Birləşmiş Ərəb Əmirlikləri necə regional güc mərkəzinə çevrildi?-ARAŞDIRMA
Kiçik, lakin super zəngin və çox iddialı Körfəz ölkəsi olan Birləşmiş Ərəb Əmirlikləri üçün 2020-ci il kifayət qədər uğurlu bir il oldu.
Yenixeber.org: Marsa missiya göndərdi; İsrail ilə tarixi bir sülh sazişi imzaladı; Covid-19 ilə mübarizədə ön mövqelərə çıxa bilib, belə ki, Britaniyanın keçmiş protektoratı fabriklərində yenidənqurma işləri aparıb və Britaniyaya fərdi qoruyucu vasitələr (PPE) yükü ilə dolu bir təyyarə göndərib.
Liviya, Yəmən və Somaliyə qədər uzanan məkan üzərində təsir uğrunda Türkiyə ilə baha başa gələn bir strateji mübarizəyə girişib.
Görəsən, gələn il müstəqilliyinin 50 illik yubileyini qeyd edəcək BƏƏ-nin qlobal oyunu nədən ibarətdir və oyunçu kimdir?
Təsadüfi görüş
1999-cu ilin mayında Kosovo müharibəsi bir ildən çox idi ki, davam edirdi. Albaniya-Kosovo sərhədindəki yaxşı qorunan bir düşərgədə Kosovodan olan qaçqınlarla dolu bir yerdəydim.
Düşərgə Əmirliklərin Qızıl Aypara Cəmiyyəti tərəfindən qurulmuşdu və aşpazlardan tutmuş düşərgəni mühafizə edən əsgərlərədək heyət də BƏƏ-dən gətirilmişdi.
Düşərgəyə bir gün əvvəl Tiranadan BƏƏ pilotlarının idarə etdiyi helikopterlərdə gəlmişdik.
Yaxınlıqda dayanan hündür boylu, saqqallı, eynəkli adam Britaniya Kral Hərbi Akademiyasının məzunu, BƏƏ-nin artan hərbi iştirakını istiqamətləndirən Şeyx Məhəmməd ibn Zayed idi.
Televiziya üçün müsahibə xahişimə həvəssiz də olsa razılıq verdi.
Onun sözlərinə görə, BƏƏ Fransa ilə strateji bir partnyorluq əlaqələri qurub. Bu partnyorluq çərçivəsində Fransadan 400 Leclerc tankının alınması müqaviləsinin bir hissəsi olaraq, fransızlar BƏƏ briqadasını "qanadları altına" alaraq Kosovoda yerləşdirmək üçün onlara təlimlər keçiblər.
Müstəqilliyini yalnız 30 il əvvəl qazanmış bir ölkə üçün bu, iddialı bir addım idi.
Balkanların ucqar hissəsindən Əbu Dabiyədək 3200 km-dən çox bir məsafədə idik, buna baxmayaraq BƏƏ-nin iddiaları Körfəz sahillərindən çox uzaqlara gedib çıxırdı.
BƏƏ NATO-ya dəstək olaraq Avropada ordusunu yerləşdirən ilk müasir ərəb dövləti oldu.
"Kiçik Sparta"
Sonra Əfqanıstan başladı. BƏƏ qüvvələri taliblərin süqutundan dərhal sonra, NATO ilə birlikdə səssizcə Əbu Dabinin indiki vəliəhdi şahzadə Məhəmməd ibn Zayedin istiqamət verdiyi bir əməliyyata başladı.
2008-ci ildə Baqram hava qüvvələri bazasında onların xüsusi təyinatlı kontingentinə baş çəkdim və necə işlədiklərini gördüm.
Onlar Zirehli maşınlarında səyahət edərək ucqar və yoxsul bir əfqan kəndinə baş çəkib, Quran və şirniyyat qutuları paylayırdılar, yerli ağsaqqallarla görüşürdülər.
"Bir ehtiyacınız varmı? - onlar soruşurdular. - Məscid, məktəb, su quyusu?"
BƏƏ pul yatırımı edirdi, müqavilələr isə yerli tenderlərə ötürülürdü.
Əmirliklərin müdaxiləsi kiçik olsa da, ayaq basdıqları hər yerdə pul və dindən istifadə edərək NATO qüvvələrinin yerli əhalidə yaratdığı ağır təəssüratı yumşaltmağa çalışırdılar.
Hilmənd əyalətində onlar bəzi ağır döyüşlərdə Britaniya qüvvələri ilə yanaşı döyüşmüşdülər. Keçmiş ABŞ Müdafiə naziri Jim Mattis, sonradan BƏƏ-ni "Kiçik Sparta" adlandırırdı - bununla o, bu nisbətən az tanınan, əhalisi 10 milyondan az olan ölkənin necə deyərlər, başından yekə işlər gördüyünə işarə etmişdi.
Yəmən: Korlanmış reputasiya
Sonra Yəmən və çətinliklərlə dolu bir hərbi kampaniya başladı.
Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman 2015-ci ildə öz ölkəsini Yəməndəki fəlakətli vətəndaş müharibəsinə qatanda bu işə BƏƏ də qoşuldu, F-16 qırıcılarını Husi üsyançılarına havadan hücum etməyə və əsgəri qüvvəsini ölkənin cənubuna göndərdi.
