“TRAMP-ƏRDOĞAN QARŞIDURMASININ QALİBİ PUTİN OLACAQ…” –İsrailli ekspertin bu fikrinə ruslar nədən şübhə ilə yanaşırlar?
Məşhur “The Wall Street Journal” Türkiyə ilə ABŞ arasında davam edən qarşıdurma barədə geniş məqalə dərc edib.
Yenixeber.org: Məlumata görə, nüfuzlu nəşr “Türkiyə ABŞ-la sanksiyalar səbəbindən korlanan münasibətlərə görə Rusiyaya yaxınlaşır” başlıqlı məqalədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun son çıxışına və ona rusiyalı həmkarı Sergey Lavrov tərəfindən verilən dəstəyə toxunur.
M.Çavuşoğlu ABŞ tərəfindən Türkiyəyə yönələn kobud təzyiqlərdən danışarkən, Ankarada olan S.Lavrov da deyib ki, ABŞ sanksiyalar, təhdidlər və şantaj dilində danışır. Elə bu kontekstdə “The Wall Street Journal” tanınmış israilli hərbi ekspert Amir Orendən sitat gətirir: “Trampla Ərdoğan arasındakı qarşıdurmadan Putin qalib çıxacaq…”
Məqaləni şərh edən Rusiya mətbuatı isə hər şeyin o qədər də asan olmadığını yazır. “Ria Novosti”nin şərhçilərinə görə, Ərdoğan ABŞ-ın iqtisadi təzyiqlərinə tab gətirə bilsə, böyük siyasi dividend əldə etmiş olacaq. Daha da güclənən Türkiyə lideri isə sonradan rəsmi Vaşinqtonla sövdələşməyə gedə və Rusiya kənarda qala bilər: “Türkiyə iqtisadiyyatında problemlər ABŞ sanksiyalarından xeyli əvvəl başlayıb. İlin əvvəlindən türk lirəsi 45 faiz ucuzlaşmış, səhmlər isə iki dəfə dəyər itirmişdi. Ancaq Türkiyə hökuməti iqtisadi vəziyyəti stabilləşdirə bilsə, bundan siyasi qazanc əldə edəcək və bütün maliyyə çətinliklərini ABŞ sanksiyalarının üzərinə atacaq. Bununla da ölkə daxilində siyasi dəstəyini saxlaya biləcək”.
Bununla yanaşı bildirilir ki, Türkiyə iqtisadiyyatının vəziyyəti ümumilikdə ürəkaçan deyil: “Türkiyənin Ümumi Daxili Məhsulunun 30 faizi xarici valyutadakı borclardır. İndiki tendensiya davam etsə, ödəmələrdə böyük çətinliklər olacaq. Türkiyə iqtisadiyyatının xarici investisiyalardan və beynəlxalq bazarlardan asılılığı onu deməyə əsas verir ki, Ankara ABŞ-la sanksiya müharibəsində çox davam gətirə bilməyəcək”.
“The Wall Street Journal” bu mövzu ilə bağlı daha sonra yazır ki, Rusiya ilə Türkiyə ABŞ-ın təzyiqlərinə qarşı birgə hərəkət etməyə başlayacaq. Artıq iki ölkə arasında ticarətdə dollardan imtina məsələsi gündəmə gətirilib. Bundan başqa, ölkələr arasında nəhəng enerji layihələri mövcuddur, qarşılıqlı ticarət yüksək səviyyədədir, Türkiyə Rusiyadan S-400 alır və s.
Ancaq rusiyalı təhlilçilər bütün bunlara ehtiyatla yanaşır. “Ria Novosti” Türkiyənin hazırda Rusiya ilə yaxınlaşması kontekstində İran nümunəsini gətirir: “Bildiyiniz kimi, Rusiya İrana qarşı sanksiyaların qaldırılması üçün çox çalışdı. Ancaq sanksiyaların götürülməsilə bağlı 3 il əvvəl beynəlxalq razılıq əldə olunan kimi, Rusiya şirkətləri çox məyus oldular. Tehran dərhal ölkəyə çoxlu sayda Qərb konsernlərini dəvət etdi və Rusiyaya yer qalmadı. İndi ABŞ sanksiyaları ilə əlaqədar yenidən iri korporasiyalar İranı tərk etmək barədə bəyanatlar verir…”
Ərdoğanın mahir siyasi oyunçu olduğunu xatırladan Rusiya nəşri bildirir ki, bir neçə həftəlik qarşıdurmadan sonra Türkiyə prezidenti ABŞ-la sərfəli sövdələşməyə gedə bilər. Və Rusiyanın sadəcə olaraq, Trampla qarşıdurmada Türkiyə tərəfindən istifadə edilməsi ehtimalı az deyil.
Lakin bununla yanaşı, həmin təhlilçilər hazırkı situasiyanın Türkiyə ilə Rusiyanın strateji cəhətdən yaxınlaşmasına xidmət etdiyi qənaətindədirlər. Belə ki, sanksiyalar səbəbilə Rusiya ilə Türkiyənin gələcəkdə hansı sferalarada müttəfiq ola biləcəyi xeyli dərəcədə aydınlaşmış olur. Hesab olunur ki, hətta ABŞ sanksiyaları Türkiyə ilə Rusiyanın tarixi yaxınlaşmasına xidmət edə bilər. Məhz bu baxımdan da israilli ekspertin “Tramp-Ərdoğan qarşıdurmasının qalibi Putin olacaq…” yanaşması olduqca maraqlı görünür.(azpolitika)
Cəlal MƏMMƏDOV