Yenixeber.org: Son günlər yenə ölkəmizdə koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Mütəxəssislərin yekdil fikri belədir ki, belə vəziyyət insanların karantin qaydalarına əməl etməməsinin nəticəsidir.
Baş infeksionist Təyyar Eyvazov əhaliyə müraciətində bildirmişdi ki, hazırda kəskin respirator virus infeksiyalarının mövsümi artımı dövründəyik:
“Yeni koronavirus və digər respirator virus infeksiyalarının klinik əlamətləri o qədər oxşardır ki, bunları ayırd etmək çox çətindir və bəzən xüsusi laborator müayinələrsiz mümkün deyil. Buna görə, bir daha vətəndaşlarımıza tövsiyə olunur ki, özlərində hərarət, ümumi zəiflik, kataral əlamətlər hiss etdikdə, evdə qalıb, özlərini təcrid edərək telefonla sahə həkiminə müraciət etsinlər. Yalnız müvafiq həkim-mütəxəssis sizi müayinə edərək düzgün qərar verə bilər. Yeni koronavirus infeksiyası təsdiqlənmiş və ya güman edilən hallarda özünümüalicə ilə məşğul olmaq çox təhlükəlidir”.
Baş infeksionistin dediyinə görə, təcrübə göstərir ki, xəstəxanalara ağır vəziyyətdə daxil olan xəstələrin böyük əksəriyyəti evdə qeyri həkim-mütəxəssislər, tibb bacıları, hətta bəzi hallarda ümumiyyətlə, tibb təhsili olmayan şəxslər tərəfindən müalicə olunurlar: “Həmin xəstələrin ağırlığının düzgün qiymətləndirilməməsi, müalicənin qüsurlu olması, vaxtında xəstəxanaya yerləşdirilməməsi ağır, bəzi hallarda ölümcül fəsadlara yol açır”.
TƏBİB-in mətbuat xidmətindən məsələ ilə bağlı bildirdilər ki, insanların qaydalara əməl etməsinə bu qurum nəzarət etmir. TƏBİB yalnız müalicə prosedurlarını nəzarətdə saxlayır.
Qaydalara əməl etmək, tibbi maskadan istifadə və s. məsələlərə nəzarət edən orqan Daxili İşlər Nazirliyidir. 10 noyabr günü müharibədə qələbəni qeyd etmək üçün çoxlu sayda insan küçələrə axışdı. Həmin izdihamın içində minlərlə vətəndaş maskasız vəziyyətdə yaxın təmasda oldu. Nəzarətedici orqan kimi Daxili İşlər Nazirliyinin bunun qarşısını almaması nə qədər doğrudur? Sualımızı DİN mətbuat xidmətinin katibi Ehsan Zahidov belə cavablandırdı:
“Düzgün ediblər. Bu, bizim böyük qələbəmiz və zəfərimizdir. Millətimiz də bu qələbəni qeyd edir. Bundan böyük zəfər ola bilməz”.
Koronavirusdan qorunmağa gəldikdə isə, E.Zahidov qeyd etdi ki, onu jurnalistlər təşviq və təbliğ etməlidir:
“Bizim əməkdaşlar pandemiya başlayan gündən maarifləndirici söhbətlər aparırlar. Onlar vətəndaşlarımızın sağlamlığını qoruyurlar. Noyabrın 10-da isə nəzərə alındı ki, insanlarımız qələbəni qeyd edirlər”.
Həmin gün cərimələnənlərin olub-olmadığı barədə suala cavabında E. Zahidov heç kimin cərimələnmədiyini söylədi.
Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin İxrac Departamentinin direktoru Müşfiq Hüseynov saytımıza açıqlamasında qeyd etdi ki, oktyabr-noyabr aylarında COVİD-19-un ikinci dalğasının olacağı ehtimal edilirdi:
“Hələ iki həftə əvvəl sosial şəbəkədə bu barədə xəbərdarlıq etmiş, gündəlik 1200-dən artıq yoluxma sayı olacağını, ordumuzu qorumaq üçün ilk növbədə özümüzü qorumağın vacibliyini yazmışdım. Təəssüf ki, qorxduğum başımıza gəldi. Bu gün yoluxma sayı 1600-ün üstündədir, ölüm isə 20-yə çatıb. Bundan yüksək rəqəm gözlənilirmi? Məncə, gözlənilir. Səbəblərdən biri də təbii ki, xalqın qələbə sevincini qeyd etməsidir. Həmin gün ümumiyyətlə, maska taxan yox idi, sosial məsafədən isə danışmağa dəyməz. Hətta polis işçilərinin də bu şadyanalıqda iştirak etdikləri və maskasız olduqlarını müşahidə etdik. Başadüşüləndir. Polis də bizim qardaşımız, oğlumuzdur, hər kəs kimi, onlar da sevinirdi, amma xüsusilə onlar heç olmasa, özlərini qorumağa borclu idilər”.
M.Hüseynov xatırlatdı ki, iyul ayında orduya dəstək mitinqində də on minlərlə insan iştirak etmişdi:
“O vaxt təxmin etdim ki, sayda “partlama” olmayacaq, çünki hadisə gecə baş vermişdi. Mitinqçilər dağılışanda artıq 02:00 idi, ictimai nəqliyyat işləmirdi, yay idi. Bütün bunlar sayın artmasının qarşısını aldı. Amma indi hava soyuyub. Onsuz da respirator xəstəliklərin artdığı zamandır. Yüz minlərlə insanın heç bir tədbir almadan bir yerə yığışması sayda partlamaya səbəb olacaqmı? Böyük ehtimalla bəli. Gündəlik yoluxma sayı 2000-ə qədər arta bilər. Artıq hər kəsin özünü qoruması şərt oldu. Şükürlər olsun ki, müzəffər ordumuz müharibədən qalib ayrıldı, qaldı içəridəki gizli düşmənə, koronavirusa qalib gəlmək. Bu, bizim əlimizdədir. Sosial məsafə, maksimum qorunmaq və gigiyenik qaydalara əməl etməklə biz özümüzü koronanın öldürücü təsirindən maksimum qoruya bilərik. Tam qorunmaq təbii ki, mümkün deyil. Hər kəs bu və ya digər formada yoluxacaq. Amma simptomsuz keçirmək və 4-5 gün müalicə ilə sağalmaq mümkündür. Bunun üçün də qorunun. Başqa yolumuz yoxdur!”(pressklub)
Ülviyyə Şahin