2018-ci ilin yayında BƏƏ Yəmənin strateji Sokotra adasına qoşunlar göndərdi və Eritreyada icarəyə götürülmüş Assab bazasına hücum üçün qoşunlar yığdı, lakin son anda Hudeydə limanını husilərdən geri almaq üçün qoşunlarını Qırmızı dənizin o biri tayına göndərməkdən çəkindi.
Yəməndəki müharibə artıq altıncı ildir ki, davam edir, bu müharibədə aşkar qalib yoxdur və husilər paytaxt Sənada və ölkənin əksər hissəsində möhkəmləniblər.
BƏƏ qüvvələri bu müharibədə itkilər verib. Misal üçün, tək bir raket zərbəsi nəticəsində 50-dən çox əsgəri qüvvəsi tələf olub - həmin hadisə ilə bağlı ölkədə üç günlük matəm elan olundu.
Bu, BƏƏ-nin nüfuzuna da xələl gətirdi: belə ki, Əl-Qaidə ilə əlaqəli silahlı qruplarla tərəfdaşlıq etməsi mövzusu müzakirə olundu, BƏƏ-nin dəstəklədiyi qüvvələrin onlarla məhbusu konteynerdə qıfıllayaraq onları istidə boğub öldürdüyü barədə hesabatlar üzə çıxdı.
İsrail: Yeni ittifaq
BƏƏ o vaxtdan bəri Yəmənin nəticəsiz və dağıdıcı münaqişəsində iştirakını azaldıb, lakin Türkiyənin bölgədəki artan nüfuzunun qarşısını almaq üçün mübahisəli görünən cəhdlərini davam etdirir.
Misal üçün, Türkiyənin Somali paytaxtı Mogadişoda ciddi tərzdə mövcudluğunu təmin etməsi müqabilində BƏƏ separatçı Somaliland ərazisini dəstəkləyir və Ədən Körfəzindəki Berbera şəhərində bir baza inşa etdi.
Müharibə şəraitində olan Liviyada BƏƏ, ölkənin qərbində Türkiyə, Qətər və başqalarına arxalanan hökumətin rəqibi Xəlifə Haftarın qüvvələrini dəstəkləyərək Rusiya və Misirə qoşuldu.
Sentyabrda, şərqi Aralıq dənizində geoloji kəşfiyyat aparmaq hüququnu müdafiə edən Türkiyə ilə qarşıdurma vəziyyətində olan Yunanıstanla ortaq hərbi təlim keçirmək üçün BƏƏ Krit adasına gəmiləriylə döyüş təyyarələrini göndərib.
İndi isə Ağ Evdən gözlənilməz, dramatik bir açıqlama verildikdən sonra, uzun illərdir davam edən gizli əməkdaşlığa rəsmi möhür vuran geniş miqyaslı BƏƏ-İsrail ittifaqı üzə çıxıb. (Səudiyyə Ərəbistanı kimi, BƏƏ də vətəndaşlarını izləmək üçün xəlvətcə İsrailin istehsal etdiyi izləmə kompüter proqramlarını alır).
Bu ittifaq səhiyyə, biotexnologiya, mədəni və ticarət təşəbbüsləri kimi geniş bir sahəni əhatə etsə də, İsrailin ən qabaqcıl texnologiyası ilə BƏƏ-nin hüdudsuz maliyyə imkanları və qlobal müstəvidəki iddiaları güclü bir strateji hərbi və təhlükəsizlik əlaqələrini yaratmaq potensialına malikdir.
İki ölkənin ortaq düşməni olan İran BƏƏ-nin bu addımını pisləyib, Türkiyə və fələstinlilər də bu hərəkətə eyni münasibət göstərib. Qeyd edilən dövlətlər BƏƏ-ni Fələstinin müstəqil bir dövlət olmaq arzusuna xəyanət etməkdə günahlandırıblar.
Ulduzlara çatmaq
Əbu Dabinin ambisiyaları bununla bitmir. ABŞ-ın köməyi ilə BƏƏ Marsa öz missiyasını göndərən ilk ərəb ölkəsi olub.
200 milyon dollarlıq "Ümid" adlanan proqram çərçivəsində kosmik aparat bir ucqar Yapon adasından havaya qalxdıqdan sonra 126000 km/saat sürətiylə uçaraq fevral ayında 495 milyon km. məsafədəki hədəfə çatmalıdır. Həmin yerə çatdıqdan sonra kosmik aparat Qırmızı planeti əhatə edən atmosfer qazlarını xəritələşdirərək məlumatları Yerə göndərməlidir.
"Biz qlobal oyunçu olmaq istəyirik, - BƏƏ-nin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş deyib. - Biz maneələri aşmaq istəyirik və bunun üçün bəzi strateji risklər altına girməliyik".
Bununla belə, BƏƏ-nin bu dərəcədə sürətli və iri addımlarla irəliləməsinin bir sonda bir problem yarada biləcəyindən də müəyyən narahatlıqlar var.
Körfəz təhlilçisi Michael Stephens qeyd edir ki, "BƏƏ-nin [Ərəb] bölgəsinin ən təsirli hərbi gücü olduğuna dair, demək olar ki, şübhə yoxdur."
"Onlar başqa ərəb dövlətlərinin edə bilməyəcəyi şəkildə uzaq xarici ölkələrə qüvvələrini yerləşdirməyə qadirdilər. Ancaq eyni zamanda ölçü və imkan baxımından məhdudiyyətləri var. Odur ki, eyni anda bu qədər problemlə məşğul olmaq risklidir və uzun müddətdə əks nəticələrə gətirib çıxara bilər," - təhlilçi vurğulayıb.(BBC)