Yenixeber.org: Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma sayı son günlər ciddi şəkildə yüksəlib. Oktyabrın 22-də 825 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib. Bu gün – oktyabrın 23-də isə 803 yoluxma qeydə alınıb və 8 nəfərin vəfat etdiyi açıqlanıb.
Artımın səbəbləri nədir? Qarşıdakı günlərdə də bu tendensiya davam edəcəkmi?
İnfeksionist Vüqar Cavadzadə hesab edir ki, yoluxmaların sayı artacaq:
“Gözlənilən və proqnozlaşdırılan idi ki, havalar soyuyanda yoluxanların sayı artacaq. Nəinki koronavirus, havalar soyuduqca hətta kəskin respirator virus infeksiyalarının da sayı artır. Digər səbəblərdən biri də odur ki, havalar soyuq olduqca insanlar daha çox qapalı məkanlara yığışır. Qapalı məkanlar da infeksiyanın yayılmasında böyük rol oynayır. Yoluxma sayının artma səbəblərindən biri də son zamanlar cəbhə bölgəsində baş verən hadisələrlə bağlıdır. İnsanların fikri daha çox cəbhə bölgəsinə yönəlib. Ona görə də, koronavirusla mübarizədə profilaktik tədbirləri unudurlar. Hətta insanların qələbə xəbərini eşidib, bir yerə toplaşmaları da yoluxmaların sayının artmasına səbəb olur. Eyni zamanda, insanların maska taxması, gigiyenik qaydalara riayət etməsi artıq unudulub. Bu səbəblərin hamısı yoluxmanın sayının artmasına səbəb olur”.
İnfeksionistin fikrincə, yoluxanların sayında artım ehtimalı gözlənilir:
“Koronavirusa yoluxmanın sayı artmağa doğru getdikcə, sərtləşmələrin də tətbiq ediləcəyi qaçılmazdır. Çünki bu, qlobal pandemiyadır. Bunun çox ağır nəticələri ola bilər”.
V.Cavadzadənin sözlərinə görə, yoluxanların sayının artması əlavə bir çox problemlər yarada bilər:
“Bu, bir tərəfdən xəstəxanalarda çarpayıların sayının azalmasına, tibb işçilərinin əməyinin bu istiqamətə daha çox yönəlməsinə səbəb ola bilər. Nəzərə alsaq ki, ölkədə müharibə gedir, yaralananlar var, onların yerləşdirilməsi üçün də xəstəxanalar, çarpayılar, tibbi personal lazımdır. Koronavirusa yoluxanların sayının artması tibbi personalın iki istiqamətə parçalanmasına və onların əmək qabiliyyətinin getdikcə aşağı düşməsinə səbəb ola bilər. İnsanlar da başa düşməlidirlər ki, tibbi-profilaktik qaydalara əməl etməklə, onlar da ölkəmizə, ordumuza kömək etmiş olurlar. Allah eləməsin, bu xəstəlik ordunun içərilərinə yayılsa, böyük bir fəlakətə, döyüş qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər. Ona görə də, hər bir insan bunu başa düşməli və profilaktik tədbirlərə riayət etməlidir. Burada çətin tədbirlər yoxdur ki… Sadəcə, maska və əlcəkdən, dezinfeksiya məhsullarından istifadə etmək lazımdır. Son günlər ictimai nəqliyyatda da müşahidə edirəm ki, ümumiyyətlə, maskadan istifadə edənlər yoxdur”.
Pulmonoloq İbrahim Əsədli saytımıza açıqlamasında vəziyyətin həqiqətən pis olduğunu vurğuladı:
“Vəziyyət bundan da pis ola bilər. Çünki koronavirusa qarşı lazımi tədbirlər görülməyib. Maska, əlcək və bu kimi şeylər insanları koronavirusdan qorumur. Düzdür, onlar xəstələnən insanları ətrafdakılardan qoruyur. Amma sağlam insanları qorumur. Ona görə də yoluxmaların sayı getdikcə artacaq. Yoluxmanın qarşısını almaq üçün lazımi tədbilər görülməlidir. Lazım olan tədbirlər isə immunopreparatların olması, insanlar üçün sağlamlıq mərkəzlərinin açılması, orada insanların təmiz havayla nəfəs alması, evdə qalmamasıdır”.
Həkim hesab edir ki, bütün bunlara baxmayaraq, yoluxmalar yenə də olacaq:
“Birinci məqamda kimlər yoluxmayıbsa, bu dəfə onlar da yoluxacaq. Bu xəstəlik özünü çox qəribə aparır. Mövsumi qriplər olanda hamı keçirir və keçib gedirdi. Amma bu xəstəlik qəribədir. Xəstəliyin dəqiq vəziyyətini deyə bilmərəm, çünki özümün şəxsi laboratoriyam yoxdur, rəsmi rəqəmlərə də inanmıram. Bu, çox ciddi xəstəlikdir, davam edəcək. Hələ ki süni idarə olunur. Mövsümi respirator xəstəliklərlə birgə yoluxma sayları daha da artacaq. Çünki COVİD-19 özü də bir qripdir”.(pressklub)
Ülviyyə Şahin