa başda olmaqla, əksər Avropa dövlətlərinə Rusiya ilə qarşıdurma qətiyyən sərfəli deyil. Əksinə, Rusiya ilə iqtisadi və enerji resurslarının Avropa nəqli sahəsində tərəfdaşlıq daha sərfəli variant hesab olunur.
Ancaq bu məsələnin bir də NATO ilə bağlı istiqaməti mövcuddur. Son illərdə NATO-nin rəhbərliyi əsasən Avropa dövlətlərini təmsil edən siyasətçilərə həvalə olunsa da, bu hərbi-siyasi alyansın real hədəflərində demək olar ki, ciddi dəyişiklik müşahidə edilmir. Yəni NATO-nun siyasi idarəçiliyi avropalıların nəzarətində olsa da, bu, müəyyən mənada formal xarakter daşıyır.
Çünki NATO özündə siyasi faktorları da birləşdirsə də, əslində, hərbi xarakterli alyansdır. Hərbi xarakterli alyanslarınsa, istənilən halda, savaş hədəfləri həmişə ön planda tutulur.
Bu baxımdan, NATO-nun əsas savaş hədəfinin məhz Rusiya olduğu inkaredilməz reallıqdır. Deməli, həm Rusiya, həm də NATO ölkələri bu reallıqla barışaraq, mövcudluqlarını sürdürməyə çalışmaq zorundadırlar.
Ən önəmlisi isə ondan ibarətdir ki, NATO-nun hərbi strategiyasının və savaş hədəflərinin müəyyənləşdirilməsində bu qurumun rəhbərliyindəki avropalı siyasətçilərin deyil, amerikalı generalların mövqeyi daha həlledici rol oynayır.
Yəni rəhbərliyində formal olaraq, hansı avropalı siyasətçinin olmasından asılı olmayaraq, NATO reallıqda məhz ABŞ generalları tərəfindən idarə edilir. Və məhz bu faktor NATO-nun əsas hərbi hədəfinin Rusiya olmasında birbaşa müəyyənləşdirici amil rolunu oynayır.
Əslində, NATO-Rusiya qarşıdurması da məhz elə bu faktordan qaynaqlanır. Və son günlərdə bu reallıq olduqca təhlükəli istiqamətlər almağa başlayıb.
Məsələ ondadır ki, NATO son vaxtlar Rusiya ətrafında hərbi fəallığını ciddi şəkildə artırıb. Üstəlik, bu hərbi fəallıq nümayişkaranə şəkildə reallaşdırılır.
Belə ki, NATO tərəfindən Rusiya sərhədləri həndəvərində hərbi təlimlər keçirilməsinin intensivliyi artıb. Həm də hərbi təlimlərin keçirilməsi üçün əsas məkan olaraq, Rusiyanın qərb sərhədlərinin demək olar ki, bütün coğrafiyası seçilib.
Məsələ ondadır ki, NATO-nun hərbi təlimlərinin əhatə dairəsi Polşadan başlayaraq, Baltikyanı dövlətlərin ərazilərinə qədər geniş coğrafiyanı əhatə edir. Əksər hallarda bu təlimlərin keçirilməsi üçün qurulan poliqonlar Rusiya sərhədlərinin təxminən bir neçə kilometrliyində yerləşir.
Təbii ki, NATO-nun bu davranışı Kremldə Rusiyaya açıq meydan oxunması kimi qəbul edilməkdədir. Və Kreml bunun qarşılığını savaşa hazırlaşmaq məcburiyyətindən qaynaqlanan addımların atılmasıyla verir.
Maraqlıdır ki, NATO-nun son davranışlarıyla bağlı Rusiyanın hərbi dairələrində daha ciddi təlaşın olduğu müşahidə edilir. Hər halda, rus generalitetinin NATO əleyhinə ittihamları belə düşünməyə əsas verir.
Buna misal olaraq, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeriy Gerasimovun açıqlamasını göstərmək olar: “NATO Rusiya sərhədlərində, hətta Baltikyanı regionda belə, intensiv hərbi təlimlər keçirir. Bizim sərhədlərimizin ətrafında bazalarını gücləndirməyə çalışır. Bunun tək bir izahı var. NATO dəhşətli və dağıdıcı müharibəyə hazırlaşır”.
Göründüyü kimi, ordu generalı V.Gerasimovun açıqlaması açıq mesaj xarakteri daşıyır. Bu mesajda sadəcə, NATO-nun dağıdıcı savaşa hazırlaşması vurğulanmır, həm də müharibənin əsas hədəfi kimi məhz Rusiyanın seçildiyi qabardılır.
Digər tərəfdən, bu mesajda rus general iki önəmli məqsəd də daşıyır. Belə ki, o, bir tərəfdən dünya ictimaiyyətinə NATO-nun Rusiya ilə müharibəyə hazırlaşdığını çatdırmağa çalışır. Eyni zamanda, rus general Rusiya əhalisinə gələcək dağıdıcı müharibə ehtimalına hazır olmağı da tövsiyyə etmiş olur.
Bütün bu olaylar əslində, dünya üçün kifayət qədər ciddi təhlükə vəd edir. Çünki rus generalın iddiasını doğru hesab etsək, savaşa hazırlaşan hansısa regional güc mərkəzləri deyil. Bir tərəfdə dünyanın ən nəhəng hərbi gücü olan NATO, digər tərəfdəsə Rusiya kimi savaş tarixinə malik nüvə dövlətidir.
Əgər, bu iki savaş nəhəngi üz-üzə gələrsə, yeni dünya müharibəsinin başlanmasından danışmaq qətiyyən yersiz görünməyəcək. Çünki NATO sıralarında olan güclü ordulara malik dövlətlərin sayı Rusiya ilə hərbi toqquşmaya dünya müharibəsi statusu qazandıra bilər.
Üstəlik, Rusiyanın da artıq belə bir müharibənin ola biləcəyini reallıq hesab edərək, ciddi hazırlıq içərisinə girməsi situasiyaya tünd rənglər qatır. Hər halda, Rusiyanın Çin başda olmaqla, Qərblə ziddiyyət yaşayan əsas Asiya dövlətlərinin ortaq hərbi təlimlərə başlaması proseslərin xoşagəlməz, hətta təhlükəli perspektivlər vəd etdiyini göstərir. Çünki Rusiyanın bu addımı NATO-ya mesajdır. Kreml bununla NATO-nın hərbi müdaxiləsi halında, ortaq müqavimət üçün hərbi güc mərkəzləriqlə anlaşma içərisində olduğunu qabartmağa çalışır.
Təbii ki, bütün bunlar dünya üçün növbəti qanlı və dağıdıcı savaş ehtimalının tamamilə real olduğunu göstərir. Bundan yayınmağın əsas yolu isə soyuqqanlı davranmaqdan keçir. Qarşıduran tərəflərin hansı yolu seçəcəkləri isə yəqin ki, yaxın gələcəkdə dəqiqləşməyə başlayacaq.
Elçin XALİDBƏYLİ