ABŞ-ın Türkiyəni hərbi-siyasi şantaj cəhdi: Ağ Evin qərəzli qərarı NATO-nu dağıda bilər
Donald Tramp Co Baydeni "tələyə salmaq" istəsə də, Türkiyəyə qarşı sanksiyalar ABŞ-ın beynəlxalq hədəflərini zərbə altında qoya bilər...
Yenixeber.org: Rəsmi Ankara Türkiyənin NATO-dan çıxma ehtimalını da alternativ cavab variantı kimi gündəmə gətirə bilər. Türkiyəsiz NATO-nu isə heç amerikalılar və avropalıların özləri də doğru-düzgün təsəvvür edə bilmirlər...
Azərbaycanın da tam dəstək verdiyi Türkiyənin ABŞ və Qərbin sanksiya şantajına qarşı kifayət qədər müqavimət resurslarının olması, Co Baydenin planlarını iflasa da uğrada bilər...
ABŞ-ın növbəti dörd ildə beynəlxalq siyasət prioritetlərinin necə olacağı böyük maraq doğurmaqdadır. Bu istiqamətdə olduqca ciddi dəyişikliklərin ola biləcəyi isə qətiyyən istisna edilmir. Və bu ehtimal bəzi beynəlxalq siyasi iradə mərkəzlərində haqlı narahatlıq da doğurmağa başlayıb.
Məsələ ondadır ki, ABŞ-da yeni seçilmiş prezident gələn ay öz səlahiyyətlərinin icrasına başlayacaq. Tramp administrasiyasının beynəlxalq siyasi kursunu sərt şəkildə tənqid edən yeni prezident Co Bayden fərqli prioritetlərin mesajını artıq indidən verməkdədir. Co Bayden əmindir ki, Ağ Evin indiki sahibi ABŞ-ın beynəlxalq mövqelərini zəiflədib, ölkəni dünya siyasət arenasında nüfuzdan salıb. Və bütün bu itkiləri ən qısa zamanda, həm də radikal addımlar ilə bərpa etmək lazımdır.
Co Bayden bu hədəfinə nail ola biləcəkmi? Bu suala birmənalı cavab vermək hələ bir qədər tez olsa da, hər halda, Co Baydenin mümkün hədəflərinin ilkin əlamətləri artıq indidən sezilməyə başlayıb.
Əlbəttə, beynəlxalq siyasət arenasında qarşıya qoyulmuş hədəflər həmişə risk daşıyır və onların reallaşdırılması heç də asan olmur. Situasiyanın və perspektiv maraqların tələbləri bir çox məqamlara yenidən düzəlişlər etmək ehtiyacı da yaradır.
Ancaq bununla belə, hələlik ABŞ-Türkiyə münasibətlərində yeni dövrün başlamaq üzrə olduğu artıq şübhə doğurmur. Əslində, gözlənilməz də deyil. Çünki Co Bayden adətən, həmişə Türkiyəyə qarşı sərt mövqeyi ilə diqqəti çəkib. Onun Ağ Evə sahiblənməsi ilə iki ölkə arasındakı münasibətlərin gərginləşə biləcəyi istisna olunmurdu.
Maraqlıdır ki, ABŞ-Türkiyə münasibətləri hətta Co Baydenin hakimiyyətə rəsmi sahiblənməsindən xeyli öncə gərginlik mərhələsinə keçib. ABŞ Senatında Türkiyəyə qarşı sanksiyaların tətbiqi barədə sənədin təsdiqlənməsi belə görüntü yaradır.
Düzdür, bir ay sonra səlahiyyət müddəti bitəcək olan prezident Donald Tramp həmin sənədi veto edib. Ancaq əvvəlki dövrlərdən fərqli olaraq, senatorların üçdə ikisi sənədə səs verdiyi üçün bu dəfə prezident D.Trampın vetosu işə yaramaya bilər. Yəni, əgər, Senatda həmin sənədi bir daha təsdiqləsələr, bu dəfə prezidentin imzası olmadan belə, qərar qüvvəyə minəcək.
Təbii ki, hazırda bu məsələ ətrafında iki ehtimal ön planda yer alır. Birinci ehtimal odur ki, prezident D.Tramp "gedərayaq" Co Bayden üçün daha bir qəliz problem "hədiyyə etmək" qərarına gəlib. Çünki bu halda, Co Bayden Türkiyə ilə böhranlı münasibətləri normallaşdırmaqda ciddi hüquqi cətinlərlə qarşılaşacaq.
Digər ehtimala görə isə bu sənədin məhz indi - D.Trampın prezidentliyinin son ayında qəbul olunması Co Baydenin hiyləgər manevridir. Belə ki, hakimiyyətə gəldikdən sonra Co Bayden sənədin özündən əvvəlki prezidentin dövründə təsdiqlənməsini Türkiyə ilə münasibətlərdə bəhanə kimi istifadə edə bilər.
Göründüyü kimi, Co Bayden hələ səlahiyyətlərinin icrasına başlamasa da, gələcək problemlərin sırası elə indidən genişlənməkdədir. Senatda qəbul edilmiş və icrası artıq qaçılmaz olan sənəddə Türkiyəyə qarşı bir siyasi şantaj maddəsi də mövcuddur. Belə ki, sənədə görə, əgər, rəsmi Ankara Rusiyadan alınmış "S-400" raket sistemlərinin yaxın bir il ərzində aktiv hala gətirilməyəcəyinə təminat verərsə, Türkiyəyə qarşı sanksiyaların dayandırılması müzakirə mövzusu ola bilər.
Bu, əsl siyasi şantaj modelidir. Çünki, Türkiyədən tələb olunur ki, "S-400"-ləri aktiv etməsin, ancaq qarşılığında sanksiyaların ləğvinə tam təminat verilmir. Sadəcə, məsələnin müzakirə edilə biləcəyi vəd olunur.
Əlbəttə ki, rəsmi Ankara bunun Türkiyə üçün bir “hərbi-siyasi tələ” olduğunu anlamamış deyil. Çünki, müzakirələr zamanı Türkiyədən fərqli güzəştlərin də tələb oluna biləcəyi qətiyyən istisna deyil.
Təbii ki, rəsmi Ankara qarşılıqlı münasibətlərin belə məzmun almasıyla qətiyyən razı deyil və bununla barışmayacağını da artıq bəyan edib. Türkiyə belə məsələləri hüquqi müstəvidə həll etməyə üstünlük verir. ABŞ-ın mövqeyi isə beynəlxalq hüquqa və NATO daxilində hərbi müttəfiqlik öhdəliklərinə tamamilə ziddir.
Məsələ ondadır ki, Rusiyadan alınmış "S-400" zenit-raket kompleksləri ilə bağlı ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsinin ədalətsiz və qərəzli qərar olması əslində, hər kəsə aydındır. Çünki rəsmi Ankara bu raket sistemlərini məcburyyət qarşısında qaldığı üçün alıb.
Türkiyə ehtiyac duyduğu analoji raket sistemlərinin alınması üçün ABŞ-la anlaşmağa cəhd göstərmişdi. Ancaq NATO dövlətlərində istifadə olunan "Patriot" sistemlərinin Türkiyəyə satılmasından imtina edildi. Qarşılığında rəsmi Ankara Rusiya raket sistemlərini almalı oldu.
Ancaq bir önəmli məqam da diqqəti çəkir. Belə ki, Türkiyəyə irad tutulan NATO ölkəsinin Rusiya silahları almasının yolverilməzlik prinsipi digər üzv dövlətlərə münasibətdə ciddiyə alınmır. Hər halda, NATO-ya daxil olan bəzi ölkələrdə Rusiya istehsalı olan HHM sistemlərindən istifadə olunması yenilik deyil.
Məsələn, Yunanıstan da həmin sistemləri Rusyadan alıb. Lakin bu, nə ABŞ-da, nə də NATO rəhbərliyində hər hansı etiraza səbəb olmayıb. Və rəsmi Ankara bu faktın Türkiyə ilə bağlı da keçərli olmasını tələb etsə də, bu məsələnin müzakirəsi ümumiyyətlə, məqsədəuyğun sayılmayıb.
Belə yanaşma tərzi əslində, Türkiyəyə qarşı tamamilə fərqli məqsədlərin olmasından xəbər verir. Anlaşılan odur ki, Türkiyənin hərbi-siyasi yüksəlişindən məmnun deyillər və bunun qarşısını almağa can atırlar.
ABŞ-ın Türkiyəyə “F-35” döyüş təyyarələrinin satılmasından imtina etməsi də bunu təsdiq edir. Halbuki iki ölkə arasında bu barədə rəsmi anlaşma imzalanmışdı. Hətta rəsmi Ankara alacağı “F-35”-lərin parasını da əvvəlcədən ödəmişdi. Ancaq qəribə də olsa, indi ABŞ həm “F-35”-ləri vermir, həm də Türkiyənin ödədiyi pulu qaytarmaq istəmir.
Təbii ki, rəsmi Ankara bütün bunları cavabsız buraxmaq niyyətində deyil. Belə ki, Türkiyə “F-35”-lərə olan ehtiyacını Rusiyadan “Su-57” almaqla, ödəmək barədə düşündüyünü artıq bəyanlayıb. Eyni zamanda, Türkiyə özünün yeni qırıcı təyyarələrini istehsal etməyə də hazırlaşır.
Xatırladaq ki, ABŞ-dan müasir dronlar ala bilməyən Türkiyə dünyanı heyrətə gətirən “Bayraktar” dronlarını hazırladı və istehsala başladı. Bununla da belə müasir silahları istehsal etmək imkanlarını təsdiqlədi. Bu sıraya Türkiyənin “Altay” tankları, helkopterlər və ən müasir standartlara uyğun silah-sursat istehsal etdiyini də əlavə etmək olar.
Ancaq rəsmi Ankara yalnız bunlarla kifayətlənmək niyyətində deyil. Belə ki, Türkiyənin ABŞ-ın sanksiyalarına siyasi-iqtisadi cavabları da artıq hazırdır. Və həmin cavab Bakıda keçirilən Zəfər Paradında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən sərt şəkildə bəyan edildi: "Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və qatılmaq istəyərsə, Ermənistanın da iştirakıyla regional iqtisadi inkişaf məkanı yaradıla bilər".
Bu, ABŞ və Qərbə qarşı sərt xəbərdarlıq mesajıdır. Belə ki, Türkiyəyə qarşı ABŞ və Qərbin hərbi-siyasi şantajı işə salınacaqsa, bu, Rusiya və İranla daha sıx əməkdaşlığın ön plana keçməsinə yol aça bilər.
Anlaşılan odur ki, Türkiyə bütün təzyiq variantlarına artıq hazırdır. Və bundan qətiyyən narahat deyil. Bəzi məlumatlara görə, rəsmi Ankara yaxın vaxtlarda Türkiyənin NATO-dan çıxma ehtimalını da alternativ təzyiq vasitəsi kimi gündəmə gətirə bilər. Türkiyəsiz NATO-nu isə heç amerikalılar və avropalıların özləri də doğru-düzgün təsəvvür edə bilmirlər.
Təbii ki, Türkiyənin sanksiyalara və digər təzyiqlərə məruz qalacağı təqdirdə, Azərbaycanın rəsmi Ankaranın yanında yer alacağı qətiyyən şübhə doğurmur. Hətta Azərbaycan Prezidenti İlham Əliyev artıq "S-400" hava hücumundan müdafiə sistemlərinin alınmasına görə ABŞ tərəfindən Türkiyəyə qarşı tətbiq olunan birtərəfli sanksiyaları qəbuledilməz hesab edib, bunu ədalətsizlik, ikili standartların təzahürü və qanunsuzluq kimi dəyərləndirib. Yəni Türkiyə Azərbaycanı dəstəklədiyi kimi, indi də Azərbaycan Türkiyəni dəstəkləyir.
Belə anlaşılır ki, Türkiyə ABŞ və Qərbin sanksiya şantajına qarşı kifayət qədər müqavimət resurslarına sahibdir. Bu baxımdan, Co Baydenin Türkiyə ilə münasibətləri fərqli şərtlər üzrə yenidən düzənləmək cəhdləri iflasa da uğraya bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert